Məhkəmə qərarları › İş №2(103)-3311/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3311/2025

24.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3311/2025 24.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fonduna qarşı “öhdəliyin icra edilməməsi nəticəsində vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 04 mart 2025-ci il tarixli qətnamədən cavabdeh Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondunun verdiyi apellyasiya şikayətinə əsasən işə, apellyatorun nümayəndəsi Nümayəndə və İddiaçı iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat

1. İddiaçı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, 166.000 manat məbləğində pulun ona ödənilməsinin Fond tərəfindən gecikdirilməsinə görə 12.712 manat məbləğində pulun cavabdeh Fonddan onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, onunla Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankı arasında bağlanmış xx.xx.2008-ci il tarixli 1770 saylı “VİP Depozit” və xx.xx.2009-cu il tarixli LD100604223 saylı “Standart Depozit” müqavilələri əsasında Banka əmanətlər qoymuşdur. xx.xx.2016-cı il tarixdə Bankın lisenziyası ləğv edilmiş, Bank müflis elan olunmuş və ləğvetmə proseduru çərçivəsində Banka ləğvedici təyin edilmişdir. Bankın müflis elan olunması əmanətçi kimi iddiaçıya münasibətdə sığorta hadisənin baş verməsi ilə nəticələnmişdir. Sığorta hadisəsi baş verəndən sonra tələbin hüquqi əsasını sübut edən sənədləri və zəruri məlumatları təqdim etməklə 166.000 manat məbləğdə kompensasiya ödənilməsi barədə Bankın ləğvedicisinə - cavabdeh Fonduna müraciət olunmuşdur. X3 Şurasında vaxtında baxılıb qanunvericilikdə nəzərdə tutulmuş 90 gün ərzində öz müsbət həllini tapmalı idi, ancaq Fond kompensasiya ödənilməsinə dair qanunun tələblərindən irəli gələn öhdəliyini icra etməmişdir. Buna görə də, iddiaçı, Fonda (həm Fond kimi, həm də Bankın ləğvedicisi kimi) “sığorta hadisəsinin baş verməsi ilə əlaqədar kompensasiya ödənilməsi tələbi barədə” iddia ərizəsi ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş və Nəsimi Rayon Məhkəməsi həmin iş üzrə qəbul etdiyi xx.xx.2018-ci il tarixli, 2(006)-3263/2018 saylı qətnamə ilə iddia təmin edərək, 166.000 manat məbləğində kompensasiyanın iddiaçıya ödənilməsi vəzifəsi Fondun üzərinə qoyulması qət etmişdir. Fondun həmin qətnamədən verdiyi apellyasiya şikayəti əsasında məsələyə 3 dəfə olmaqla apellyasiya və kassasiya icraatı qaydasında baxılmış, nəticədə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (həmin mülki mübahisəyə Azərbaycan Respublikası Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-1040/2022 saylı qərarı son qoyulmuşdur). Bundan sonra, yəni xx.xx.2022-ci il tarixdə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi əsasında “166.000 manat məbləğində kompensasiyanın Fondan iddiaçının xeyrinə tutulması barədə” icra vərəqəsi verilmişdir. Fond tərəfindən kompensasiyanın ödənilməsi sığorta hadisəsi baş verdikdən sonra ən geci 3 ay ərzində - xx.xx.2017-ci il tarixə kimi təmin edilməli idi, ancaq Fond kompensasiyanı vaxtında ödəməməklə əmanətçi olan iddiaçıya zərər vurmuşdur. İcra vərəqəsi veriləndən sonra, icra proseduru ilə əlaqədar 166.000 manat pulun ən tezi xx.xx.2022-ci tarixdə ödəniləcəyi təxmin edilərək, iddiaçı, Fonda qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş, 166.000 manat məbləğində kompensasiyanın ödənilməli olduğu xx.xx.2017-ci il tarixdən ödəniləcəyi gözlənilən xx.xx.2022-ci il tarixə olan gecikmə müddətini 5 il 6 ay, başqa sözlə 2.008 gün və iddianın verildiyi tarixə olan Mərkəzi bankın uçot dərəcəsi nəzərə alınmaqla 71.730 manat pulun və məhkəmə icraatının başlanması üçün çəkilmiş 305 manat xərcin, ümumilikdə 72.035 manat pulun Fondan onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Nəsimi Rayon Məhkəməsi həmin iddiaya dair mülki iş üzrə qəbul etdiyi xx.xx.2022ci il tarixli, 2(006)-2509/2022 saylı qətnamə ilə iddianı qismən təmin edilməsini, 3.216 manat məbləğdə pulun Fondan tutularaq iddiaçıya ödənilməsini, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir. İddiaçının həmin qətnamədən verdiyi apellyasiya şikayəti əsasında məsələyə 2 dəfə olmaqla apellyasiya və kassasiya icraatı qaydasında baxılmış, nəticədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)-3182/2023 saylı qətnaməsi ilə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təmin edilən 3.216 manat nəzərə alınmaqla, cavabdeh Fondundan maddi zərərin əvəzi kimi (71.730 - 3.216=) 68.514 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası 2(102)-976/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarla Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını qərara almışdır. Mülki işə birinci instansiya məhkəməsində baxılarkən Fond tərəfindən xx.xx.2018-ci il tarixli icra vərəqəsi icra edilməmişdi və Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi iddia tələbində qeyd edilən xx.xx.2022-ci il tarixi “gecikmənin son günü” kimi götürülməklə çıxarılmışdır. İşə apellyasiya icraatında baxılarkən, xx.xx.2022-ci il tarixdə Fond məhkəmə qətnaməsini icra edərək 166.000 manat məbləğində pul vəsaitini iddiaçının hesabına köçürmüşdür. Bu halda Fond tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək yol verilən ümumi gecikmə günlərinin sayı 2.055 gün təşkil edir. Ona görə də, iddiaçıya ziyan vurmaqla nəticələnən təqsirli hərəkət başa çatdığından, 2.055 gün gecikmə müddəti və həmin dövr ərzində bank uçot dərəcələri nəzərə alınmaqla vurulan ümumi zərərin yekun məbləğ yenidən hesablanmalıdır. Bu hal işə mahiyyəti üzrə baxmaq səlahiyyətində olan apellyasiya mərhələsində baş verdiyindən prosessual hüquq normalarının tələblərinə əsasən iddia tələbinin həcminin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edilmişdir. Apellyasiya məhkəməsi göstərilənlərə əsaslanaraq, iş üzrə düzgün nəticəyə nail olmaq məqsədilə iddianın dəlilləri üzrə maliyyə-mühasibat hesablalarının xüsusi biliyə malik olan şəxslər tərəfindən aparılmasının zəruriliyini nəzərə alıb 2(103)-3182/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadla üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmişdir. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının nəticəsi olaraq xx.xx.2017-ci il tarixdən başlayaraq xx.xx.2022-ci il tarixə kimi, yəni iddianın verilmə tarixinə hesablanan faiz məbləği 82.762,53 manat, xx.xx.2017ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üçün faiz məbləği 84.442,13 manat hesablanmışdır. Ekspertizanın nəticələri məlum olandan sonra, nəticələr nəzərə alınmaqla iddia tələbinin həcminin artırılması barədə ərizə ilə apellyasiya məhkəməsinə müraciət olunaraq Fond tərəfindən borcun qaytarılmasının gecikdirilməsinə görə vurulan zərərə görə yekun məbləğ olan 84.442,13 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması xahiş edilmişdir. Artırılmış iddia məbləğinə uyğun əlavə olaraq 38 manat rüsum ödənilmişdir. Məhkəmə Kollegiyası Mülki Prosessual Məcəlləsinin 372.4-cü maddəsinə istinad olunmaqla ərizəni qəbul etməmiş, iddia tələbinin dəqiqiləşdirilməsi “yeni tələb” hesab edilərək baxılmamışdır. Məhkəmə Kollegiyası bunu belə əsaslandırmışdır ki, ekspertiza ilə iddianın verilmə tarixində hesablanan (xx.xx.2022-ci il tarixə kimi) faiz məbləği 82.762,53 manat təşkil edərək 71.730 manat məbləğdə olan iddia tələbini əhatə edir və iddianın əsasının məhz tələbdə qeyd edilən müddəti əhatə etdiyindən sonradan apellyasiya icraatı zamanı verilən iddia həcminin artırılmasının nəzərə alınması üçün hüquqi əsaslar müəyyən edilmir. Apellyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayət verərək qətnamənin qismən, iddianın təmin edilməyən hissəsində ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi və cavabdeh Fondundan maddi zərərin əvəzi kimi 12.712 manat məbləğin alınaraq iddiaçı ona verilməsinə dair yeni qərarın çıxarılması xahiş etmişdir. Kassasiya şikayəti təmin edilməmişdir. Odur göstərilənlərə əsasən müəyyən olunur ki, cavabdeh Fonddan iddiaçının xeyrinə əlavə olaraq (84.442,13 manat – 71.730 manat =) 12.712,13 manat məbləğində pul tutulmalıdır. b) cavabdehin iddia tələbinə dair münasibəti barədə məlumat

3. Cavabdeh Fondun nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz edərək, Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, iddiaçı öz iddia ərizəsi ilə təsdiq edir ki, bir hüquq münasibəti ilə bağlı bir neçə dəfə vəsait əldə etmişdir. Həm 166.000 manat əmanət tələbi, həmçinin gecikdirilmiş vaxt üçün 68.514 manat vəsaiti Fond tərəfindən ödənilmişdir. Bununla da iddiaçı mülki hüquq münasibətləri üzrə bütün müdafiə və tələb hüququndan maksimum istifadə etmişdir. Hazırda isə iş üzrə cavabdeh Fond ilə iddiaçı arasında hər hansı hüquq münasibəti mövcud deyildir. Bu iddia birbaşa iddiaçının əsassız varlanma tələbinə dəlalət edir. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməlidir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini, 166.000 manat pul ödənişinin gecikməsinə görə 12.712 manat və ödənilmiş 128 manat dövlət rüsumu olmaqla, cəmi 12.840 manat pul vəsaitinin cavabdeh Fonddan iddiaçının xeyrinə tutulmasını qət etmişdir.

5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanuni qüvvəsini almış məhkəmə aktları ilə müəyyən edilmişdir ki, iddiaçının qanunla icra edilməli olan pul öhdəliyin vaxtında icra edilməməsi üçün ziyan tələb etmək hüququ vardır və iddiaçı 166.000 manat kompensasiya məbləğinin ödənilməsinin 5 il, 6 ay gecikdirilməsinə görə Mülki Məcəllənin 445.7 və 449.1-ci maddələrinə istinad etməklə haqlı olaraq iddianı qaldırmışdır. İcranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarı). d) apellyasiya şikayəti barədə məlumat

6. Cavabdeh Fond həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsi iş üzrə qətnamə qəbul edərkən iş üzrə tərəflərdən yalnız iddiaçının təqdim etdiyi sübutlar üzrə mövqeyini bildirmişdir. Məlumdur ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-2509/2022 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh Fondundan maddi zərərin əvəzi kimi 3.216 manat məbləğində pulun alınaraq iddiaçıya verilməsini, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə baxmış Bakı Apelyasiya Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli, 2(103)-3182/2023 saylı qətnamə ilə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsini, həmin qətnamənin qüvvədə qalan hissəsi əsasında Fondan iddiaçının xeyrinə tutulmalı olan 3.216 manat məbləğində vəsaiti nəzərə alınmaqla, cavabdeh Fonddan maddi zərərin əvəzi kimi 68.514 manat məbləğində pulun alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(102)-976/2024 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi iş üzrə iddiaçının daha əvvəlki iddia ərizəsinə hər üç məhkəmə instansiyasında baxılaraq yekun qərar qəbul edilmişdir. Fond öz növbəsində qət edilən pul vəsaitini iddiaçının hesabına köçürmüşdür. Hazırda isə iddiaçı eyni predmet barəsində, eyni əsaslar üzrə yenidən iddia ərizəsi ilə müraciət edərək Fonda qarşı pul tələbi irəli sürür. Məhz yuxarıda qeyd edilən məqamları nəzərə alaraq aydın olur ki, iddiaçının bu tələbi əsassızdır. İddiaçı artıq yekun qərar ilə müəyyən edilmiş ödənişi əldə etmişdir. Hansı ki, kassasiya instansiyası qismində Azərbaycan Respublikasının Ali Məhkəməsi lazımi məhkəmə tədqiqatını apararaq iddiaçının xeyrinə qərar qəbul etmişdir. Buna görə də, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Buna görə də bu iş üzrə icraata xitam verilməlidir. İş üzrə icraata xitam verilməsi mümkün olmadıqda isə iddia rədd edilməlidir. Belə ki, iddiaçıya artıq 68.514 manat məbləğində pul ödənsə də, iddiaçı əsassız varlanma məqsədilə əlavə vəsait əldə etmək istəyir. “Əmanətlərin sığortalanması haqqında” və “Banklar haqqında” Azərbaycan Respublikası Qanunları ilə müəyyən edilmiş qaydada fəaliyyət göstərən Fond ləğv prosesində olan 20-yə yaxın bankın ləğvedicisidir və ləğv prosesində olan bankların müştərilərinə dəymiş zərərin ödənilməsi məqsədi ilə Fond tərəfindən hər il milyonlarla vəsait xərclənilir. Bu tip iddialar isə fiziki şəxslər tərəfindən Fondun kapital ehtiyatlarından sui-istifadə etmələrinə şərait yaradır və Fondun mövcud qanuni mənafeyinə ziyan vurur. Buna görə də iddia rədd edilməlidir.

e) apellyasiya şikayətinə qarşı verilmiş etiraz barədə məlumat

8. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz verərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

9. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən bu etirazda əlavə olaraq qeyd olunmuşdur ki, Fond qanunla onun üzərinə düşən vəzifələrini yerinə yetirməmiş, bununla da iddiaçıya zərər vurmuşdur. Buna görə də hesab edilməlidir ki, Rayon Məhkəməsi iddianı əsaslı hesab etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlili əsassızdır. Bundan başqa nəzərə alınmalıdır ki, Fond, MPM-in 261.0.2-ci maddəsinə istinad edərək iş üzrə icraatın xitam verilməsini təklif edir. Amma nəzərə alınmalıdır ki, Nəsimi Rayon Məhkəməsi iddiaya dair mülki işə baxan zaman qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardad ilə iş üzrə icraata xitam versə də, həmin qərardad Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə ləğv edilmiş və iş mahiyyəti üzrə baxılması üçün iş həmin məhkəməyə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadında aydın formada izah edilmişdir və işin icraatına xitam verilməsi üçün əsas yoxdur. Buna görə də qəbul edilməlidir ki, apellyasiya şikayətinin bu dəlili də əsassızdır. f) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat

10. Cavabdeh Fondun nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətini müdafiə etdi və şikayətinin məzmununa uyğun izahat verdi.

11. İddiaçı apellyasiya baxışı iclasında iştirak edərək, şikayətin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin və apellyasiya şikayətinə qarşı verilmiş etirazın məzmununa uyğun izahat verdi. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

12. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

13. Belə ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3263/2018 saylı iş üzrə qəbul etdiyi xx.xx.2018-ci il tarixli qətnamədən görünür ki, həmin qətnamə ilə qət edilmişdir ki, QSC “Bank Standard” KB-nın ləğvi ilə bağlı iddiaçıya 166.000 manat məbləğində kompensasiya Fond tərəfindən iddiaçıya ödənilməlidir.

14. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi son nəticədə Azərbaycan Respublikası Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-1040/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarı ilə qüvvəyə minmişdir.

15. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi əsasında “166.000 manat məbləğində kompensasiyanın Fondan iddiaçının xeyrinə tutulması barədə” xx.xx.2022-ci il tarixdə icra vərəqəsi verilmişdir.

16. Fond iddiaçıya ödənilməli olan kompensasiyanı vaxtında ödəmədiyi üçün iddiaçı, cavabdeh Fonda qarşı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş, 166.000 manat məbləğində kompensasiyanın ödənilməli olduğu xx.xx.2017-ci il tarixdən ödəniləcəyi gözlənilən xx.xx.2022-ci il tarixə olan gecikmə müddətini 5 il 6 ay (2.008 gün) və iddianın verildiyi tarixə olan Mərkəzi bankın uçot dərəcəsi nəzərə alınmaqla 71.730 manat pulun Fondan onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

17. Nəsimi Rayon Məhkəməsinin həmin iddiaya dair 2(006)-2509/2022 saylı mülki iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamədən görünür ki, həmin qətnamə ilə iddianın qismən təmin edilməsi, 3.216 manat məbləğdə pulun Fondan tutularaq iddiaçıya ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir.

18. İddiaçının həmin qətnamədən verdiyi apellyasiya şikayəti əsasında işə apellyasiya qaydasında ikinci dəfə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə (iş № 2(103)-3182/2023) ilə qət etmişdir ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçının xeyrinə tutulmalı olan 3.216 manat nəzərə alınmaqla, cavabdeh Fondundan iddiaçının xeyrinə maddi zərərin əvəzi olaraq (71.730 - 3.216=) 68.514 manat məbləğində pul tutulsun. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iddianın bir qisminin təmin edilməməsi barədə iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən iş üzrə verilmiş rəydə qeyd edilmişdir ki, xx.xx.2017-ci il tarixdən başlayaraq xx.xx.2022-ci il tarixə kimi, yəni iddianın verilmə tarixinə hesablanan faiz məbləği 82.762,53 manat, xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üçün faiz məbləği 84.442,13 manat təşkil edir. İddiaçı bunu nəzərə alaraq apellyasiya icraatı zamanı “iddia tələbinin həcminin artırılması barədə” ərizə verərək, həmin məbləğin Fondan unun xeyrinə tutulmasını xahiş etmişdir. Lakin “iddia tələbinin həcminin artırılması barədə” ərizə apellyasiya icraatı zamanı verildiyi üçün bu ərizə MPM-in 372.4-cü maddəsinin tələbinə görə qəbul edilə bilməz. Ekspertiza ilə iddianın verilmə tarixində hesablanan (xx.xx.2022-ci il tarixə kimi) faiz məbləği 82.762,53 manat təşkil edərək 71.730 manat məbləğdə olan iddia tələbini əhatə edir və iddianın əsasının məhz tələbdə qeyd edilən müddəti əhatə etdiyindən sonradan apellyasiya icraatı zamanı verilən iddia həcminin artırılmasının nəzərə alınması üçün hüquqi əsaslar müəyyən edilmir.

19. İddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək, iddianın tam təmin edilməsini xahiş etsə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası xx.xx.2024-cü il tarixli qərar (iş № 2(102)-976/2024) ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını qərara almışdır.

20. İşdə olan sənədlərdən görünür ki, iddiaçının cavabdehə qarşı irəli sürdüyü “166.000 manat məbləğində kompensasiyanın ödənilməli olduğu xx.xx.2017-ci il tarixdən ödəniləcəyi gözlənilən xx.xx.2022-ci il tarixə olan gecikmə müddətini 5 il 6 ay (2.008 gün) və iddianın verildiyi tarixə olan Mərkəzi bankın uçot dərəcəsi nəzərə alınmaqla 71.730 manat pulun Fondan onun xeyrinə tutulması barədə” iddiasına dair mülki işə birinci dəfə apellyasiya icraatı qaydasında baxılan zaman, yəni xx.xx.2022-ci il tarixdə, Fond məhkəmə qətnaməsini icra edərək 166.000 manat məbləğində pul vəsaitini iddiaçının hesabına köçürmüşdür.

21. İddia ərizəsindən görünür ki, iddiaçı, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qətnaməsində və həmin qətnamənin dəyişdirilmədən saxlanılması barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarında təsbit edilmiş mövqeyi nəzərə alaraq hesab edir ki, cavabdeh Fonddan onun xeyrinə (84.442,13 manat – 71.730 manat =) 12.712,13 manat məbləğində pul tutulmalıdır.

22. İddia tələbinin əsassız olduğunu bildirən cavabdeh Fondun dəlillərindən biri ondan ibarətdir ki, iş üzrə iddiaçının daha əvvəlki iddia ərizəsinə hər üç məhkəmə instansiyasında baxılaraq yekun qərar qəbul edilmişdir. Fond öz növbəsində qət edilən pul vəsaitini iddiaçının hesabına köçürmüşdür. Hazırda isə iddiaçı eyni predmet barəsində, eyni əsaslar üzrə yenidən iddia ərizəsi ilə müraciət edərək Fonda qarşı pul tələbi irəli sürür. Buna görə də, iş üzrə icraata xitam verilməlidir.

23. Cavabdeh Fondun bu dəlili ilə bağlı Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 261.0.2-ci maddəsinə görə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir.

24. Lakin yuxarıda qeyd edilən məhkəmə aktlarından görünür ki, hazırkı iş üzrə tərəflər həmin aktların qəbul olunmasına əsas olmuş işlər üzrə eyni tərəflər olsalar da, hazırkı işin icraatının başlanmasına əsas olmuş iddianın əsası və predmeti yuxarıda qeyd edilən işlər üzrə iddiaların əsaslarından və predmetlərdən fərqlidir.

25. Buna görə də Məhkəmə hesab edir ki, hazırkı iş üzrə icraata xitam verilməsi üçün əsas yoxdur. Cavabdeh Fondun müzakirə edilən bu dəlili əsassızdır.

26. İddia tələbinin əsassız olduğunu bildirən cavabdeh Fondun digər dəlili ondan ibarətdir ki, iş üzrə icraata xitam verilməsi mümkün olmadıqda iddia rədd edilməlidir. Çünki iddiaçıya artıq 68.514 manat məbləğində pul Fond tərəfindən ödənilmişdir. İddiaçı əsassız varlanma məqsədilə əlavə vəsait əldə etmək istəyir. Buna görə də iddia rədd edilməlidir.

27. Cavabdeh Fondun bu dəlili ilə bağlı Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin “Əsassız varlanma” adlı 58-ci Fəslinin tələblərinin mənasına görə, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlakın əldə ediləsi – əsassız varlanma yolverilməzdir.

28. Lakin hazırkı işin hallarından görünür ki, iddiaçı tərəfindən cavabdeh Fonda qarşı irəli sürdüyü iddia tələbi öhdəliyin icra edilməməsi nəticəsində vurulmuş maddi zərərin əvəzinin ödənilməsi barədədir və bu tələbin hüquqi əsası Mülki Məcəllədə “Öhdəliklərin icra edilməməsi” adlı 22-ci Fəslində və “Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət” adlı 23-cü Fəslində nəzərdə tutulmuşdur.

29. Buna görə də Məhkəmə hesab edir ki, cavabdeh Fondun müzakirə edilən bu dəlili də əsassızdır.

30. Yuxarıda göstərilənləri nəzərə alan Məhkəmə hazırkı iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli nəticəsində Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin əsaslılığı ilə bağlı bildirir ki, Mülki Məcəllənin tələblərinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (maddə 385.1.). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442.). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (maddə 443.1.). Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (maddə 443.2.). Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər (maddə 445.7.). Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər (maddə 449.1.).

31. Qeyd edilən maddi hüquq normalarının tələblərini, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3182/2023) saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsində və həmin qətnamənin dəyişdirilmədən saxlanılması barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarında (iş № 2(102)-976/2024) təsbit edilmiş mövqeyi nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi iddia tələbinin əsaslı olduğu üçün təmin olunması barədə nəticəyə gəlməkdə haqlı olmuşdur. g) apellyasiya baxışının nəticəsi

32. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

33. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

34. Bu baxımdan, Məhkəmə, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

35. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Cavabdeh Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 04 mart 2025-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondu hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər. İddiaçı hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar