Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3305/2022 18.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, Cavabdeh nümayəndəsi eyni zamanda vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 256/2022 saylı, 21 fevral 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində iddiaçıya dəymiş 8660 manat məbləğində maddi zərərin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehə aid edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 16 iyun 2021-ci il tarixdə Cavabdeh idarə etdiyi “Mercedes Benz C200” minik markalı, **-DU-*** dövlət qeydiyyat nişanlı avtomaşınla “Yol hərəkəti haqqında” AR Qanununun tələbini pozaraq, iddiaçının idarə etdiyi “Mercedes Benz S500” minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşaraq iddiaçıya maddi zərər vurmuşdur. Faktla əlaqədar olaraq 16 iyun 2021-ci il tarixli protokol tərtib olunmuşdur. Həmin protokol əsasında 17 iyun 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, Cavabdeh İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Hadisə zamanı iddiaçıya məxsus olan “Mercedes Benz S500” minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomaşına 13.660 manat məbləğində zərər dəymişdir. Həmin zərərin 5000 manatı sığorta tərəfindən iddiaçıya ödənilmişdir. İddiaçı qalan məbləği, yəni 8660 manat pulu cavabdehdən tələb etsə də, o, hər hansı ödəniş etməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-256/2022 saylı, 21 fevral 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh vurulmuş maddi zərərin əvəzi kimi 5.954 (beş min doqquz yüz əlli dörd) manat pul vəsaitinin və 20 (iyirmi) manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, qalan 10 (on) manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manatın 69 (altmış doqquz) manatı Cavabdeh, qalan 31 (otuz bir) manatı isə İddiaçı alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi nəticəsində zərərin məbləği 7900 AZN müəyyən edilmişdir. Yəni, məhkəmə tərəfindən təyin edilən ekspertizanın nəticəsində müəyyən edilmiş zərərin məbləği ilə sığortaçının qiymətləndirməsi ilə müəyyən edilən zərərin məbləği arasında 3054 AZN-lik fərq mövcuddur. İlk məhkəmə iclasında iştirak zamanı sığortaçının qiymətləndirməsinin məbləği barədə məhkəməyə məlumat versə də, işə baxılmasının sonrakı mərhələsində iştirak edə bilmədiyindən təkrar ekspertizanın təyin edilməsi barədə vəsatət verə bilməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi eyni zamanda vəkili Vəkil2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, təkrar ekspertiza keçirilməsi barədə vəsatət verməklə izahatında əlavə olaraq bildirdi ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus avtomobilin foto şəkillərindən görünür ki, avtomobilə birinci instansiya məhkəməsinin müəyyən etdiyi məbləğdə ziyan dəyməmişdir. müəyyən edilmişhəmin məbləğ işin faktiki hallarını əks etdirmir, belə ki həmin məbləğ şişirdilmişdir. Avtomobilin sığortaçı tərəfindən qiymətləndirilməsi zamanı isə 7900 manat müəyyən edilmişdir. Göründüyü kimi həmin məbləğlə birinci instansiya məhkəməsinin müəyyən etdiyi məbləğ arasında ziddiyyət mövcuddur. Hesab edir ki, iş üzrə ekspertiza təyin edilməlidir. İşə baxılmasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəməyə gəlməmiş, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın qismən təmin olunması ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni iddiaçı mübahisələndirməmiş, cavabdeh isə şikayətində qətnamənin ləğv edilməsini xahiş etsə də, şikayətin məzmunundan onun qətnaməni iddianın qismən təmin olunan hissəsində mübahisələndirdiyi aydın olur. Başqa sözlə, iddia tələbinin təmin olunmayan hissəsi apellyasiya baxışının predmeti deyildir. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd olunan kontekstdə izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin faktiki halları ilə müəyyən edilmişdir ki, 16 iyun 2021-ci il tarixdə Cavabdeh etibarnamə əsasında idarə etdiyi “Mercedes Benz C200” minik markalı, **-DU-*** dövlət qeydiyyat nişanlı avtomaşınla İddiaçı idarə etdiyi “Mercedes Benz S500” minik markalı, **-PB- *** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşaraq iddiaçıya maddi zərər vurmuşdur. 17 iyun 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, Cavabdeh İXM-nin 327.1ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Carpoint Autoservice tərəfindən verilmiş 25 iyun 2021-ci il tarixli akta əsasən, “Mercedes Benz S500” minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilə 13.660 manat məbləğində ziyan dəymişdir. Birinci instansiya məhkəməsi baxışı zamanı keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 06 yanvar 2022-ci il tarixli 9/8259 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, “Carpoint” avtoservisin 25 iyun 2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən, avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı “Mercedes Benz S500” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə 10.954 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi də həmin rəyi əsas götürərək, iddia tələbini qismən - 10.954 manat hissəsində təmin etmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə görə isə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq hazırkı iş üzrə yüksək təhlükə mənbəyi olan “Mercedes Benz C200” minik markalı, **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobilin vurduğu zərərin əvəzini ödəmək vəzifəsini həmin avtomobili idarə etmiş və yol-nəqliyyat hadisəsinə görə təqsirli olduğu qanuni qüvvədə olan inzibati xəta haqqında qərarla sübuta yetirilən Cavabdeh üzərinə qoymuşdur və onun özü də, təqsirli olması ilə bağlı məsələni deyil, əsasən vurulmuş maddi zərərin məbləği ilə bağlı məsələni mübahisələndirməkdədir. Bununla belə kollegiyanın qənaətinə görə cavabdeh, iddiaçıya vurduğu ziyanın daha az olması, barədə irəli sürdüyü arqumentlərini əsaslı göstərəcək heç bir sübut təqdim etməmiş, irəli sürdüyü mülahizənin mümkün vasitələrlə yoxlanılması üçün təşəbbüs göstərməmişdir. Həmçinin cavabdeh baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi nəticəsində zərərin məbləği 7900 AZN müəyyən edildiyini qeyd etsə də həmin qiymətləndirmənin nəticələri barədə mötəbər sübutlar təqdim etməmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi baxışı zamanı cavabdeh məhkəmə iclasında iştirak etmiş, iş üzrə ekspertiza təyin edilməsini xahiş etmiş və məhkəmə tərəfindən də iş üzrə ekspertiza təyin edilməklə iddiaçıya məxsus avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə zərərin müəyyən edilməsi sualı qoyulmuş və bu barədə də ekspert tərəfindən rəy təqdim edilmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı və apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-256/2022 saylı, 21 fevral 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-3305/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3305/2022
18.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver