Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3289/2025 02.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Kommersiya Bankı ASC Cavabdeh qarşı iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə yaranmış borcun tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər: İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızından və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Xanalıyeva Türkan Novruz qızının katibliyi ilə, İddiaçı "xxxx" Kommersiya Bankı ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3793/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Cavabdeh ilə "xxxx" KB ASC arasında bağlanmış xx.xx.2024-cü il tarixli kredit müqaviləsindən görünür ki, Bank tərəfindən Cavabdeh faiz dərəcəsi 60 ay müddətinə illik 26% ödəmək şərtilə 9100 manat məbləğində kredit verilmişdir.
2. "xxxx" KB ASC tərəfindən Cavabdeh ünvanlanmış 03 aprel 2024-cü il tarixli bildiriş məktubundan görünür ki, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli, 10269nkNARb/22 saylı müqavilə üzrə yaranmış bütün borc məbləğinin 3 iş günü müddətində ödənilməsi, əks halda kredit müqaviləsinin ləğv ediləcəyi və bankın borcun və onun üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət edəcəyi bildirilmişdir.
3. İddiaçı xx.xx.2024-cü il tarixli maliyyə arayışına istinad edərək göstərir ki, Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə banka xx.xx.2024-cü il tarixə olan borcu 9100 manat əsas, 1743,03 manat faiz və 90,92 manat məbləğində cərimə borcu olmaqla, cəmi 10933,95 manat təşkil etmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı “X1” ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 9100 AZN əsas, 1743,03 AZN faiz, 90,92 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 10933,95 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 123,21 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 26% ödəmək şərtilə 9100 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 29 avqust 2024, cümə axşamı tarixinə "xxxx" KB ASC-yə 9100 AZN əsas, 1743,03 AZN faiz, 90,92 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 10933,95 AZN borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməs üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir.
6. Nərimanov Rayon Məhkəməsinin 2(005)-3793/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddianın qismən təmin edilməsi, Cavabdeh iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 9100 manat əsas borc, 1183,73 manat faiz borcu, 38,24 manat cərimə, ümumilikdə 10321,97 manat borc və 123,21 manat dövlət rüsumunun tutulması qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi qətnaməsini belə əsaslandırmışdır ki, məhkəmə tərəfindən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə üzərinə düşən öhdəliyi icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öhdəliyini tam və lazımi qaydada icra etməyərək qanunvericiliyin yuxarıda qeyd edilən normalarının tələblərini pozmuşdur. Bu səbəbdən risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliyinin təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış əsas borcu iddiaçıya ödəməlidir.
8. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin isə rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, gözdən əlil bir şəxsin yanında mütləq başqa bir şəxs olmalı, onun iştirakı ilə müqavilə sənədləri imzalamalı və həmin şəxslər bunu təsdiq edilməli olsa da hazırkı işdə buna əməl edilməyib. O bildirir ki, aylıq kredit məbləğlərini ödəyə bilmir, çünki gözdən əlil olmaqla 385 manat pensiya alır. Həyat yoldaşı da 48 ay müddətinə "xxxx" ASC-dən kredit götürüb, hər ay 250 manat kredit verir və yalnız 7 ayın kreditini verib. Bu səbəbdən aylıq kredit məbləğini vaxtında və tam həcmdə ödəyə bilmir. O, kredit məbləğini hissə-hissə (300 manat, 500 manat və yaxud digər hissələrdə) götürüb, məqsədi də gözünü müalicə etdirmək olmuşdur. Çünki o, gözdən əlildir, gözündə təyziq problemi vardır. Ona yaxın qohumları qısa müddət ərzində borcu qaytarmaqda kömək edəcəklərini söz veriblər. Lakin sonradan kredit borcunu ödəməkdən imtina etmişdirlər. Cavabdeh məhkəmənin vaxtı və yeri barədə bildiriş almamışdır, ümumiyyətlə məhkəmə barədə ona məlumat verilməmişdir. Ona görə məhkəmə qətnaməsi ləğv edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Cavabdehin nümayəndəsi Vəkil xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edərkən apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Hazırkı məhkəmə iclasında isə o, iştirak etməmiş, ərizə göndərərək eyni vaxtda başqa məhkəmə prosesində iştirak edəcəyini bildirərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası bununla bağlı sübut (məhkəmə bildirişi və s.) təqdim olunmadığını nəzərə alaraq onun iştirakı olmadan məhkəmə baxışının davam etdirilməsini mümkün saymışdır.
