Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-331/2023 12.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin Cavabdeh qarşı “tikilinin sökülməsi və sair tələbləri barədə” ilk iddiasına, cavabdehin iddiaçıya qarşı “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbi barədə” qarşılıqlı iddiasına dair iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X3 və Talışınski Fuad Şəmsəddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 04 noyabr 2019-cu il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının vəkili X1, iddiaçının qanuni təmsilçisi X2, habelə cavabdehin özünün və onun nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İ. BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT a) ilk iddia barədə məlumat
1. İddiaçı Şirkətin qanunu təmsilçisi Şirkətin adından cavabdehə qarşı iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət edərək, Şirkətlə cavabdehin paylı mülkiyyətdə olan və Bakı şəhəri, Asəf Zeynallı küçəsi, ev 14/33-ün girişində yerləşən, ümumi istifadədə olan 6 kv.m sahəsi olan sanitar qovşağın və aynabəndin altında yerləşən sahənin əvvəlki qeyri-təcrid vəziyyətə gətirilərək ümumi istifadəçilərin həmin sahələrdən istifadə etmə imkanlarının təmin edilməsi, Şirkətin mülkiyyətində olan ümumi sahəsi 15 kv.m köməkçi sahələrin cavabdehin bilavasitə istifadəsindən alınaraq Şirkətə təhvil verilməsi, həmin tikilidə və həmin ünvanda yerləşən cavabdehə məxsus qeyri-yaşayış sahəsində cavabdeh tərəfindən aparılmış konstruktiv dəyişikliklərin və əsas daşıyıcı divarların cavabdehin hesabına bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılması, ümumi istifadədə olan həyətdə müvafiq razılıq olmadan quraşdırılmış avadanlıqların, qurğuların və kommunikasiyaların demontaj edilməsi və əldən çıxmış fayda kimi 10.000 manat pulun cavabdehdən tutularaq Şirkətə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, qeyd edilən ünvanda iddiaçı Şirkətin və cavabdehin mülkiyyətində olan, habelə hər iki tərəfin ümumi istifadəsində olan sahələr yerləşir. Cavabdehə həmin ünvanda məxsus 8 saylı mənzil və 14 kv.metr ölçülü qeyriyaşayış sahəsi məxsusdur. Cavabdeh evin girişində yerləşən və ümumi istifadədə olan ayaqyolunu, aynabəndini altında yerləşən ümumi sahəsi təxminən 15 kv.metr olan köməkçi sahəni və ümumi istifadədə olan həyətin bir hissəsini zəbt etmiş, ona aid olmayan sahələrdə qanunsuz olaraq təmir-tikinti işləri aparmışdır. Bu işlərin görülməsi zamanı cavabdeh, mənzilin, qeyri-yaşayış sahəsinin və ümumi istifadədə olan ayaqyolunun aparıcı divarları sökmüş, binanın konstruksiyasında təhlükəli dəyişikliklər etmiş, mərtəbə arası su və kanalizasiya xətlərini zədələmişdir. Cavabdeh tərəfindən aparılan işlər nəticəsində iddiaçı Şirkətə məxsus 8 saylı mənzilin bəzi hissələri, aynabəndin tavanı, dayaqları və atmaları deformasiyaya uğramışdır və bu gün əsaslı təmirə ehtiyacı var. Bundan başqa cavabdeh ümumi istifadədə olan sahəni zəbt edərək oranı icarəyə vermiş və oradan gəlir əldə etməkdədir. Nəticədə iddiaçı Şirkətin həmin sahədən istifadə hüquqları məhdudlaşdırılmışdır. Bu səbəbdən də həmin ümumi istifadədə olan sahədən əldə edilən gəlirlərə də iddiaçı Şirkətin payı var və cavabdehin qanunsuz əməlləri nəticəsində həmin fayda şirkətin əlindən çıxmışdır. Həmin sahənin cavabdeh tərəfindən ayda minimum 1.000 manata icarəyə verilməsi nəzərə alındıqda müəyyən edilir ki, illik icarə haqqı 12.000 manat təşkil edir. Ötən müddət ərzində isə cavabdehin Şirkətə ödəməli olduğu zərər minimum 10.000 manat təşkil edir ki, həmin məbləğ cavabdehdən iddiaçı Şirkətin xeyrinə tutulmalıdır. b) qarşılıqlı iddia barədə məlumat
3. Cavabdeh öz növbəsində iddiaçı Şirkətə qarşı qarşılıqlı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, Şirkətin üzərinə cavabdehə məxsus əmlakların üstünə çirkab suların axıdılmasının qarşısının alınması vəzifəsinin qoyulması, habelə cavabdehə vurulmuş maddi ziyanın ödənilməsi məqsədi ilə 15.000 manat, mənəvi ziyanın ödənilməsi məqsədi ilə 6.000 manat məbləğində pulun Şirkətdən tutularaq cavabdehə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, iddiaçı Şirkətin mübahisələndirdiyi və binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsi və yaşayış sahəsi cavabdehin xüsusi mülkiyyətindədir. Cavabdeh iddiaçı Şirkətə məxsus iddia olunan hər hansı qeyriyaşayış sahəsini zəbt etməmiş, onun tərəfindən ümumi istifadə qaydalarına və “İçəri şəhər” X6 Qoruğunun mühafizə zonasının xüsusi hüquqi rejimi haqqında Əsasnamənin tələblərinə zidd hər hansı təmir tikinti işlərini aparılmamış, mənzilin əsas divarı sökülməmiş, binanın əsas konstruksiyasında hər hansı formada dəyişiklik edilməmişdir. Ümumi istifadədə olan sahələrdən birgə yaşayış qaydalarına uyğun olaraq hamı kimi heç kəsin hüquqlarını pozmadan cavabdeh də istifadə edir. İddiaçı Şirkətin iddia etdiyi əldən çıxmış gəlirlə bağlı qeyd edilməlidir ki, cavabdeh, özünə məxsus qeyri-yaşayış sahəsini rəsmi olaraq icarəyə vermiş və bununla bağlı hər icarə pulu alır, həmin qeyri-yaşayış sahəsi cavabdehin mülkiyyətində olan sahə olduğundan həmin məbləğin iddiaçı Şirkətə heç bir aidiyyəti yoxdur. İddiaçı Şirkətin ayaqyolu ilə bağlı iddia tələbi də tam əsassızdır. Belə ki, həmin ayaqyolu 20 il bundan öncə “İçəri şəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun rəhbərliyinin müvafiq icazəsi ilə tikilmişdir və cavabdehə məxsusdur, habelə küçədə yaşayan sakinlərin heç biri bundan narazı qalmamışdır. İddiaçı Şirkətə məxsus sahələr binanın 2-ci mərtəbəsində yerləşən yaşayış sahəsində müxtəlif fəaliyyətlərlə məşğul olmuşdur və hazırda kirayə vermək fəaliyyəti ilə məşğul olmaqla cavabdehin üstünə çirkab sular axıdıb sonuncuya maddi və mənəvi ziyan vurmaqda davam edir. Şirkətin rəhbərliyi bunu cavabdehdən qisas almaq və tamah məqsədilə edir. Çirkab suların axıdılması nəticəsində cavabdehə davamlı olaraq hər dəfə 1.000-1.500 manat, ümumilikdə isə 150.000 manat ziyan vurulmuşdur. Buna görə də həmin məbləğ Şirkətdən cavabdehin xeyrinə tutulmalıdır. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
5. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnamə ilə ilk iddianın qismən təmin edilməsini, iddia ərizəsində qeyd edilən ünvanda yerləşən evin mülkiyyətçilərinin ümumi istifadəsində olan həyətyani sahədə ilk iddia üzrə cavabdehə məxsus qeyri-yaşayış sahəsinin mətbəx tikilisinin divarı qarşısında qoyulmuş soyuducu qurğunun həmin həyətyanı sahədən çıxarılmasını, ilkin iddia tələblərinin qalan hissədə, qarşılıqlı iddia tələbinin isə tam həcmdə təmin edilməməsini, iş üzrə tərəflərdən tikinti-texniki ekspertiza tədqiqatının xərcinə görə müştərək qaydada 100 manat məbləğində pulun dövlət nəfinə tutulmasını qət etmişdir
6. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, əvvəllər mübahisəli evin digər paylı mülkiyyətçi və sakinlərinin razılığı ilə sahəsi 6 kv.metr olan sanitar qovşağı və aynəbəndin altında yerləşən sahə yararsız, baxımsız və istifadəsiz qalan sahə kimi ilk iddia üzrə cavabdehin istifadəsinə verilməsi müəyyən edilmiş və bununla da həmin sahənin qanunsuz olaraq cavabdeh tərəfindən istifadə edilməsi barədə iddiaçı Şirkətin dəlilləri qəbul edilə bilməz. Belə ki, iddiaçı Şirkət əmlaka sonradan sahib olmuş, əvvəlki sahiblərin isə könüllü surətdə həmin sahənin cavabdehin istifadəsinə verilməsi barədə iradə ifadələri mövcud olmuşdur. Rayon Məhkəməsi ilk iddianın iddiaçının mülkiyyətində olan ümumi sahəsi 15,0 kv.m olan köməkçi sahənin də cavabdehdən alınaraq onlara təhvil verilməsi barədə hissəsi üzrə qeyd etmişdir ki, belə bir sahənin cavabdehin istifadəsində olması nə məhkəmə iclasında nə də ekspert rəyi ilə müəyyən edilməmişdir. Bundan başqa Rayon Məhkəməsi qeyd etmişdir ki, məhkəmə iclasında cavabdeh tərəfindən yalnız yüngül konstruksiyalı arakəsmələrin götürülməsi, yükdaşıyıcı divarların isə sökülməsi halı müəyyən edilmədiyindən, həmin hissədə ilk iddia tələbi əsaslı hesab edilməməlidir. Həmçinin məhkəmə iclasında müəyyən edilmişdir ki, ilk iddia üzrə cavabdeh tərəfindən ümumi istifadədə olan həyətdə soyuducu quraşdırılmış və bu, digər sakinlərin razılığı alınmadan həyata keçirilmişdir. Buna görə də, həmin soyuducu həmin yerdən çıxarılmalıdır. Rayon Məhkəməsi ilk iddianın ümumi həyətdə olan quraşdırılmış qurğuların və kommunikasiyaların demontaj edilməsi hissəsi üzrə qeyd etmişdir ki, həmin hissədə tələb əsassızdır. Belə ki, iddiaçı Şirkətin bu hissədə tələbi konkret deyil, yəni qurğuların və kommunikasiya xətlərinin nədən ibarət olması və hansı demontaj işlərinin görülməsi konkret göstərməmişdir. Digər tərəfdən bu qurğuların və kommunikasiya xətlərinin cavabdeh tərəfindən quraşdırılması ilə bağlı da məhkəməyə hər hansı sübut təqdim olunmamışdır. Həmçinin ilk iddia tələbi üzrə əldən çıxmış fayda kimi 10.000 manat pulun tutulması ilə bağlı da iddiaçı tərəfindən sübutlar məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı qarşılıqlı iddia üzrə iddiaçı (ilk iddia üzrə cavabdeh) qarşılıqlı iddia üzrə cavabdeh Şirkət tərəfindən ona maddi və mənəvi zərərin vurulmasını təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etməmişdir. Bu kimi zərərin vurulması ekspertiza tərəfindən iş üzrə verilmiş rəylə də təsdiq edilmir. Buna görə də qarşılıqlı iddia əsassız hesab edilərək, rədd edilməlidir. d) apellyasiya şikayəti barədə məlumat
7. İlk iddia üzrə iddiaçı Şirkət həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verərək qətnamənin qismən, yəni ilk iddia tələbinin bir qisminin təmin edilməməsi hissəsində ləğv edilməsini və həmin hissədə də ilk iddianın təmin edilməsini xahiş etmişdir.
8. Əsasları ilk iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, Rayon Məhkəməsi işin hallarına səhv qiymət vermiş və nəticədə ilk iddianın bir qismini əsassız olaraq təmin etməmişdir. Həmin hissədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə ziddir. Belə ki, Rayon Məhkəməsi cavabdeh tərəfindən binada təmir-bərpa söküntü, montaj-quraşdırma işləri müvafiq icazələr alınmadan aparıldığını nəzərə almamışdır. Bu cür tikinti işlərinin aparılması qanunsuzdur və cavabdehin hesabına aparılan işlər əvvəlki vəziyyətinə qaytarılmalıdır. Həmçinin Rayon Məhkəməsi mübahisəli evin sənədlərinə əsasən evin girişində sahəsi 6 kv.metr olan sanitar qovşağının və aynabəndin altında yerləşən mübahisəli tikilinin tərəflərin ümumi istifadəsində olmasına hüquqi qiymət verməmişdir. Bundan başqa iddianı əldən çıxmış faydanın tutulması hissəsində rədd edərkən Rayon Məhkəməsi cavabdehin mübahisəli sanitar qovşağının sahəsini kirayə verərək gəlir əldə etdiyini etiraf etməsini, kirayə verilən sahənin tərəflərin ümumi mülkiyyətində və istifadəsində olan 6 kv.metr olan sanitar qovşağı sahəsinin qanunsuz olaraq qatılması nəticəsində istifadə üçün yararlı vəziyyətə gətirildiyinin ekspertizası ilə müəyyən edilmiş işin mübahisəsiz halı olmasını nəzərə almamışdır.
İİ. APELLYASİYA VƏ KASSASİYA İNSTANSİYA MƏHKƏMƏLƏRİNDƏ İCRAAT e) apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
9. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2021ci il tarixli qətnamə (İş № 2(103)-233/2021) ilə apellyasiya şikayətinin təmin edilməməsini, Rayon Məhkəməsinin qətnaməsinin apelyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmasını qət etmişdir. f) kassasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
10. İddiaçı Şirkətin verdiyi kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərar (İş № 2(102)-2395/2022) ilə kassasiya şikayətinin təmin edilməsini, apellyasiya instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin ləğv edilməsini və işə apelyasiya qaydasında yenidən baxılması üçün işin Bakı Apelyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır.
İİİ. APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNDƏ YENİ İCRAAT
g) apellyasiya baxışında iştirak etmiş şəxslərin izahatları barədə məlumat
11. İşə təkrar apellyasiya qaydasında baxılarkən iddiaçı Şirkətin vəkili və Şirkətin qanuni təmsilçisi apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər və şikayətin, habelə ilk iddia ərizəsinin məzmununa uyğun izahat verdilər.
12. Apellyasiya baxışında iştirak edən cavabdeh və onun vəkili (nümayəndəsi) isə apellyasiya şikayətin dəlillərinə etiraz edərək, Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdilər və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. h) hazırki iş üzrə apellyasiya baxışının həddi barədə məlumat
13. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) bildirir ki, işə baxmış Rayon Məhkəməsi ilk iddia tələbinin bir qismini təmin, qarşılıqlı iddianı isə tam həcmdə rədd etsə də, ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) qətnamədən apellyasiya şikayəti verməmiş, qətnamənin həmin hissələrini mübahisələndirməmişdir. Qətnamədən apellyasiya şikayəti vermiş ilk iddia üzrə iddiaçı Şirkət isə Rayon Məhkəməsinin ilk iddia tələbinin bir qisminin təmin edilməməsi barədə iş üzrə gəldiyi nəticəni mübahisələndirmişdir.
14. Bunları nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
15. Odur ki, göstərilənləri və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alan Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. i) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi barədə məlumat
16. Hazırki apellyasiya baxışının həddini nəzərə alan Məhkəmə, ilk iddia üzrə iddiaçı Şirkətin apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə apellyasiya baxışının predmeti olan hissədə qismən ləğv edilməli, həmin hissədə ilk iddia qismən təmin edilməlidir.
17. Belə ki, iddiaçının təmin olunmayan ilk iddiası aşağıdakı tələblərdən ibarətdir: - iddia ərizəsində qeyd edilən ünvanın girişində yerləşən, ümumi istifadədə olan 6 kv.m sahəsi olan sanitar qovşağın və aynabəndin altında yerləşən sahənin əvvəlki qeyritəcrid vəziyyətə gətirilərək ümumi istifadəçilərin həmin sahələrdən istifadə etmə imkanlarının təmin edilməsi; - iddiaçı Şirkətin mülkiyyətində olan ümumi sahəsi 15 kv.m köməkçi sahələrin cavabdehin bilavasitə istifadəsindən alınaraq Şirkətə təhvil verilməsi; - cavabdehə məxsus yaşayış və qeyri-yaşayış sahəsində cavabdeh tərəfindən aparılmış konstruktiv dəyişikliklərin və əsas daşıyıcı divarların cavabdehin hesabına bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılması; - ümumi istifadədə olan həyətdə müvafiq razılıq olmadan quraşdırılmış avadanlıqların, qurğuların və kommunikasiyaların demontaj edilməsi; - əldən çıxmış fayda kimi 10.000 manat pulun cavabdehdən tutularaq Şirkətə ödənilməsi.
18. İşdə olan sənədlərdən görünür ki, yuxarıda qeyd edilən ünvanda yerləşən 14/33 saylı evin iş üzrə tərəflərin paylı mülkiyyətində olan 8 saylı mənzilinin 1 yaşayış otağı (sahəsi 13,0 kv.m, texniki pasport üzrə 11 saylı) xx.xx.2001-ci il tarixdə cavabdehin, 3 yaşayış otağı (sahəsi 48,1 kv.m, texniki pasport üzrə 2, 5 və 8 saylı) xx.xx.2016-cı il tarixdə iddiaçı Şirkətin adına qeydiyyata alınmış, həmçinin həmin evin 1-ci mərtəbəsindəki 14,2 kv.m. qeyri-yaşayış sahəsi xx.xx.2002-ci il tarixdə cavabdehin mülkiyyətinə keçirilmişdir. İddiaçı Şirkətin mülkiyyətindəki hissə evin ikinci mərtəbəsində, cavabdehin mülkiyyətindəki yaşayış və qeyri-yaşayış sahəsi evin birinci mərtəbədə yerləşir.
19. Cavabdehin bildirdiklərindən və ünvana Məhkəmə tərəfindən keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, cavabdeh, özünə məxsus yaşayış və qeyri-yaşayış sahələrinin arasında olan arakəsməni söktürərək sahələri birləşdirmişdir. Cavabdeh həmin sahədən hazırda kafe kimi istifadə edir. İddiaçı Şirkət tərəfindən qeyd edilən və ümumi istifadədə olan sahə kimi adlandırılan sanitar qovşağın (ayaqyolunun) ölçüsü 6 kv.metr deyil, ekspertiza tərəfindən verilmiş rəyə əsasən 4 kv.metrdir və sanitar qovşaq cavabdehin faktiki istifadəsindədir. Belə ki, cavabdehə məxsus sahədən sanitar qovşağa qapı boşluğu açılmış və sanitar sahə ümumi istifadədə olan sahələrdən təcrid edilmişdir.
20. Həmin ünvanda yerləşən 8 saylı mənzilinin “Texniki pasportundan” görünür ki, mənzil, sahəsi 10,8 kv.m olan mətbəxdən, 4 yaşayış otağından (2 saylı - sahəsi 16,8 kv.m, 5 saylı - sahəsi 15,5 kv.m, 8 saylı - sahəsi 15,8 kv.m, 11 saylı - sahəsi 13,0 kv.m), 2 mətbəxdən (1 saylı - sahəsi 10,8 kv.m, 3 saylı - sahəsi 4,6 kv.m), 4 saylı - sahəsi 3,2 kv.m olan ayaqyolu, 6 saylı - sahəsi 4,1 kv.m olan giriş, 7 saylı - sahəsi 7,4 kv.m daxili dəhliz, 9 saylı - sahəsi 4,0 kv.m olan giriş-mətbəx və 10 saylı - sahəsi 2,2 kv.m olan sanitar qovşaqdan ibarətdir.
21. Həmin ünvanda yerləşən 14/33 saylı evin hazırda cavabdehin mülkiyyətində olan qeyri-yaşayış sahəsində əvvəllər 12 saylı mağaza fəaliyyət göstərmiş, “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğunun həmin mağazanın müdirinə ünvanladığı xx.xx.1998-ci il tarixli məktubda mağazanın anbarının ümumi həyətə açılan qapısının qonşulara narahatlıq yaratdığından küçəyə açılmasının mümkün hesab edildiyi, habelə ünvanda yerləşən, baxımsız və antisanitariya vəziyyətindəki 4 kv.m-lik otağın mağazanın vəsaiti hesabına abadlaşdırılacağı təqdirdə onun həyətdə yaşayan sakinlərin razılığı ilə mağazaya verilməsinə etiraz olunmadığı bildirilmişdir.
22. 14/33 saylı evin sakinləri tərəfindən “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğunun müdirinə xx.xx.1998-ci il tarixdə ərizə ünvanlanmış, ərizədə ərizəçilər, 4 kv.m-ə yaxın istifadəsiz sahənin 12 saylı mağazanın həyətdə yerləşən anbarına qatılmasına etiraz etmədiklərini göstərmişlər.
23. İşə birinci instansiya məhkəməsində baxılarkən təyin edilmiş məhkəmə tikintitexniki ekspertizası tədqiqatının nəticəsi olaraq Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi 5030 №-li, xx.xx.2019-cu il tarixli rəyində göstərilmişdir ki, iş üzrə tərəflərə paylı mülkiyyət hüququ üzrə məxsus olan Bakı şəhəri, Səbail rayonu, Asəf Zeynallı küçəsi 14/33 saylı evin girişində sahəsi 6 kv.m olan sanitar qovşağının və aynabəndin altında yerləşən sahənin hal-hazırda ilk iddia üzrə cavabdehin qızının istifadəsində olduğunun müəyyən edilir. Binanın arxiv cizgilərinə əsasən binanın 1-ci mərtəbəsində yerləşən mübahisəli tikilinin ümumi istifadədə olduğunun göstərilir. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən 12 saylı mağazanın müdirinə ünvanlanmış 124 saylı xx.xx.1998-ci il tarixli məktubda sözügedən 4,0 kv.m tikilinin mağazaya verilməsinə etiraz edilmədiyi bildirilmişdir. Binanın arxiv cizgilərərinin məlumatları ilə baxış zamanı binanın faktiki vəziyyətdə texniki parametrləri müqayisə edilərkən, tədqiqat olunan qeyri-yaşayış sahəsi ilə 8 saylı mənzilin arasındakı arakəsmənin sökülüb götürüldüyü, mənzilin küçə tərəfə baxan pəncərəsinin yerində giriş-çıxış qapısı quraşdırıldığı, həmçinin 8 saylı mənzilin (faktiki vəziyyətdə qeyri-yaşayış sahəsinin) əsas divarında faktiki sanitar qovşağı kimi istifadə olunan sahəyə qapı boşluğunun açıldığı, binanın ümumi istifadə olunan həyətyanı sahəsində cavabdehə məxsus qeyri-yaşayış sahəsinin mətbəx tikilisinin divarının qarşısında soyuducu qurğu qoyulduğu müəyyən edilmişdir.
24. İşə ilk dəfə apelyasiya qaydasında Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının işə baxan tərkibi tərəfindən iş üzrə təyin edilmiş əlavə məhkəmə tikintitexniki ekspertizası tədqiqatının nəticəsi olaraq Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi 10/3172 №-li, xx.xx.2021-ci il tarixli rəyində göstərilmişdir ki, ekspertiza tərəfindən müəyyən edilmişdir ki, tədqiq olunan binanın 1-ci mərtəbəsində həyətə giriş hissədə ümumi istifadə olunan sahədə (sol tərəfdə, 2-ci mərtəbəyə giriş üçün pilləkən marşına bitişik sahədə) uzunluğu 2,6 metr, eni bir tərəfdən 1,65 metr, digər tərəfdən 1,4 metr, ümumi sahəsi 4,0 kv.m. təşkil edən və sanitar qovşağı kimi istifadə olunan tikili inşa edilmişdir. Binanın arxiv cizgilərinə (layihə sənədinə) əsasən aparılmış tədqiqat nəticəsində ümumi istifadə olunan sahədə inşa edilmiş tikili hazırda cavabdehin istifadəsindədir. Həmin tikilinin 8 saylı mənzil və qeyri-yaşayış sahəsi üzrə cavabdehin adına tərtib olunmuş “Texniki pasportlarda” əks edilmədiyi, lakin texniki pasportun vərəqinə əlavə edilmiş cizgidə göstərildiyi, qeyri-yaşayış sahəsi ilə 8 saylı mənzilin arasındakı arakəsmənin sökülüb götürüldüyü, mənzilin küçə tərəfə baxan pəncərəsinin yerində girişçıxış qapısı quraşdırıldığı, həmçinin 8 saylı mənzilin (faktiki vəziyyətdə qeyri-yaşayış sahəsinin) əsas divarında faktiki sanitar qovşağı kimi istifadə olunan sahəyə qapı boşluğu açıldığı müəyyən olunmuşdur.
25. Əvvəlki apellyasiya baxışı zamanı keçirilmiş yerində müayinə zamanı da müəyyən edilmişdir ki, 8 saylı mənzilin iddiaçı Şirkətinin mülkiyyətindəki hissəsi evin ikinci mərtəbəsində, cavabdehə məxsus yaşayış və qeyri-yaşayış sahələri isə evin birinci mərtəbəsində yerləşir. Cavabdeh özünə məxsus sahələrin arasında olan arakəsmə divarı götürərək sahələri birləşdirmiş və həmin sahədən hazırda kafe kimi istifadə edir. Mübahisəsi gedən 4 kv.metr sahəli sanitar qovşağı da cavabdehin istifadəsindədir.
26. İşə yenidən apelyasiya qaydasında baxılması zamanı iş üzrə keçirilmiş əlavə məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının nəticəsi olaraq Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi 10/8403 №-li , xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, mülki iş materiallarının 61-ci səhifəsində olan arxiv cizgilərinə (layihə sənədinə) əsasən, tədqiq olunan binanın 1-ci mərtəbəsində həyətə giriş hissədə (sol tərəfdə, 2-ci mərtəbəyə giriş üçün pilləkən marşına bitişik sahədə) inşa edilmiş faktiki sahəsi 4,0 kv.metr təşkil edən sanitar qovşağının, həmçinin aynabəndin altında yerləşən sahənin hal-hazırda cavabdehin istifadəsində olduğu müəyyən edilmişdir. Mülki iş materiallarında olan arxiv cizgilərinə (layihə sənədlərinə) əsasən mübahisəli sanitar qovşağının ümumi istifadədə olan sahədə inşa edildiyi müəyyən olunmuşdur. Lakin həmin sənədlərə əsasən, aynabəndin altında yerləşən sahədə 2 ədəd mətbəx kimi nəzərdə tutulan tikililərin yerləşdiyi və həmin tikililərin 4 və 5 saylı (faktiki cavabdehin qızının istifadəsində olan) otaqlara aid olduğu qeyd edilmişdir. Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, tədqiq olunan qeyriyaşayış sahəsi ilə 8 saylı mənzilin arasındakı arakəsmənin sökülüb götürüldüyü, mənzilin küçə tərəfə baxan əsas divarında pəncərənin yerində giriş-çıxış qapısı quraşdırıldığı, həmçinin 8 saylı mənzilin (faktiki vəziyyətdə qeyri-yaşayış sahəsinin) əsas divarında faktiki sanitar qovşağı kimi istifadə olunan sahəyə qapı boşluğu açıldığı müəyyən edilmişdir. Baxış zamanı tədqiq olunan evin ümumi istifadədə olan həyətində cavabdeh tərəfindən “Texniki pasportda” mövcud olmayan avadanlıq və qurğular quraşdırılması müəyyən edilməmişdir. Cavabdehin mülkiyyətində olan və evin 1-ci mərtəbəsində, qapı 1-də yerləşən qeyri-yaşayış sahəsinə bitişik, girişdən sağ tərəfdə olan qapı oyuğunun əsas (yükdaşıyıcı) divarda açıldığı müəyyən edilmişdir. Cavabdehin mülkiyyətində olan və həmin ünvanda qapı 1-də yerləşən qeyri-yaşayış sahəsinə bitişik, girişdən sağ tərəfdə olan sanitar qovşağın ümumi sahəsi 4,0 kv.metr müəyyən olunmuşdur. Aparılmış ölçü işlərinə əsasən, tədqiq olunan qeyri-yaşayış sahəsinin mətbəx tikilisinin faktiki sahəsi 7,5 kv.metr müəyyən olunmuşdur. Mülki iş materiallarında olan arxiv cizgilərinə (layihə sənədlərinə) əsasən, həmin hissədə 2 ədəd tikili (4 və 5 №-li) qeyd olunduğunu, 5-ci tikilinin sahəsi 8,2 kv.metr göstərildiyini (4 №-li tikilinin sahəsi pozulduğundan dəqiqliklə müəyyən etmək mümkün olmadı) nəzərə alaraq, cavabdehin mülkiyyətində olan və həmin ünvanda yerləşən yaşayış sahəsinə bitişik, (girişdən sol tərəfdə olan) mətbəx sahəsində ümumi istifadə üçün nəzərdə tutulan sahənin mövcud olmadığı müəyyən olunmuşdur. Cavabdehin mülkiyyətində olan və qapı 1-də yerləşən sahənin hazırki vəziyyətə gətirilməsi üçün girişdən sağ tərəfdə olan əsas divarda qapı boşluğu açıldığı və mənzilin küçə tərəfə baxan əsas divarında pəncərənin yerində giriş-çıxış qapısı quraşdırıldığı müəyyən edilmişdir.
27. İşdə olan sənədlərdən və tərəflərin məhkəmələrə verdikləri məlumatlardan müəyyən edilir ki, ünvan 1 ünvanda yerləşən binanın 1-ci mərtəbəsində həyətə giriş hissədə (sol tərəfdə, 2-ci mərtəbəyə giriş üçün pilləkən marşına bitişik sahədə) inşa edilmiş faktiki sahəsi 4,0 kv.m. təşkil edən sanitar qovşağın yerləşdiyi sahə ümumi istifadədə olan sahədir. Yəni həmin sanitar qovşağı paylı mülkiyyətçilərin ümumi paylı mülkiyyətindədir. Lakin hal-hazırda həmin sahə faktiki olaraq cavabdehin istifadəsindədir. Cavabdeh bildirir ki, həmin sahənin onun istifadəsində olması qanunidir, çünki həmin sahə əvvəllər evin digər paylı mülkiyyətçilərinin və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin razılığı ilə yararsız, baxımsız və istifadəsiz qalan sahə kimi cavabdehin istifadəsinə verilmişdir.
28. Bununla bağlı Məhkəmə qeyd edir ki, sahəsi 4,0 kv.m olan sanitar qovşağının mübahisəli evin mülkiyyətçilərinin ümumi paylı mülkiyyətində olduğu işin mübahisəsiz halı olduğundan, həmin sahənin ümumi paylı mülkiyyətdən çıxarılaraq mülkiyyətçilərdən birinin, hazırkı halda cavabdehin mülkiyyətinə verilməsi yalnız qanunvericiliyin tələblərinə uyğun olaraq (alğı-satqı, bağışlama və s.) həyata keçirilə bilərdi. Çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla) (maddə 146.1.). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir (maddə 146.2.). Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı (maddə 139-1.1.3.); qanuni qüvvəyə minmiş məhkəmə qərarları (maddə 139-1.1.4.); 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri (maddə 139-1.1.5.); “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər (maddə 139-1.1.8.).
29. Göründüyü kimi qanunvericilikdə ümumi paylı mülkiyyətdə olan daşınmaz əmlakın “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin razılıq məktubu əsasında hər hansı bir şəxsin mülkiyyətinə keçməsi nəzərdə tutulmamışdır.
30. Məhkəmə hesab edir ki, faktiki sahəsi 4,0 kv.m. təşkil edən sanitar qovşağın təcrid olunaraq cavabdehin istifadəsində qalması digər paylı mülkiyyətçinin mülkiyyət hüququnu pozmuş olur. Pozulmuş hüququn bərpası isə həmin sahənin paylı mülkiyyətçilərin ümumi istifadəsinə qaytarılması ilə aradan qaldırıla bilər.
31. Göründüyü kimi, ümumi sahəsi 4,0 kv.m. təşkil edən sahənin ümumi istifadəyə qaytarılması barədə iddiaçı Şirkətin tələbi qismən əsaslıdır, çünki həmin sahənin iddia ərizəsində qeyd edildiyi kimi 6,0 kv.metr olması təsdiq edilmir. Lakin işə baxmış Rayon Məhkəməsi bu tələbi tam həcmdə təmin etməmişdir. Bu baxımdan hesab edilməlidir ki, apellyasiya şikayətinin Rayon Məhkəməsinin müzakirə edilən bu nəticəsinə dair dəlilləri qismən əsaslıdır.
32. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının nəticəsi ilə verilmiş hər üç ekspert rəyi ilə 8 saylı mənzilin (faktiki vəziyyətdə qeyri-yaşayış sahəsinin) əsas divarında faktiki sanitar qovşağı kimi istifadə olunan sahəyə cavabdeh tərəfindən qapı boşluğunun açıldığı təsdiq olunmuşdur. Evin layihə sənədində həmin qapı boşluğu mövcud deyil.
33. Göründüyü kimi, cavabdeh özünə məxsus sahənin əsas divarında faktiki sanitar qovşağı kimi istifadə olunan sahəyə, mənzilin layihə sənədində nəzərdə tutulmamış, sonradan da qanuni əsaslarla buna icazəsi alınmamış qapı boşluğu açmışdır.
34. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin tələblərinə görə, yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında aparılır (maddə 24.1.). Bu Məcəllənin 24.1-ci maddəsində nəzərdə tutulmuş əsas olmadan və ya bu Məcəllənin 24.2.3-cü maddəsinə uyğun olaraq təqdim edilmiş yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsinin pozulması ilə aparılan yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması özbaşına aparılmış hesab edilir (maddə 27.1.). Yaşayış sahəsinin özbaşına yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını aparmış şəxs, əgər bu vətəndaşların hüquqlarını və qanuni mənafelərini pozursa və ya onların həyat və ya sağlamlığına təhlükə yaradırsa, qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır (maddə 27.5.).
35. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə görə, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır (maddə 170.2.). Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır (maddə 180.1.). Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər (maddə 180.4.).
36. Göründüyü kimi, iddiaçı Şirkət tərəfindən cavabdehə qarşı irəli sürülmüş iddia tələbinin cavabdeh tərəfindən mənzilin daşıyıcı divarında qanunsuz açılmış qapı boşluğunun cavabdehin hesabına bağlanması barədə hissəsi əsaslıdır. Lakin işə baxmış Rayon Məhkəməsi bu tələbi təmin etməmişdir. Bu baxımdan hesab edilməlidir ki, apellyasiya şikayətinin Rayon Məhkəməsinin müzakirə edilən bu nəticəsinə dair dəlilləri əsaslıdır.
37. Bundan başqa, ekspert rəyi ilə evin birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsi ilə 8 saylı mənzilin arasındakı arakəsmənin sökülüb götürüldüyü, mənzilin küçə tərəfə baxan əsas divarında pəncərənin yerində giriş-çıxış qapısı quraşdırıldığı müəyyən edilmişdir.
38. Göründüyü kimi, cavabdeh, özünə məxsus mənzilin (faktiki qeyri-yaşayış sahəsi) sahəsində yalnız yüngül konstruksiyalı arakəsməni götürmüş, mənzilin küçə tərəfə baxan əsas divarında pəncərənin yerində giriş-çıxış qapısı quraşdırmışdır. Bu baxımdan Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən edilmiş bu dəyişikliklər iddiaçının hər hansı mənafeyinə xələl gətirmədiyi üçün həmin dəyişikliklərin aradan qaldırılması (əvvəlki vəziyyətə gətirilməsi) barədə tələb əsassızdır. Rayon Məhkəməsi bu tələbi təmin etməməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin Rayon Məhkəməsinin müzakirə edilən bu nəticəsinə aid dəlili əsassızdır.
39. İddiaçının mülkiyyətində olan ümumi sahəsi 15 kv.m köməkçi sahələrin cavabdehin bilavasitə istifadəsindən alınaraq iddiaçıya təhvil verilməsi barədə iddia tələbi ilə bağlı Məhkəmə qeyd edir ki, əvvəlki apellyasiya baxışı zamanı iddiaçı Şirkətin nümayəndəsi də izahatında bildirmişdir ki, “ümumi sahəsi 15,0 kv.m olan köməkçi sahənin alınıb ona təhvil verilməsi barədə tələb”, qeyri-yaşayış sahəsinin mətbəx tikilisinin divarı qarşısında qoyulmuş soyuducu qurğunun həmin həyətyani sahədən çıxarılması ilə faktiki olaraq təmin olunmuşdur və buna görə də sözügedən tələb üzrə şikayəti mövcud deyildir.
40. Məhkəmə hesab edir ki, ümumi sahəsi 15 kv.m sahənin zəbti mövcud olmadığından və bu hal iddiaçının nümayəndəsinin verdiyi izahatda öz təsdiqini tapdığından, bu hissədə də Rayon Məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur.
41. Məhkəmə həmçinin hesab edir ki, ümumi istifadədə olan həyətdə müvafiq razılıq olmadan quraşdırılmış avadanlıqların, qurğuların və kommunikasiyaların demontaj edilməsi barədə tələbin təmin edilməsi üçün də əsas yoxdur. Çünki, evin ümumi istifadədə olan həyətində cavabdeh tərəfindən texniki pasportda mövcud olmayan avadanlıq və qurğuların quraşdırılması iş üzrə aparılmış ekspertiza tədqiqatı zamanı, habelə mübahisəli ünvana Məhkəmə tərəfindən yerində müayinə keçirildiyi zaman öz təsdiqi tapmamışdır.
42. Buna görə də, Məhkəmə hesab edir Rayon Məhkəməsi bu tələbi təmin etməməklə əsaslı nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin Rayon Məhkəməsinin müzakirə edilən bu nəticəsinə aid dəlili əsassızdır.
43. Bunlardan başqa, Məhkəmə qeyd edir ki, əldən çıxmış fayda kimi 10.000 manat pulun cavabdehdən tutularaq iddiaçı Şirkətə ödənilməsi barədə tələb də əsaslı deyil və Rayon Məhkəməsi həmin tələbi təmin etməməkdə haqlı olmuşdur. Çünki iddiaçı Şirkət bu tələbin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir.
44. MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
45. Göstərilənlərə əsasən Məhkəmə hesab edir Rayon Məhkəməsi bu tələbi də təmin etməməklə əsaslı nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin Rayon Məhkəməsinin müzakirə edilən bu nəticəsinə aid dəlili də əsassızdır.
46. Odur ki, göstərilənləri və MPM-nin 385-ci maddəsinin tələblərini nəzərə alan, MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-nin 119, 392, 393, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 04 noyabr 2019-cu il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə qismən, yəni ilk iddiada ifadə edilmiş “mübahisəli sanitar qovşağın ümumi istifadəyə qaytarılması və həmin sahəyə cavabdeh tərəfindən qanunsuz açılmış qapı boşluğunun cavabdehin hesabına bağlanması barədə” tələblərin təmin edilməməsi hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin Cavabdeh qarşı irəli sürdüyü ilk iddiada ifadə edilmiş “mübahisəli sanitar qovşağın ümumi istifadəyə qaytarılması və həmin sahəyə cavabdeh tərəfindən qanunsuz açılmış qapı boşluğunun cavabdehin hesabına bağlanması barədə” tələblər qismən təmin edilsin. Bakı şəhəri, Asəf Zeynallı küçəsi, ev 14/33-də yerləşən və Cavabdeh məxsus sahəyə girişdən sağda, daşıyıcı divarda (sahəsi 4 kv.metr olan mübahisəli sanitar qovşağa) açılmış qapı boşluğu Cavabdeh hesabına bağlansın və ümumi sahəsi 4 kv.metr təşkil edən sanitar qovşaq ümumi istifadəyə qaytarılsın. Apelyasiya baxışının predmeti olan qalan hissədə iddia təmin edilməsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən hazırki iş üzrə qəbul edilmiş 04 noyabr 2019-cu il tarixli qətnamənin hazırki apellyasiya baxışının predmeti olan qalan hissəsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun yarısı cavabdehə aid edilsin. Bu məqsəd ilə Cavabdeh 15 (on beş) manat məbləğində pul tutularaq İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə ödənilsin. Hazırki iş üzrə apellyasiya icraatları zamanı keçirilmiş ekspertizaların xərci (250 manat) iş üzrə tərələrə bərabər qaydada aid edilsin. Bu məqsəd ilə tutularaq İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi və Cavabdeh hər birindən 125 (yüz iyirmi beş) manat məbləğində pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.