Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3304/2022 30.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlunun sədrliyi və məruzəsilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun tanınması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli 2(005)-3095/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti üzrə apelyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq M ü ə y y ə n e t d i: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli 2(005)- 3095/2021 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Hazırda qətnamədən iddiaçı tərəfindən apelyasiya şikayəti verilmişdir. İş materiallarından görünür ki, qətnamənin surəti məhkəmənin 02.12.2021-ci il tarixli məktubu ilə iddiaçının ünvanı üzrə göndərilmiş, 13.12.2021-ci il tarixdə poçt xəbərnaməsinə imza edilməklə qəbul edilmişdir. İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27.01.2022-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır. Daha sonra iddiaçı 11.02.2022-ci il tarixdə Elektron Məhkəmə sistemində yaradılmış elektron kabinet vasitəsi ilə apelyasiya şikayəti vermişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya qeyrimümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 360-cı maddəsinə əsasən, apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. MPM-in 130.3-cü maddəsinə əsasən, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. İşdən görünür ki, iddiaçı həmin qətnamədən apelyasiya şikayətini 09.01.2022-ci il tarixdə (birinci dəfə) vermiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27.01.2022-ci il tarixli qərardadı ilə apelyasiya şikayəti geri qaytarılmış, apelyator tərəfindən 11.02.2022-ci il tarixdə növbəti dəfə elektron kabinet vasitəsilə apelyasiya şikayəti verilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən qətnamədən ikinci dəfə apelyasiya şikayəti verilərkən qanunla müəyyən edilmiş bir aylıq müddət ötürülmüş, lakin həmin müddətin bərpasına dair ərizə təqdim olunmamışdır. Kolllegiya vurğulayır ki, məhkəmə qətnaməsindən apelyasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş 1 aylıq prossesual müddətin axımı həmin qətnamədən verilmiş şikayətin hər hansı səbəbdən (müddət istisna olmaqla) geri qaytarıldığı halda da davam edir. Başqa sözlə, 1 aylıq prosessual müddət mülki prosessual qanunvericiliklə müəyyən edilmiş tələblərə tam şəkildə cavab verən apelyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuşdur. Ona görə də, iddiaçı tərəfindən apelyasiya şikayəti qanunvericilikdə müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən və ötürülmüş müddətin bərpası məsələsi həll edilmədiyindən, şikayət üzrə apelyasiya mümkün sayıla bilməz. MPM-in 363.1.3-cü maddəsinə əsasən apelyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Göründüyü kimi, iddiaçı qətnamədən apelyasiya şikayəti vermək üçün prosessual müddəti ötürdüyü halda, birinci instansiya məhkəməsi həmin xüsusatı yoxlamadan, şikayəti iş materialları ilə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apelyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apelyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366, 402, 405-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli 2(005)- 3095/2021 saylı qətnaməsindən verilmiş apelyasiya şikayəti üzrə apelyasiya qeyrimümkün hesab edilsin və apelyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3304/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3304/2022
30.03.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver