Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3292/2024 21.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul tələbi” nə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “pul tələbi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Şərqi Əlabbas qızının katibliyi, Cavabdeh iştirakı ilə, Xəzər Rayon Məhkəməsinin 2(003)-3551/2023 nömrəli, xx.xx.2023-cü il qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə 5000,0 manat pulun və 70,0 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2021-ci ilin yanvar ayının 1-də cavabdeh, yəni qardaşı Mahir cəzaçəkmə müəssəsindən azad edilmişdir. Mahir, iddiaçıya öz adına 3500,0 manat kredit götürüb, ona verməyini istəyib və hər ay işləyib krediti ödəyəcəyini bildirdi. O, yalnız bir ay 210,0 manat ödədi, sonralar da hissə-hissə ödədi. Lakin sonradan krediti ödəməkdən imtina etdi, hazırda krediti iddiaçı ödəyir. İddiaçı ondan pulu istəyəndə borcunu qaytarmayacağını bildirdi, lakin buna baxmayaraq 100,0 manat ödədi. Hazırda onun 2800,0 manat borcu qalıb. Banka ödədiyi faizlə birlikdə ümumilikdə iddiaçıya 5000,0 manat borcu qalmışdır.
3. Xəzər Rayon Məhkəməsinin 2(003)-3551/2023 nömrəli, xx.xx.2023-cü il qətnaməsi (hakim Ramilə Xəzri) ilə iddianın qismən təmin edilməsi, Cavabdehdan 500,0 (beş yüz) manat məbləğində pul və 7,0 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə tutulması və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
4. İddiaçı qətnamədən apellyasiya şikayəti verməmişdir.
5. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
6. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək bildirmişdir ki, rayon məhkəməsində iddiaçıya 500 manat borclu olduğunu və həmin borcu ödədiyini etiraf etsə də, rayon məhkəməsi birinci etirafını, yəni borclu olduğunu qəbul etdiyi halda, 2-ci etirafını yəni borcu ödədiyini qəbul etmir. Maraqlıdır, hər iki faktı özü (cavabdeh) söyləyirsə, necə ola bilir ki, rayon məhkəməsi ona lazım olanı qanunsuz olaraq qəbul edir, ikinci halı isə rədd edir. Bir daha bildirir ki, cavabdehə 500 manat borcu olub və tərəfindən ödənilib. Cavabdeh iddia ərizəsində ona qarşı iddasının 5000 manat olduğunu qeyd etməsi iddiaçının ona qarşı münasibətdə qərəzli və aqressiv olmasını göstərir. Məhkəməyə yalan izahat verir. İddiaçı ona borclu olmasını hər hansı bir sübut növü ilə təsdiq edə bilmir, buna görə də şikayətin təmin edilməsini və qətnamənin ləğv edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
7. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayətini müdafiə edərək, izahatında əlavə olaraq bildirdi ki, iddiaçı ona cəmi 500 manat vəsait verməklə köməklik etmişdir. Lakin həmin pulu iddiaçıya qaytarmışdır. Ödənişi isə “milli ön” ödəniş xidməti vasitəsi ilə etmişdir, hazırda iddiaçıya borcu qalmamışdır, ona görə də şikayətin təmin edilməsini və qətnamənin ləğv edilməsini xahiş etdi.
8. Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir.
9. Belə olan halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edilmişdir. Sübutların tədqiqi:
10. Bakı şəhəri Xəzər RPİ-nin xx.xx.2022-cı il tarixli “cinayət işinin başladılmasının rədd olunması” barədə qərarının sürətindən görünür ki, İddiaçı müraciəti əsasında toplanmış materiallar üzrə cinayət işinin başladılması rədd edilmişdir.
11. "xxxx" ASC ilə İddiaçı arasında bağlanılmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə ödəniş cədvəlindən görünür ki, İddiaçı bank tərəfindən illik faiz dərəcəsi 19% olmaqla 48 ay müddətinə 3500,0 manat məbləğində kredit almışdır.
12. Zəfəran Hospital tərəfindən verilmiş MRT nəticələri barədə məlumat vərəqindən görünür ki, İddiaçı sağlamlığında problemlər yaranmışdır.
13. 29.08.2003-cü il tarixli 1521 saylı xəstəlik haqqında şəhadətnamədən görünür ki, Cavabdeh səhhətində o bir sıra problemlər olmuşdur. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi:
14. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
15. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
16. Maddə 445.2. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi halları borclunun icranı gecikdirməsi sayılır.
17. Maddə 445.3. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur.
18. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
22. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
23. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
24. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.
25. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
26. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
27. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
28. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
29. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
31. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
32. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
33. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
34. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayətinə əsasən - iddia tələbinin təmin edilən hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
35. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
36. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili ondan ibarət olmuşdur ki, iddiaçıya 500 manat məbləğində borcu olsa da həmin məbləği iddiaçıya qaytarmışdır.
37. Kollegiya şikayətin dəlilinə dair münasibətdə qeyd edir ki, cavabdeh bununla bağlı apellyasiya şikayətinə hər hansı sübut (qəbz) əlavə etməmişdir, halbuki onun belə bir sübutunun olması halında onu şikayətinə əlavə etməsi qaçılmaz idi, demək cavabdehin belə bir sübutu olmamışdır, buna görə də apellyasiya şikayətinin bu dəlili də əsassızdır və təmin edilə bilməz.
38. Belə ki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Bundan başqa cavabdeh apellyasiya şikayətində iddiaçının ona borcunun olmasını sübut edə bilməməsini qeyd etsə də, cavabdeh özü iddiaçıdan 500 manat məbləğində pul aldığını həm rayon məhkəməsində, həm də apellyasiya baxışında (apellyasiya şikayəti) qəbul etmişdir ki, bununla da cavabdeh iddiaçını həmin faktları sübut etmə vəzifəsindən azad etmişdir
40. Çünki Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Nəticə:
41. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
42. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir.
43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
44. Beləliklə müəyyən olunur ki, hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
45. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Xəzər Rayon Məhkəməsinin 2(003)-3551/2023 nömrəli, xx.xx.2023-cü il qətnaməsi cavabdehin apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir, qanunvericilikdə hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.