11. İddiaçı isə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saymışdır.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 443.1. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 443.5. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Apellyasiya baxışının hədləri
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
15. Hazırkı işdə iddia qismən təmin olunduğundan və apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı iddianın təmin olunan hissədində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
17. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 26% ödəmək şərtilə 9100 manat məbləğində kredit verilmişdir. Cavabdeh qeyd olunan məbləğdə pulu almış, müqavilədə göstərilmiş qaydada kredit üzrə borcun və ona hesablanmış faizlərin ödənilməsi barədə öhdəlik götürmüşdür. Sonradan iddiaçı cavabdehin öhdəliklərini yerinə yetirmədiyi üçün borcunun yarandığını iddia etmiş və məhkəməyə müraciət edərək, kredit müqaviləsi üzrə yaranmış əsas borc və faizlərin onun xeyrinə tutulmasını xahiş etmişdir.
18. Göründüyü kimi, Cavabdeh "xxxx" KB ASC qarşısında müqavilə əsasında öhdəliklərinin yaranması işin mübahisəsiz halıdır.
19. Cavabdeh apellyasiya şikayətində mübahisələndirilən kredit müqaviləsini qohumlardan gələcək olan maddi yardıma güvənərək götürdüyünü qeyd etmişdir. Bu hal bir daha sübut edir ki, cavabdeh müqaviləni öz iradə ifadəsinə uyğun bağlamışdır. Apellyatorun bu dəlili isə müqavilənin əsassız yerə etibarsız hesab edilməsi məqsədini güdür və sadəcə formal mülahizədən ibarətdir.
20. Apellyatorun şikayətində qeyd etdiyi dəlillərdən biri isə iclasın keçirilmə tarixi və yeri barədə ona məlumat verilməməsi ilə bağlı olmuşdur.
21. Bununla bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsindən göndərilən məktub və çağırış vərəqələrinin xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli reyestrlərindən məlum olur ki, cavabdehin qeydiyyatda olduğu ünvana bildirişlər göndərilmişdir. Həmçinin, cavabdehə Elektron Məhkəmə İnformasiya sistemi vasitəsilə sms bildirişlər də göndərilmişdir. Cavabdeh bunun əksini təsdiq edəcək hər hansı mötəbər sübut təqdim etməmişdir.
22. Beləliklə, kolegiya qeyd edir ki, cavabdehin bu dəlili də əsassızdır, formal mülahizədən ibarətdir.
23. Həmçinin, apellyasiya baxışı zamanı məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli rəyinə əsasən iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-ci il tarixli, 10269nkNARb/22 saylı kredit müqaviləsi üzrə Cavabdeh ona pretenziyanın göndərildiyi xx.xx.2024-cü il tarixinə əsas borc üzrə 9100 manat, faiz borcu üzrə 1189.57 manat, iddia ərizəsinin verildiyi xx.xx.2024-cü il tarixinə ödənilməmiş əsas borc üzrə 9100 manat və faiz borcu üzrə 2188.55 manat təşkil edir.
24. Göründüyü kimi, ekspert rəyi ilə də mübahisələndirilən qətnamə üzrə tutulan borcun mövcudluğu təsdiq olunur.
25. Məhkəmə kollegiyası qeyd edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
26. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasına əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Həqiqətin müəyyən edilməsi isə ilkin növbədə yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə və ya məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla təmin olunur.
27. Odur ki, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən şikayət verərkən, formal mülahizələrə istinad etdiyi və şikayətinin dəlillərini əsaslandıra bilmədiyi üçün apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
29. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 392, 393, 402, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 dekabr 2024-cü il tarixli, e-2(005)- 3793/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.