Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3290/2023 25.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan "xxxx" QSC-nin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, iddia müddətinin tətbiqi) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, İddiaçı ləğv prosesində olan "xxxx" KB QSC-nin nümayəndəsi Nümayəndə2, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı ləğv prosesində olan "xxxx" KB QSC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-934/2023 nömrəli, 23 fevral 2023-cü il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan "xxxx" QSC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. "xxxx" KB QSC ilə X3 arasında bağlanmış 1xx/xx/8505/12 nömrəli, xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" KB QSC Cavabdeh 36 ay müddətinə illik 20% faiz dərəcəsi ilə faiz hesablamaq şərti ilə 17.620 manat məbləğində kredit verməyi, Cavabdeh isə həmin məbləği qəbul etməyi və kredit müqaviləsi ilə müəyyən edilmiş müddətlərdə və məbləğdə krediti qaytarmağı, habelə hesablanmış faizləri və gecikməyə yol verdiyi təqdirdə hesablanmış cərimə məbləğini ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür.
2. "xxxx" KB QSC ilə Cavabdeh arasında bağlanmış 1xx/xx/8505/12 nömrəli, xx.xx.2012-ci il tarixli ipoteka müqaviləsinə əsasən 1xx/xx/8505/12 nömrəli, xx.xx.2012-ci il tarixli kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan “Kia Optima” markalı avtomobili (il – 2011, rəngi – ağ mirvari, Ban: KNAGN411BB5156746) bank qarşısında ipoteka ilə yüklü etmişdir.
3. Ləğv prosesində "xxxx" KB QSC-nin xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2022-ci il tarixinə 11.524,87 manat məbləğində əsas, 1.124,83 manat məbləğində faiz, 9.451,02 manat məbləğində cərimə, 4.284,80 manat gecikdirilmiş vaxt üçün hesablamış faiz, ümumilikdə 26.385,52 manat məbləğində borcu yaranmışdır.
4. xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə ödənişləri əks etdirən müvafiq hesabdan çıxarışa əsasən həmin müqavilə üzrə sonuncu dəfə xx.xx.2015-ci il tarixdə 200 manat məbləğində ödəniş həyata keçirilmişdir.
5. İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən xx.xx.2012-ci il tarixli, AA serialı, 042231 nömrəli çıxarışa əsasən Cavabdeh məxsus "KİA OPTİMA" minik markalı, **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobilin girova qoyulması dövlət qeydiyyatına alınmışdır, girov saxlayan "xxxx" KB QSC-nin 8-ci filialıdır;
6. Ləğv prosesində olan "xxxx" KB QSC-nin Cavabdeh ünvanladığı bildirişə əsasən Cavabdeh xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış borc məbləği barədə məlumat verilmiş və həmin borcun 3 gün ərzində ödənilməsi ondan tələb edilmiş, əks halda borc məbləğinin tutulması tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə ona xəbərdarlıq edilmişdir.
7. Ləğv prosesində olan "xxxx" KB QSC tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinə ünvanlanmış xx.xx.2018-ci il tarixli ərizəyə əsasən ipoteka premetinə tutmanın yönəldilməsi barədə bildiriş xx.xx.2018-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Ərizədə bildirişin ipoteka qoyana xx.xx.2018-ci il tarixdə göndərildiyi bildirilmişdir;
8. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4498/2016 saylı, xx.xx.2016-cı il tarixli qərarına əsasən QSC "xxxx" KB müflis elan edilmiş və iflas proseduruna başlanılması və Əmanətlərin Sığortalanması Fondunun "xxxx" KB QSC-nin ləğvedicisi təyin edilməsi qərara alınmışdır.
9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4946/2018 nömrəli, xx.xx.2018ci il tarixli qərardadına əsasən iddiaçı LPO "xxxx" KB QSC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır.
Birinci instansiya məhkəməsindəki icraat
10. İddiaçı ləğv prosesində olan QSC "xxxx" KB Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, iddiaçı "xxxx" KB QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 1xx/xx/8505/12 saylı kredit müqaviləsi üzrə Cavabdeh 11.524,87 manat məbləğində əsas, 1.124,83 manat məbləğində faiz, 9.451,02 manat məbləğində cərimə, 4.284,80 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu, ümumilikdə 26.385,52 manat məbləğində borc və 169,16 manat məbləğində dövlət rüsumunun iddiaçı ləğv prosesində olan "xxxx" KB QSC-nin xeyrinə tutulması, tutmanın iddiaçı "xxxx" KB QSC qarşısında ipoteka ilə yüklü edilmiş “Kia Optima” markalı, **-AA-*** (hazırda **-NP-***) dövlət nömrə nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması, satışdan əldə edilən vəsaitin borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" KB QSC ilə Cavabdeh arasında xx.xx.2012-ci il tarixdə kredit müqaviləsi bağlanmışdır. Həmin sənədlərə əsasən bank tərəfindən cavabdehə illik 20 faiz ödənilməsi şərti ilə 36 ay müddətinə 17.620 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh məxsus olan “Kia Optima” markalı, **-AA-*** dövlət nömrə nişanlı avtomobil (hazırda nömrəsi **-NP-***) bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Lakin cavabdeh öz üzərinə götürdüyü öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin banka 11.524,87 manat əsas, 1.124,83 manat faiz, 9.451,02 manat cərimə, 4.284,80 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablamış faiz borcu, ümumilikdə 26.385,52 manat borcu qalmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehə yazılı xəbərdarlıq edilmiş, lakin bundan sonra da kredit müqaviləsi üzrə öhdəliklər onun tərəfindən lazımınca icra edilməmişdir.
7. Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, iddia tələbi əsassız olması ilə yanaşı iddia müddəti də iddiaçı tərəfindən ötürülmüşdür. İddiaçı 3 illik iddia müddətinin keçməsini bildiyi (halda) gündən üç illik iddia müddətini ötürmüşdür. Bu səbəbdən iddia tələbinin istər iddianın əsassız olması ilə bağlı, istər iddia müddətinin keçməsinə görə rədd edilməsini xahiş etmişdir.
8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-934/2023 nömrəli, 23 fevral 2023-cü il tarixli qətnaməsi ilə iddiaçı ləğv prosesində olan "xxxx" QSC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası rədd edilmiş, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir. (hakim X8)
9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, bankın Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbi əsaslı olsa da, iddiaçı iddia qaldırmaq üçün iddia müddətini ötürmüşdür. Belə ki, iddiaçı "xxxx" KB QSC ilə Cavabdeh arasında müqavilə xx.xx.2012-ci ildə bağlanmışdır. Müqavilə müddəti 36 ay – xx.xx.2015-ci il tarixdə bitmişdir. İddiaçı 2018ci ildə iddia ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4946/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bundan sonra iddiaçı məhkəməyə ağlabatan müddətdə müraciət etməmişdir. Belə ki, xx.xx.2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının müddəti xx.xx.2019-cu il tarixdə başa çatmışdır. Həmin vaxtdan 3 üç ildən artıq müddət keçmiş, bu müddət ərzində bank tərəfindən borcla bağlı hər hansı tədbir görülməmişdir. Ona görə də göstərilən müddət ağlabatan hesab edilə bilməz.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci, 373.2-ci, 375.2-ci, 384.0.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) apellyasiya şikayətinin dəlilləri
10. İddiaçı ləğv prosesində olan "xxxx" QSC Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-934/2023 nömrəli, 23 fevral 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-934/2023 nömrəli qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması ilə qəbul edilmişdir. QSC "xxxx" KB ilə Cavabdeh arasında bağlanmış 11 may 2012-ci il tarixli, 1xx/xx/8505/12 saylı kredit müqaviləsi üzrə ləğv prosesində olan QSC "xxxx" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən xx.xx.2018-ci il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə iddia tələbi ilə müraciət edilmişdir. Lakin, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, e-2(004)-4946/2018 saylı qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bank tərəfindən icraatın təzələnməsinə dair ərizə ilə məhkəməyə müraciət olunmuş, lakin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadı ilə ərizələri təmin edilməmişdir. Daha sonra Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərmanı ilə əlaqədar cavabdehlə yeni restruktrizasiya müqaviləsinin bağlanması üçün müvafiq prosedurlar həyata keçirilsə də həmin müqavilənin bağlanması üçün cavabdeh tərəfindən Banka müraciət olunmamışdır. Buna görə də, yenidən məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət olunmuşdur. Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərmanı ilə əlaqədar iddia ərizələri həmin dövr ərzində-təqribən, 2019, 2020 və bəzi işlərdə hətta 2021-ci il tarixlərdə baxılmamış saxlanılmışdır. Bank tərəfindən fərmanın tətbiqi prosedurları tam yekunlaşana qədər gözlənildiyi üçün yenidən eyni kredit üzrə məhkəməyə ancaq xx.xx.2022-ci il tarixdə müraciət edilmişdir. Nəticədə, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən 11 may 2012-ci il tarixli, 1xx/xx/8505/12 saylı kredit müqaviləsi üzrə iddia müddətinin axımının başlanğıcı tərəflərin öz öhdəliklərini tam həcmdə yerinə yetirilməsindən sonra başlayır. Bu səbəbdən də 11 may 2012-ci il tarixli, 1xx/xx/8505/12 saylı kredit müqaviləsi üzrə öhdəliklər icra edilmədiyi üçün iddia müddətinin axımı başlamamışdır. Həmçinin, 11 may 2012-ci il tarixli 1xx/xx/8505/12 saylı kredit müqaviləsi 24 ay müddətinə bağlanaraq, 11 may 2012-ci il tarixi kreditin ödənilməli olduğu son tarixdir. Məhkəmə iş materiallarında həmin hissəyə istinad edərək iddia müddətinin 3 il olmasını göstərərək, iddia müddətinin tətbiq olunmasını qeyd etmişdir. Cavabdeh ilə bağlanılan 11 may 2012-ci il tarixli, 1xx/xx/8505/12 saylı kredit müqaviləsinin 10.1-ci bəndində qeyd edilmişdir ki, tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imzalanmasından sonra qüvvəyə minir və tərəflərin öz öhdəliklərini tam həcmdə yerinə yetirməsinə qədər qüvvədədir. Yəni, qanunvericiliyin bu tələbindən aydın olur ki, tərəflər arasında bağlanmış müqavilədə iddia müddətləri və onların hesablanması qaydası ilə bağlı başqa hal nəzərdə tutulmadığı təqdirdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci və 377.2-ci maddəsi tətbiq edilir. Hətta bu hal Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli qərarında da qeyd edilmişdir. Belə ki, qeyd edilən qərarın nəticə hissəsində “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır” cümləsi qeyd edilmişdir. Bu qərardan da aydın görünür ki, Konstitusiya Məhkəməsi tərəflərin qanunvericiliklə onlara tanınmış müqavilə azadlıqlarına böyük əhəmiyyət verir. Hazırki iş üzrə məhkəmə, tərəfin öz sərbəst iradəsi ilə bağlanmış olduğu kredit müqaviləsinin şərtlərini tam araşdırmadan iddia müddətinin tətbiqinə dair qətnamə çıxarması da qanuni deyildir. Bu isə o deməkdir ki, tərəflər öz aralarında iddia müddətinin hesablanma qaydasını müəyyən etmiş və onun öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə qədər qüvvədə olmasına dair iradələrini müqavilədə əks etdirmişlər. Belə olan halda artıq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 374.1-ci maddəsinin tələbləri hazırki mübahisəyə tətbiq edilərək, məhkəmənin qətnaməsi ləğv olunmalıdır. Beləliklə, məhkəmə mülki iş materiallarında olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş və işi obyektiv araşdırmamışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir.
14. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması xahiş etmişdir.
Tətbiq edilən maddi və prosessual hüquq normaları
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 369.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət müddətin sonuncu ilinin müvafiq ayında və günündə qurtarır; 369.3-cü maddəsinə əsasən aylarla hesablanan müddət müddətin sonuncu ayının müvafiq günündə qurtarır. Aylarla hesablanan müddətin qurtarması müvafiq günü olmayan aya düşdükdə müddət həmin ayın sonuncu günü qurtarır; 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir; 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır; 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir; 381.1-ci maddəsinə əsasən əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir; 554.1-ci maddəsinə əsasən müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır; 554.3-cü maddəsinə əsasən əsas tələblə birlikdə ondan asılı olan əlavə öhdəliklərin icrasına dair tələb də müddətin keçməsinə görə qüvvəsini itirir.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
17. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4cü maddəsində nəzərdə tutulanəşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz.
Apellyasiya baxışının hədləri
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
19. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
20. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi xahiş olunduğundan, qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.
22. Məhkəmə kollegiyası qeyd edir ki, mülki hüquqda iddia müddətləri institutu mülki dövriyyənin iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşviq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır.
23. İddia müddətləri institutunun tətbiq edilməsi zərurəti həmçinin belə bir mühüm halla əsaslandırılır ki, mülki mübahisələrə məhkəmə tərəfindən baxılması hər zaman iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi ilə əlaqədardır. Qeyri-müəyyən uzun müddətin keçməsi həqiqətə nail olmağı çətinləşdirir, bəzən isə hətta bu imkanı istisna edir. Belə ki, sübutlar itirilə bilər və ya onların mötəbərliyi kifayət qədər şübhəli hala gələ bilər, bunlar da öz növbəsində məhkəmə orqanlarının işin bütün faktiki hallarının aydınlaşdırılmasına və düzgün qərar çıxarılmasına yönəlmiş fəaliyyətini ciddi surətdə çətinləşdirə bilər.
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013cü il tarixli qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 377.2ci maddələrinin mənasına görə iddia müddətinin axımı kredit müqaviləsində müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.
25. Məhkəmə kollegiyası vurğulayır ki, Cavabdeh qeyd edilən kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilələrin şərtlərini pozmuşdur. Bu baxımdan cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdığı kimi iddiaçıya ödəməlidir. Lakin cavabdehlər iddia müddətinin ötürüldüyünü bildirir və hazırki iddiaya iddia müddəti tədbiq edilməklə rədd edilməsini tələb edir. Bu da öz növbəsində bu ərizəyə də hüquqi qiymətin verilməsini və bu ərizənin əsaslı olub-olmamasının araşdırılmasına zərurət yaradır.
26. Bu baxımdan nəzərə alınmalıdır ki, tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 1xx/xx/8505/12 saylı kredit müqaviləsindən irəli gələn öhdəliyin icra müddəti müəyyənləşdirilmiş və həmin müddət xx.xx.2015-ci il tarixdə bitmiş, bu müqavilə üzrə son ödəniş isə xx.xx.2015-ci il tarixdə aparlmışdır. Bununla belə, hazırki vəziyyətdə həmin müqavilədən irəli gələn öhdəliklər üzrə iddia müddətinin axımı xx.xx.2015-ci il tarixdən başlanmasına baxmayaraq, iddiaçı bu növ müqavilə üzrə müəyyən edilmiş 3 illik tələb etmə müddəti ərzində öhdəliyin icrasını tələb etmə hüququndan istifadə etməmiş və ilk dəfə xx.xx.2018-ci il tarixdə iddia qaldırılan zaman artıq tələb etmə müddətini pozmuşdur.
27. Məhkəmə kollegiyası o halı da nəzərə alır ki, qeyd edilən iddia məhkəməyə xx.xx.2018-ci il tarixdə daxil olsa da, xx.xx.2018-ci il tarixdə verilmiş və iddia üzrə dövlət rüsumu da məhz həmin tarixdə ödənilmişdir. Mübahisəyə bu tarix əsas götürülməklə hüquqi qiymət verildiyi təqdirdə də belə nəticəyə gəlinir ki, iddia ilk dəfə xx.xx.2019-cu il tarixdə (tələb etmə müddətini pozmadan) qaldırılmışdır. Bununla da xx.xx.2018-ci il tarixdə, yəni bitməsinə 9 gün qalmış həmin kredit müqaviləsi üzrə iddia müddətinin axımı dayanmışdır. Lakin həmin iddia Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadı ilə baxılmamış saxlanılmış, iş üzrə icraatın təzələnməsi barədə ərizə isə həmin məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadı ilə təmin edilməmişdir. Bu da öz növbəsində başlanmış iddia müddətinin axımının ümumi qaydada davam etməsini şərtləndirmişdir. İddia qaldırılan tarixədək iddia müddətinin bitməsinə bir neçə gün qalması nəzərə alındığı halda, müqavilə üzrə iddia müddəti 2018-ci ilin avqust ayında artıq bitmişdir. Hazırki iddia isə təxminən 4 il 5 ay keçdikdən sonra, yəni xx.xx.2023-cü il tarixdə qaldırılmışdır. Başqa sözlə, iddia müddətinin bitməsinə 9 gün qalmış qaldırılması nəzərə alınmadan belə, xx.xx.2023-cü il tarixə ilk iddianın özünün qaldırılmasından 3 ildən artıq müddət keçmişdir. Cavabdeh də hazırki mülki iş üzrə məhkəmə qərarı qəbul edilənədək iddia müddətinin tədbiqi barədə ərizə vermişdir. Bu səbəbdən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini bu hissədə əsassız hesab edir və iddia müddətinin tətbiq edilməsi barədə ərizəni əsaslı hesab edərək, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hazırki iddianı iddia müddəti tətbiq etməklə “kredit müqavilələri üzrə borcun tutulması” hissəsində rədd etmişdir.
28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı onu da qeyd etməyi zəruri hesab edir ki, iddia ərizəsinin baxılmamış saxlanılmasının konkret hüquqi əsası və səbəbi olmuşdur. Həmin vaxt “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı hələ qəbul edilməmiş və artıq müəyyən edildiyi kimi xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə iddia müddəti bu Fərmanın qəbul edildiyi tarixə artıq ötmüşdür.
29. Ümumiyyətlə qeyd edilməlidir ki, vətəndaşların mənafeyi üçün verildiyindən Fərmanın icrası qaydasında həyata keçirilmiş prosedurlara sərf edilmiş müddət bankların ziyanına istifadə oluna bilməz. Bu baxımdan Fərmanın icrası müddətinin xx.xx.2019-cu il tarixdə bitməsi nəzərə alındıqda hesab edilir ki, Fərmanın qəbul edildiyi tarixdən etibarən zəruri prosedurlara sərf edilmiş və iddia müddətinə daxil edilməli olmayan ağlabatan müddət məhz xx.xx.2019-cu il tarixi ilə məhdudlaşdırılmalıdır. Lakin Fərmanın icrası qaydasında iddiaçı tərəfindən cavabdehə münasibətdə hər hansı tədbirin görülməsini, o cümlədən iddiaçının (kreditorun) borcun restrukturizasiya olunması barədə müqaviləni bağlamaq təklifi ilə cavabdehə (borcluya) hər hansı formada müraciət etməsini təsdiq edən hər hansı sübut mövcud deyil. Digər tərəfdən hazırki iddia Fərmanın icrası müddəti bitdiyi xx.xx.2019-cu il tarixdən dərhal və ya bir müddət sonra deyil, 3 ildən artıq müddət ötdükdən sonra qaldırmışdır. Başqa sözlə, bu məsələ ilə bağlı da apellyasiya şikayətinin dəlilləri əsassızdır.
30. Məhkəmə kollegiyası apellyasiya şikayəti üzrə iddiaçının iddia müddətinin axımının başlanğıcının tərəflərin öz öhdəliklərini tam həcmdə yerinə yetirilməsindən sonra başlaması barədə mövqeyini isə nəinki əsassız, ümumiyyətlə hüquqa hər hansı aidiyyəti olmayan mövqe kimi qiymətləndirir və bu səbəbdən əsaslandırılmasına hər hansı zərurət görmür. Lakin hər bir halda, qeyd etməyi zəruri hesab edir ki, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş öhdəliklərin tam həcmdə yerinə yetirilməsindən sonra deyil, bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Müqavilə tələbləri üzrə də müəyyən edilmiş iddia müddəti 3 ildir. İddiaçının istinad etdiyi müqavilənin 11.1-ci bəndi də hazırki iddiaya iddia müddətinin tətbiq edilməsini istisna etmir.
31. Məhkəmə kollegiyası “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinin iddia müddəti tətbiq edilməklə rədd edilməsini nəzərə alıb, hesab edir ki, iddia üzrə əlavə tələb qismində çıxış edən “tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi üzrə də iddia müddəti keçmişdir və bu səbəbdən bu tələb də həmin əsasla rədd edilməlidir.
32. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir, faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə ləğv edilə və ya dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçı ləğv prosesində olan "xxxx" QSC-nin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 402-ci, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı ləğv prosesində olan "xxxx" QSC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-934/2023 nömrəli, 23 fevral 2023cü il tarixli qətnaməsi iddiaçı ləğv prosesində olan "xxxx" QSC-nin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçı ləğv prosesində olan "xxxx" QSC-yə aid edilsin. Qətnamənin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.