Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3313/2022 06.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin 21.01.2022-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, iddiaçının avtomobilinin zədələnməsi nəticəsində vurulmuş maddi zərərin əvəzi kimi 3.000 manat cavabdehdən alınaraq iddiaçıya verilsin. Qətnamə ilə qət olunub ki, iddia təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin edilsin. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, zərərin əvəzi kimi iddiaçıya 500 manat ödəməyə razıdır. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. 06.07.2021-ci il tarixdə 3 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib: 1) iddiaçıya məxsus “Hyundai İX” markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobil; 2) X1 məxsus “Kia Ceed” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobil; 3) cavabehə məxsus “Hyundai Sonata” markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobil. Hadisə zamanı 3-cü avtomobil qarşısında olan 2-ci avtomobillə arxadan toqquşmuş, 2-ci avtomobil isə zərbənin təsirindən qarşısında olan 1-ci avtomobillə toqquşmuşdur. Hazırda iddiaçı (1-ci avtomobilin mülkiyyətçisi) öz avtomobilinin zədələnməsi nəticəsində ona vurulmuş maddi zərərin əvəzi kimi cavabdehdən (3-cü avtomobili idarə edən şəxsdən) 3.000 manat məbləğində pul tələb edir. Yol-nəqliyyat hadisəsinin baş verməsi, hadisənin cavabdehin təqsiri üzündə baş verməsi və hadisə nəticəsində iddiaçının avtomobilinin zədələnməsi işdə olan sübutlarla təsdiq olunur. Birinci instansiya məhkəməsi iddianı ona görə rədd edib ki, iddiaçı zərərin məbləğini təsdiq edən heç bir sübut təqdim etməyib. Həqiqətən də Mülki Məcəllənin 21.2ci maddəsində zərərə belə anlayış verilib: “Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər ... başa düşülür”. Göründüyü kimi, zərər xərcdə ifadə olunur. Odur ki, avtomobilin zədələndiyinin sübut edilməsi kifayət deyil, həm də avtomobilin bərpası üçün nə qədər xərc tələb olunduğu sübut olunmalıdır. Xərcin məbləğinin müəyyən edilməsi xüsusi bilik tələb edir. Mülki-Prosessual Məcəllənin 97.1-ci maddəsinə görə işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Lakin birinci instansiya məhkəməsi zamanı nə iddiaçı ekspertiza təyin edilməsi barədə vəsatət vermiş, nə də məhkəmə öz təşəbbüsü ilə ekspertiza təyin etmişdir. Ona görə də məhkmə hesab edir ki, cavabdehin etiraf etdiyi məbləğ – 500 manat zərərin əvəzi kimi tutulmalıdır. Belə nəticə Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinin və Mülki Məcəllənin 21.1 və 1097.1-ci maddələrinin göstərişinə uyğundur. Beləliklə, qətnamə ləğv edilməli və iddianın qismən təmin edilməsi barədə yeni qətnamə qəbul olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin 21.01.2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia qismən təmin olunsun. Maddi zərərin əvəzi kimi 500 (beş yüz) manat Cavabdeh tutularaq İddiaçı verilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-3313/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3313/2022
06.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver