Məhkəmə qərarları › İş №2(103)-3297/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3297/2024

27.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3297/2024 27.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X3 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 757/2024 saylı, 2 fevral 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi İşin halları

1. “Paylayıcı” İddiaçı ilə “istehlakçı” Cavabdeh arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, sonuncunun ünvanı təbii qazla təchiz edilmiş və həmin ünvan **********00010 saylı abonent kodu verilməklə, müvafiq qaydada G-4 markalı qaz sayğacı ilə təmin edilmişdir.

2. İddiaçı İB-nin əməkdaşları tərəfindən Cavabdeh məxsus ünvanda X2na riayət edilməsi vəziyyəti yoxlanılmış, ünvanda təbii qazdan sayğacdan kənar istifadə edildiyi aşkar edilmiş, bu barədə xx.xx.2017-ci il tarixli 01104093 saylı akt tərtib edilərək əsasında 64,80 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt tərtib edilərək əsasında 363,60 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt tərtib edilərək əsasında 50,40 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt tərtib edilərək əsasında 115,20 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt tərtib edilərək əsasında 691,20 manat zərər hesablanmışdır.

3. Həmçinin cavabdehin sayğac üzrə faktiki istifadə etdiyi və dəyərini ödəmədiyi 1.693,28 manat borcu (debitor borc) da yaranmışdır.

4. Hesablanmış sərfiyyat borcundan abonent tərəfindən cəmi 2,90 manat ödəniş edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-nə vurulmuş 1.285,20 (bir min iki yüz səksən beş manat 20 qəpik) manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 1.693,28 (bir min altı yüz doxsan üç manat 28 qəpik) manat və 49,79 (qırx doqquz manat 79 qəpik) manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 3.028,27 (üç min iyirmi səkkiz manat 27 qəpik) manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə AKX-00965xx/xx-2019 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqaviləsi» imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00010 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X2”nın tələblərinə əməl etmək) və “X2”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X2nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: xx.xx.2017-ci il tarixli 01104093 saylı akt əsasında 64,80 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 363,60 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 50,40 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 115,20 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 691,20 manat, cəmi 1285,20 (bir min iki yüz səksən beş manat 20 qəpik) manat məbləğində İddiaçı İB-nə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur. Cavabdehin ödənilməmiş 2021-ci ilin dekabr ayı üzrə 122,88 manat sərfiyyat borcu, 2022-ci ilin yanvar-dekabr ayları üzrə 1276,85 manat sərfiyyat borcu və limitdən əlavə 138,65 manat sərfiyyat borcu, 2023- cü ilin yanvar-sentyabr ayları üzrə 154,44 manat sərfiyyat borcu və limitdən əlavə 3,36 manat sərfiyyat borcu, cəmi 1696,18 manat sərfiyyat borcu qalmışdır. 2021-ci ilin dekabr ayından 2023-cü ilin sentyabr ayına qədər cavabdeh 2,90 manat məbləğində ödəniş etmişdir. Yuxarda qeyd olunlardan əlavə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 1693,28 (bir min altı yüz doxsan üç manat 28 qəpik) manat borcu (debitor borc) da qalmışdır. Beləliklə, cavabdehin İddiaçı İB-nə ödənilməli borc məbləği hazırda Abonentin SALDO üzrə ümumi 2978,48 (iki min doqquz yüz yetmiş səkkiz manat 48 qəpik) manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-nə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.

7. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-757/2024 nömrəli, 02 fevral 2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh 230,40 manat dəymiş zərər, 1.693,28 manat debitor borc olmaqla, cəmi 1.923,68 manat məbləğində borc və 39,23 manat dövlət rüsumu tutularaq İddiaçı bank hesabına ödənilməsi qət edilmişdir.

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, xx.xx.2017-ci il tarixli 01104093 saylı; xx.xx.2018-ci il tarixli ******* saylı; xx.xx.2018-ci il tarixli ******* saylı; xx.xx.2018-ci il tarixli ******* saylı aktlar üzrə tələb öz qüvvəsini itirmişdir, ona görə də iddia tələbi həmin hissədə təmin edilə bilməz. Cavabdehin sayğacdankənar təbii qazdan qeyri-qanuni istifadə etməsi işin mübahisəsiz halıdır. İşin mübahisəli halı qaz sayğacına qanunsuz qoşulma nəticəsində iddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında hesablanmış ziyanın həcmi və vurulmuş maddi ziyanın məbləği ilə bağlıdır.

9. Məhkəmə qeyd etmişdir ki, qaz işlədicilərinin orta günlük iş rejiminin 24 saat, hesabat müddətinin 90 gün hesablanması ağlabatan və inandırıcı deyildir. Odur ki, xx.xx.2021-ci il tarixli ******* saylı akta əsasən tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədə qaz işlədicilərinin orta günlük iş rejimi 24 saat deyil, 12 saat, hesabat müddəti isə 60 gün qəbul edilməlidir. Belə olan halda, itirilmiş qazın bərpası 1.2x12x60=864 m3 , 0.6x12x60=432 m3 , 1.4x12x60=1.008 m3 olmaqla, cəmi 2.304 m3 hesablanmalı və həmin rəqəm Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən tənzimlənən tarifə əsasən 0.10 (on qəpik) manata vurulmaqla, iddiaçıya dəymiş ziyanın məbləği müəyyən edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, xx.xx.2021-ci il tarixli ******* saylı akta əsasən iddiaçıya vurulmuş ziyanın məbləği 230,40 manat təşkil edir

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “X2”na; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 551.2.1, 560.1, 560.2 və 560.3.5.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri və şikayətə etirazın dəlilləri

11. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək Sabunçu Rayon Məhkəməsinin e- 2(008)-757/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin qismən, yəni iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsinə və iddia tələbinin həmin hissədə də təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş aktlar və iş materiallarında olan digər sübutlar (fotoşəkillər, tələbnamə, abonent saldosu) cavadeh tərəfindən Birliyə vurulmuş zərəri sübut edir. Bildirmək istəyirəm ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş aktların bir nüsxəsi abonentə təqdim edilmişdir və abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə olaraq əməkdaşlarımız tərəfindən aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdən də açıqaşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Belə olan halda paylayıcının ona vurulmuş maddi zərərin əvəzinin tam ödənilməsini tələb etmək hüququnun olmasına, həmçinin istehlakçı tərəfindən qaz xəttinə qanunsuz qoşulmaya dair sübutların olmasına baxmayaraq, 1-ci instansiya məhkəməsi ilk və qarşılıqlı iddia tələbini qismən təmin etməklə səhv nəticəyə gəlmiş, qeyd olunan maddi hüquq normalarının tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir. 1-ci instansiya məhkəməsi sübutların faktların müəyyən edilməsi, mötəbərliyi baxımından obyektiv, qərəzsiz, hərtərəfli araşdırılmasını və sonra hüquq normalarına müvafiq olaraq düzgün qiymətləndirilməsini təmin etməmişdir. Əgər məhkəmə qeyd olunan prosessual normanın tələblərini düzgün tətbiq etmiş olsa idi iddia tələbini tam təmin edərdi. Belə ki, əməkdaşlar tərəfindən aktlar tərtib olunarkən çəkilən və məhkəməyə təqdim edilmiş fotoşəkillərdən də açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutlarırədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutu, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini aydın göstərməlidir (S.Əliyevanın şikayəti ilə əlaqədar 31 may 2006-cı il tarixli Qərar). Odur ki, iş materiallarında yer almış və tərəfimizdən təqdim olunan sübutlar iddia tələbimizin tam əsaslı olmasını təsdiq etdiyi halda 1-ci instansiya məhkəməsi səhv nəticəyə gələrək, iddia tələbini qismən təmin etmişdir. İş materiallarından da məlum olduğu kimi birinci instansiya məhkəməsi təbii qazdan qeyri-qanuni istifadə faktlarından birini tanımış, lakin həmin faktla bağlı tərtib edilmiş akt üzrə Paylayıcının mütəxəssisləri tərəfindən aparılmış hesabatı qəbul etməmişdir. Birinci instansiya Məhkəməsinin qətnaməsindən o da məlum olur ki, məhkəmə qanunsuz istifadəyə görə Paylayıcıya vurulmuş maddi zərərin miqdarını özü müəyyənləşdirməyə çalışmış və xüsusi bilik tələb edən bu məsələdə də səhv nəticəyə gəlməklə Paylayıcının qanunla qorunan hüquqlarının qismən pozulması ilə nəticələnən məhkəmə aktı qəbul etmişdir. Hesab edirik ki, istehlakçının qeyd olunan dövrdə təbii qazdan qanunsuz istifadə etməsi faktı birinci instansiya məhkəmə tərəfindən qəbul edildiyi üçün Paylayıcıya dəymiş maddi zərərin miqdarınımüəyyən etmək üçün Məhkəmə tərəfindən ekspertiza təyin edilməli idi. Lakin birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan prosessual hüquq norması ilə bağlı da pozuntuya yol verilmişdir.

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini əsassız hesab etdiyini bildirərək qeyd etmişdir ki, onlar hər ay müəyyən məbləğdə sayğac üzrə olmasa da ödənişlər etmiş, ödənişləri İddiaçı işçilərinə qapıdan vermiş, bununla bağlı ona qəbzlər verilməyibdir. Bundan başqa bildirmişdir ki, evdə qazdan çox istifadə etməmişdir, bir ədəd su qızdırıcı hamamda vardır, bundan başqa İran plitəsi və yemək bişirmək üçün qaz pilitəsi vardır. İddiaçı ilə müqavilənin nə zaman bağlandığı yadında deyildir. Müqavilə bağlanan dövrə qədər də sayğacı var idi. Birinci instansiya məhkəməsinin qətnaməsindən səhhətində yaranan problemlərlə əlaqədər şikayət verməmişdir. Ondan məbləğin tutulmasına razı deyil. 15.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasında təmsil edilməmiş və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

16.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 17.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 18.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 19.Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin iddianın təmin olunmayan hissəsində ləğv edilməsini və iddianın tam təmin edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin iddianın təmin olunmayan hissəsində yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

20.21.1-ci və 21.2-ci maddələrinin tələblərinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin maddəsinə əsasən Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.1096, 1097.1 və 1097.1-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X2”nın 22.4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. 23.4.7. bəndinə görə sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 24.4.8. bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 25.6.7. bəndinə görə qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

26.“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin maddənin 9-cu bəndinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin

27.4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

28. 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi “aktlar üzrə tutulmalı olan borc” hissəsində qismən ləğv edilməlidir. 30.Beləliklə məhkəmə kollegiyası tərəfindən araşdırılmış iş materiallarından görünür ki, tərəflər arasında ünvan 2 ünvanına dair qazın alqı-satqısı barədə müqavilənin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Belə ki, müqaviləyə əsasən iddiaçı təbii qaza olan ehtiyacların ödənilməsi üçün istehlakçını lazımi miqdarda qaz ilə təmin etməyi, cavabdeh isə qazpaylayıcı müəssisəsinin xidmətlərindən istifadə etməsinə görə quraşdırılmış sayğacın göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi üzərinə götürmüşdür. Birinci instansiya məhkəməsi İddiaçı xeyrinə Cavabdeh 2021-ci ilin dekabr ayından 2023-cü ilin sentyabr ayına qədər hesablanmış və ödənilməmiş sərfiyyat borcunu tutmuşdur.

31. Məhkəmə xx.xx.2021-ci il tarixli ******* saylı aktdan öncəki aktlar əsasında dəymiş zərər üzrə tələbetmə müddətinin ötürüldüyü üçün öz qüvvəsini itirdiyini qeyd etmişdir. Məhkəmə debitor borcundan başqa sonuncu akta əsasən, qaz işlədicilərinin orta günlük iş rejimi 12 saat, hesabat müddəti isə 60 gün, itirilmiş qazın bərpası 1.2x12x60=864 m3, 0.6x12x60=432 m3, 1.4x12x60=1008 m3 olmaqla, cəmi 2304 m3 hesablamış, həmin rəqəmi Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən tənzimlənən tarifə əsasən 0.10 (on qəpik) manata vurmaqla, iddiaçıya dəymiş ziyanın məbləğini müəyyən etmişdir.

32. Məhkəmə kollegiyası cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya dəymiş zərər üzrə hesablanmış borc ilə əlaqədar hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamənin qeyd edilən hissəsi üzrə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. 33.Belə ki, iş materiallarından göründüyü kimi iddiaçı tərəfindən ünvan 2 ünvanı üzrə xx.xx.2017-ci il tarixdən başlayaraq ardıcıl olaraq xx.xx.2021-ci il tarixədək cavabdehin qaz xəttinə qanunsuz qoşulmasına görə aktlar tərtib edilmişdir. 34.Mübahisələndirilən qətnamədən görünür ki, birinci instansiya məhkəməsi iddianı xx.xx.2021-ci il tarixli ******* saylı aktdan öncəki aktlar əsasında dəymiş zərər üzrə hissədə tələbetmə müddətinin, yəni iddia müddətinin keçməsi əsası ilə rədd edilməsi qənaətinə gəlmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, “iddia müddətinin tətbiq edilməsi” barədə ərizə vermək hüququ iddianı qaldıran şəxsə və yaxud da məhkəməyə deyil, yalnız iddia tələbinin yönəldiyi tərəfə məxsusdur. Belə ki, iddia müddəti keçmiş olsa da, tələb məhkəmədə baxılmağa qəbul edilir və məhkəmənin öz təşəbüsü ilə deyil, yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Belə olmadığı, yəni cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə verilmədiyi halda, məhkəmənin iddia müddətinin tətbiqinə əsasən borcu silməsi istisna edilir. 35.“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarına görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı ilə müəyyən edilmiş müddətlər hüquqi təbiəti baxımından iddia müddətləridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı qanunverici orqan tərəfindən təkmilləşdirilənədək, öhdəliklərdən, o cümlədən vaxtaşırı ödəmələrdən irəli gələn tələblərə münasibətdə həmin Məcəllənin 18-ci fəsli ilə nəzərdə tutulmuş iddia müddətləri tətbiq edilsin. 36.Beləliklə kollegiya qaz xəttinə qanunsuz qoşulmağa görə xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək tərtib edilmiş aktlar üzrə tələbetmə müddəti keçdiyinin barədə birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşmır və qətnamənin xx.xx.2021-ci il tarixli akt üzrə hesablanmış zərərin tutulması hissəsindən cavabdeh tərəfindən apelyasiya şikayəti verilmədiyini, faktiki olaraq özünə məxsus ünvanda təbii qazdan sayğacdan kənar istifadə etdiyi hallarının mövcudluğu ilə razılaşdığını, həmçinin tərəflərin arasında müqavilənin bağlandığı tarixini nəzərə alaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

37. Belə ki, “X2”nın hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyasına müvafiq olaraq qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

38. Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir və pozulmuş hüquq və mənafelərin bərpası məqsədini daşıyır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır.

39. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənləri, nəzərə alaraq hesab edir ki, ünvan 2 ünvanı üzrə xx.xx.2017-ci il tarixdən başlayaraq ardıcıl olaraq xx.xx.2021-ci il tarixədək qaz xəttinə qanunsuz qoşulmağa görə tərtib edilmiş aktlar əsaslıdır. Beləliklə məhkəmə kollegiyası aktların cavabdeh tərəfindən tərtib edildiyi tarixlərdə iddiaçının qanunsuz hərəkətlərə yol verdiyi işdə olan sübutlara əsasən öz təsdiqini tapdığı qənaətinə gələrək eyni zamanda İB-yə dəymiş zərər üzrə borcun hesablanması ilə əlaqədar qeyd etməyi zəruri sayır ki,

40. xx.xx.2017-ci il tarixli akt üzrə 1 ədəd PQ-2 qaz cihazına görə həmin cihazın maksimal sərfiyyatı 0,6 m3, gündəlik qazdan istifadə 6 saat, qazdan qanunsuz istifadə 90 gün olması nəzərə alınmaqla (0,6x6x90=324m3) 324 m3 qaz itkisi müəyyən edilir. İddiaçıya borc hesablanarkən itirilmiş qazın 1 m3-nin qiyməti 0,10 qəpikdən hesablandığından, qeyd edilən akt üzrə qaz itkisinə görə ziyanın məbləği 32,4 manat;

41. xx.xx.2018-ci il tarixli akt üzrə 1 ədəd PQ-2 qaz cihazına görə həmin cihazın maksimal sərfiyyatı 0,6 m3, gündəlik qazdan istifadə 6 saat, qazdan qanunsuz istifadə 90 gün olması nəzərə alınmaqla (0,6m3 x 6 saat x 90 gün) 324 m3 qaz itkisi; 1 ədəd radiator qaz cihazına görə həmin cihazın maksimal sərfiyyatı 0,8 m3, gündəlik qazdan istifadə 18 saat, qazdan qanunsuz istifadə 90 gün olması nəzərə alınmaqla (0,8 m3 x 18 saat x 90 gün) 1296 m3 qaz itkisi müəyyən edilir. İddiaçıya borc hesablanarkən itirilmiş qazın 1 m3nin qiyməti 0,10 qəpikdən hesablandığından, qeyd edilən akt üzrə qaz itkisinə görə ziyanın məbləği 162 manat;

42. xx.xx.2018-ci il tarixli akt üzrə 1 ədəd PQ-4 qaz cihazına görə həmin cihazın maksimal sərfiyyatı 1,2 m3, gündəlik qazdan istifadə 8 saat, qazdan qanunsuz istifadə 30 gün olması nəzərə alınmaqla (1,2m3 x 8 saat x 30 gün) 288 m3 qaz itkisi; 1 ədəd radiator qaz cihazına görə həmin cihazın maksimal sərfiyyatı 0,8 m3, gündəlik qazdan istifadə 8 saat, qazdan qanunsuz istifadə 7 gün olması nəzərə alınmaqla (0,8 m3 x 8 saat x 7 gün) 44,8 m3 qaz itkisi müəyyən edilir. İddiaçıya borc hesablanarkən itirilmiş qazın 1 m3-nin qiyməti 0,10 qəpikdən hesablandığından, qeyd edilən akt üzrə qaz itkisinə görə ziyanın məbləği 33,28 manat;

43. xx.xx.2018-ci il tarixli akt üzrə 1 ədəd PQ-4 qaz cihazına görə həmin cihazın maksimal sərfiyyatı 1,2 m3, gündəlik qazdan istifadə 8 saat, qazdan qanunsuz istifadə 30 gün olması nəzərə alınmaqla (1,2m3 x 8 saat x 30 gün) 288 m3 qaz itkisi; 1 ədəd radiator qaz cihazına görə həmin cihazın maksimal sərfiyyatı 0,8 m3, gündəlik qazdan istifadə 6 saat, qazdan qanunsuz istifadə 7 gün olması nəzərə alınmaqla (0,8 m3 x 6 saat x 7 gün) 33,6 m3 qaz itkisi müəyyən edilir. İddiaçıya borc hesablanarkən itirilmiş qazın 1 m3-nin qiyməti 0,10 qəpikdən hesablandığından, qeyd edilən akt üzrə qaz itkisinə görə ziyanın məbləği 32,16 manat təşkil edir.

44. Beləliklə məhkəmə kollegiyası aktların iddiaçı tərəfindən tərtib edildiyi tarixlərdə cavabdehin qanunsuz hərəkətlərə yol verdiyi işdə olan sübutlara əsasən öz təsdiqini tapdığı qənaətinə gələrək eyni zamanda İB-yə dəymiş zərər üzrə borcun hesablanması ilə əlaqədar qeyd etməyi zəruri sayır ki, xx.xx.2017-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci tarixlərdə abonentin adına tərtib edilmiş aktla itirilmiş qazın bərpası üçün hesabat üzrə qaz itkisi (32,4+162+33,28+32,16) 259,84 manat məbləğində təşkil etiyini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh vurulmuş zərər olaraq əlavə 259,84 manat məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. 45.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 46.Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi yuxarıda göstərilən maddi və prosessual hüquq normalarının tələblərinə uyğun olmadığı üçün apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qismən ləğv edilməli, iddia qismən təmin edilməlidir. 47.Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, iddianın qiyməti beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

48. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər. 49.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-757/2024 nömrəli, 2 fevral 2024cü il tarixli qətnaməsi qismən - apelyasiya baxışının predmeti olan hissədə ləğv edilsin. Həmin hissədə iddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2017-ci il tarixli ******* saylı; xx.xx.2018-ci il tarixli ******* saylı; xx.xx.2018-ci il tarixli ******* saylı; xx.xx.2018-ci il tarixli ******* saylı aktlar üzrə dəymiş zərər olaraq 259,84 (iki yüz əlli doqquz manat səksən dörd qəpik) manat məbləğində pul tutularaq İddiaçı "xxxx" ASC İddiaçı İB şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar