Məhkəmə qərarları › İş №2(103)-3303/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3303/2024

03.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3303/2024 03.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: aliment tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(003)-1194/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Tərəflər xx.xx.2011-ci il tarixdə nikaha daxil olmuşlar, birgə nikahlarından xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X5 doğulmuşlar. Lerik Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən tərəflər arasında bağlanmış nikah pozulmuşdur.

2. Lerik Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(048)-455/2021 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilməklə tərəflərin birgə nikahından olan xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün xx.xx.2021-ci il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşaq üçün 120 manat, cəmi 240 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir.

3. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(106)-1014/2023 nömrəli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilərək Lerik Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(048)-44/2023 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilərək iddiaçı Hacıyeva (Həmidova) Sona İltizam qızının Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir.

4. Lerik Rayon Mərkəzi X7 Şəxsin xx.xx.2021-ci il tarixli, 1056 nömrəli arayışına əsasən Cavabdeh “keçirilmiş kəllə-beyin travmasının davamlı qalıqları postravmatik ensefalopatiya qıcolma tutmalarla, hipermetik sindrom” diaqnozu ilə nevroloji xəstədir.

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq hər ay, hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2011-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X5 adlı iki övladları doğulmuşdur. Münasibətləri pis olduğundan o, Lerik Rayon Məhkəməsinə aralarında olan 2011-ci il tarixli nikah qeydiyyatının pozulması və 2 azyaşlı uşaqların- xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X5 adlı iki uşaqların saxlanması üçün aliment tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Lerik Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(048)-455/2021 saylı qətnaməsi ilə aralarında olan nikah pozulmuş, birgə nikahlarından olan xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X1 üçün cavabdehdən hər ay hər bir uşağa görə xx.xx.2021-ci ildən başlayaraq 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində aliment tutulması və aralarında olan nikahın pozulması qət edilmişdir. Halhazırda birgə nikahlarından olan xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X5 onun himayəsində yaşayırlar. Uşaqların tələbatlarını özü ödəyir, cavabdah isə uşaqları ilə heç maraqlanmır. Özü işləmədiyi üçün maddi durumu çox çətindir. Uşaqların tələbatı günü-gündən artır. Maddi ehtiyaclarını ödəyə bilmir.

7. Cavabdeh iddia ərizəsinə qarşı etiraz verərək bildirmişdir ki, o, günəmuzd işləyir. Ayda qazancı 250-300 manat məbləğ arası olur. Belə qazanc əldə etməyi iddiaçıya məlumdur. Başqa yerdən gəliri, qazancı yoxdur. Hər uşağa 120 manat belə ödəməyə maddi imkanı yoxdur. Odur ki, Lerik Rayon Məhkəməsinin 2(048)-455/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə hər ay bir uşağa görə 120 manat müəyyən edilmiş aliment miqdarını ödəyə bilməmişdir. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğini icra edə bilmədiyinin səbəblərindən biri də avtoqəza nəticəsində kəlləbeyin travması almağıdır. Maddi imkanı olmadığından kəllə-beyin travması ilə bağlı müalicəni davam etdirə bilmir. Səhhəti ağır işlərdə işləməyinə yol vermir, çətinliklər çəkir. Yüngül işlərdə günəmuzd işləməklə özü də az da olsa, qidalanmalı və ikinci nikahdan olan azyaşlı uşağı Ədalətin də yaşamasını təmin etməlidir. Uşaqlarının geyimi, təhsili, sağlamlığı, normal qidalanması, tələb olunan ərzaq, meyvə-tərəvəz, qida məhsulları və sair üçün saxlanılması üçün hər ay müvafiq məbləğdə vəsait xərclənməsi tələb olunur. İddiaçı işləyib gəlir əldə etsə də, uzun müddətdir ki, uşaqların saxlanılması üçün vəsait xərcləmir. Bununla belə, o, utanmadan ondan artırılmış məbləğdə aliment tutulması barədə qətnamə çıxarılmasına nail olmaq, valideyn hüquqlarından sui-istifadə etməklə yalnız yararlanmaq niyyətində olmuşdur. Sadalanan qanun normalarından göründüyü kimi uşaq hüquqları, onların saxlanılması ilə bağlı ata-ana bərabər məsuliyyət daşıyırlar. Qanunla uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləğin uşaqdan ayrı yaşıyan yalnız ata və ya ana tərəfindən ödənilməsi nəzərdə tutulmamışdır. Uşaqların saxlanması üçün zəruri olan pul vəsaiti ana, həm də ata tərəfindən sərf edilməlidir və uşaqların saxlanılması ilə bağlı xərcləri də bərabərdir. Nəzərə alınsa ki, “Azərbaycan Respublikasında yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat, 2024-cü il üçün isə 235 manat məbləgində müəyyən edilmişdir. həmin məbləğlərin yarı hissəsi 110 - 117,5 manat iddiaçı tərəfindən sərf edilməlidir. Bu, vaideynlərin uşaqları ilə bağlı hüquq və vəzifələrinin bərabərliyi prinsipindən irəli gəlir. Uşağın saxlanılması üçün zəruri olan pul vəsaitinin sərf edilməsini valideynlərindən yalnız atanın öhdəsinə qoyan məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olmaqla, həm də qanunsuz və adalətsiz olardı. Belə məhkəmə aktları ilə hüquq və azadlıqların məhkəmədə müdafiəsinə təminat verilmir. Onun maddi vəziyyətində dəyişiklik olduğu, hər bir uşağa görə hər ay 220-235 manat, cəmi 440 və 470 manat aliment məbləği ödəməyə həqiqətən də maddi imkanı yoxdur. Maddi imkanı olduğu halda uşaqlarına daha çox aliment ödəyər. Hər uşağa 120 manat aliment ödəməyə maddi imkanı olmasa da, atasının köməkliyi - pensiya pulu ilə müəyyən məbləğlərdə uşaqlarına aliment ödəmişdir. Alimentin artırılması gələcəkdə alimenti ödəyə bilməməyi, nəticədə gələcəkdə onun barəsində cinayət işinin başlanmasına və həbs edilməyinə gətirib çıxaracaqdır. Həmçinin, ikinci dəfə ailə həyatı qurmuş, yeni ailəsindən uşaqları var və səhhəti imkan verdiyi qədər günəmuzd işdə çalışır. Göründüyü kimi, əvvəllər müəyyən edilmiş alimentin miqdarı yalnız tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olduğu halda mümkündür. Hazırkı iş üzrə iddiaçı Hacıyeva (Həmidova) X9 Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli 2(048)- 455/2021 saylı qətnaməsi ilə aliment məbləği müəyyən edildikdən sonra ötən müddət ərzində müəyyən edilmiş hazırkı aliment məbləğinin artırılması üçün əsas ola biləcək, tərəflərin ailə və maddi vəziyyətində baş vermiş dəyişikliklərlə bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Əksinə, Lənkəran RMX PHŞ-nin 28 iyul 2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh “keçirilmiş kəllə-beyin travmasının davamlı qalıqları, Postravmatik ensefalopatiya qıcolma tutmalarla, hipermetik sindrom” diaqnozu ilə nevrololi xəstədir və dispanser qeydiyyatında durur. Bundan başqa, o, yeni ailə qurmuş və yeni övladları var. Bütün bunlarla yanaşı, qeyd etməyi zəruri hesab edir ki, hər ay hər uşağa 120 manat aliment ödəməyə maddi imkanı olmamağı səbəbindən aliment üzrə borcları yaranmışdır, hətta aliment borclarına görə məhkəmədə icra məmurunun təqdimatına baxılmış və inzibatı məsuliyyətə cəlb edilməklə 500 manat cərimə edilmişdir. Hansı ki, uşaqlarının saxlanılması üçün pul tapa bilmir. Lerik Rayon Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli 2(048)-319/2022 saylı qərarına əsasən Lerik Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli 2(048)-455/2021 saylı icra sənədini icra etmədiyi üçün İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat miqdarında cərimə edilmişdir. Bu da məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğini yuxarıda göstərilən səbəblərdən icra edə bilmədiyini göstərir. Digər tərəfdən, iddiaçı Sona Hacıyeva eyni əsaslarla aliment miqdarının artırılması barədə bu yaxın vaxtlarda iddia qaldırmış və Lerik Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli 2(048)- 44/2023 saylı qətnaməsi ilə iddia təmin edilərək, Lerik Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli 2(048)- 455/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq xx.xx.2012-ci il tarixdə doğulmuş X8 və xx.xx.2014cü il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay bir uşağa görə 193 manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində alimentin tutulub iddiaçı Hacıyeva (Həmidova) Sona İltizam qızına verilməsi və artırılmış alimentin tutulmasına Lerik Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli 2(048)-44/2023 saylı qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılması qət edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verərək, onun tamamilə ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli Qətnaməsi ilə onun tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək Lerik Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli 2(048)-44/2023 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddiaçı Hacıyeva (Həmidova) Sona İltizam qızının Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun ailə və ya maddi vəziyyətində dəyişiklik olmadığı, əksinə onda “keçirilmiş kəllə-beyin travmasının davamlı qalıqları. Postravmatik ensefalopatiya qıcolma tutmalarla, hipermetik sindrom” diaqnozu ilə nevroloji xəstə olmağı və dispanser qeydiyyatında durmağı, hər ay hər uşağa 120 manat aliment ödəməyə maddi imkanı olmamağı səbəbindən aliment üzrə borclarının yaranması, Lerik Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli 2(048)-455/2021 saylı icra sənədini icra etmədiyi üçün İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat miqdarında cərimə edilməyi və həmin səbəblərdən məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğini icra edə bilmədiyi kimi işin həqiqi halları Şirvan Apellyasiya Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2023-cü il tarixli Qətnaməsi ilə müəyyən edilmişdir. Hazırda da onun maddi durumunda hər hansı bir dəyişiklik olmamışdır. Bu səbəbdən də, iddiaçı onun maddi vəziyyətində dəyişiklik olması barədə məhkəməyə sübut təqdim edə bilməmişdir.

8. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(003)- 1194/2024 nömrəli qətnaməsi ilə (hakim E.Ş.Rüstəmov) iddia ərizəsi qismən təmin edilmiş, Lerik Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(048)-455/2021 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılmaqla hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin tutulması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi, Cavabdeh dövlət rüsumuna görə 33,8 manat məbləğində pulun alınaraq dövlət nəfinə keçirilməsi qət edilmişdir.

9. Məhkəmə qeyd etmişdir ki, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa dəyişə bilər. Bu dəyişikliklər özünü tərəflərin birinin ailə vəziyyəti, gəlirlərin miqdarı və sair ilə bağlıdır. Hazırki halda isə əvvəlki qətnamə ilə sonuncu dəfə alimentin miqdarının müəyyən edildiyi vaxtdan hal-hazıradək cavabdehin maddi vəziyyətində yaxşılaşmağa doğru hər hansı dəyişikliyin baş verməsi iddiaçı tərəfindən sübuta yetirilmədiyindən aliment ödəməli olan şəxsin, yəni cavabdehin diqqətəlayiq maraqları baxımından aliment məbləğinin iddia tələbində qeyd edilən məbləğdə artırılması qanuni və əsaslı hesab edilə bilməz.

10. Lakin buna baxmayaraq göstərilən hal, cavabdehin övladının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. Bu baxımdan ananın yanında saxlanılan uşaqların gündəlik tələbatlarını, ölkədə olan istehlak qiymətləri və s. dəyişməsini, uşaqların böyüməkdə davam etməklə hər keçən müddətdə onların müvafiq olaraq tələbatlarının da artmasını, eləcə də ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunu nəzərə almaqla məhkəmə hesab etmişdir ki, əvvəlki qətnamə ilə birgə nikahdan olan xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşınadək saxlanılmaları üçün müəyyən edilmiş alimentin miqdarının artıraraq hər ay, hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində aliment müəyyən edilməsi qanuni və ağlabatandır. Məhkəmə həmçinin cavabdehin rəsmi olaraq heç bir yerdə işləməməsini, nevroloji xəstəliyinin olmasını, gəlirlərinin qeyri-stabil olmasını, məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladının olmasını nəzərə alır.

11. Alimentin tutulma müddəti ilə bağlı məhkəmə hesab etmişdir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır.

12. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı tərəfindən iddia tələbində tələb edilən alimentin cəmi məcmusu 1.380 manat təşkil edir (235-120=115 manat, 115x12=1.380 manat). Bu halda “X12” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddiaçının ödəməkdən azad olunduğu dövlət rüsumu 33,8 manat təşkil edir. Bu səbəbdən cavabdehdən dövlət mədaxilinə 33,8 manat məbləğində dövlət rüsumu alınmalıdır.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə, Ailə Məcəlləsinin 75.1, 112.1-ci maddələrinə, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndinə, «X12» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə, Mülki Prosessual Məcəllənin 112.1.3, 124.1-ci maddəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

14. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Cavabdehin apellyasiya şikayəti iddia ərizəsinə qarşı verilmiş etirazın məzmununa uyğun əsaslandırılmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdehin yeni ailəsindən bir övladı da var. Cavabdeh 350 manat əmək haqqı alırsa 340 manat aliment ödəməsi doğru deyil. Şirvan Apellyasiya Məhkəməsi tərəfindən alimentlə bağlı işə baxılarkən araşdırıldı və doğru olaraq 120 manat aliment tutuldu. Cavabdeh avtoqəza keçirib, onun beyin travması var. Cavabdeh gücü nəyə çatırsa imkanı daxilində aliment ödəyir. Qadınla kişi bərabər hüquqludurlar. Əgər iddiaçı uşaqları saxlaya bilmirsə, cavabdehə versin.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdehin avtomobili var, işləyir. İddiaçı suala cavab olaraq işləmədiyini, atasının evində yaşadığını bildirdi.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 17, hissə İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.

20. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 75.1 Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4 Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

21. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

22. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarı: - Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. - Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. - Aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

23. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.

24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 112.1.3. İddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Maddə 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.

Apellyasiya baxışının hədləri

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

26. Hazırkı işdə iddia qismən təmin olunduğundan, apellyasiya şilkayətinin məzmununa əsasən qətnamə iş üzrə cavabdeh tərəfindən iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi alimentin miqdarı hissəsində dəyişdirilərək Cavabdeh tutulmalı olan alimentin məbləği hər ay hər uşağa görə 150 manat müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

28. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarının dəyişdirilərək artırılması barədə düzgün nəticəyə gəlsə də, alimentin miqdarı ilə bağlı səhv nəticəyə gəlmişdir.

29. Kollegiya qeyd edir ki, alimentin təyin olunduğu vaxtdan artıq üç il müddət keçmiş, uşaqlara çəkilən xərclər artmış, ödəmələrin miqdarını müəyyənləşdirən hallar, o cümlədən ölkə üzrə uşaqlar üçün yaşayış minimunun məbləği dəyişmişdir. Ona görə də hazırda iki uşağa görə alimentin 240 manat məbləğində müəyyən edilməsi uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir.

30. Aliment ödəyən valideynin az qazanca malik olması isə onu uşaqlarını saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

31. Qeyd edilməlidir ki, ailə qanunvericiliyinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.

32. Kollegiya hesab edir ki, tərəflərin övladlarının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən tutulan alimentin miqdarının artırılaraq hər uşaq üçün 150 manat sabit pul məbləğində müəyyən edilməsi işin hallarına uyğundur.

33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.3, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(003)-1194/2024 nömrəli qətnaməsi alimentin miqdarı hissəsində dəyişdirilsin. xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh tutulmalı olan alimentin məbləği hər ay hər uşağa görə 150 manat məbləğində müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

HAKİMLƏR

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar