Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3295/2024 31.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, Cavabdeh1, onun vəkili və nümayəndəsi Nizami Abbasov, Cavabdeh2, onun vəkili və nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması barədə” iddiasına dair mülki iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(008)-1009/2024 nömrəli qətnaməsindən Cavabdeh1 apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, əsas borc kimi 7.156,86 manat, faiz borcu kimi 4.463,86 manat, cərimə kimi 10.667,76 manat, kredit müddəti bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanmış faiz borcu kimi 993,96 manat cavabdehlərdən – kredit alanın vərəsəsi Cavabdeh1 və zamin Cavabdeh2 iddiaçının xeyrinə tutulsun. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, əsas borc kimi 7.156,86 manat, faiz borcu kimi 4.463,86 manat, cərimə kimi 100 manat, cəmi 11.720,72, habelə dövlət rüsumunun əvəzi kimi 125,14 manat Cavabdeh1 iddiaçının xeyrinə tutulsun, iddianın qalan hissəsi təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunmasın. Apellyasiya şikayətinin dəlillərindən görünür ki, qətnamənin yalnız iddianın təmin edilməsinə aid hissəsi mübahisələndirilib. İddiaçı ASC-nin nümayəndəsi məhkəmə iclsında iştirak etməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1, onun vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin əsaslı olduğunu bildirdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh2, onun vəkili və nümayəndəsi Vəkil1 qətnamənin Cavabdeh2 aid hissəsinin qanuni olduğunu bildirdilər. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir: Kredit verən İddiaçı ASC ilə kredit alan Ədalət Zeynalovun arasında xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsi bağlanıb. Müqaviləyə əsasən 12.700 ABŞ dolları illik 27 faiz dərəcəsi ilə 18 ay müddətinə kredit verilib. Borcun qaytarılmasının təminatı üçün eyni tarixdə bank ilə zamin Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanıb. xx.xx.2017-ci ildə bank, kreditalan və zamin arasında bağlanmış əlavə sazişlə kredit restrukturizasiya edilib, kredit müddət xx.xx.2020-ci ilədək uzadılıb. Kredit alan xx.xx.2022-ci ildə ölüb. Onun qızı Cavabdeh1 atasından qalmış mirası qəbul edib, bu barədə xx.xx.2022-ci il tarixli V-124/2022 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verilib. Miras əmlak Maştağa qəsəbəsi, Y.Musayev küçəsi, 1A ünvanında yerləşən fərdi yaşayış evinin 7/10 hissəsindən ibarətdir. Vərəsə miras qoyanın (atasının) kreditorunun (İddiaçı ASC-nin) mənafeyini alınmış aktivdə öz payına mütənasib surətdə tam ödəməyə borcludur. Borcu tam ödəməkdən azad olunmaq üçün o, atasının borcunun mirasdan çox olduğunu sübut etməlidir, lakin bu barədə sübut təqdim edilməyib, ümumiyyətlə, borcun məbləğinin mirasdan çox olduğu iddia edilməyib. Odur ki, vərəsə borcu tam ödəməlidir. Borcun məbləği birinci instansiya məhkəməsinin qətnaməsində düzgün müəyyən olunub. Bu zaman bankın təqdim etdiyi sübutlar əsas götürülüb, çünki Cavabdeh1 hazırlıq iclasında iştirak edərkən sübut təqdim etməyib və ya sübutun tələb edilməsi barədə vəsatət qaldırmayıb, məhkəmə baxışı iclasına isə gəlməyib. O cümlədən apellyasiya şikayətində borcun məbləğinə etiraz bildirilməyib, şikayət yalnız iddia müddətinin keçməsi ilə əsaslandırılıb. Birinci instansiya məhkəməsində icraat zamanı iddia müddətinin tətbiqi barədə ərizə verilməyib. Cavabdeh1 belə ərizə vermək imkanı olub, çünki o, hazırlıq iclasında iştirak edib (iş v. 99), iş məhkəmə baxışına təyin edildikdə isə qəbzə imzalatmaqla ona bu barədə xəbər verilib (iş v. 103), lakin məhkəmə baxışı iclasına gəlməyib. Mülki Məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425, 448, 739, 740 və 1306-cı maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh1 əsas borc kimi 7.156,86 manat, faiz borcu kimi 4.463,86 manat, cərimə kimi 100 manat, cəmi 11.720,72 manat pulun tutulmasını qət etməklə düzgün nəticəyə gəlib, həmin hissədə qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Qətnamə iddianın rədd edilməsinə aid hissədə mübahisələndirilmədiyinə görə həmin hissədə qətnamənin əsaslılığı apellyasiya qaydasında yoxlanılmadı. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(008)- 1009/2024 nömrəli qətnaməsi iddianın təmin edilməsinə aid olan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3295/2024
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3295/2024
31.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver