Məhkəmə qərarları › İş №2(103)-330/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-330/2021

11.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-330/2021 11.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Hüseynin sədrliyi və məruzəsi ilə, Valeh Məmməd oğlu Ağayev və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun və kredit üzrə hesablanmış faizlərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-6161/2019 saylı, 19 dekabr 2019cu il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 22.07.2014-cü il tarixli, 005.02.BRTEK.2032831.KM01 saylı kredit müqaviləsi üzrə 04.10.2019-cu il tarixə əsas kredit borcu üzrə 3979,35 manat, faiz borcu üzrə 2258,18 manat, dəbbə borcu üzrə 3,19 manat olmaqla, ümumilikdə 6240,72 manat borc məbləğinin və dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq "xxxx" ASC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-6161/2019 saylı, 19 dekabr 2019cu il tarixli qətnaməsi ilə iddia təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada 22.07.2014-cü il tarixli, 005.02.BRTEK.2032831.KM01 saylı kredit müqaviləsi üzrə 04.10.2019-cu il tarixə əsas kredit borcu üzrə 3979,35 manat, faiz borcu üzrə 2258,18 manat, dəbbə pulu üzrə 3,19 manat olmaqla, ümumilikdə 6240,72 manat məbləğində kredit borcunun və dövlət rüsumu olaraq ödənilmiş 30 manatın tutularaq iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi qət edilmişdir. Cavabdehlər həmin qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunvericiliyin tələblərinə uyğun gəlməyən vəziyyətdə, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmış, işdəki faktiki hallar aydınlaşdırılmamış və sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, həmin qətnamədə kredit məbləği düzgün hesablanmamışdır. Əlavə olaraq, göstərilən məbləğlə razılaşmır və həmin məbləğ həddən artıq şişirdilmişdir və tərəflərindən edilmiş ödənişlər nəzərə alınmamışdır. Əlavə olaraq heç bir məhkəmə-mühasibatlıq ekspertizası keçirilmədən qeyd olunan məbləğin tutularaq "xxxx" ASC-nin xeyrinə verilməsi qət edilmişdir. Məhkəmə hətta tərəflər arasında bağlanmış kredit müqaviləsini ləğv etməmiş ümumi borcu cavabdehdən tutacağı halda belə əsas borcu və həmin günə hesablanmış faizi tutmalı idi. Ümumiyyətlə, əsas borc, faizlər heç biri düzgün hesablanmamışdır. Mövcud mübahisəli işdə də məhkəmə araşdırma apararkən işi hərtərəfli tədqiq etməmiş və gəldiyi nəticə üçün mühüm əhəmiyyətə malik olan bütün faktiki halları aydınlaşdırmamış və nəticədə ədalətsiz qərar qəbul etmişdir. Məhkəmə iclasında Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. İş üzrə iddiaçıya və digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətini mülki işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslığının tam yoxlanılması təşkil edir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş yazılı sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 22.07.2014-ci il tarixli 005.02.BRTEK.2032831.KM01 saylı kredit müqaviləsinə əsasən Bank borcalana 36 ay müddətinə, illik 18 % 10000 manat kredit vermiş, borcalan krediti və ona hesablanacaq faizləri ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilədən irəli gələn öhdəliklərin icrasına təminat olaraq eyni tarixli zaminlik müqavilələrinə əsasən Cavabdeh2 və Cavabdeh3 birgə məsuliyyəti öz üzərinə götürmüşlər. 23.07.2014-cü il tarixli kassa məxaric orderinə əsasən Cavabdeh1 9855 manat məbləğində pulu imza etməklə "xxxx" ASC-nin kassasından götürmüşdür. Kredit və zaminlik müqavilələrinə 1 saylı əlavələrinə əsasən kreditin birmə tarixi 23.07.2018-ci ilədək uzadılmış, faiz dərəcəsi isə 24 faizə qaldırılmışdır. Hesabdan çıxarışdan 22.07.2014-ci il tarixli 005.02.BRTEK.2032831.KM01 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə kompensasiya ödənildiyi müəyyən edilmişdir. 01.11.2019-cu il tarixli, 3939 nömrəli maliyyə arayışına əsasən Cavabdeh1 22.07.2014-ci il tarixli 005.02.BRTEK.2032831.KM01 nömrəli kredit müqaviləsi üzrə 3979,35 manat, faiz borcu üzrə 2258,18 manat, dəbbə borcu üzrə 3,19 manat olmaqla, ümumilikdə 6240,72 manat borcu vardır. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Mülki Məcəllənin 385.1, 442, 443.1448.2, 472.1, 472.2-ci maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan, eyni zamanda zaminlik müqavilələrinə əsasən Cavabdeh2 və Cavabdeh3 borca zamin durduqlarına görə cavabdehlə birlikdə öhdəliyi icra etməli olduqları üçün, cavabdehlərdən müştərək qaydada tələb edilən əsas, faiz və cərimə borcu tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Bundan başqa apellyasiya baxışı zamanı Cavabdeh1 vəsatətinə əsasən məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 08.02.2021-ci il tarixli 9/4115 saylı ekspert rəyinə əsasən 22.07.2014-ci il tarixli 005.02.BRTEK.2032831.KM01 saylı kredit müqaviləsi üzrə borcalanın 04.10.2019-cu il tarixə əsas borc üzrə 5147,18 manat, faiz borcu üzrə 5125,28 manat, cəmi 10272,46 manat müəyyən edilmişdir. Həmçinin rəydə qeyd olunmuşdur ki, təqdim edilmiş iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən cədvəl məlumatlarından da göründüyü kimi cavabdeh tərəfindən 10.02.2016-cı il tarixdən, 04.102019-cu il tarixədək 804,63 manat məbləğində ödənişlər edilmişdir, o cümlədən (Azərbaycan Republikasının Prezidentinin “Problemli kreditlərin həllinə” dair 28.02.2019-cu il tarixli 551 saylı Fərmanına əsasən bu kredit üzrə hesablanmış 804,63 manat məbləğində kompensasiya təşkilata ödənilmiş və əsas kredit borcundan 19.04.2019-cu il tarixdə silinmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırda ekspert rəyi ilə müəyyən edilən borc məbləği iddia tələbində qeyd olunan borc məbləğindən yüksək olduğundan, məhkəmə MPM-in 218.3-cü maddəsinə əsasən iddia tələbindən kənara çıxa bilmədiyindən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından açıq-aşkar əsaslandırılmamışdır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apelyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Cavabdehlər tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-6161/2019 saylı, 19 dekabr 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Valeh Ağayev Afaq Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar