Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3296/2023 26.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və sair tələbləri barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Talışınski Fuad Şəmsəddin oğlu və İmanov Azad Nizami oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 07 avqust 2014-cü il tarixli qətnamədən Cavabdeh2 verdiyi apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddiaçı Bankın buna səlahiyyəti olan nümayəndəsi Bankın adından iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, Bank ilə Cavabdeh1 arasında xx.xx.2013-cü il tarixdə bağlanmış 13001-1673/424802 saylı “Kredit müqaviləsinin” ləğv edilməsi, həmin müqavilə üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 14.329,14 ABŞ dolları, əsas kredit borc məbləğinə hesablanmış faizlərin ödənilməsi məqsədi ilə 787.41 ABŞ dolları, borcun ödənilməsinin gecikdirilməsinə görə müqavilənin şərtlərinə uyğun olaraq hesablanmış cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 36 ABŞ dolları, iddia ərizəsinin məhkəməyə verilməsi üçün Bank tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun borclu Cavabdeh1 və zamin Cavabdeh2 Bankın xeyrinə tutulması, tutmanın ipoteka predmetinə - Cavabdeh2 məxsus olan “Nissan Navara” markalı **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması, satışdan əldə oluna biləcək pul vəsaiti hesabına yuxarıda qeyd edilən borcun ödənilməsi, həmin pul vəsaiti borcun ödənilməsi üçün yetərli olmazsa, qalan borcun cavabdehlərdən ümumi qaydada Bankın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 kredit götürmək üçün Banka müraciət etmişdir. Cavabdeh1 müraciəti təmin edilmiş və bununla əlaqədar olaraq onunla Bank arasında xx.xx.2013-cü il tarixli “Kredit müqaviləsi” bağlanmışdır. Həmin müqavilə ilə tərəflər razılığa gəlmişlər ki, Cavabdeh1 illik 24 % faiz dərəcəsi və 18 ay ərzində, hər ay hissə-hissə borcu qaytarmaq şərti ilə Bankdan 15.000 ABŞ dolları məbləğində pulu borc alacaq. İş üzrə digər Cavabdeh2 qeyd edilən “Kredit müqaviləsi” üzrə Cavabdeh1 Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuşdur. Bununla bağlı olaraq Bank ilə cavabdehlər arasında xx.xx.2013-cü il tarixdə “Zaminlik müqaviləsi” bağlanmışdır. Bundan başqa, Cavabdeh2 həmin “Kredit müqaviləsi” üzrə Cavabdeh1 üzərinə götürdüyü öhdəliklərin icrasına təminat verərək özünə məxsus olan avtomobili də Bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. Bununla bağlı olaraq Bank ilə cavabdehlər arasında xx.xx.2013-cü il tarixdə “İpoteka müqaviləsi” bağlanmış və ipoteka ilə yüklülük Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qeydiyyata alınmışdır. Yuxarıda qeyd edilən “Kredit müqaviləsi” üzrə Bank tərəfindən Cavabdeh1 15.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Buna və yuxarıda qeyd edilən müqavilələrin şərtlərinə baxmayaraq borcalan Cavabdeh1 və zamin Cavabdeh2 iddiaçı Bank qarşısında üzərinə götürdüyü öhdəliyi tam deyil, qismən icra etmiş, Banka olan borcunun bir hissəsini ödəməmişlər. Nəticədə onların 14.329,14 ABŞ dolları məbləğində əsas kredit borcu, 787.41 ABŞ dolları məbləğində faiz borcu yaranmışdır. Bank, cavabdehlərin üzərilərinə götürdüyü öhdəliyin icra edilməməsini nəzərə alaraq “Kredit müqaviləsinin” şərtlərinə uyğun olaraq onlara 36 ABŞ dolları məbləğində cərimə (dəbbə) borcu hesablamışdır. Bank, borcun ödənilməməsi təqdirdə tələbin ipoteka predmetinə yönəldilməsi proseduruna başlayacağı barədə bildirişi cavabdehlərə göndərsə də, borc ödənilməmiş qalmışdır. Bu səbəbdən də Bank hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək və iddia ərizəsinin məhkəməyə verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2014-cü il tarixli qətnamə ilə iddianın tam həcmdə təmin edilməsini qət etmişdir.
4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh1, onunla Bank arasında bağlanmış “Kredit müqaviləsi” üzrə, Cavabdeh2 isə “Zaminlik müqaviləsi” üzrə Bank qarşısında üzərilərinə götürdükləri öhdəlikləri tam deyil, qismən icra etdiyi üçün Banka olan kredit borcunu, həmin borc məbləğinə hesablanmış faizi və müqavilənin şərtinə əsasən Bankın hesabladığı cərimə məbləğini Banka ödəməlidirlər. Cavabdeh1 iddiaçı Bank qarşısında üzərinə götürdüyü öhdəliyi icra etmədiyi üçün onunla Bank arasında bağlanmış “Kredit müqaviləsi” ləğv edilməlidir. Bankın təqdim etdiyi hesablamalardan görünür ki, “Kredit müqaviləsi” üzrə yaranmış əsas kredit borcun məbləği 14.329,14 ABŞ dolları, əsas kredit borc məbləğinə hesablanmış faizlərin məbləği 787.41 ABŞ dolları, borcun ödənilməsinin gecikdirilməsinə görə müqavilənin şərtlərinə uyğun olaraq hesablanmış cərimənin (dəbbənin) məbləği 36 ABŞ dolları təşkil edir. Buna görə də, həmin məbləğ cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçı Banka ödənilməlidir. Cavabdehlərin öhdəliklərinin icrasının təminatı onlar ilə Bank arasında bağlanmış “İpoteka müqaviləsi” ilə nəzərdə tutulduğundan, borcun tutulması ipoteka predmeti olan avtomobilə yönəldilməlidir. c) apellyasiya şikayəti barədə məlumat
5. İş üzrə Cavabdeh2 həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin dəyişdirilərək, ipoteka predmeti olan avtomobilin ilkin satış qiymətinin müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsi qətnamə qəbul edərkən ipoteka predmeti olan avtomobilin ilkin satış qiymətini qətnamə ilə müəyyən etməmişdir. İddiaçı və qətnamənin icrasını həyata keçirən icra qurumu bundan istifadə edərək avtomobili 2018-ci ildə 15.000 manata satmışlar. Halbuki, avtomobilin hazırki satış qiyməti 24.000-25.000 manat təşkil edir. Rayon Məhkəməsi avtomobilin ilkin satış qiymətini müəyyən etmiş olsa idi avtomobilin satışından əldə oluna biləcək vəsait Banka olan borcun ödənilməsi üçün yetərli olardı və bununla da, Cavabdeh2 bir zamin kimi Bank qarşısında icra edilməmiş öhdəliyi ödənilmiş olardı. Bundan başqa işə baxmış Rayon Məhkəməsi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə Cavabdeh2 lazımi qaydada məlumat verməmişdir. Bunun nəticəsində Cavabdeh2 hüquqları pozulmuş və o, öz sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. d) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı barədə məlumat
7. İddiaçı bankın nümayəndəsi və iş üzrə cavabdehlər işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilmələrinə baxmayaraq apellyasiya baxışı iclasında iştirak etməmişlər və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur.
e) apellyasiya baxışının həddi barədə məlumat
8. Məhkəmə, hazırki iş üzrə apellyasiya baxışının hədləri ilə bağlı qeyd edir ki, Rayon Məhkəməsinin qətnaməsi ilə iddia tələbi həmçinin cavabdeh (borcalan) Cavabdeh1 münasibətdə təmin edilsə də, o, qətnamədən apellyasiya şikayəti verməmişdir.
9. Qətnamədən apellyasiya şikayətini yalnız cavabdeh (zamin) Cavabdeh2 vermişdir.
10. Artıq qeyd olunduğu kimi, apellyasiya şikayətinin məzmunundan görünür ki, Cavabdeh2 ipoteka predmeti olan avtomobilin ilkin satış qiymətinin qətnamədə göstərilməməsindən narazıdır. O, qətnamənin qalan hissələrini mübahisələndirmir.
11. Bunları, MPM-nin 372.6-cı maddəsinin tələblərini və mübahisənin predmetinin bölünməz olmadığını nəzərə alan Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
12. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
13. Belə ki, Cavabdeh1 ilə iddiaçı Bank arasında bağlanmış xx.xx.2013-cü il tarixli “Kredit müqaviləsindən” və işdə olan digər sənədlərdən görünür ki, Cavabdeh1 illik 24 % faiz dərəcəsi və 18 ay ərzində, hər ay hissə-hissə borcu qaytarmaq şərti ilə Bankdan 15.000 ABŞ dolları məbləğində kredit almışdır.
14. Cavabdeh1 və Cavabdeh2 ilə iddiaçı Bank arasında bağlanmış xx.xx.2013-cü il tarixli “İpoteka müqaviləsindən” və işdə olan digər sənədlərdən görünür ki, Cavabdeh2, yuxarıda qeyd edilən “Kredit müqaviləsi” üzrə Cavabdeh1 üzərinə götürdüyü öhdəliklərin icrasına təminat verərək özünə məxsus olan avtomobili Bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. Avtomobilin dəyəri tərəflər arasında qarşılıqlı razılaşmaya əsasən 16.850 ABŞ dolları məbləğ müəyyən olunmuşdur. İpoteka ilə yüklülük Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qeydiyyata alınmışdır.
15. Hazırki apellyasiya baxışının predmetini təşkil etməyən işin halı ondan ibarətdir ki, Cavabdeh1 ilə iddiaçı Bank arasında bağlanmış xx.xx.2013-cü il tarixli “Kredit müqaviləsi” üzrə borcalanın öhdəliyinin icra edilməməsi səbəbindən borc yaranmışdır. Bank həmin borcun tutulması və tutmanın ipoteka predmeti olan avtomobilə yönəldilməsi barədə iddia ilə məhkəməyə müraciət etmişdir.
16. İddia ərizəsi əsasında icraatı başlanılmış mülki işə baxmış Rayon Məhkəməsi iddianın təmin edilməsi nəticəsinə gələrək, həmçinin hesab etmişdir ki qeyd edilən “Kredit müqaviləsi” üzrə yaranmış borcun ödənilməsi məqsədi ilə Bankı tələbi ipoteka predmeti olan avtomobilə yönəldilməli, avtomobilin açıq hərracdan satılması, satışdan əldə oluna biləcək pul vəsaiti hesabına yuxarıda qeyd edilən borc ödənilməlidir. Qətnamədən görünür ki, Rayon Məhkəməsi avtomobilin ilkin satış qiymətini qətnamədə göstərməmişdir.
17. Bununla bağlı Məhkəmə bildirir ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə görə, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir (maddə 39.3.3.). İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, bu razılaşma olmadıqda isə ilkin satış qiymətinin müəyyən edilməsi müstəqil qiymətləndirici tərəfindən müəyyən edilir (maddə 38.2.2.). İlkin satış qiyməti ipoteka predmetinin likvid qiymətidir (maddə 1.0.9.).
18. Qeyd edilən maddi hüquq normaların tələbindən göründüyü kimi, tələbin ipoteka predmetinə yönəldildiyi halda məhkəmə həmin əmlakın ilkin satış qiymətini müəyyən etməlidir.
19. İşdə olan sənədlərdən və işin hallarından müəyyən edilir ki, iş üzrə tərəflər arasında “İpoteka müqaviləsi” xx.xx.2013-cü il tarixdə bağlanmışdır. Müqavilədən görünür ki, 2007-ci il buraxılışlı olan avtomobilin dəyəri tərəflər arasında qarşılıqlı razılaşmaya əsasən 16.850 ABŞ dolları məbləğ müəyyən olunmuşdur.
20. Apellyasiya şikayətindən isə görünür ki, avtomobili açıq hərracdan 2018-ci ildə satılmışdır.
21. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, müqavilə bağlandıqdan da sonra da avtomobilin Cavabdeh2 istifadəsində qalaraq istismar olunması və bununla da avtomobilin amortizasiyaya uğrayaraq dəyərinin aşağı düşməsi təbiidir. Hazırki iş üzrə qəbul edilmiş qətnamənin icraya yönəldildiyi vaxtadək avtomobilin istismarına davam ediləcəyi, habelə həmin müddətdə nəqliyyat vasitələrinin qiymətlərində dəyişikliklərin olma ehtimalı nəzərə alınaraq, işin baxılması mərhələsində avtomobilin ilkin satış qiymətinin müəyyən edilməsi tərəflərə münasibətdə qeyri-obyektiv nəticəyə gətirib çıxara bilərdi. Xüsusən nəzərə alınmalıdır ki, Cavabdeh2 apellyasiya şikayətində özü bildirir ki, avtomobil qətnamə qəbul edildikdən 4 il sonra açıq hərracdan satılmışdır.
22. Buna görə də, Məhkəmə hesab edir ki, tələbin yönəldildiyi avtomobilin ilkin satış qiymətinin müəyyən edilmədən hərraca çıxarılması barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslıdır. Apellyasiya şikayətinin müzakirə edilən bu dəlili əsaslı deyil.
23. Apelyasiya şikayətində həmçinin bildirilir ki, ipoteka predmeti olan avtomobilin ilkin satış qiyməti qətnamə ilə müəyyən edilmədiyindən iddiaçı və qətnamənin icrasını həyata keçirən icra qurumu bundan istifadə edərək avtomobili 2018-ci ildə 15.000 manata satmışlar. Halbuki, avtomobilin hazırki satış qiyməti 24.000-25.000 manat təşkil edir.
24. Məhkəmə bildirir ki, apellyasiya şikayətinin bu dəlili Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş və hazırki apellyasiya baxışının predmetini təşkil edən hissəsinin ləğvinə və ya dəyişdirilməsinə əsas ola bilməz. Cavabdeh2 göstərdiyi dəlilə əsaslanaraq hərracın yekunlarını mübahisələndirmək hüququna malikdir.
25. Apellyasiya şikayətinin digər dəlili də ondan ibarətdir ki, işə baxmış Rayon Məhkəməsi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə Cavabdeh2 lazımi qaydada məlumat verməmişdir. Bunun nəticəsində Cavabdeh2 hüquqları pozulmuş və o, öz sübutlarını məhkəməyə təqdim edə bilməmişdir.
26. Məhkəmə, şikayətin bu dəlili ilə razılaşmır. Belə ki, iş materiallarına əlavə edilmiş AZE seriyalı, 0******* nömrəli “Şəxsiyyət vəsiqəsinin” surətindən görünür ki, Cavabdeh2 Tər-Tər şəhəri, Cavanşir küçəsi, ev № 25 ünvanda yaşayış yeri üzrə qeydiyyatdadır.
27. Rayon Məhkəməsi, məhkəmə bildirişini Cavabdeh2 yuxarıda qeyd edilən ünvan üzrə göndərmiş, həmin bildirişlər poçt xidməti tərəfindən “bu ünvanda yaşamır” qeydi ilə məhkəməyə qaytarılmışdır. Bunu nəzərə almış Rayon Məhkəməsi işə onun iştirakı olmadan baxmışdır.
28. Cavabdeh2, qətnamədən verdiyi apellyasiya şikayətində faktiki yaşadığı və qeydiyyatda olduğu ünvan kimi məhz həmin ünvanı göstərmişdir.
29. Belə olan halda hesab edilməlidir ki, Rayon Məhkəməsi MPM-nin “Məhkəmə baxışı” adlı 15-ci Fəslində nəzərdə tutulmuş prosessual normalara riayət etmiş və bu səbəbdən işə Cavabdeh2 iştirakı olmadan baxmağa haqlı olmuşdur. Qətnamə, çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilir. g) apellyasiya baxışının nəticəsi
30. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi və apellyasiya baxışının predmeti təşkil edən nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
31. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
32. Odur ki, MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanan Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
33. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh2 tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.
34. Beləliklə də yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393, 405 maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 07 avqust 2014-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh2 tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.