Məhkəmə qərarları › İş №2(103)-3294/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3294/2023

22.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3294/2023 22.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: alimentin miqdarının artırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X6 (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artılılması tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-1366/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Tərəflərin birgə nikahlarından xx.xx.2007-ci il təvəllüdlü X7 və xx.xx.2010-cu il təvəllüdlü X5 doğulmuşlar.

2. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(001)-523/2016 nömrəli qətnaməsi ilə tərəflərin nikahları pozulmuş, uşaqların saxlanmaları üçün cavabdehdən iddiaçının xeyrinə əmək haqqının 1/3 hissəsi miqdarında alimentin tutulması qət edilmişdir.

3. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-3510/2019 nömrəli qətnaməsinə əsasən cavabdehdən alınan alimentin məbləği dəyişdirilmiş və cavabdehdən hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin iddiaçının xeyrinə tutulması qət etmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılaraq xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat alimentin tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə təyin olunan alimentin məbləği ölkə üzrə bir uşağın saxlanılması üçün tələb olunan aliment məbləğindən aşağıdır. Uşaqların təhsil alması üçün əlavə zəruri xərclər yaranmış və iddiaçı bunu təkbaşına qarşılaya bilmir. Cavabdehin təyin olunmuş alimentlə bağlı 4.000 manata yaxın aliment borcu vardır. Təyin olunan aliment və yaranmış aliment borcu cavabdehin anası və bacısı tərəfindən hissəhissə ödənilir. Cavabdehin gəlirləri, aliment təyin edildikdən sonra bu gəlirlərin artması barədə heç bir sübutu yoxdur. Hesab edir ki, yetkinlik yaşına çatmayanların saxlanması üçün yaşayış minimumu artdığından övladlarının saxlanması üçün təyin olunan alimentin miqdarı da artırılmalıdır.

6. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)- 1366/2023 nömrəli qətnaməsi ilə (hakim S.R.Səlimova) iddia tələbi təmin edilməmişdir.

7. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı təyin olunmuş alimentin məbləğinin artırılmasına əsas ola biləcək hər hansı bir sübutunu məhkəməyə təqdim etməmişdir.

8. Məhkəmə qeyd etmişdir ki, tələbin qanuni əsası olan normanın tələbinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Göründüyü kimi, təyin olunan alimentin miqdarının artırılması üçün əsas yaşayış minimumu həddinin artması deyil, aliment ödəyən şəxsin, yəni cavabdehin maddi vəziyyətinin dəyişməsi, yaxşılaşmasıdır.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1,75.1,75.4, 112.1-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 77.1, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

10. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh uşaqların saxlanılmasına 2023-cü ildə Respublikada müəyyən olunmuş minimum üzrə aliment ödəməlidir. Son bir ildə ərzaq və digər malların qiymətləri də artmışdır. Uşaqların yaşayış minimumu hər il artır. İddiaçı cəmi 700 manat əmək haqqı alır, cavabdeh uşaqların saxlanmasına cəmin 320 manat ödəyir. Bu pul uşaqların saxlanmasına kifayət etmir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, cavabdehin hazırda az məbləğdə aliment borcu qalmışdır.

14. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 17.İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.

16. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4 Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər.

17. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1. 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin. 18.“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

19. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2016cı il tarixli 8-2/2016 nömrəli qərarı Maddə 8.2. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 8.12. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

20. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarı - Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 112.1.3. İddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Maddə 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 233.4. Cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.

Apellyasiya baxışının hədləri

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

23. Hazırki işdə iddia tələbi rədd edildiyindən və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən qətnamənin əsaslığı tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir.

25. Məkhəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianı təmin edilməməsi ilə bağlı gəldiyi nəticə düzgün deyil.

26. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının onun yanında qalan uşaqların saxlanılması üçün cavabdehdən alınan alimentin artırılmasını tələb etməyə subyektiv hüququ olmuş və həmin tələb aliment tutulduğu ildən sonrakı dövrdə uşağın böyüməsi, ölkədə iqtisadi vəziyyətin dəyişməsi, o cümlədən sonuncu aliment müəyyən olunduğu 2019-cu ildən sonrakı dövrdə yaşayış minimumunun artırılması ilə əlaqədar uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması məqsədi üçün əsaslı olmuşdur.

27. Bundan əlavə, uşaqların saxlanmaları üçün təyin olunan alimentin artırlmasına əsas ola biləcək hər hansı sübutun məhkəməyə təqdim edilməməsi, həmçinin, iddiaçının aylıq 700 manat məbləğində əmək haqqı alması cavabdehi uşaqlarını saxlamaq və minimum dolanacaq xərclərinə yaxın məbləği aliment olaraq ödəmək vəzifəsindən azad etmir.

28. Belə ki, “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

29. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia qismən təmin edilməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)- 3510/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı, xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

30. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iddia qismən təmin edildiyindən və iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən cavabdehdən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinin tələblərinə əsasən 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsi hesabına ödənilməlidir.

31. Həmçinin qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.

32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

İddiaçı apellyasiya şikayəti qismən təmin olunsun. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)- 1366/2023 nömrəli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)- 3510/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın, xx.xx.2007ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsi hesabına ödənilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar