Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3311/2024 14.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 cavabdeh LPO "xxxx" X9 Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı mülki iş üzrə (Açar sözlər: "əmanət müqaviləsi üzrə kompensasiyanın ödənilməsi”) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, İddiaçı1 cavabdeh LPO "xxxx" X9 Səhmdar Cəmiyyətinə və ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “əmanət müqaviləsi üzrə kompensasiyanın və bununla bağlı bütün növ maddi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 fevral 2024-ci il tarixli, 2(006)-406/2024 saylı qərardadından iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. İddiaçılar X8 və X7 cavabdehlər ləğv prosesində olan "xxxx" X9 Səhmdar Cəmiyyəti və onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi və iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onlara 10.707,58 USD məbləğində əmanət üçün kompensasiyanın və bu kompensasiyanın ödənilməsinin gecikdirilməsi ilə bağlı 2017-2023-cü illər üçün hesablanmış 5.488,13 USD məbləğində gecikmə faizləri ilə birgə, cəmi 16.195,71 USD məbləğində kompensasiyanın dərhal və birdəfəlik şəkildə ödənilməsi vəzifəsinin cavabdeh ləğv prosesində olan QSC “Bank Standart” Kommersiya Bankının və onun ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməsinin təmin edilməsi, pozulmuş hüquqların bərpa edilməsi ilə bağlı vəkilə, nümayəndəyə ödənilmiş 1.534,5 AZN pul vəsaitinin və məhkəməyə ödənilmiş 207 AZN dövlət rüsumunun, cəmi 1.741,5 AZN məbləğində çəkilmiş xərclərin dərhal və birdəfəlik şəkildə ödənilməsi vəzifəsinin cavabdeh ləğv prosesində olan QSC “Bank Standart” Kommersiya Bankının və onun ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 fevral 2024-ci il tarixli, 2(006)- 406/2024 saylı qərardadı ilə iddiaçılar X8 və X7 cavabdehlər ləğv prosesində olan "xxxx" X9 Səhmdar Cəmiyyəti və onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “əmanət müqaviləsi üzrə kompensasiyanın və bununla bağlı bütün növ maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsinin iddiaçı X2 aid hissəsində baxılmamış saxlanılması qərara alınmışdır.
3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 fevral 2024-ci il tarixli, 2(006)- 406/2024 saylı qərardadı ilə iddiaçı X3 cavabdeh ləğv prosesində olan "xxxx" X9 Səhmdar Cəmiyyətinə qarşı “əmanət müqaviləsi üzrə kompensasiyanın və bununla bağlı bütün növ maddi zərərin ödənilməsi” tələbinə dair iş üzrə iddianın “kompensasiyanın və bu kompensasiyanın ödənilməsinin gecikdirilməsi ilə bağlı hesablanmış gecikmə faizlərin ödənilməsi” hissəsində tələbə iflas proseduru çərçivəsində baxılmalı olduğundan xitam verilmiş və müvafiq tələblə əlaqədar Bakı Apellyasiya Məhkəməsinə müraciət etmək hüququnun olması iddiaçıya izah edilmişdir.
4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 fevral 2024-ci il tarixli, 2(006)- 406/2024 saylı qətnaməsi ilə iddiaçı X3 cavabdeh LPO "xxxx" X9 Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “əmanət müqaviləsi üzrə kompensasiyanın və bununla bağlı bütün növ maddi zərərin ödənilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.
5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının tələbi yalnız «Banklar haqqında» Qanunun 77-ci maddəsi ilə müəyyənləşdirilmiş qaydada irəli sürülə və iflas proseduru çərçivəsində ödənilə bilər, bu tələblərin qeydə alınması və qəbul edilməsi ilə bağlı etirazlar olduqda isə həmin müraciətə iflas haqqında qərarı qəbul etmiş məhkəmə tərəfindən baxılması mümkündür.
6. Həmçinin qeyd etmişdir ki, iddiaçı X3 cavabdeh ləğv prosesində olan "xxxx" X9 Səhmdar Cəmiyyətinə qarşı “əmanət müqaviləsi üzrə kompensasiyanın və bununla bağlı bütün növ maddi zərərin ödənilməsi” tələbinə dair iş üzrə iddianın “kompensasiyanın və bu kompensasiyanın ödənilməsinin gecikdirilməsi ilə bağlı hesablanmış gecikmə faizlərin ödənilməsi” hissəsindəki tələbə iflas proseduru çərçivəsində müvafiq məhkəmədə baxılmalı olduğundan xitam verilməlidir.
Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə:
7. Məhkəmənin həmin qərardadından narazı qalan iddiaçının nümayəndəsi və vəkili Vəkil şikayət verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-406/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadda və qətnamədə qeyd edilən hüquqi dəyərləndirmələr birbirinə uyğun olmaması səbəbindən verilmiş apellyasiya şikayətinə məhkəmədə baxılması və bu qərardadın qanunsuz və ziddiyyətli hesab edilib ləğv edilməsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
8. Şikayət onunla əsaslandırılmışdır ki, ziddiyətli hal odur ki, qərardadlarda və qətnamədə kreditor tələbinin əslində kimə məxsus olmasını müəyyən edilməyib. Belə ki, cavabdehlər öz hərəkətləri ilə kreditor tələbinin kimə məxsus olmasını dəqiq rəsmi hüquqi cəhətdən müəyyən edilməyib. Məhkəmə araşdırması vaxtı müəyyən edilib ki, cavabdehlər tərəfindən 1) 19 oktyabr 2016-cı il tarixli reyestr nömrəsi 0107 olan “Kreditor tələblərinin qeydiyyatı barədə” Qəbz üzrə 10.707 USD olan məbləğdə kreditor tələbinin kreditoru baba İddiaçı2 tanıyıblar; 2) xx.xx.2018-ci il tarixli **********897 №-li rəsmi cavabı bankın ləğvedicisi İddiaçı2 təqdim edib. Sonra bankın ləvğedicisi tərəfindən verilmiş 3) xx.xx.2022-ci il tarixli **********6 №-li, xx.xx.2023-cü il tarixli rəsmi cavablarda qeyd edilib ki, həmin məğləğin kreditoru qismində nəvə İddiaçı1 xeyrinə haçansa, kreditor tələbinin növbəlilik əsasında ödənilməsi nəzərdə tutulub. Tələb edilən əmanət üzrə kreditor tələbinin kreditoru kimi nəvə İddiaçı1 tanınmışdır. Qeyd: 4) xx.xx.2011-ci il tarixli LD********** №-li Uşaq əmanəti müqaviləsi üzrə iddiaçı – əmanətçi İddiaçı2 cavabdeh QSC “Bank Standart” ilə razılaşıblar ki, əmanətçi öz nəvəsi İddiaçı1 xeyrinə banka əmanət qoyur. Bank isə bunun əvəzində müqavilə ilə öhdəliklərini və vədlərini icra edir. Sonda bank əmanətçiyə əmanəti, ona toplanmış faizləri geri qaytarır. 5) Uşaq 18 yaşına çatandan sonra 29 mart 2019-cü il tarixində uzun müddət uşağın adına açılmış bank hesabında həmin toplanmış vəsait babanın bank hesabına keçirilməsi müəyyən edilib. Lakin, 6) 4 dekabr 2023-cü il tarixli etirazda cavabdeh bankın ləğvedicisi dəqiq olaraq həmin əmanət üzrə kimin kreditor olmasını dəqiq təsdiq etməyib. Belə olanda, hətta iş üzrə icraata iddia tələbinin aidiyyət qaydalarına uyğun olmayaraq verilməsi əsasları ilə xitam verilirsə, heç olmasa bu məsələyə mütləq hüquqi qiymət verilməli idi. Belə ki, 7) 08 fevral 2024-cü il tarixli qərardad ilə müəyyən edilib ki, baba əmanətçi rəhmətə gedib. Lakin, həmin qərardad ilə kreditor tələbinin kimə məxsus olması müəyyən edilməyib. Bu qərardad ilə də kreditor tələbinin sahibi müəyyən edilməyib. Ona görə 8) 21 yanvar 2024-cü il tarixli iddiaçının hüquqi varis ilə əvəz edilməsi ilə bağlı Ərizə/Vəsatət dərhal ləğv edilməməli idi. Əgər məhkəmə özü bu məsələyə hüquqi qiymət verə bilmirdisə, 8) 18 yanvar 20204-cü il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsi üzrə cavabdeh bankda babanın bank hesabına 29 mart 2019-cü ild köçürülümüş əmanət pulunun yeganə vərəsəsi X4 prosesə hüquqi varis kimi qoşulması təmin etməli idi. Bu qərardad qəbul ediləndə həmin vəsatətə hüquqi qiymət verilməli və kreditor tələbinin əsl sahibi müəyyən edilməli idi. Lakin, nədənsə heç bir hüquqi qiymətləndirmə yoxdur. Həqiqət təhrif edilib. Hesab edilməlidir ki, qərardad qeyd edilən hüquq normalarına uyğun deyildir. İİ. Digər ziddiyyət odur ki, qərardad və qətnamədə iddia tələbinin rədd edilməsində fərqli hüquq normalarına istinad edilib. Bu fakt işin faktiki hallarında qeyd edilib. Həm də cavabdehin etirazında istinad edilən prosessaul normalarda həmin müraciətin aiddiyəti üzrə apellyasiya məhkəməsinə müraciət edilməsi yoxdur. Etirazda yazılıb ki, 13 iyun 2017-ci il tarixli Konstitusiya Məhkəmə Plenumunun qərarına əsasən Məhkəmə Plenumu hesab edir ki, iflas prosesində olan bankın hüquqi şəxs olaraq hüquq qabiliyyətindən irəli gələn (banka qarşı və ya bankın irəli sürdüyü) iddia üzrə məhkəmə icraatın dayandırılması və ya xitam edilməsi AR MPM-in 254-cü maddəsinin tələbləri ilə uzlaşmadığından, həmin iddialar üzrə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Bu kateqoriyadan olan işlərə bank fəaliyyətini həyata keçirdiyi və ya müflis elan olunduqdan sonra, iflas prosesində olan zaman banka qarşı kreditor tələbləri, həmçinin bankın kreditor kimi çıxış etdiyi tələblər üzrə işlər daxil deyil. Məhkəmə tərəfindən təsdiq edilmiş ödənişlərin aparılması qrafiki qətidir və ondan şikayət verilə bilməz. Ödənişlərin aparılması qrafiki məhkəmə tərəfindən təsdiq edildikdən sonra ləğvedici dərhal həmin qrafikdə nəzərdə tutulan ödənişləri icra edir. Plenum hesab edir ki, “Banklar haqqında” Qanunun76-82, 87-ci maddələri bankın kreditorlarının tələblərinin qeydə alınması, tələblərə etiraz edilməsi, qeydə alınmış və etiraz edilmiş tələblərin məhkəmə tərəfindən təsdiq edilməsi, qeydə alınmış tələblərin ödənilməsinin xüsusi proseduru və s. müəyyən edildiyindən, bu cür kreditor tələbləri ilə bağlı məhkəmələrdə olan işlər üzrə icraata AR MPM-in 261.0.1-ci maddəsinə uyğun olaraq xitam verilməli, tərəflərə pozulmuş hüquqlarının müdafiə edilməsi üçün iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməsi izah olunmalıdır. Bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan daxil olan ərizələrin AR MPM-in 153.2.1-ci maddəsinə əsasən icraata qəbul edilməsindən imtina olunmalıdır. Yəni, əgər banka qarşı kreditorun tələbləri, məhkəmə tərəfindən təsdiq edilmiş kreditorların tələblərinin ödənilməsinə dair siyahıda qeyd edilibsə, bu halda AR MPM-in 261.0.2-ci, 261.0.3-cü maddələri məhkəmə tərəfindən tətbiq edilməlidir. Bu işdə təqdim edilmiş Bakı Apellyasiya Məhkəməsinin cavablarından aydın olur ki, iddiaçılar ilə cavabdehlər arasında heç bir məhkəmə mübahisəsi öncədən olmayıb, həm də iddiaçıların adları kreditor kimi kreditor tələblərinin ödənilməsi siyahısında heç bir vaxt olmayıb. Ona görə onların işə münasibətdə AR MPM-nin 261.0.2-ci, 261.0.3-cü maddələri tətbiq edilə bilməz. Sübut yoxdur.
9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-406/2024 saylı, 05 mart 2024-cü il tarixli qərardadı ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 fevral 2024-cü il tarixli, 2(006)-406/2024 nömrəli qərardadından vermiş olduğu şikayəti təmin etməmiş, baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin
10. 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir.
11. 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır.
12. 262.3-cü maddəsinin tələblərinə görə bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir.
13. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir.
“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun
14. 2.1.1, 2.1.3 və 2.1.11-ci maddələrinə görə, əmanət – hesablanmış faizlər də daxil olmaqla, bankın milli və xarici valyutada qəbul etdiyi və müvafiq qanunvericiliyə və ya müqaviləyə əsasən geri ödəməli olduğu pul vəsaitləridir. Sığortalanmış əmanət – qorunan əmanətçinin qorunan əmanətinin Fond tərəfindən kompensasiya ödənilən hissəsidir. Kompensasiya – sığorta hadisəsi baş verdikdə, qorunan əmanətçilərə ödənilən pul vəsaitidir.
15. 4.1.1-cü və 4.1.10-cu maddələrinə əsasən, sığorta hadisəsi baş verdikdə, əmanətçilərin tələblərinin uçotunu aparır və kompensasiya ödəyir; əmanətlərin sığortalanması sisteminin fəaliyyətini təmin edən digər funksiyaları həyata keçirir.
16. 31.1-ci maddəsinə əsasən, əmanətçilər kompensasiyaların ödənilməsi ilə əlaqədar yaranan mübahisələrin həlli üçün X5 və/və ya məhkəməyə müraciət edə bilərlər.
17. «Əmanətlərin tam sığortalanması haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi gündən etibarən faizləri “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.20-ci maddəsinə müvafiq olaraq Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan Fondun iştirakçı bankları tərəfindən 3 (üç) il müddətində tam sığortalanır.
“Banklar haqqında” Azərbaycan Respublikası Qanununun
18. 72.1.3-cü maddəsinə əsasən bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi anından bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür.
19. 76-cı maddəsindən görünür ki, bu Qanunun 77.1 və 77.2-ci maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının mediada ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır. Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və Qanunun 76.2.1- 76.2.3-cü maddələrində göstərilən məlumatları ləğvediciyə təqdim etməlidirlər. 20.77.1-ci maddəsinə əsasən, bankın mühasibat uçotu və hesabatı sənədlərində əks etdirilmiş depozitlərlə bağlı tələblər istisna olmaqla, yalnız bu Qanunun 76-cı maddəsinə uyğun qəbul edilmiş tələblər qeydə alınır. Depozitlərlə bağlı tələblər isə mühasibat uçotu sənədlərində əks etdirilmiş məbləğlərdə qəbul edilir. 21.71.7.3-cü və 71.7.4-cü maddələrinə əsasən bu Qanunun 59.2-ci və 71.1-ci maddələrinə əsasən təyin edildiyi gündən ləğvedici bankın əmanətçilər qarşısında öhdəliklərinin reyestrini tərtib edir və kompensasiyaların ödənilməsi üçün qanuna müvafiq tədbirlər görür, kreditorların tələblərini qeydə alır və onların ödənilməsi üçün tədbirlər görür. 22.77.5 və 77.6-cı maddələrinə görə, qeydə alınmış tələblərin təhlilindən sonra ləğvedici qəbul etdiyi tələbləri qəbul edilmiş tələblər siyahısına, etiraz etdiyi tələbləri isə etirazın səbəblərini göstərməklə, etiraz edilmiş tələblər siyahısına daxil edir. Qismən etiraz edilərək qeydə alınmış tələblər müvafiq olaraq, qəbul edilmiş və etiraz edilmiş hissədə hər iki siyahıya daxil edilir. Hər iki siyahıda tələbi olanın adı və ünvanı, tələblərin məbləği və irəli sürülən tələblərin təminatı üçün sübutların mövcudluğu göstərilir. Siyahılara daxil edilən tələblər kateqoriyalar üzrə birləşdirilir və ödəniş növbəliyi qaydasında yerləşdirilir. Hər iki siyahı tələblərin qeydiyyatı müddətinin qurtardığı gündən 30 təqvim günü ərzində tərtib edilir və məhkəmənin təsdiqinə verilir. Bundan sonra ləğvedici hər rüb təzələnən siyahıları məhkəmənin təsdiqinə verir. Həmin siyahıları təsdiq edənədək məhkəmə ləğvedici ilə razılaşdırmaqla tələbləri bir siyahıdan digərinə keçirə bilər. Məhkəmə etiraz edilmiş tələblərin təsdiqlənməsi üçün hansı sübutların zəruri olduğunu müəyyənləşdirə bilər. 23.82-ci maddəsinə əsasən müflis elan olunmuş bankın aktivləri onun kreditorları arasında aşağıdakı növbəlik qaydasında bölüşdürülür: 2. fiziki şəxslərin Əmanətlərinin Sığortalanması Fondunun reqress hüququ üzrə tələblər; 3. iflas prosedurunun həyata keçirilməsi ilə bağlı müvəqqəti inzibatçının və ləğvedicinin çəkdiyi bütün məsrəflər və xərclər, o cümlədən onların əmək haqqı, məhkəmə xərcləri və ləğvedicinin bankın ləğvetmə tədbirlərinin həyata keçirilməsi ilə bağlı qəbul etdiyi öhdəliklər; 4. iş vaxtı baş vermiş bədən xəsarəti və ya ölüm halları ilə əlaqədar bank işçilərinin tələbləri; 5. bankın müflis elan olunmasına dair məhkəmə qərarının qəbul edildiyi tarixdən əvvəlki altı aydan çox olmayan dövr üçün ödənilməli müavinətlərin, əmək haqlarının verilməsi haqqında bankın işçilərinin və keçmiş işçilərinin tələbləri; 6. müvəqqəti inzibatçının idarəetmə və maliyyə sağlamlaşdırması prosedurları ilə əlaqədar bankın öhdəlikləri; 7. bankın müflis elan olunmasına dair qərarın qəbul edildiyi tarixdən əvvəlki bir ildən çox olmayan müddət üçün büdcəyə məcburi ödənişlər üzrə vergilər və məcburi dövlət sosial sığortası üzrə ödənilməli məbləğlər; 8. təminatsız kreditorların tələbləri.
24. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 13 iyun 2017-ci il tarixli Qərarına əsasən ... Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2-ci maddəsinin “dayandırma” ifadəsi bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254-cü maddəsində nəzərdə tutulmuş qaydada icraatının dayandırılmasını deyil, bu Məcəllənin 261.0.1-ci maddəsinə əsasən icraatına xitam verilməsini nəzərdə tutur. Həmin andan daxil olan ərizələrin qəbul edilməsindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən imtina olunmalıdır.
25. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli qərarında göstərmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalı, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-406/2024 saylı, 8 fevral 2024-cü il tarixli qərardadı ləğv edilməli, mülki iş, aşağıda qeyd olunan məsələlər nəzərə alınmaqla yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır.
27. Belə ki, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 4.1.4-cü və 31.1-ci maddələrinə əsasən Əmanətlərin Sığortalanması Fondu sığorta hadisəsi baş verdikdə, əmanətçilərin tələblərinin uçotunu aparır və kompensasiya ödəyir. Əmanətçilər kompensasiyaların ödənilməsi ilə əlaqədar yaranan mübahisələrin həlli üçün X5 və/və ya məhkəməyə müraciət edə bilərlər.
28. “Banklar haqqında” Qanunun 71.7.3-cü və 71.7.4-cü maddələrinə görə bu Qanunun 59.2-ci və 71.1-ci maddələrinə əsasən təyin edildiyi gündən ləğvedici bankın əmanətçilər qarşısında öhdəliklərinin reyestrini tərtib edir və kompensasiyaların ödənilməsi üçün qanuna müvafiq tədbirlər görür, kreditorların tələblərini qeydə alır və onların ödənilməsi üçün tədbirlər görür.
29. Göründüyü kimi yuxarıda sadalanan normalara əsasən, sığorta hadisəsi baş vermiş bankın qorunan əmanətçilərə kompensasiya ödənilməsi, əmanətlərin sığortalanması sisteminin fəaliyyətini təmin edən digər funksiyaların həyata keçirilməsi Əmanətlərin Sığortalanması Fondunun səlahiyyətlərinə aid edilmişdir. Bankın əmanətçilər qarşısında öhdəliklərinin reyestrinin tərtib edilməsi və kompensasiyaların ödənilməsi, həmçinin kreditorların tələblərinin qeydə alınması və onların ödənilməsi üçün qanuna müvafiq tədbirlər görülməsi kimi səlahiyyətlər də “Banklar haqqında” Qanunla bankın ləğvedicisinə, hazırki halda Əmanətlərin Sığortalanması Fonduna aid edilmişdir. Fond həmçinin kreditorların mübahisəsiz tələblərinin qəbulu, tələblərin ödəniş növbəliliyi və s. bu kimi məslələri həll edir.
30. Kollegiya hazırki mübahisənin hüquqi təbiətinə nəzər salaraq qeyd etməyi zəruri sayır ki, iddiaçının məhkəməyə müraciət etdiyi tələblər də məhz əmanət müqaviləsi üzrə kompensasiyanın və bununla bağlı uğradığı maddi zərərin ödənilməsi ilə bağlıdır. Beləliklə də iddiaçının məhkəməyə müraciət etməklə əldə etməyə çalışdığı nəticə qanunvericilik ilə birbaşa bankın ləğvedicisi kimi deyil, müstəqil hüquqi şəxs olaraq Əmanətlərin Sığortalanması Fondunun səlahiyyətlərinə aid edilmiş funksiyaların düzgün həyata keçirilməməsinin təsbit edilməsindən ibarətdir. Əmanətçinin “əmanət üzrə kompensasiya ödənilməsi” ilə bağlı irəli sürdüyü tələbə mülki icraat qaydasında baxılır və mübahisə aidiyyəti normalar çərçivəsində həll edilir.
31. Buna baxmayaraq birinci instansiya məhkəməsi yaranmış mübahisə üzrə LPO QSC "xxxx" KB-nin cavabdehlik daşıyıb-daşımaması barədə məsələni aydınlaşdırmadan, tələbin mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasını qaldırılmış iddianın hüquqi təbiətinə, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquqa, habelə mübahisənin tərəflərinin hüquqi vəziyyətinə uyğun olmayan şəkildə həll etmişdir.
32. Məhkəmə kollegiyası razılaşır ki, müflis elan olunmuş banklarla bağlı məhkəmə işləri müxtəlif xarakterli olmaqla, mübahisənin hüquqi təbiətinə görə fərqlənir. Qeyd edilənləri nəzərə alan Konstitusiya Məhkəməsinin Plenumu öz qərarında göstərilən fərqləndirici əlamətlərə görə ləğv prosesində olan banka qarşı iddiaları 2 əsas qrupa bölür: bunlar bankın bilavasitə bank fəaliyyəti ilə əlaqəli olan və bankın hüquqi şəxs kimi hüquq qabiliyyətindən irəli gələn fəaliyyəti ilə əlaqəli olan iddialardır. Bu fərqləndirmə mübahisələrin mülki məhkəmə icraatı qaydasında və ya iflas proseduruna məhkəmə nəzarəti qaydasında, yəni birinci instansiya məhkəməsi olaraq inzibati kollegiya tərəfindən inzibati icraat qaydasında baxılmalı olmasını şərtləndirir.
33. Konstitusiya Məhkəməsi bank fəaliyyətinə anlayış verərək göstərmişdir ki, bu fəaliyyət fiziki və hüquqi şəxslərdən qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsi, habelə müştərilərin tapşırığı ilə köçürmə və hesablaşmakassa əməliyyatlarını məcmu halda həyata keçirilməsindən ibarət olan fəaliyyətdir. Yəni kreditor tələblərinin ləğv prosesində olan bankın kreditorlarının tələblərini, bankın borclu olduğu fiziki və hüquqi şəxslərin pul tələblərini özündə ehtiva edir.
34. Beləliklə bankın fəaliyyəti sırf maliyyə vəsaitinin dövriyyəsi ilə bağlı olduğundan Konstitusiya Məhkəməsi də kreditor tələblərini müflis elan olunmuş bankın bilavasitə bank fəaliyyəti ilə əlaqəli olan tələblərə aid etmiş, bu tələblər üzrə işlərə iflas proseduruna məhkəmə nəzarəti həyata keçirən məhkəmə tərəfindən inzibati icraat qaydasında baxılmalı olmasını müəyyən etmişdir.
35. Bankın hüquqi şəxs kimi hüquq qabiliyyətindən irəli gələn fəaliyyəti isə Konstitusiya Məhkəməsi tərəfindən bankın fiziki və hüquqi şəxslərin müxtəlif mülki-hüquqi, bank fəaliyyəti ilə əlaqədar olmayan əsaslar üzrə tələblərinin icrasına yönəlmiş fəaliyyət kimi müəyyən edilmişdir.
36. Məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, sığorta hadisəsinin baş verməsi ilə əlaqədar əmanətçilərə kompensasiyanın ödənilməsi tələbi bankın bilavasitə bank fəaliyyəti ilə əlaqəli olan tələblər sırasına daxil deyildir. Banka qoyulmuş əmanətə görə kompensasiya yalnız sığorta hadisəsi, yəni bankın müflis elan olunması, məcburi ləğv edilməsi və s. baş verdikdə və öz öhdəliklərini yerinə yetirə bilməməsi faktı təsdiq edildikdə ödənilir. Belə halda qoyulmuş əmanətin əvəzinə kompensasiya bank tərəfindən deyil, Fond tərəfindən verilir. 37.Sığorta hadisəsi baş verdikdə Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə kompensasiyanın ödənilməsi heç də bank əmanətinin qaytarılması və ya Fondun bankın öhdəliyini öz üzərinə götürməsi anlamını verməməlidir. Fond tərəfindən kompensasiya əmanətçinin pul vəsaitini itirməsi riskinin qarşısını almaq məqsədi ilə yarana biləcək məhdudiyyətlərin əvəzi kimi ödənilir. Beləliklə də, Fondun əsas məqsədi qoyulan əmanətlərin mülkiyyət kimi geri qaytarılması deyil, əmanətçilərin banklarda olan əmanətlərini sığortalamaqla onlara dəyə biləcək maddi və mənəvi ziyanı ən qısa müddətdə qanunvericiliklə müəyyən edilmiş qaydada kompensasiya etməkdir.
38. Bununla yanaşı qeyd olunmalıdır ki, kompensasiya almaq sığorta hadisəsi riskinə məruz qalmış əmanətçinin hüququdur. Əmanətçiyə kompensasiya almaq hüququ və ödənilməsi şərtləri izah olunur və o, kompensasiya almaqdan imtina etdikdə banka qarşı tələb irəli sürmək hüququnu saxlayır. Əmanətçinin banka qarşı irəli sürdüyü tələbə isə bank əmanəti müqaviləsinin şərtlərinə uyğun baxılır. “Əmanətlərin sığortalanması haqqında” Qanunun 25.2-ci maddəsinə əsasən, qorunan əmanətçi Fonddan aldığı kompensasiya ilə əmanəti arasındakı fərq məbləğində qanunvericiliyə müvafiq qaydada banka qarşı tələb irəli sürə bilər. Lakin bu tələb hazırki tələbdən fərqli olaraq hüquqi məqsədinə görə iştirakçı bankda sığorta hadisəsi baş verdiyindən əmanətçiyə dəyə biləcək maddi ziyanın kompensasiya ödənilməsi deyil, qoyduğu əmanətlərin mülkiyyət kimi geri qaytarılması məqsədini daşıyacaqdır.
39. Beləlikə, birinci instansiya məhkəməsi iddianın hüquqi təbiətini, habelə mübahisənin tərəflərinin hüquqi vəziyyətinə uyğun olaraq iddiaçının barəsində qərar qəbul olunmasını xahiş etdiyi hüquqi marağını, məhkəməyə müraciət etməsinin hüquqi məqsdini fərqləndirməli, işə irəli sürülmüş tələblər çərçivəsində baxmaqla Mülki Prosessual Məcəllədə təsbit edilmiş qaydalara əsasən ləğv prosesində olan bankın yaranmış mübahisə üzrə cavabdeh qismində məsuliyyət daşıyıb-daşımaması məsələsini araşdırmalı idi.
40. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). 41.Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş bu qərardadın əsaslandırıcı hissəsində göstərilən hallar nəzərə alınmaqla mülki işə mahiyyəti üzrə baxılması məsələsinin yenidən araşdırılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, qeyd edilənlərə əsasən, mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik) hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilmir.
42. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir.
43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Şikayət təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-406/2024 saylı, 8 fevral 2024-cü il tarixli qərardadı ləğv edilsin. İş bu qərardadın əsaslandırıcı hissəsində göstərilən hallar nəzərə alınmaqla mülki işə mahiyyəti üzrə baxılması məsələsinin yenidən araşdırılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər
Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Günay Axundova