Məhkəmə qərarları › İş №2(103)-3307/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3307/2024

15.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3307/2024 15.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Cəfərli Pəri İlham qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-360/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2(003)-3881/2023 saylı qərardadı ilə iş üzrə iddia icraatına keçid edilmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçıdan illik 28% ödəmək şərti ilə 60 ay müddətinə 2370,96 manat kredit götürmüşdür. Cavabdeh müqavilənin şərtlərini pozaraq kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. xx.xx.2023-cü il tarixinə cavabdehin əsas borc üzrə 2370,96 manat, faiz borcu üzrə 488,83 manat və cəriməyə görə 66,38 manat borcu mövcuddur. Ona görə də cavabdehdən iddiaçının xeyrinə xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 2370,96 manat, faiz borcu üzrə 488,83 manat, cəriməyə görə 66,38 manat, habelə ödənilmiş dövlət rüsumuna görə 49,73 manatın tutulmasına dair qətnamə çıxarılması xahiş olunur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-360/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Tural Məmmədov) iddia qismən təmin olunaraq, Cavabdeh əsas borca görə 2370,96 manat, faiz borcuna görə 262,76 manat, cəriməyə görə 8,16 manat və ödənilmiş dövlət rüsumuna görə 49,73 manat məbləğində pulun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması, iddia ərizəsinin qalan hissədə təmin olunmaması qət olunmuşdur. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verimiş, qətnamənin ləğv olunaraq iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti – qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, yalnız iddiaçı tərəfin təqdim etdiyi sübutlara istinad olunması, xx.xx.2021-ci il tarixli kredit müqviləsi üzrə ona cəmi 981 manat pul köçürülməsi, tərəfindən isə gecikmələrlə birlikdə 1800 manat pul ödənilməsi, banka heç bir borcunun qalmaması, ekspertizanın təyin olunmaması, iş üzrə hərtərfli və obyektiv araşdırmanın aparılmaması, sübutlara obyektiv hüquqi qiymət verilməməsi, nəticədə hüquqlarının pozulması və s. kimi əsaslandırılmışdır. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətdə göstərilənlərə uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, iddia qismən təmin olunmuş, iddiaçı qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinə əsasən iddianın təmin olunmayan hissəsində yoxlayır. («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, qətnamə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan borcverən "xxxx" ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 1227sMDKb/21 saylı kredit xətti müqaviləsindən görünür ki, bank müştəriyə SMS bildirişdə qeyd olunan müddətdə, illik faiz dərəcəsində 10000 manatadək məbləğdə kredit limiti ayırır, ona bank hesabı (cari, kredit) açır və ödəniş kartı təqdim edir. İşdə olan kredit xətti müqaviləsinin 2.10-cu bəndindən görünür ki, borcludan gecikdirilən hər təqvim günü üçün əsas borc məbləğinin illik 40 faizi miqdarında cərimə tələb edilə bilər. İşdə olan "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, borcalan Cavabdeh 1227sMDKb/21 saylı kredit müqaviləsi üzrə əsas borca görə 2370,96 manat, faiz borcu üzrə 745,98 manat və cəriməyə görə 269,46 manat olmaqla cəmi 3386,40 manat borcu vardır. İşdə olan "xxxx" ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, bank borcalana banka olan bütün borc məbləğini tam olaraq 3 iş günü ərzində ödəməyi və bağlanmış müqaviləyə xitam verməyi təklif etmiş, müqavilə üzrə borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Göründüyü kimi, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli 1227sMDKb/21 saylı kredit xətti müqaviləsinə əsasən, bank cavabdehə SMS bildirişdə qeyd olunan müddətdə, illik faiz dərəcəsində 10000 manatadək məbləğdə kredit limiti ayırmağı, ona bank hesabı (cari, kredit) açmağı və ödəniş kartı təqdim etməyi öhdəsinə götürmüşdür. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçıya xx.xx.2021-ci il tarixli 1227sMDKb/21 saylı kredit müqaviləsi bağlanmış, iddiaçı xx.xx.2023-cü il tarixli bildirişlə müqavilənin ləğv edilməsi üçün məhkəmədən kənar qaydada birtərəfli iradə ifadəsini göstərmişdir. Bu səbəbdən də, iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə birtərəfli qaydada ləğv edilmiş hesab edilməli və həmin tarixədək yaranmış olan öhdəliklərin icrasını tələb etmək hüququ tanınmalıdır. Ona görə də, cavabdeh qeyd olunan kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etmədiyindən iddiaçıya əsas borca görə 2370,96 manat, faiz borcu üzrə 262,76 manat və cəriməyə görə 8,16 manat olmaqla cəmi 2641,88 manat borcu yaranmışdır. Cavabdeh apellyasiya şikayətində kredit müqaviləsi üzrə borcun düzgün hesablanmamasını, onun hesabına müqavilədə qeyd olunan məbləğdən yalnız cəmi 981 manat pul köçürülməsi, ödənişlərin nəzərə alınmamasını və s. göstərmişdir. İşdə olan hesab üzrə çıxarışda da 15 noyabr 2021-ci il tarixdə cavabdehə xx.xx.2021-ci il tarixli 1227sMDKb/21 saylı kredit müqaviləsinə əsasən 981,44 manat kredit təqdim olunması qeyd olunmuşdur. Lakin sonradan cavabdehə kredit xətti müqaviləsi üzrə əlavə tranşların ayrılması da istisna olunmur. Belə olan halda isə, qeyd edilən xüsusatların ekspertiza vasitəsilə aydınlaşdırılmasına zərurət yaranmışdır. Qeyd olunanları nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3307/2024 nömrəli qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin olunmuş, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/5391 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx.xx.2021-ci il tarixli, 1227sMDKb/21 saylı kredit müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh banka olan borcu xx.xx.2023-cü il tarixə əsas borc üzrə 2564,56 manat, faiz borcu üzrə 286,50 manat, xx.xx.2023-cü il tarixə isə əsas borc üzrə 2564,56 manat, faiz borcu üzrə 533,83 manat manat kimi müəyyən olunmuşdur. Həmçinin, həmin rəyin əsaslandırma hissəsindən görünür ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 1227sMDKb/21 saylı kredit xətti limiti çərçivəsində xx.xx.2024-cü il tarixədək müddətinə aylıq faiz dərəcəsi 28 faiz olmaqla müqavilə rəsmiləşdirilmişdir. Bununla bağlı, cavabdehə xx.xx.2021-ci il tarixində sms bildiriş (c.i.v-9) göndərilmişdir. Həmin kredit müqaviləsi üzrə iş materiallarında olan hesabdan çıxarış (c.i.v-20) məlumatlarına əsasən cavabdehə ilkin olaraq 981,00 manat məbləğində kredit verilmişdir. Bununla yanaşı, həmin kredit xətti müqaviləsində qeyd olunan şərtlər əsas götürülməklə cavabdeh 2652,06 manat məbləğində kreditdən istifadə etmiş, 1576,54 manat məbləğində isə ödəniş həyata keçirmişdir. Ödənilmiş 1576,54 manat pul vsəaitinin 1068,50 manat hissəsi əsas borca, 508,04 manat hissəsi isə faiz borclarına silinmişdir. Göründüyü kimi, cavabdeh kredit xətti müqaviləsi üzrə ilkin olaraq 981 manat məbləğində pul vəsaitindən istifadə etmiş, lakin sonradan da əlavə pul vəsaitlərindən istifadə edərək, nəticədə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, xx.xx.2023-cü il tarixə əsas borc üzrə 2564,56 manat, faiz borcu üzrə 286,50 manat borcu qalmışdır (işdən görünür ki, birinci instansiya məhkəməsi iddianı faiz hissədə daha az məbləğdə təmin etmişdir). Belə olan halda iddiaçının ona yalnız 981 manat məbləğində kredit verilməsi barədə dəlilləri əsassız olmaqla, işdə olan sübutlarla müəyyən edilmir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Eləcə də, cavabdehin izahatı (bildirdikləri) özü-özlüyündə yetərli və mötəbər sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Tərəflər arasında mübahisəli hüquq münasibətlərinin yaranması zamanı qüvvədə olmuş, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 739-cu maddəsinin tələbinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-nin 445.4-cü maddəsinə görə, icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. Qeyd edilməlidir ki, Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. MM-nin 16.1-ci maddəsində isə müəyyən edilmişdir ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. MM-nin 560.1 və 560.2-ci maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Məhkəmə kollegiyası, həmçinin qeyd etməyi zəruri hesab edir ki, müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir («Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixi Qərarı). «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin yoxlanılan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Bu səbəbdən də apellyasiya şikayəti təmin edilməməli, qətnamə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin, məhkəmə xərclərinə də hüquqi qiymət verərək, qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı ümumilikdə 100 manat ekspertiza xərci (məhkəmə xərci) mövcud olmuşdur ki, həmin məhkəmə xərci də cavabdehə aid edilməlidir. MPM-in 402-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. İşdən görünür ki, mübahisələndirilən hissədə iddianın qiyməti beş min manatdan azdır (2641,88 manat), bu səbəbdən də qətnamədən kassasiya şikayəti verilə bilməz Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-360/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-360/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi apellyasiya şikayətinə əsasən yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Məhkəmə xərci Cavabdeh aid edilsin. Cavabdehdən apellyasiya icraatı zamanı aparılmış ekspertiza tədqiqatlarının ümumi dəyəri olan 100 (bir yüz) manat tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə (ekspertiza xərclərinə dair bildirişlərə əsasən xərcin keçiriləcəyi hesab – X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamə çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar