Məhkəmə qərarları › İş №2(103)-3300/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3300/2023

26.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3300/2023 26.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alimentin miqdarının azaldılması barədə” iddiasına dair mülki iş üzrə Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: İddiaçı 2 dəfə nikahda olub. 1-ci nikah xx.xx.2010-cu ildə Cavabdeh2 ilə, 2-ci nikah xx.xx.2020-ci ildə Cavabdeh1 ilə bağlanıb. 1-ci nikah xx.xx.2013-cü il tarixli qətnamə ilə pozulub. 2-ci nikah indiyə kimi pozulmayıb. 1-ci nikahdan 1 uşaq - xx.xx.2012-ci il təvəllüdlü Nərmin Kərimli, 2-ci nikahdan 2 uşaq - xx.xx.2021-ci il təvəllüdlü Firuz Kərimli və xx.xx.2021-ci il təvəllüdlü Nəzrin Kərimli doğulub. 1-ci və 2-ci nikahdan doğulan uşaqların saxlanması üçün aliment tutulması barədə məhkəmə qətnamələri var. Belə ki, 1-ci nikahdan doğulan 1 uşağın saxlanması üçün iddiaçının aylıq qazancının 1/4 hissəsi miqdarında aliment tutulması barədə Səbail RM tərəfindən xx.xx.2013-cü il tarixli qətnamə qəbul olunub. 2-ci nikahdan doğulan 2 uşağın saxlanması üçün iddiaçının aylıq qazancın 1/3 hissəsi miqdarında aliment tutulması barədə Binəqədi RM tərəfindən xx.xx.2022-ci il tarixli qətnamə qəbul olunub. Tələb və onun həlli: İddia ərizəsində tələb olunub: 1) 1-ci nikahdan doğulmuş 1 uşağın saxlanması üçün tutulması müəyyən edilmiş alimentin miqdarı (qazancın 1/4 hissəsi) dəyişdirilərək qazancın 1/2 hissəsinin 1/3 hissəsi miqdarında aliment tutulsun; 2) 2-ci nikahdan doğulmuş 2 uşağın saxlanması üçün tutulması müəyyən edilmiş alimentin miqdarı (qazancın 1/3 hissəsi) dəyişdirilərək qazancın 1/2 hissəsinin 2/3 hissəsi miqdarında aliment tutulsun. Səbail RM-nin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməyib. Şikayət və izahatlar: Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasında iştirak etməmişlər. Qətnamənin yoxlanılması: Ailə Məcəlləsinin 76.1.3-cü maddəsindən görünür ki, 3 uşağa görə qazancın yarısı miqdarında aliment tutulur. İddiaçı hazırkı tələbini həmin maddənin göstərişi ilə əsaslandırıb. Məhkəmə qeyd edir ki, birinci, 76.1.3-cü maddədə göstərilən miqdar mütləq qayda deyil, məhkəmə tərəfindən dəyişdirilə bilər. Belə ki, Ailə Məcəlləsinin 76.2-ci maddəsindən görünür ki, həmin miqdar tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. İkinci, 76.1.3-cü maddənin göstərişi o hala aiddir ki, uşaqların hər üçünün valideyni (aliment alan valideyn) eyni olsun. Hazırkı işdə isə uşaqlar ayrı-ayrı nikahlardan doğulub, buna görə də aliment alan valdeyn (ana) eyni şəxs deyil. Bundan başqa, “Elektron məhkəmə” informasiya sistemindəki məlumatdan görünür ki, iddiaçı “BP Exploration (Caspian Sea) LTD” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə rəis müavini vəzifəsində işləyir, aylıq əmək haqqı 7.510 manat təşkil edir. Əmək Məcəlləsinin 176-cı maddəsinin 1-ci və 2-ci hissələrində əmək haqqından tutulan məbləğlərin miqdarına dair məhdudyyətlər müəyyən edilib, lakin həmin maddənin 3-cü hissəsində qeyd olunub ki, göstərilən məhdudiyyətlər alimentin tutulmasına şamil edilmir. “İcra haqqında” Qanunun 65.3-cü maddəsindən görünür ki, aliment tutulması zamanı əmək haqqından və ona bərabər sayılan digər gəlirlərdən tutmaların məbləği 70 faizdən çox ola bilməz. İddiaçıdan tutulan alimentin miqdarı əmək haqqının 70 faizini aşmır. Belə ki, 1-ci nikahdan olan 1 uşaq üçün əmək haqqının 1/4 (3/12) hissəsi, ikinci nikahdan olan 2 uşaq üçün əmək haqqının 1/3 (4/12) hissəsi, 3 uşaq üçün əmək haqqının cəmi 7/12 hissəsi tutulur. Bununla yanaşı, işin halları belə qənaətə gəlməyə əsas verir ki, 2-ci nikahdan doğulan uşaqlar üçün aliment tutulması barədə qətnamənin qəbul edilməsində məqsəd 1ci nikahdan doğulan uşaq üçün tutulan alimentin miqdarının azaldılmasına nail olmaqdır. Belə ki, iddiaçının 2-ci nikahı pozulmayıb, həmin nikahdan doğulan uşaqlar üçün aliment tutulması barədə mübahisə olmayıb, bu barədə mediasiya prosesində barışıq sazişi bağlanıb, Binəqədi RM-nin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə barışıq sazişi məcburi icra üçün təsdiq olunub. Göründüyü kimi, iddiaçı könüllü şəkildə aliment ödəməyi öhdəsinə götürüb, həmin uşaqların anası ilə nikahı isə pozulmayıb. Beləliklə, alimentin miqdarının azaldılması üçün Ailə Məcəlləsinin 112-ci maddəsində müəyyən edilmiş əsas yoxdur. Birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlib, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar