Məhkəmə qərarları › İş №2(103)-3311/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3311/2021

20.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3311/2021 20.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı “xxxx” KB ASC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı kredit borcunun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli 2(009)-54/2020 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” KB ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, X8 və X3 qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 iddiaçı “xxxx” KB ASC-nin xeyrinə 13.03.2014-cü il tarixli 275UM/14 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 15.03.2014-cü il tarixli, 275N/14 saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 31005,09 ABŞ dolları, faiz borcu üzrə 1485,05 ABŞ dolları, cərimə borcu üzrə 936,22 ABŞ dolları, cəmi 33426,36 ABŞ dolları, 03.04.2015-ci il tarixli 107G/15 saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 3,43 ABŞ dolları, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması, tələbin ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Xətai rayonu Gəncə prospektində yerləşən 20a saylı evin 63 saylı mənzilinə və girov predmeti olan Cavabdeh1 məxsus 6000 manat dəyərində dövriyyədəki mallara yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 15.03.2014-cü il tarixli 275N/14 saylı əlavə kredit müqaviləsi üzrə 33426,36 ABŞ dolları, 03.04.2015-ci il tarixli 107G/15 saylı əlavə kredit müqaviləsi üzrə isə 3,43 ABŞ dolları borcunun və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun tutularaq iddiaçı “xxxx” KB ASC-yə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 74000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan mənzilə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin mənzildən Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, X5, X2 və X4 çıxarılması və qeyd olunan mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli 2(009)-54/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, “xxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış 13.03.2014-cü il tarixli, 275UM/14 saylı əsas kredit müqaviləsi əsasında bağlanmış 15.03.2014-cü il tarixli, 275N/14 saylı kredit müqaviləsinə əsasən 31005,09 ABŞ dolları əsas borc, 1284,46 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 32389,55 məbləğində kredit borcunun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 20 manat hissəsinin, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydiyyata alınması üçün xidmət haqqı olaraq ödənilmiş 30 manat məbləğində pul vəsaitinin Cavabdeh1 tutularaq iddiaçı “xxxx” ASC-nin xeyrinə ödənilməsi; tələbin Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Xətai rayonu Gəncə prospektində yerləşən 20a saylı evin 63 saylı mənzilinə yönəldilməsi; həmin mənzilin ilkin satış qiyməti 80000 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılması və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən “xxxx” ASC-yə olan borcun ödənilməsi, satışdan əldə olunmuş pul vəsaiti tələbdən artıq məbləğdə olarsa, borc ödənildikdən sonra qalan hissəsinin Cavabdeh1 qaytarılması; mənzilə tutma yönəldikdən və o satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, X9, Cavabdeh9, X11 və X2 həmin mənzili tərk etməklə mənzilin boşaldılması qət edilmişdir. Həmin qətnamədən cavabdeh T. Muradov apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, işə baxan birinci instansiya məhkəməsi məhkəmə mühasibatlıq ekspertizasının və qiymətləndiricinin rəyini rəsmi qaydada cavabdeh T. Muradova təqdim etməmiş, həmçinin üzrlü səbəbi nəzərə almadan prosesi onun iştirakı olmadan keçirmişdir. Bundan başqa, qətnamə qəbul olunarkən məhkəmə baxışı müddətində banka aparılmış ödənişlər nəzərə alınmamışdır. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi izahat verərək şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını, cavabdeh T. Muradov isə apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qətnamə Cavabdeh1 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan “xxxx” KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 13.03.2014-cü il tarixli 275UM/14 saylı əsas kredit müqaviləsi çərçivəsində 15.03.2014-cü il tarixli 275N/14 saylı əlavə kredit müqaviləsindən görünür ki, Bank borcluya 36 ay müddətinə, 15.03.2017-ci il tarixədək, illik 21% ödəmək şərtilə 65000 ABŞ dolları məbləğində kredit vermişdir. İş materiallarında olan “xxxx” KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 13.03.2014-cü il tarixli 275UM/14 saylı əsas kredit müqaviləsi çərçivəsində 03.04.2015-ci il tarixli 107G/15 saylı əlavə kredit müqaviləsindən görünür ki, Bank borcluya 36 ay müddətinə, 03.04.2018-ci il tarixədək, illik 21% ödəmək şərtilə 15000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan “xxxx” Kommersiya Bankı ilə Cavabdeh1 arasında bağlanmış 13.03.2014-cü il tarixli 275UMİ/14 saylı sonrakı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Xətai rayonu Gəncə prospektində yerləşən 20a saylı evin 63 saylı mənzilini 15.03.2014-cü il tarixli 275UM/14 saylı kredit müqaviləsinin təminatı kimi ipotekaya qoymuşdur. İkitərəfli razılaşmaya əsasən ipoteka predmetinin dəyəri 74000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri Xətai rayonu Gəncə prospektində yerləşən 20a saylı evin 63 saylı mənzili 15.03.2014-cü il tarixli kredit müqaviləsinin təminatı kimi “xxxx” KB ASC-nin Neftçilər filialı qarşısında ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan 03.04.2015-ci il tarixli 107G/15 saylı əlavə kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi “xxxx” Kommersiya Bankı ilə Cavabdeh1 arasında bağlanmış 15.03.2014-cü il tarixli 275-1N/14 saylı girov müqaviləsindən görünür ki, girov qoyanda saxlanılan və müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə qeyd olunan 6000 manat dəyərində olan dövriyyədəki mallar “xxxx” Kommersiya Bankı ASC-yə girov qoyulmuşdur. İş materiallarında olan “xxxx” KB ASC ilə Cavabdeh2 arasında bağlanmış 15.03.2014-cü il tarixli 275NZ/14 nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin “xxxx” KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 13.03.2014-cü il tarixli 275UM/14 saylı əsas kredit müqaviləsi üzrə Borcalanla birgə kreditor qarşısında kredit müqaviləsinə dair borcalanın daşıdığı öhdəliklər üzrə məsuliyyət daşıyır. İş materiallarında olan “xxxx” KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 15.03.2014-cü il tarixli 275N/14 saylı əlavə kredit müqaviləsinə dəyişiklik edilməsi haqqında 19.03.2015-ci il tarixli Sazişdən görünür ki, kredit müqaviləsinin 1.3-cü bəndində nəzərdə tutulmuş kreditdən istifadəyə görə faiz dərəcəsi dəyişdirilərək illik 19,5 faiz, müddət isə 15.03.2018-ci il tarixədək müəyyən edilmişdir. İş materiallarında olan “xxxx” KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 15.03.2014-cü il tarixli 275N/14 saylı əlavə kredit müqaviləsinə dəyişiklik edilməsi haqqında 27.05.2016-cı il tarixli Sazişdən görünür ki, kredit müqaviləsi üzrə 2016-cı ilin aprel və may ayları üzrə güzəşt müddəti verilmiş, kredit müqaviləsi üzrə aylıq ödəniş 900 ABŞ dolları müəyyən edilmiş, qalıq borc sonuncu aya atılmış və kredit müqaviləsi üzrə faiz dərəcəsi 17 faiz müəyyən edilmişdir. İş materiallarında olan “xxxx” KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 15.03.2014-cü il tarixli 275N/14 saylı əlavə kredit müqaviləsinə dəyişiklik edilməsi haqqında 01.06.2016-cı il tarixli Sazişdən görünür ki, kredit müqaviləsi üzrə 2016-cı ilin aprel və may ayları üzrə güzəşt müddəti verilmiş, kredit müqaviləsi üzrə aylıq ödəniş 900 ABŞ dolları müəyyən edilmiş və qalıq borc sonuncu aya atılmış, kredit müqaviləsi üzrə faiz dərəcəsi 16 faiz müəyyən edilmişdir. İş materiallarında olan “xxxx” KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 03.04.2015-ci il tarixli 107G/15 saylı əlavə kredit müqaviləsinə dəyişiklik edilməsi haqqında 28.12.2016-cı il tarixli Sazişdən görünür ki, kredit müqaviləsi üzrə faiz dərəcəsi 16 faiz müəyyən edilmişdir. İş materiallarında olan “xxxx” KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 15.03.2014-cü il tarixli 275-1N/14 saylı girov müqaviləsinə əlavə və dəyişiklik edilməsi haqqında 19.03.2015-ci il tarixli Sazişdən görünür ki, girov müqaviləsinin 1.2-ci bəndində göstərilən əlavə kredit müqaviləsinin bitmə müddəti 15.03.2018-ci il tarixədək müəyyən edilmişdir. İş materiallarında olan 30.03.2018-ci il tarixli maliyyə arayışlarından görünür ki, borclu Cavabdeh1 15.03.2014-cü il tarixli 275N/14 saylı əlavə kredit müqaviləsi üzrə əsas kredit borcu 31005,09 ABŞ dolları, faiz borcu 1269,05 ABŞ dolları, cərimə borcu 1836,22 ABŞ dolları, cəmi 34110,36 ABŞ dolları, 03.04.2015-ci il tarixli 107G/15 saylı əlavə kredit müqaviləsi üzrə əsas kredit borcu 1830,07 ABŞ dolları, faiz borcu 73,43 ABŞ dolları, cərimə borcu 480,92 ABŞ dolları, cəmi 2384,42 ABŞ dolları borcu vardır. İş materiallarında olan 6 saylı MKİS tərəfindən verilmiş 13.03.2014-cü il tarixli arayışdan görünür ki, Bakı şəhəri Xətai rayonu Gəncə prospektində yerləşən 20a saylı evin 63 saylı mənzilində Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, X11, X6 və X10 qeydiyyatdadırlar. İş materiallarında olan “xxxx” KB ASC tərəfindən Azərbaycan Respublikası ƏMDKnin yanında DƏDRXnin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış 24.04.2018-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri Xətai rayonu Gəncə prospektində yerləşən 20a saylı evin 63 saylı mənzilinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması xahiş olunmuşdur. İş materiallarında olan 10.06.2020-ci il tarixli maliyyə arayışlarından görünür ki, borclu Cavabdeh1 19.03.2014-cü il tarixli 275N/14 saylı əlavə kredit müqaviləsi üzrə əsas kredit borcu 31005,09 ABŞ dolları, faiz borcu 1485,05 ABŞ dolları, cərimə borcu 936,22 ABŞ dolları, cəmi 33426,36 ABŞ dolları, 03.04.2015-ci il tarixli 107G/15 saylı əlavə kredit müqaviləsi üzrə əsas kredit borcu 3,43 ABŞ dolları təşkil edir. İş materiallarında olan 11.06.2020-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, Cavabdeh1 tərəfindən 6 manat (3,43 ABŞ dolları) məbləğində borc ödənilmişdir. İş materiallarında olan “xxxx” KB ASC-nin Qara Qarayev filialının Cavabdeh1 adına olan 14.03.2014-2020-ci il tarixlər üçün hesab üzrə çıxarışından görünür ki, o, 30.07.2020ci il tarixdə 200,59 ABŞ dolları məbləğində ödəniş həyata keçirmişdir. İş materiallarında olan “xxxx” MMC-nin Bakı şəhəri Xətai rayonu Gəncə prospektində yerləşən 20a saylı evin 63 saylı mənzilinin bazar dəyərinin müəyyən edilməsi üzrə 04.02.2020-ci il tarixli 031/UB/20 saylı rəyi ilə qeyd edilən fərdi yaşayış evinin bazar dəyəri 85500 manat, likvid dəyəri 80000 manat məbləğində müəyyən olunmuşdur. İş materiallarından görünür ki, iddiaçı “xxxx” KB ASC cavabdehlərə borcu ödəməsinə dair xəbərdarlıq və ipoteka predmetinə tutma yönəldilməsi barədə bildiriş göndərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 477.0 və 477.0.1-ci maddələrinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Qeyd edilən normalara əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 iddiaçıdan 13.03.2014-cü il tarixli 275UM/14 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 15.03.2014-cü il tarixli, 275N/14 saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit müqaviləsi üzrə kreditlər almış, tərəflər arasında borc-kredit münasibətləri və öhdəlikləri yaranmış, lakin cavabdeh həmin kredit üzrə əsas borcu və ona hesablanmış faizləri ödəməli olmasına dair vəzifəsini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı qeyd edilən kredit müqaviləsi əsas borcun və ona hesablanmış faizlərin ödənilməsinə dair hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 28 sentyabr 2020-ci il tarixli 9/2621 saylı rəyindən görünür ki, 15 mart 2014-cü il tarixli 275N/14 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 15 mart 2018-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) əsas kredit borcu 31114,94 ABŞ dolları, faiz borcu 958,99 ABŞ dolları, 12 iyun 2020-ci il tarixə (maliyyə arayışı tarixinə, müqavilə müddəti bitdikdən sonra illik faiz dərəcəsi 5%-lə hesablanmaqla) - əsas kredit borcu 31114,94 ABŞ dolları, faiz borcu 3546,46 ABŞ dolları müəyyən edilmişdir. 12 iyun 2020-ci il tarixindən sonra aparılmış 200,59 ABŞ dolları məbləğində ödəniş ekspertiza rəyində nəzərə alınmamışdır. İş materiallarında və 31 avqust 2020-ci il tarixli məktubla təqdim edilmiş əlavə sənədlərdə 03 aprel 2015-ci il tarixli 107G/15 saylı əlavə kredit müqaviləsi üzrə hesabdan çıxarış məlumatları mövcud olmadığından 03 aprel 2015-ci il tarixli 107G/15 saylı əlavə kredit müqaviləsi üzrə hesablama aparılması mümkün olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının 9/2621 saylı, 28.09.2020-ci il tarixli rəyindən görünür ki, Cavabdeh1 15 mart 2018-ci il tarixinə (müqavilə müddətinin bitdiyi tarixə) və 12 iyun 2020-ci il tarixə (maliyyə arayışı tarixinə) əsas kredit borcu 31114,94 ABŞ dolları təşkil edir. Həmçinin iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sonuncu maliyyə arayışında Cavabdeh1 10.06.2020-ci il tarixinə 19.03.2014-cü il tarixli 275N/14 saylı əlavə kredit müqaviləsi üzrə 31005,09 ABŞ dolları əsas kredit borcunun olduğu göstərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş materiallarında olan sübutları düzgün qiymətləndirərək, işdə olan sübutları, məhkəmə mühasibatlıq ekspertizasının və müstəqil qiymətəndiricinin rəylərini və iddia tələbinin həcmini nəzərə alaraq Cavabdeh1 iddiaçı “xxxx” ASC-nin xeyrinə tutulmalı olan borcun məbləğini və ipoteka predmeti olan mənzilin ilkin satışını likvid dəyəri ilə götürməklə düzgün müəyyən etmiş, mülki qanunvericiliyin kredit və zaminliklə bağlı müddəalarını, habelə “İpoteka haqqında” Qanunun müddəalarını düzgün tətbiq etmiş, iddia tələbləri üzrə düzgün qətnamə çıxarmışdır. Məhkəmə mühasibatlıq ekspertizasının və müstəqil qiymətləndiricinin rəyinin apellyatora göndərilməməsi barədə apelyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, məhkəmənin həmin rəylərin surətini işdə iştirak edən şəxslərə göndərmək barədə subyektiv vəzifəsi yoxdur. Azərbaycan Respublikası MPM-in 47.2-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin işin materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək və surət çıxarmaq, sübutlar təqdim etmək və onların tədqiqində iştirak etmək kimi hüquqları var. Buna görə də Cavabdeh1 məhkəməyə müraciət edərək həmin rəylərlə tanış ola və onların surətini ala bilərdi. Qətnamə qəbul edilən gün iştirakının təmin olunmaması barədə cavabdehin dəlili də əsassızdır. Belə ki, o, məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş, məhkəməyə teleqram ünvanlayaraq üzrlü səbəblə əlaqədar məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Lakin üzrlü səbəbin nədən ibarət olması və bununla bağlı hər hansı sübut təqdim olunmadığından, habelə cavabdehin vəsatətləri və şikayətləri üzündən proses kifayət qədər uzandığından, birinci instansiya məhkəməsi haqlı olaraq iclasın təxirə salınması barədə vəsatəti təmin etməmişdir. Cavabdeh1 2020-ci ilin iyun ayından başlayaraq etdiyi ödənişlərin nəzərə alınmaması barədə məhkəməyə heç bir sübut təqdim etmədiyindən, kollegiya bu dəlilləri də əsassız hesab edir. Nəticə etibarilə, məhkəmə kollegiyası hesab edir ki, birinci instnasiya məhkəmə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli 2(009)-54/2020 saylı qətnaməsi Cavabdeh1 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar