Məhkəmə qərarları › İş №2(103)-33/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-33/2025

05.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-33/2025 05.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli, 2(009)-1682/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı ilə Həsənov İlham Sumbat oğlu arasında bağlanılmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən İlham Həsənova 36 ay müddətinə, illik 30% dərəcəsi ilə 13.000 manat məbləğində kredit verilmişdir. Həmçinin bank ilə İlham Həsənov arasında bağlanılmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən İlham Həsənova 36 ay müddətinə, illik 20% dərəcəsi ilə 7.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqavilələrinin təminatı kimi bank, borcalan və ipoteka qoyan X2 arasında xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən Cavabdeh mülkiyyətində olmuş ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 63,7 kv.m. olan fərdi yaşayış evini bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Həsənov İlham Sumbat oğlu xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Hazırda iddiaçı kredit müqavilələri üzrə yaranmış borcun tutulması barədə tələb irəli sürmədən ipoteka predmetinin satılması və borcun ipoteka predmetinin satışından əldə olunan pul vəsaitinə yönəldilməsi barədə tələb irəli sürmüşdür. Birinci instansiya məhkəməsində icraat: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ipotekaya qoyulmuş Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 63,7 kv.m.-dən ibarət fərdi yaşayış evinə tutma yönəldilməsi, ipoteka predmetinin hərracda satılması üçün ilkin satış qiymətinin müəyyən edilməsi, ipoteka predmetinin açıq hərracda satılması, satışdan əldə edilən puldan İddiaçı ASC-yə xx.xx.2015-ci il tarixli 100810- 224618/1 nömrəli kredit müqaviləsi üzrə 2472,34 manat məbləğində əsas kredit borcunun, faiz borcu 438,81 manat olmaqla, cəmi 2911,15 manat, xx.xx.2015-ci il tarixli 100810-224618/2 nömrəli kredit müqaviləsi üzrə 1210,09 ABŞ dolları məbləğində əsas kredit borcunun, faiz borcu 143,49 ABŞ dolları olmaqla, cəmi 1353,58 ABŞ dolları məbləğində kredit borcunun və ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı olmaqla, cəmi 40 manat xərcin və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 72,13 manat dövlət rüsumunun İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmeti hərracda satıldıqdan sonra bir ay müddətində Cavabdeh ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 63,7 kv.m.-dən ibarət fərdi yaşayış evindən çıxarılması və həmin evin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə X6 Sumbat oğlu arasında xx.xx.2015-ci il tarixli 100810-224618/1 nömrəli kredit müqaviləsi imzalanmışdır. Bağlanmış kredit müqaviləsinin şərtlərinə görə İddiaçı ASC tərəfindən Həsənov İlham Sumbat oğluna illik 30 faiz dərəcəsi ilə 36 ay müddətinə 13.000 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə X6 Sumbat oğlu arasında xx.xx.2015-ci il tarixli, 100810-224618/2 nömrəli kredit müqaviləsi imzalanmışdır. Bağlanmış kredit müqaviləsinin şərtlərinə görə İddiaçı ASC tərəfindən Həsənov İlham Sumbat oğluna illik 20 faiz dərəcəsi ilə 36 ay müddətinə 7.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Borclunun öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 63,7 kv.m.-dən ibarət fərdi yaşayış evi xx.xx.2015-ci il tarixli, 100810-224618/1 nömrəli ipoteka müqaviləsinə əsasən banka ipoteka qoyulmuşdur. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin müqavilə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində dövlət qeydiyyatına alınmışdır. İddiaçı ASC ilə X6 Sumbat oğlu arasında kredit müqaviləsi bağlandıqdan sonra, bank müqavilə ilə üzərinə götürdüyü öhdəliklər tam icra edərək müqavilələrdə nəzərdə tutulmuş məbləği ayrılmışdır. X6 Sumbat oğlu xx.xx.2017-ci il tarixdə vəfat etmiş və həmin tarixdən başlayaraq kredit müqaviləsinin şərtləri pozulmuş, kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin ödənilməsi gecikdirilmişdir. Öhdəliklərin icra edilməməsi nəticəsində cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixə olan xx.xx.2015-ci il tarixli, 100810-224618/1 nömrəli kredit müqaviləsi üzrə əsas borcun məbləği-2472,34 manat, faiz borcunun məbləği-438,81 manat, cəmi 2911,15 manat; xx.xx.2015-ci il tarixli, 100810-224618/2 nömrəli kredit müqaviləsi üzrə əsas borcun məbləği-1210,09 ABŞ dolları, faiz borcunun məbləği-143,49 ABŞ dolları, cəmi 1353,58 ABŞ dolları məbləğlərindən borc iddiaçıya ödənilməlidir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli, 2(009)- 1682/2022 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi iddianın rədd edilməsi barədə gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, iddiaçının kredit götürən şəxsin ölümündən sonra onun öhdəliklərinə cavab verməli olan şəxslərin müəyyən edilməsinə dair hər hansı tədbir görmədən və borcun tutulmasına dair tələb irəli sürmədən hazırki tələblə məhkəməyə müraciət etmişdir. İddiaçı tərəfindən kredit müqavilələri üzrə yaranmış borcun tutulması barədə tələb irəli sürülmədiyindən, yaranmış borcun ipoteka predmetinin satışından əldə olunan pul vəsaitinə yönəldilməsi, ipoteka predmetinin satıldıqdan sonra həmin evin boşaldılması ilə bağlı irəli sürülən tələb əsaslı hesab edilə bilməz və bu səbəbdən qaldırılan iddia təmin edilməməlidir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlillərinə əsasən borclu Həsənov İlham Sumbat oğlu xx.xx.2017-ci il tarixdə vəfat etmiş və həmin tarixdən başlayaraq kredit müqaviləsinin şərtləri pozulmuş, kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin ödənilməsi gecikdirilmişdir. Tərəflər arasında bağlanmış İpoteka müqaviləsinin şərtləri və qanunvericilik normaları ipoteka saxlayan olaraq Banka ipoteka predmeti olan daşınmaz əşyanın satılmasını tələb etmək hüququ verdiyi halda və bu barədə əsaslı iddia qaldırıldığı halda, məhkəmə tərəfindən bankın iddiası başqa bir əsasla təmin edilməmişdir. Apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7432/2022 saylı 13 dekabr 2022-ci il tarixli qərardadı ilə işin icraatı, “İpoteka haqqında” Qanunun 36.1, 36.2, 37.1 və 38.1-ci maddələri, “Notariat haqqında” Qanunun 76-cı maddəsinin 6-cı hissəsi, eləcə də “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 169-1-ci bəndi, Mülki Məcəllənin 269.1. 269.5, 453, 460.1 və 1306.1 ci maddələri kontekstində şərh edilməsi barədə müraciət üzrə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarı dərc olunanadək dayandırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-542/2023 saylı 25 may 2023-cü il tarixli qərardadı ilə mülki işin icraatı təzələnmişdir. Eyni zamanda Apellyasiya baxışı zamanı iş üzrə obyektiv, tam və hərtərəfli araşdırma aparılması məqsədilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-542/2023 saylı, 20 iyun 2023-cü il tarixli qərardadı ilə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 8 may 2024-cü il tarixli saylı məktubu ilə ekspert rəyi daxil olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-93/2024 saylı 23 may 2024-cü il tarixli qərardadı ilə mülki işin icraatı təzələnmişdir. Həmçinin Bakı Apellyasiya Məhkəməsinin 2(103)-93/2024 saylı, 29 may 2024-cü il tarixli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 yanvar 2025-ci il tarixli, 3-16-16/2-9/46xx-xx/4457 saylı məktubu ilə ekspertizanın aparılmasından imtina edilməsi barədə məlumat daxil olduqdan sonra iş üzrə icraat təzələnmişdir. Bundan sonra Bakı Apellyasiya Məhkəməsinin 2(103)-33/2025 saylı, 03 mart 2025-ci il tarixli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, iş üzrə icraat dayandırılmış, qiymətləndirilmənin keçirilməsi "xxxx" MMC-nin mütəxəssislərinə həvalə edilmişdir. "xxxx" MMC-nin 16 aprel 2025-ci il tarixli, MEB-9170 saylı məktubu ilə rəy daxil olmuş və işin dayandırılmasına səbəb olmuş hallar aradan qaldığına görə iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada məlumat verilmiş cavabdeh məhkəmə kollegiyasının iclasında iştirak etmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Mülki Məcəllə: 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. 319.4-cü maddəsinə əsasən açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

445. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (əvvəlki redaksiyada). 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (əvvəlki redaksiyada).

741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir (əvvəlki redaksiyada). 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. “İpoteka haqqında” Qanun:

34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması; 34.1.2. əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 39.3 və 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməli, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 41.1. İpoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda satıla bilər. 59.1. Yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar.

Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarı.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 19 aprel 2023-cü il tarixli Qərarı.

“İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli 01 saylı qərardadı

Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki kollegiyaları “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 22 iyun 2023-cü il tarixli 02/2023 nömrəli qərardadı;

Mülki Prosessual Məcəllə:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 64.1. İşə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə kollegiyasının mövqeyi

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbinin qismən təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının kredit götürən şəxsin ölümündən sonra onun öhdəliklərinə cavab verməli olan şəxslərin müəyyən edilməsinə dair hər hansı tədbir görmədən və borcun tutulmasına dair tələb irəli sürmədən hazırki tələblə məhkəməyə müraciət etmişdir. İddiaçı kredit müqavilələri üzrə yaranmış borcun tutulması barədə tələb irəli sürmədiyindən, yaranmış borcun ipoteka predmetinin satışından əldə olunan pul vəsaitinə yönəldilməsi, ipoteka predmetinin satıldıqdan sonra həmin evin boşaldılması ilə bağlı irəli sürülən tələb əsaslı hesab edilə bilməz və bu səbəbdən qaldırılan iddia təmin edilməməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, Səbail Rayon Məhkəməsinin 16 sentyabr 2022ci il tarixli, 2(009)-1682/2022 saylı qətnaməsinin qəbulundan işə apellyasiya qaydasında baxılan dövrdə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 19 aprel 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşımaları və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269, 317.1, 319.1 və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddələrinə uyğun olaraq, əsas öhdəlik üzrə borclu, o cümlədən əsas borclunun ölümü halında vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə (əsas öhdəlik pozulduqda) kreditor ipoteka predmetinə tutmanın yönəldilməsi barədə iddia qaldıra bilmələri qərara alınmışdır. Həmin qərarda qeyd edilmişdir ki, kreditorun borcun ipoteka predmetinə yönəldilməsini tələb edə bilməsi üçün, ilk öncə, borclunun, onun ölümü halında isə vərəsələrinin icra vaxtı çatmış öhdəliyi pozması, yəni öz vəzifələrini icra etməməsi və ya lazımınca icra etməməsi tələb olunur. Bu baş verdiyi halda ipoteka qoyana qarşı ipoteka müqaviləsindən irəli gələn öhdəliyin icrası barədə tələb irəli sürülə bilər. Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306.1ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Göründüyü kimi hazırki iş üzrə əsas borclunun ölümündən sonra vərəsələr əsas öhdəliyi pozduğundan kreditor ipoteka predmetinə tutmanın yönəldilməsi barədə iddia qaldırmaqda haqlı olmuşdur. Qeyd olununlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi mahiyyəti üzrə düzgün olsa da iddia tələbi qismən əsaslı olmuşdur. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı ilə Həsənov İlham Sumbat oğlu arasında bağlanılmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən İlham Həsənova 36 ay müddətinə, illik 30% dərəcəsi ilə 13.000 manat məbləğində kredit verilmişdir. Həmçinin bank ilə İlham Həsənov arasında bağlanılmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən İlham Həsənova 36 ay müddətinə, illik 20% dərəcəsi ilə 7.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqavilələrinin təminatı kimi bank, borcalan və ipoteka qoyan X2 arasında xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən Cavabdeh mülkiyyətində olmuş ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 63,7 kv.m. olan fərdi yaşayış evini bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Apellyasiya baxışı zamnı iddiaçı tərəfindən tərtib edilmiş maliyyə arayışında göstərilən borc məbləğinə dair şübhələr mövcud olduğundan borcun məbləğinin müəyyən edilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən iş üzrə 9/2159 nömrəli, 08 may 2024-cü il tarixli rəydən görünür ki, xx.xx.2015-ci il tarixli, 100810-224618/1 saylı kredit müqavilə üzrə rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Həsənov İlham Sumbat oğlu tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış, 06 may 2015-ci il tarixli, 100810- 224618/1 saylı kredit müqaviləsi şərtləri əsas götürülməklə Həsənov İlham Sumbat oğlunun qeyd edilən tarixlərə banka olan borcu aşağıdakı kimi müəyyən edilir, o cümlədən:

1. xx.xx.2017-ci il tarixə (borclunun vəfat etdiyi günə) - əsas borc üzrə 4.562,32 manat, faiz borcu üzrə 27,31 manat.

2. xx.xx.2021-ci il tarixə (borcla bağlı bildirişin göndərilmə tarixinədək) - əsas borc üzrə 2.607,15 manat, faiz borcu üzrə 1.489,99 manat.

3. xx.xx.2022-ci il tarixə (maliyyə arayışı verilən tarixədək) - əsas borc üzrə 2.607,15 manat, faiz borcu üzrə 1.568,20 manat.

4. xx.xx.2022-ci il tarixə (iddia ərizəsi verilən tarixədək) - əsas borc üzrə 2.607,15 manat, faiz borcu üzrə 1.607,67 manat.

5. xx.xx.2022-ci il tarix (qətnamə çıxarılan günədək) - əsas borc üzrə 2.607,15 manat, faiz borcu üzrə 1.628,67 manat: xx.xx.2015-ci il tarixli, 100810-224618/2 saylı kredit müqavilə üzrə isə rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Həsənov İlham Sumbat oğlu tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış, 06 may 2015-ci il tarixli, 100810- 224618/2 saylı kredit müqaviləsi şərtləri əsas götürülməklə Həsənov İlham Sumbat oğlunun qeyd edilən tarixlərə banka olan borcu aşağıdakı kimi müəyyən edilir, o cümlədən:

1. xx.xx.2017-ci il tarixə (borclunun vəfat etdiyi günə) əsas borc üzrə 2.201,31 ABŞ dolları, faiz borcu üzrə 9,78 ABŞ dolları.

2. xx.xx.2021-ci il tarixə (borcla bağlı bildirişin göndərilmə tarixinədək) - əsas borc üzrə 1.244,35 ABŞ dolları, faiz borcu üzrə 560,58 ABŞ dolları.

3. xx.xx.2022-ci il tarixə (maliyyə arayışı verilən tarixədək) - əsas borc üzrə 1.244,35 ABŞ dolları, faiz borcu üzrə 597,91 ABŞ dolları.

4. xx.xx.2022-ci il tarixə (iddia ərizəsi verilən tarixədək) - əsas borc üzrə 1.244,35 ABŞ dolları, faiz borcu üzrə 616,75 ABŞ dolları.

5. xx.xx.2022-ci il tarixə (qətnamə çıxarılan günədək) - əsas borc üzrə1.244,35 AB dolları, faiz borcu üzrə 626.76 ABŞ dolları. Ekspertiza tədqiqatının dəyəri 100manat təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı xx.xx.2022-ci il tarixli maliyyə arayışına istinad etməklə borcun məbləğini müəyyən etsə də, iş materiallarında olan İddiaçı ASC tərəfindən Cavabdeh xx.xx.2021-ci tarixdə ünvanlanmış bildirişin surətindən görünür ki, Həsənov İlham Sumbat oğlu kredit müqavilələrinə əsasən öhdəlik icra edilmədiyi təqdirdə tutmanın öhdəliyin icrasının təminatı kimi banka ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 63,7 kv.m. olan fərdi yaşayış evinə yönəldilməsi barədə bank tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarına əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı kredit müqaviləsinin ləğvi barədə iradə ifadəsini qarşı tərəfə bildirdiyi vaxtdan müqavilə ləğv edilmiş hesab edildiyindən yalnız həmin müqavilənin ləğvindən əvvəl yaranmış əsas borc və faiz borcu üzrə məbləğləri tələb edə bilərdi. Bununla belə Məhkəmə kollegiyası hesab edir ki, həmin tarixlərə hesablanmış məbləğ iddia ərizəsində göstərilən məbləğdən artıq olduğundan MPM-in 218.3-cü maddəsinə əsasən borcun məbləği (əsas borcu) - iddia ərizəsində tələb edilən qaydada müəyyən edilməlidir. Məhkəmə kollegiyası faizlərin müəyyən edilməsinin kreditorun xx.xx.2017-ci il tarixdə vəfat etməsinə kimi hesablanmalı olmasını məqsədəmüvafiq hesab edir. Belə olan halda xx.xx.2015-ci il tarixli 100810-224618/1 nömrəli kredit müqaviləsi üzrə 2472,34 manat məbləğində əsas kredit borcu, faiz borcu 27,31 manat olmaqla, cəmi 2499,65 manat, xx.xx.2015-ci il tarixli 100810-224618/2 nömrəli kredit müqaviləsi üzrə 1210,09 ABŞ dolları məbləğində əsas kredit borcu, faiz borcu 9,78 ABŞ dolları olmaqla, cəmi 1219.87 ABŞ dolları (ödəniş gününə olan manat məzənnəsi ilə) müəyyən olunmalıdır. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır; 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir; 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər; 36.3cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir; 39.3 və 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməli, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır; 59.3.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. İş materiallarından görünür ki, bank qismində İddiaçı ASC ilə “İpoteka qoyan” qismində Cavabdeh və “Borc alan” qismində Həsənov İlham Sumbat oğlu arasında bağlanılmış xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən bankla borcalan arasında bağlanmış xx.xx.2015-ci il tarixli 100810-224618/1 və 100810-224618/2 saylı kredit müqavilələrinin təminatı kimi Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 63,7 kv.m. ibarət olan fərdi yaşayın evi ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinin 3.2-ci bəndinə əsasən ipoteka predmetinin likvid dəyəri 40.000 manat müəyyən edilmişdir. İş üzrə Bakı şəhəri Xəzər rayonu İcra Hakimiyyəti Başçısının Mərdəkan qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli arayışın surətindən görünür ki, Cavabdeh məxsus olan Mərdəkan qəsəbəsi, Kolxoz küçəsi, ev 54 ünvanında qeydiyyatda olanlar haqqında Xəzər RPİ-nin Qeydiyyat və Şəxsiyyət vəsiqəsi şöbəsindən bildiriş daxil olmamışdır. Hal-hazırda Mərdəkan qəsəbə nümayəndəliyinin təsərrüfat kitabına əsasən həmin ünvanda qeydiyyatda heç kim yoxdur. İş üzrə İddiaçı ASC tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasına dair məktubun surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 63,7 kv.m. olan fərdi yaşayış evinə tutmanın yönəldilməsini xahiş etmişdir. Beləliklə, təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borclu iki dəfədən artıq əsas öhdəlik üzrə faizlərin və əsas borcun ödənilməsi müddətlərini pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) hazırda ipoteka predmetinin satılmasını tələb edir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik cavabdeh tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipotekaya qoyulmuş, Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən yaşayış evinə yönəldilməli, həmin ipoteka predmeti açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi həyata keçirilməli, ödəniş həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılmalıdır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında bağlanmış ipoteka müqaviləsində ipoteka predmetinin likvid dəyəri müəyyən edilsə də, ipoteka müqaviləsi xx.xx.2015-ci il tarixdə bağlanmışdır. Hazırda isə həmin tarixdən 10 ildən artıq müddət keçmişdir ki, bu zaman ərzində daşınmaz əmlak bazarında evin dəyərində fərqin olması qaçınılmazdır. Qeyd olunanlara əsasən ipoteka ilə yüklü edilmiş tam mülkiyyət hüququ üzrə Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 63,7 kv.m. dən ibarət fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmişdir. "xxxx" MMC-nin 16 aprel 2025-ci il tarixli, MEB-9170 saylı məktubu ilə daxil olmuş rəydən görünür ki, ipoteka ilə yüklü edilmiş tam mülkiyyət hüququ üzrə Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 63,7 kv.m.-dən ibarət fərdi yaşayış evinin likvid dəyəri 73.300 manat təşkil etmişdir. Ekspertiza tədqiqatının dəyəri 500 manat təşkil edir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli 01 saylı qərardadına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Qanunvericilikdə ipoteka predmetinin ilkin satış qiymətinin iki qaydada müəyyənləşdirilməsi nəzərdə tutulmuşdur. Birincisi tərəflərin razılaşması; ikincisi qiymətləndiricinin rəyi əsasında. İpoteka müqaviləsi mahiyyətinə görə ipoteka qoyanla ipoteka saxlayanın qarşılıqlı razılaşması olsa da, sözügedən Qanunun 39.3.3-cü maddəsində nəzərdə tutulan “razılaşma” dedikdə ipoteka predmetinə tutma yönəldilməsi proseduru başlandıqdan sonra əldə edilmiş razılaşma nəzərdə tutulur. İpoteka müqaviləsi bağlanarkən hələ daşınmaz əmlaka tutmanın yönəldilib yönəldilməyəcəyi bəlli olmadığı üçün, tərəflər ipoteka predmetinin ilkin satış qiymətini deyil, ipoteka predmetinin qiymətini müəyyənləşdirib razılaşırlar. “Qiymət” anlayışı ilə, “ilkin satış qiyməti” anlayışlarını eyniləşdirmək olmaz, ilkin satış qiyməti tutmanın reallaşdırılmasına xidmət etdiyinə görə tutmanın yönəldilməsi proseduru başlandıqdan sonra (Qanunun 36.1-ci maddəsinə uyğun olaraq ipoteka saxlayanın ipoteka qoyana bildiriş göndərməsindən sonra) müəyyənləşdirilən qiymətdir. Eyni zamanda nəzərə alınmalıdır ki, ipoteka müqaviləsi bağlandıqdan sonra ötən müddət ərzində daşınmaz əmlakın dəyərinin dəyişməsi mümkündür və bu səbəbdən də daşınmaz əmlakın ipoteka müqaviləsində göstərilən qiymət bir müddətdən sonra real olmaya bilər, yəni azala və ya ipoteka predmetində aparılmış yaxşılaşdırmaların hesabına arta bilər. Odur ki, ipoteka müqaviləsində göstərilən qiymət ipoteka predmetinin real bazar qiyməti sayıla bilməz. Eyni zamanda ilkin satış qiyməti müəyyən edilərkən ipoteka predmetinin bazar qiyməti deyil, likvid dəyərinin əsas götürülməsi qanunun imperativ tələbidir. Beləliklə Məhkəmə kollegiyası hesab edir ki, ipoteka predmetinin qətnamədə ilkin satış qiyməti 73.300 manat kimi göstərilməlidir. Çünki, bu qiymət daha real və likvid dəyəri əks etdirən ilkin satış qiyməti hesab edilir. Başqa sözlə bu qiymət ipoteka predmeti olan fərdi yaşayış evinin yerləşdiyi ərazi, fərdi yaşayış evi bazarında Bakı şəhəri üzrə olan qiymətlər və.s halları nəzərə alınmaqla real likvid dəyəri əks etdirir. Bundan başqa Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi-ipoteka predmeti hərracda satıldıqdan sonra bir ay müddətində Cavabdeh ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 63,7 kv.m.-dən ibarət fərdi yaşayış evindən çıxarılması və həmin evin boşaldılması hissəsində də əsaslı olmuşdur. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki kollegiyaları “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 22 iyun 2023-cü il tarixli 02/2023 nömrəli qərardadına əsasən tərəflər arasında ipoteka müqaviləsi 2018-ci il 28 dekabr tarixindən sonra bağlanmışdırsa, ipoteka qoyulmuş fərdi yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda “ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələrinə və qeydiyyatdan çıxarılmalarına dair” iddia tələbləri hissəsində iddia ərizəsinin icraata qəbulundan Mülki Prosessual Məcəllənin 153.1 və 153.2.1-ci maddələrinə əsasən imtina olunmalı, əgər iddia artıq icraata qəbul edilmişdirsə, Mülki Prosessual Məcəllənin 261.0 və 261.0.1-ci maddələrinə uyğun olaraq iş üzrə icraata həmin hissədə xitam verilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi göstərilən hissədə təmin edilməli, ipoteka predmeti hərracda satıldıqdan sonra bir ay müddətində Cavabdeh ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 63,7 kv.m.-dən ibarət fərdi yaşayış evindən çıxarılmalı və həmin ev boşaldılmalıdır. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında hesablar xx.xx.2015-ci il tarixli 100810-224618/2 nömrəli kredit müqaviləsinə münasibətdə ABŞ dolları ilə aparılmış olsa da, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Konstitusiyanın həmin maddəsinin İİİ-cü hissəsinə görə, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin tələbinə uyğun olaraq xx.xx.2015-ci il tarixli 100810-224618/2 nömrəli kredit müqaviləsinə münasibətdə cavabdehdən tutulmalı olan pul vəsaiti ödəniş gününə olan manat məzənnəsinə uyğun ödənilməlidir. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbinin qismən təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməklə, İddiaçı ASC-yə ipotekaya qoyulmuş Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 63,7 kv.m.-dən ibarət fərdi yaşayış evinə tutma yönəldilməli, ipoteka predmetinin hərracda satılması üçün ilkin satış qiyməti 73.300 (yetmiş üç min üç yüz) manat müəyyən edilməli, ipoteka predmetinin açıq hərracda satılmalı, satışdan əldə edilən puldan İddiaçı ASC-yə xx.xx.2015-ci il tarixli 100810- 224618/1 nömrəli kredit müqaviləsi üzrə 2472,34 manat məbləğində əsas kredit borcunun, faiz borcu 27,31 manat olmaqla, cəmi 2499,65 manat, xx.xx.2015-ci il tarixli 100810-224618/2 nömrəli kredit müqaviləsi üzrə 1210,09 ABŞ dolları məbləğində əsas kredit borcunun, faiz borcu 9,78 ABŞ dolları olmaqla, cəmi 1219,87 ABŞ dolları (ödəniş gününə olan manat məzənnəsi ilə) məbləğində kredit borcu iddiaçıya ödənilməli, ödəniş həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılmalı, ipoteka predmeti hərracda satıldıqdan sonra bir ay müddətində Cavabdeh ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 63,7 kv.m.-dən ibarət fərdi yaşayış evindən çıxarılmalı və həmin evin boşaldılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehdən ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı olmaqla, cəmi 40 manat xərcin və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 72,13 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalı, həmçinin apellyasiya baxışı zamanı aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat cavabdehdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməli, mütəxəssis rəyinin verilməsi üçün tələb edilən 500 manat vəsaitin 250 manat hissəsi iddiacıdan, qalan 250 manat hissəsi isə cavabdehdən tutularaq "xxxx" MMC-nin hesabına köçürülməli, hazırki apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli, 2(009)- 1682/2022 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. İddiaçı ASC-yə ipotekaya qoyulmuş Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 63,7 kv.m.-dən ibarət fərdi yaşayış evinin hərracda satılması üçün ilkin satış qiyməti 73.300 (yetmiş üç min üç yüz) manat müəyyən edilməklə tutma yönəldilsin. İpoteka predmeti açıq hərracda satılsın, satışdan əldə edilən puldan İddiaçı ASCyə xx.xx.2015-ci il tarixli 100810-224618/1 nömrəli kredit müqaviləsi üzrə 2472,34 (iki min dörd yüz yetmiş iki manat, otuz dörd qəpik) manat məbləğində əsas kredit borcunun, faiz borcu 27,31 manat olmaqla, cəmi 2499,65 manat; xx.xx.2015-ci il tarixli 100810-224618/2 nömrəli kredit müqaviləsi üzrə 1210,09 ABŞ dolları (min iki yüz on ABŞ dolları, doqquz sent) məbləğində əsas kredit borcunun, faiz borcu 9,78 ABŞ dolları olmaqla, cəmi 1219,87 (ödəniş gününə olan manat məzənnəsi ilə) məbləğində kredit borcu iddiaçıya ödənilsin. Ödəniş həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılsın. İpoteka predmeti hərracda satıldıqdan sonra bir ay müddətində Cavabdeh ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 63,7 kv.m.-dən ibarət fərdi yaşayış evindən çıxarılsın və həmin ev boşaldılsın. Cavabdeh ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10 (on) manat dövlət rüsumu və 30 (otuz) manat xidmət haqqı olmaqla, cəmi 40 (qırx) manat xərcin və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 72,13 (yetmiş iki manat, on üç qəpik) manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Apellyasiya baxışı zamanı aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat cavabdehdən Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Mütəxəssis rəyinin verilməsi üçün tələb edilən 500 (beş yüz) manat vəsaitin 250 (iki yüz əlli) manat hissəsi iddiaçıdan, qalan 250 (iki yüz əlli) manat hissəsi isə cavabdehdən tutularaq "xxxx" MMC-nin hesabına köçürülsün. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar