Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3298/2021 08.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Səmədov Tofiq Səməd oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-8052/20 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Lerik rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(048)-27/2019 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılması, xx.xx.2006-cı il təvəllüdlü X3 və xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay, hər uşaq üçün sabit pul məbləğində 170 (yüz yetmiş) manat, cəmi 340 (üç yüz qırx) manat alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lerik rayon Məhkəməsinin 2(048)- 27/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən olunmuş aliment miqdarı dəyişdirilərək, xx.xx.2006-cı il təvəllüdlü X3 və xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün müəyyən olunmuş aliment miqdarının artırılaraq, hər ay, hər uşaq üçün 170 manat, cəmi 340 manat miqdarında aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Lerik rayon Məhkəməsinin 2(048)-27/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən, iddiaçı ilə cavabdeh arasında Lerik rayon Qeydiyyat Şöbəsində xx.xx.2006-cı il tarixdə 81 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuş, boşanmadan sonra xx.xx.2006-cı il təvəllüdlü X3 və xx.xx.2008-ci il təvəllüdlü X4 İddiaçı yanında saxlanılmış və Cavabdeh xx.xx.2006-cı il təvəllüdlü X1 və xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay, hər uşaq üçün 100 manat, cəmi 200 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Hazırda aliment məbləği uşaqların heç bir tələbatını ödəmir. Uşaqların təlim-tərbiyəsi ilə iddiaçı özü məşğul olur. Qeyd olunanları nəzərə alıb, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi yuxarıda göstərilən qaydada təmin olunmuşdur. Cavabdeh X5 Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki iş üzrə qətnaməni qəbul edilərkən, alimentin miqdarı artırılarkən onun məhkəmə prosesində iştirakı təmin olunmamış, Lerik rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(048)-27/2019 saylı qətnaməsilə alimentin miqdarı müəyyən olunduqdan sonra ailə vəziyyətlərində uşaqların maddi vəziyyətlərinə təsir edəcək heç bir dəyişiklik baş verməmişdir. Belə ki, biz bu gün də birgə şəkildə bir evdə və bir ünvanda yaşayırıq. Evin bütün kommual ödəmələrini, uşaqları, habelə İddiaçınm, aliment miqdarından savayı, geyim və ərzaq təminatları da tərəfimdən ödənilir.Məhkəmə tərəfindən işə baxılarkən bu hallar üzrə heç bir araşdırma aparılmamış və sabit pul şəklində tutulan aliment məbləğinin artırılması səbəbləri əsaslandırılmamışdır. Yalız iddiaçının birtərəfli və qərəzli göstərdiklərinə istinad olunmuşdur. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə İddiaçı və Cavabdeh kollegiyanın iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Sədrlik edənin məruzəsini dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarında Lerik rayon VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 832429 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2006-cı ildə Bakı şəhərində anadan olmuş X1 atası Cavabdeh, anası İddiaçıdır. İşə əlavə edilmiş Lerik rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ- İİ seriyalı 054183 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2008-ci ildə Lerik rayonunda anadan olmuş X2 atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan Lerik rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(048)-27/2019 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında Lerik rayon Qeydiyyat Şöbəsi tərəfindən bağlanmış xx.xx.2006-cı il tarixli, 81 saylı nikah pozulmuş, tərəflərin birgə nikahından olan xx.xx.2006-cı ildə anadan olmuş X3 və xx.xx.2008-ci il tarixdə anadan olmuş X4 anası İddiaçı yanında saxlanılmış və xx.xx.2018-ci il tarixdən başlayaraq uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay, hər uşağa görə 100 manat, cəmi 200 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İşin birinci instansiya məhkəməsi və kollegiya tərəfindən müəyyən olunmuş hallarından görünür ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş məbləğ hazırki dövrdə uşaqlar üçün müəyyən edilmiş 170 manat yaşayış minimumundan da azdır və uşağın tələbatını ödəyə bilməz. Bununla da uşaqların maraqlarını pozduğundan, onların maddi tələbatının ödənilməsinə kifayət etmədiyindən, iddiaçı maddi cəhətdən çətinlik çəkdiyindən, uşağın saxlanılması üçün sabit pul məbləğində aliment tələb etdiyindən məhkəmə hesab edir ki, uşaqların saxlanılması üçün cavabdehdən hər ay tutulacaq alimentin miqdarı artırılmalı və alimentin artırılmış məbləği bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanaraq tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nin 233.4-cü maddəsinə uyğun olaraq, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə müvafiq olaraq, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Kollegiya qeyd edir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir (Konstitusiya Məhkəməsi Plenumunun Azərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair xx xxxx 2016-ci il tarixli qərarı). Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34.4-cü maddələrin görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynin həm hüququ, həm də borcudur. Uşaq Hüquqları Haqqında BMT Konvensiyasının 18-ci maddəsində bildirilir ki, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşaqların ən yaxşı maraqları onların əsas qayğı obyektidir. Uşaq Hüquqları Bəyannaməsinin 2 saylı prinsipi onu ehtiva edir ki, uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi və sosial baxımdan sağlam və normal yolla, azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. 8 saylı prinsip müddəa isə onu göstərir ki, uşaq bütün şəraitdə ilkin yardım alanlar arasında olmalıdır. Həmin Qanunun 13-cü maddəsinə və «Uşaq hüquqları haqqında» BMT-nin konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat hüququ vardır. Göründüyü kimi Azərbaycan Respublikası Konstitusiyası, qanunlar və digər normativ hüquqi aktları ilə yanaşı Beynəlxalq Konvensiyalar da insan hüquq və azadlıqlarına, uşaqların hüquqlarına həddindən artıq əhəmiyyət verirlər. Əksinə, Azərbaycan Respublikası Ailə Qanunvericiliyi valideynlərin üzərinə uşaqlarını saxlamağı, onların tərbiyyəsi ilə məşğul olmağı vəzifə kimi qoymuş, onların uşağın sağlamlığına, onların psixi, fiziki və mənəvi inkişafına görə məsuliyyət daşımalarını təsbit etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2016-cı il tarixli, 8- 2/2016 saylı qərarına əsasən, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Kollegıya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin ləğvi üçün hüquqi əsaslar vermir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qə t etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3298/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3298/2021
08.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver