Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3300/2021 20.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçının nümayəndəsi Mirağa Ağamirovun iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair 2(008)-2806/2020 saylı mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada Bankın xeyrinə 05.11.2013-cü il tarixli, 09R000009566 saylı kredit razılaşması üzrə 420,26 manat məbləğində kredit borcunun və 18.09.2013-cü il tarixli kredit razılaşması üzrə 497,60 manat məbləğində kredit borcunun, 5,16 manat faiz borcunun və 1542,79 manat cərimə borcu olmaqla, cəmi 2045,55 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 İddiaçı QSC ilə bağladığı 18.09.2013-cü il tarixli, 09L000004542 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 50000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh2 İddiaçı QSC ilə bağladığı 05.11.2013-cü il tarixli, 09R000009566 saylı kredit razılaşması əsasında 24 ay muddətinə, aylıq faiz dərəcəsi 2,416 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2200 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 27.05.2015-ci il tarixli, 09R00000566S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh2 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcundan 1779,74 manat ödəmiş, onun 420,26 manat məbləğində borcu qalmışdır. Bundan başqa, Cavabdeh2 18.09.2013-cü il tarixli kredit razılaşması əsasında 12 ay müddətinə müqavilə ilə müəyyən olunmuş kredit xətti və kredit limiti daxilində plastik kart vasitəsi ilə illik faiz dərəcəsi 31 faiz olmaqla, 500 manat məbləğində kredit götürmüşdür. Cavabdeh2 kredit müqaviləsinin tələblərini pozmuş və kredit müqaviləsi üzrə hazırkı vaxtadək hər ay üçün ödənilməsi planlaşdırılması kredit borcu və faiz borcundan ibarət vəsaiti banka ödəməkdən qəsdən yayınmışdır. Cavabdeh2 götürdüyü kreditdən 2,40 manat qaytarmış və onun 479,6 manat məbləğində kredit borcu qalmışdır. Onun 19.02.2020-ci il tarixə 1977 gün üçün hesablanmış 5,16 manat məbləğində faiz borcu və 1542,79 manat məbləğində cərimə borcu qalmışdır. Kredit xətti müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Həmin zaminlik müqaviləsinin 1.1-ca bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli, 2(008)- 2806/2020 saylı qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 09R000009566 saylı kredit razılaşması üzrə 420 (dörd yüz iyirmi) manat 26 (iyirmi altı) qəpik məbləğində kredit borcu və 15 (on beş) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı QSC-inin hesabına köçürülməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin qismən-iddia tələbinin 18.09.2013-cü il tarixli kredit razılaşmasına münasibətdə təmin edilməyən hissəsində ləğv edilməsini, iddia tələbinin həmin hissədə də təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarına əlavə edilmiş 18.09.2013-cü il tarixli plastik kartın əldə edilməsi və istifadəsi haqqında müqavilənin, kartın açılması üçün sifariş vərəqəsinin, kartın Cavabdeh2 verilməsini təsdiq edən qəbzin əslindən və hesabdan çıxarışdan aydındır ki, "xxxx" QSC tərəfindən Cavabdeh2 plastik kart vasitəsi ilə 500 (beş yüz) manat məbləğində kredit verilmişdir (əməliyyatların aparıldığını təsdiq edən hesabdan çıxarış təkrarən əlavə edilir). Plastik kartın əldə edilməsi və istifadəsi haqqında müqavilənin "kartı təhvil aldım" hissəsində Cavabdeh2 tərəfindən imzalanması və kartın verilməsini təsdiq edən qəbz sübut edir ki, kart Cavabdeh2 tərəfindən qəbul edilmişdir. Həmçinin, iş materiallarına əlavə edilmiş hesabdan çıxarışdan görünür ki, Cavabdeh2 tərəfindən sözügedən kart vasitəsi ilə götürülmüş kredit borcu üzrə əməliyyatlar aparılmışdır. Kart üzrə əməliyyatların aparılması Cavabdeh2 tərəfindən plastik kartın istifadə edildiyi və bununla da, cavabdehə kreditin verilməsini təsdiq edir. Bundan əlavə, məhkəmə gedişatı zamanı "xxxx" MMC-yə sözügedən kart üzrə məlumatların (kartın təyinatı və emissiya məqsədi, kartın limiti, kart vasitəsi ilə aparılmış əməliyyatlar üzrə toplanmış məlumatlar) "xxxx" QSC-yə təqdim edilməsi üçün sorğu yazılmış və "xxxx" MMC-nin 14.10.2020- ci il tarixli, 30/208 saylı məktubu ilə kart sahibi Cavabdeh2 kart hesabına 497,60 manat (dörd yüz doxsan yeddi manat altmış qəpik) kredit limitin tətbiq olunması müəyyən olunmuşdur. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə təqdim edilmiş 26.02.2020-ci il tarixl, 3403 saylı maliyyə arayışına əsasən cavabdehin "xxxx" QSC-yə olan əsas borc məbləği 497,60 manat (dörd yüz doxsan yeddi manat altmış qəpik) məbləğində olmuşdur. Həmçinin, Cavabdeh2 təqdim edilmiş kartın üzərində öhdəliyin qüvvədə olma müddəti göstərilmiş, plastik kartın əldə edilməsi və istifadəsi haqqında müqavilədə də qeyd edildiyi kimi bu müddət 18.09.2014-cu ilə qədər müəyyən edilmişdir. Qeyd edilən bütün sənədlər iş materiallarına əlavə edilmişdir. Göründüyü kimi, hazırki mübahisənin predmetini təşkil edən 18.09.2013cü il tarixli kredit razılaşması ilə əlaqəli olan mötəbər sübutlar birinci instansiya məhkəməsinə təqdim edilmişdir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi M.Ağamirov apellyasiya şikayətinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, qeyd edilən plastik kart iş üzrə Cavabdeh2 adına rəsmiləşdirilmiş, bank tərəfindən həmin karta pul məbləği mədaxil edilmişdir. Cavabdeh2 bir neçə dəfə sözügedən plastik kartdan istifadə edərək pul vəsaiti çıxarmış, yenidən məbləği karta geri mədaxil etmişdir. Lakin sonuncu dəfə istifadə etdiyi pulu plastik kartın hesabına köçürməmişdir. İddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehlər iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı iş üzrə apellyasiya baxışını predmetini qətnamənin iddianın təmin olunmamasına dair hissəninin qanuniliyi və əsaslılığı təşkil edir. Cavabdehlər qətnamədən apellyasiya şikayəti verməmişlər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən - iddianın təmin olunmayan hissəsində maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə həmin hissədə ləğv edilməli, iddia tələbi mübahisələndirilən hissədə qismən təmin olunmalıdır. Birinci instansiya məhkəməsi iddia tələbinin 18.09.2013-cü il tarixli kredit razılaşması üzrə kredit borcunun tutulması hissəsini təmin etməməsini onunla əsaslandırmışdır ki, məhkəməyə yalnız bank tərəfindən birtərəfli qaydada tərtib olunmuş maliyyə arayışı təqdim olunmuş, tərəflərin arasında əsas razılaşma hesab olunan, borcun və cavabdehin öhdəliyini müəyyən edən müqavilə isə təqdim olunmamışdır. Ümumiyyətlə borcun cavabdehə verilməsini hər hansı şəkildə sübüt edən heç bir sənədin iddiaçıda olmadığı müəyyən olunmuşdur. İddiaçının nümayəndəsi cavabdehin adına plastik kartın verilməsini kredit razılaşması üzrə pulun verilməsinin göstəricisi olduğunu bildirsə də, məhkəmə plastik karta pulun köçürülməsini təsdiq edən sənədin, kreditin hansı şərtlərlə verilməsi, hansı müddətə qaytarılmalı olması, bir sözlə mühüm şərtlərin əks olunduğu razılaşmanın məhkəməyə təqdim olunmamışdır. Məhkəmə kollegiyası iddianın təmin edilməyən-18.09.2013-cü il tarixli kredit razılaşması üzrə 497,60 manat məbləğində kredit borcunun, 5,16 manat faiz borcunun və 1542,79 manat cərimə borcunun təmin edilməməsi hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 18.09.2013-cü il tarixli, 09L000004542 nömrəli kredit xətti müqaviləsinin cavabdehə 120 ay müddətinə 50000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İşdə olan İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 18.09.2013-cü il tarixli plastik kartın əldə edilməsi və istifadəsi haqqında müqavilədən görünür ki, bank tərəfindən Cavabdeh2 plastik kart verilmişdir. İşdə olan İddiaçı QSC tərəfindən tərtib edilmiş Hesabdan çıxarışdan görünür ki, Cavabdeh2 tərəfindən “Private VİSA X1 Acc” hesab tipli, hesab nömrəsi AZ12ACAB******************** olan plastik kart üzrə müxtəlif əməliyyatlar həyata keçirilmişdir. İşdə olan "xxxx" MMC tərəfindən İddiaçı QSC-yə ünvanlanmış 14.10.2020-ci il tarixli, №30/208 saylı məktubdan görünür ki, "xxxx" MMC-nin sistemində kart sahibi Cavabdeh2 kimi qeyd olunan 4268 63** **** 5300 nömrəli kart hesabına 497,60 manat kredit limitinin tətbiq olunması müəyyən olunmuşdur. Yuxarıda sadalanan iş materialları ilə İddiaçı QSC tərəfindən Cavabdeh2 plastik kart verildiyi, həmin karta bank tərəfindən pul məbləği mədaxil edildiyi, Cavabdeh2 tərəfindən plastik kart vasitəsi ilə müxtəlif əməliyyatlar aparıldığı sübut edildiyi üçün iddia 18.09.2013cü il tarixli kredit razılaşması üzrə 497,60 manat məbləğində kredit borcunun, 5,16 manat faiz borcunun Cavabdeh2 tutulması hissəsində təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 iddiaçının xeyrinə tələb edilən 1542,79 manat cərimə borcu əsas borca nisbətən tənasübsüzdür və həmin məbləğ azaldılaraq 25 manat müəyyən edilməklə Cavabdeh2 tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Bununla yanaşı məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi qeyd edilən kredit öhdəliyi üzrə zamin olan Cavabdeh1 münasibətdə təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (470.1). Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlanıla bilər (470.2). Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (472.1). Zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamə ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir (477.0, 477.0.1, 477.0.4). İş materiallarından göründüyü kimi, apellyasiya baxışının predmeti olan 18.09.2013ü il tarixli kredit razılaşması üzrə kredit öhdəliyinin icrası müddəti 12 ay həddində müəyyən edilmiş, Cavabdeh1 həmin kredit öhdəliyi üzrə zamin durmuşdur. İddiaçı QSC həmin kredit öhdəliyinin icrası vaxtının çatdığı gündən zaminə qarşı iddia tələbi ilə bir il müddət ərzində deyil, 10.03.2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Belə olan halda zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyinə görə qanunun imperativ göstərişinə əsasən xitam verilmişdir. Ona görə də iddiaçının zaminə qarşı tələbi əsassızdır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən - iddianın 18.09.2013-cü il tarixli kredit razılaşması üzrə kredit borcunun tutulmasına dair təmin edilməyən hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə qismən təmin edilməli, Cavabdeh2 18.09.2013-cü il tarixli kredit razılaşması üzrə 497,60 manat məbləğində əsas borc, 5,16 manat məbləğində faiz borcu, 25 manat məbləğində cərimə olmaqla, cəmi 527,76 manat məbləğində borc tutularaq İddiaçı QSC-yə ödənilməli, iddia tələbi mübahisələndirilən qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı QSC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən - iddianın 18.09.2013-cü il tarixli kredit razılaşması üzrə kredit borcunun tutulmasına dair təmin edilməyən hissəsində ləğv edilsin. İddia tələbi həmin hissədə qismən təmin olunsun. Cavabdeh2 18.09.2013-cü il tarixli kredit razılaşması üzrə 497,60 manat məbləğində əsas borc, 5,16 manat məbləğində faiz borcu, 25 manat məbləğində cərimə olmaqla, cəmi 527,76 (beş yüz iyirmi yeddi manat yetmiş altı qəpik) manat məbləğində borc tutularaq İddiaçı QSC-yə ödənilsin. İddia tələbi mübahisələndirilən qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3300/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3300/2021
20.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver