Məhkəmə qərarları › İş №2(103)-3304/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3304/2020

02.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3304/2020 02.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “bərpa olunmayan kredit xətti müqaviləsi üzrə pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2299/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindənverilmiş apellyasiyaşikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “bərpa olunmayan kredit xətti müqaviləsi üzrə pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı X6 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 127078-115795 saylı kredit müqaviləsinə əsasən 20.05.20l9-cu il tarixə Banka borclu olduğu 12782 manat məbləğində əsas borc, 2404,78 manat məbləğində faiz borcu, 68,60 manat məbləğində cərimə üzrə borcu, ümumilikdə isə 15255,38 manat pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı X4 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2299/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş,”İddiaçı” X6 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 127078-1-15795 saylı kredit müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixə Banka borclu olduğu 12782 manat məbləğində əsas borc, 2404,78 manat məbləğində faiz borcu, 68,60 manat məbləğində cərimə üzrə borc, ümumilikdə 15255,38 manat pul məbləği və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq ”İddiaçı” X5 ödənilməsi qət edilmişdir.. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, borcun hissə-hissə ödənilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun maddi durumu qəfil olaraq pisləşdiyinə görə kredit borcunu tam ödəyə bilməmişdir. Çünki, qeyd edilən çətinlik müvəqqəti xarakter daşıyır. Lakin kredit müqaviləsi üzrə yaranmış faizlərin, cərimə pulunun silinməsi onun həmin müqavilədən irəli gələn öhdəliklərini icra etməyə imkan yaradar. Bu səbəbdən də hesab edir ki, iddiaçıya olan borcunun hər ay hissə-hissə ödənilməklə möhlət verilməsi daha ədalətli qərar ola bilərdi. Məhkəmə zamanı ekspertiza keçirilməsini və bankın ondan tələb edilən faizin, əsas məbləğin düzgün hesablanmasını tələb edəcək. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellya-siya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 127078-CNS-5801 nömrəli kredit müqaviləsi ilə bank tərəfindən Cavabdeh 36 ay müddətinə, illik 20 faiz ödəmək şərti ilə 14000 ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 127078-1-15795 nömrəli nağd pul kredit müqaviləsi ilə bank tərəfindən Cavabdeh 56 ay müddətinə, illik 20 faiz ödəmək şərti ilə 12318 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh 56 ay ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür.İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 127078-1-15795 nömrəli kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə 1 saylı razılaşmadan görünür ki, Cavabdeh xx.xx.2015-ci il tarixinə mövcud olan borcu AzərbaycanRespublikasının Mərkəzi Bankının məzənnəsi ilə konvertasiya edilərək 12782 manat məbləğində borcu illik 25 faiz hesablanması şərti ilə 60 ay müddətinə uzadılmışdır. İşdən göründüyü kimi, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliklərə görə iddiaçı olan Bank öhdəliyi yerinə yetirərək, kredit müqaviləsində göstərilən pul məbləğini cavabdehə vermiş, bunun nəticəsində bankın borcludan müqavilə üzrə müəyyənləşdirilmiş öhdəlikləri tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Cavabdeh müqavilə üzrə öhdəlikləri yerinə yetirməməsinə görə cavabdehin bank qarşısında müqavilədən irəli gələn öhdəliyi icra etmək üzrə mülki hüquqi məsuliyyəti yaranmış, lakin öhdəlik icra edilməməsinə görə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Borcalan müqavilə üzrə öz öhdəliklərini icra etmədikdə və həmin öhdəlikləri müqavilədə müəyyən edilmiş müddətdə icra etmədikdə kredit verənin bu müqaviləni vaxtından əvvəl ləğv etmək, kredit borcunu, faizləri, penyanı, vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək, tələb icra olunmadıqda isə tələbi ipotekaya qoyulmuş əmlaka yönəltmək hüququ vardır. İlk əvvəl iddia tələbinin kredit və faiz borcunun tutulması hissəsi ilə bağlı qətnaməyə hüquqi qiymət verən məhkəmə kollegiyası bildirir ki, mülki qanunvericiliyə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Müqavilədən irəli gələn öhdəliklərindən biri də borc (kredit) müqaviləsidir və həmin müqaviləyə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc faizlə də verilə bilər. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür və bu zaman borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən aparılmış araşdırma zamanı İddiaçı ASC-nin maliyyə arayışına əsasən Cavabdeh ilə "İddiaçı” ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli Nağd pul krediti müqaviləyə əsasən xx.xx.2019-cu il tarixənə İddiaçı ASC-yə 12782 manat məbləğində əsas, 2404,78 manat məbləğində faiz, 68,60 manat məbləğində cərimə olmaqla, cəmi 15255,38 manat məbləğində borcu müəyyən edilir. Cavabdeh məhkəməyə qeyd olunan maliyyə arayışının mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən hər-hansı dəlil təqdim etməmiş, əksinə birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixdə keçirilən məhkəmə iclasında izahat verərək, qeyd olunan borcu etiraf etmişdir. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi əsas və faiz borcunu müəyyən edərkən düzgün nəticəyə gəlmişdir. İddianın cərimə borcu ilə məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi qeyd olunan hissədə əsaslı olmuşdur. Belə ki, cərimənin (dəbbə pulu) ödənilməsi tələbinin hüquqi əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Müqavilələrin şərtinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin cərimə borcunun tutulması hissəsində düzgün nəticəyə gəlmişdir. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, cavabdeh birinci instansiya məhkəməsində iştirak edərək, özünü mülki-prosessual hüquqlarından istifadə etsə də, məhkəməmühasibatlıq ekspertizasının təyin edilməsinə dair hər hansı vəsatət təqdim etməmişdir. Habuki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 371-ci maddəsinə əsasən, yeni sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Belə olan halda apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsinə əsas ola bilməz. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3cü maddələri). Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmiş və bu səbəbdən də, iddiaçı tərəfin dəlilləri əsaslı sayıla bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPMnin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2299/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən imza: Hakimlər imzalar: Əsli ilə düzdür: Hakim: Xumar Mərdanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar