Məhkəmə qərarları › İş №2(103)-3307/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3307/2025

11.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3307/2025 11.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində "xxxx" ASC işə cəlb edilməklə) Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: maddi ziyanın ödənilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı, Cavabdeh qızının, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-83/2025 nömrəli iş üzrə xx.xx.2025ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarında olan daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2013-cü il tarixli, ********** saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 68 saylı evin 49 saylı mənzili xüsusi mülkiyyət hüququ ilə X3 adına qeydiyyata alınmışdır.

2. İş materiallarında olan Yasamal rayon 24 saylı MKİS-nin mühəndəsi M.Paşayev, sahə nəzarətçisi Q.Kərimov və çilingər Z.Əliyevin iştirakı ilə tərtib olunmuş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, xx.xx.2024-cü il tarixdə axşam saatlarında Cavabdeh məxsus H.ünvan 1 ünvanında istilik xəttində qəza nəticəsində aşağı mərtəbədə yerləşən X4 məxsus H.ünvan 2 ünvanına ziyan dəymişdir.

3. İş materiallarında olan ”Baku Abadlıq Xidməti” MMC-nin Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 2-un yuxarı mərtəbəsindən su basmasından sonra təmirbərpa işlərinə hesablanmış Smetasından görünür ki, təmir-bərpa işlərinin dəyəri 6 414,94 manat məbləğində müəyyən olunmuşdur.

4. İş materiallarında olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1979-cu ildə Abşeron rayonu,Xırdalan şəhərində anadan olmuş, Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 3 ünvanında qeydiyyatdadır.

5. İş materiallarında olan məhkəmə tikinti-texniki ekspertizası üzrə AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin 10/7474 saylı, xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan mənzillərin yerləşmə planı, yəni iddiaçıya məxsus 49 saylı mənzilin binanın 2-ci mərtəbəsində, cavabdehə məxsus 57 saylı mənzilin isə binanın 6-cı mərtəbəsində yerləşdiyini, 49 saylı mənzilin tikililərinin konstruktiv elementlərində (divar, tavan və s) qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya aid olduğunu, həmçinin mülki iş materiallarının məlumatlarını nəzərə alaraq, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospektində yerləşən 68 saylı evin 49 saylı mənzilinə həmin mənzildən su axıdıldığı və nəticədə 49 saylı mənzilin tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospektində yerləşən 68 saylı evin 49 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 4213,0 manat məbləğində müəyyən olunmuşdur.

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində "xxxx" ASC işə cəlb edilməklə) Cavabdeh qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, cavabdehdən mənzilinə dəymiş ziyana görə 5000 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 68 saylı evin 49 saylı mənzili daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX ******* saylı, xx.xx.2013-cü il tarixli çıxarışa əsasən onun xüsusi mülkiyyətindədir. 01 mart 2024-cü il tarixində onun mənzilini dörd mərtəbə yuxarıda yerləşən mənzildən suyun axması nəticəsində su basmışdır. Axşam saat 20:50-də yaşadığı mənzilin qonaq otağında otağın küncündən su axını getdikcə güclənərək axmağa başladı. Bu barədə dərhal yuxarı qonşulara məlumat verdi, amma məlum oldu ki, onlarda da vəziyyət eynidir. Məlum olub ki, su sızması 6-cı mərtəbədəki 57 saylı mənzildən gəlirmiş. Mənzil bir müddət kirayə verilirdi, daha sonra ev sahibi özü orada yaşayıb və həmin an evdə heç kim olmadığından, düz 5 saat ərzində mənzil sahibini tapmaq mümkün olmayıb. Nəticədə qonaq otağına, ona bitişik eyvana, dəhlizə və mətbəxə, həmçinin yataq otağının bir hissəsinə su sızıb. Mənzilin divar kağızları, alçipan və laminat döşəmə zədələnib, xalçalar və yumşaq mebelləri çirklənib. Onun mənzilindən yuxarıda 57 saylı mənzildə Cavabdeh yaşayır. Baş verənlərin səbəbi qonşunun mənzilində istismar müddətinin bitməsi və va düzgün istifadə edilməməsi və ya mənzildə yaşayan şəxslərin hərəkətləri nəticəsində partlayan istilik borusudur. Cavabdehin təqsiri üzündən ona məxsus əmlaka dəymiş ziyanla və baş vermiş nəticələrlə onun hərəkətləri (hərəkətsizliyi) arasında bağlılığın mövcudluğu Yasamal rayon 24 saylı MKİS tərəfindən tərtib olunmuş yoxlama aktla təsdiq olunur. Cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində onun mənzili yararsız vəziyyətə düşmüşdür, yəni divar kağızları şişib soyulub, qonaq otağında altındakı məcun şişib, alçipan tavan qaralıb və ləkə ilə örtülüb, spot işıqlandırma lampaları yanmışdır, laminat döşəmə şişib, radiatorlar üçün hazırlanmış dekorativ şkaflar zədələnib, mətbəx mebelinin üstü və yanları şişmişdir və s. Cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mənzilində "xxxx" MMC (təmirçi təşkilatın adı) tərəfindən tərtib etdiyi smetaya əsasən təmir dəyəri 6 414.94 manat təşkil edən bərpa təmir işləri aparılması tələb olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə əsasən cavabdeh onun əmlakına vurduğu ziyanın əvəzini tam həcimdə ödəməyə borcludur. Yuxarıda göstərilənlərə əsasən, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 68 saylı evin 49 saylı mənzilinə dəymiş ziyanla bağlı mənzilinin bərpası üçün cəmi 5 000 (beş min) manat pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-83/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Mədinə Bağırova) iddianın qismən təmin edilməsi, Cavabdeh 4213 (dörd min iki yüz on üç) manat maddi ziyanın tutularaq İddiaçı ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat Cavabdeh tutularaq AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “C.İsmayılzadənin şikayəti üzrə” 13 fevral 2007-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2., 77.1, 88, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticə ilə razı deyil. Belə ki, əvvəla ekspertiza rəyində təmir xərcləri şişirdilmişdir. Ona görə də məhkəmə iclasında ekspertiza rəyi ilə razılaşmadığından təkrar tikinti-texniki ekspertizanın təyin edilməsi barədə vəsatət vermişdir. Amma vəsatət təmin edilməmişdir. Bildirir ki, ona məxsus mənzildə istilik xəttinin partlaması nəticəsində iddiaçının evinə su axmışdır. İstilik sisteminin partlamasına və xəttin nasaz olmasına cavabdeh deyil, "xxxx" ASC məsuliyət daşıyır, buna görə hər ay ödəniş edir. Onlar tərəfindən istilik xəttləri yoxlanılmalı və nasazlıq müəyyən edilsə aradan qaldırılmalı idi. İddiaçının mənzilinə suyun axıdılmasına "xxxx" ASC məsuliyyət daşıyır. Dəyən ziyanın məbləği də ondan deyil, həmin ASC-dən tutulmalı idi. MPM-nin 14.2-ci maddəsində göstərildiyi kimi tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli olduğu halda, məhkəmə bunları etməmişdir. MPM-nin sübutlara aid edilən 76,77.1,88,97-ci maddələrinin tələblərini pozmuşdur. Məhkəmə 4213 manat pulun tutulmasına dair qətnamə qəbul etsə də, işin faktiki hallarını tam araşdırmamışdır. Belə ki,ekspertiza rəyində iddiaçının mənzilinə dəyən ziyan 4213 manat müəyyən edilsə də, həmin məbləğlə razı deyil. Həmin rəy ilə razılaşmayaraq təkrar ekspertiza təyin edilməsi barədə vəsatətlə məhkəməyə müraciət edilsə də məhkəmə iş üzrə təkrar ekspertiza təyin etməmişdir. Nəticədə obyektiv olmayan qərar qəbul edilmişdir. Belə ki, ilkin ekspertiza rəyində iddiaçının mənzilinə dəyən ziyan su axması nəticəsində baş verməsini müəyyən etsə də həmin suyun hansı səbəbdən axıdılması və buna səbəb olan amillər araşdırılmamışdır. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar tam aydınlaşdırılmamışdır. İddiaçının tələb etdiyi məbləğdə onun evinə ziyan dəyməmiş və həmin rəqəmlər şişirdilmişdir. Bu səbəbdən də məhkəmənin iddiçıya həmin məbləğdə pulun tutulması barədə gəldiyi nəticə tamamilə əsassızdır. Məhkəmə işə baxarkən maddi vəziyyətini, eyni zamanda hadisənin baş vermə səbəbini və ziyana səbəb olmuş tərəfin təqsirini tam aydınlaşdırmamışdır. Sübut etmək vəzifəsi iddiaçının üzərinə düşdüyünə görə hər hansı bir sübut təqdim etməyə ehtiyacı olmadığını bildirir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Proses iştirakçılarının izahatı

13. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

14. Məhkəmə iclasında iştirak İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

15. 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

16. 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

17. 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

18. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

21. Maddi 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

22. Maddi 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

23. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

24. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

27. Hazırki halda cavabdeh qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etsə də, qətnamə yalnız apellyasiya şikayəti həddində, iddia tələbinin təmin edilən hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-83/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

29. Kollegiya ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

30. Qanunvericiliyin tələblərinə əsasən, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olmasıdır. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər.

31. İşin halları ilə müəyyən olunur ki, 01 mart 2024- cü il tarixində iddiaçının 49 saylı mənzilini dörd mərtəbə yuxarıda yerləşən cavabdehə məxsus 57 saylı mənzildən suyun axması nəticəsində su basmışdır. Baş verənlərin səbəbi cavabdehə məxsus 57 saylı mənzildə istilik borusunun partlaması olmuşdur. Su axma nəticəsində iddiaçıya maddi ziyan dəymişdir.

32. İş üzrə təyin edilmiş məhkəmə-tikinti ekspertizası üzrə AR ƏN Məhkəmə Ekspertiza Mərkəzinin 17 yanvar 2025-ci il tarixli, 3-16-16/2-10/7474 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospektində yerləşən 68 saylı evin 49 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 4213,0 manat məbləğində müəyyən olunur.

33. Kollegiya hesab edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspertiza rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

34. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospektində yerləşən 68 saylı evin 49 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir işlərinin orta bazara qiymətlərinə uyğun dəyəri təqribən 4213,0 manat Cavabdeh tutularaq İddiaçı ödənilməlidir.

35. Kollegiya apellyasiya şikayətinin dəlilinə münasibətdə hesab edir ki, su sızması nəticəsində yaranan qüsurların səbəb olduğu ziyanın əvəzini ödəmək vəzifəsi həmin mənbə üzərində nəzarət imkanı yüksək olan cavabdehin üzərinə qoyulmalı, vurulmuş zərərə görə məhz o, məsuliyyət daşımalıdır. Eyni zamanda cavabdeh apellyasiya şikayətinin əsaslarını təşkil edən dəlillər ilə bağlı və ekspertiza rəyini təkzib edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

36. Məhkəmə kollegiyası qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.

37. AR MPM-in 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli və hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Kollegiya apellyasiya şikayətinin dəlillərinə ümumilikdə qiymət verərək qeyd edir ki, apellyasiya şikayətində göstərilənlər işin halları ilə təkzib olunduğundan apellyasiya şikayəti təmin edilə və birinci instansiya məhkəməsənin qanuni və əsaslı qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

39. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

41. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir.

42. Beləliklə, kollegiya bildirir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-83/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

43. Məhkəmə kollegiyası həmçinin izah edir ki, cavabdehin apellyasiya şikayəti ilə mübahisələndirdiyi hissə 5000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-83/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar