Məhkəmə qərarları › İş №2(103)-3317/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3317/2025

11.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3317/2025 11.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Sadıqov Vahid Nəriman oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Cavabdehin nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh firmasına qarşı “2 ədəd lazer aparatının, bu mümkün olmadıqda onların dəyərinin, cavabdeh tərəfindən aparatlardan əldə etdiyi icarə haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 aprel 2025-ci il tarixli, 2(004)-797/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçı cavabdehdən iki ədəd lazer aparatı almışdır. Hazırda iddiaçı iddia edir ki, aldıqları lazer aparatlarını cavabdehə icarəyə vermiş, lakin cavabdeh ona nə icarə haqqını, nə də aparatları qaytarmır. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh firmasına qarşı “2 ədəd lazer aparatının, bu mümkün olmadıqda onların dəyərinin, cavabdeh tərəfindən aparatlardan əldə etdiyi icarə haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2020-ci il tarixdə Cavabdeh firmasından müxtəlif adda 10 ədəd lazer aparatları almışdır. İddiaçı cavabdehin təklifi əsasında həmin aparatları hər birinə görə 3000 manat olmaqla cavabdehə icarəyə vermişdir. Cavabdeh də həmin avadanlıqları Bakı şəhəri ərazisində yerləşən müxtəlif gözəllik salonlarına, klinikalara subicarəyə vermiş və əldə etdiyi gəlirlərdən hər bir aparata görə 3000 manat olmaqla iddiaçıya ödəmişdir. İddiaçı cavabdehdən 10 ədəd lazer aparatının yalnız ikisinin müvafiq alqı-satqı sənədləri iddiaçıda mövcud deyildir. İddiaçı hər birinin dəyəri 48.000 ABŞ dolları olan həmin 2 aparatı cavabdehə icarəyə vermişdir. 2020-2023-cü illərdə cavabdehin müvafiq əməkdaşları həmin icarə haqqını iddiaçıya ödəmişdir. Göstərilənlər nəzərə alınmaqla iddia tələbinin təmin edilməsi xahiş edilir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 aprel 2025-ci il tarixli, 2(004)- 797/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, mülki işin mübahisəsiz halı məhz 2 ədəd “GentleLase Pro 9914-9015-1553” və “GentleLase Pro 9914-9015-3042” nömrəli lazer aparatlarının iddiaçı tərəfindən cavabdehə icarəyə verilməsi və cavabdeh tərəfindən geri qaytarılmaması ilə bağlıdır. Belə ki, məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi sözügedən xüsusatın mövcud olmadığını bildirir. Məhkəmə iclasında şahid qismində dindirilən şəxslər iddiaçı ilə cavabdeh arasında lazer aparatlarına dair icarə münasibətlərinin olduğunu bildirsələr də, iddia ərizəsində qeyd olunduğu kimi iddiaçıya məxsus olan lazer aparatlarının sayının çoxluğu, aparatların hər birinin fərdi müəyyən əşyalar olaraq müvafiq nömrələrə malik olması, tərəflər arasında həmin lazer aparatlarına dair icarə müqaviləsinin bağlanmaması (“GentleLase Pro 9914-9015-1433” nömrəli lazer aparatına dair tərəflər arasında bağlanmış icarə müqaviləsi iddiaçı tərəfindən təqdim edilmişdir), aparatalara dair təhviltəslim aktlarının olmaması, icarə münasibətlərinin müddətinin və digər zəruri şərtləri barədə sübutların olmaması nəticəsində iddia ərizəsində göstərilən xüsusatlar sübuta yetirilmir. Bu səbəbdən, iddia tələbi sübuta yetirildiyi halda belə cavabdehin həmin əşyalardan hansı müddətə yararlanması, dolayısı ilə əsassız varlanma müddətinin və məbləğinin müəyyən edilməsi mümkün deyildir. Mübahisəyə dair isə mülahizə üzrə təxminin qərarın qəbul edilməsi məhkəmə qərarının qanuniliyi və əsaslılığı tələbinə cavab vermir. Şahid qismində ifadəsi alınmış X6 işəgötürənlə (cavabdeh firma) aralarında yaranmış problemlər səbəbindən işdən çıxması (ehtimal olunan qərəzin mümkünlüyü) nəzərə alınaraq, vaxtilə cavabdeh firmanın səlahiyyətli işçisi olsa da, iddiaçını tanısa da, iddiaçı ilə cavabdeh arasında icarə münasibətlərinin olduğunu bildirsə də, cavabdehin istifadəsində yüzlərlə lazer aparatlarının olması, iddiaçının özünün də bir neçə lazer aparatının olması səbəbindən məhz mübahisə predmeti olan əşyaların nömrələrini əzbər bilməsi ağlabatan deyildir, həmin əşyaların cavabdeh tərəfindən sərəncamında saxlanılması, iddiaçıya geri qaytarılmaması üçün onun izahatı yetərli sübut deyildir. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında (audio-video qeydlərə əsasən 15:40 dəqiqədən etibarən) bildirmişdir ki, mübahisənin əsasını təşkil edən məsələ odur ki, iddiaçını Cavabdeh firması ilə firmanın işçisi (şahid) Şamilov Elsevər tanış etmişdir, yəni müştəri kimi cəlb etmişdir. Bir müddətdən sonra Elsevərin özü ilə Cavabdeh firması arasında mübahisələr yaranmış və cavabdeh firma iddiaçının Elsevər Şamilov tərəfindən müştəri kimi cəlb edilməsi səbəbindən iddiaçının aparatlarını geri qaytarmamış, sanki Elsevərin firma qarşısında öhdəlikləri ilə iddiaçının aparatlarını əvəzləşdirmişdir. Məhkəmə qeyd etmişdir ki, bu halın özü belə (şirkətlə aralarında mübahisənin olması, işdən çıxarılması) X6 şahid qismində izahatının mötəbərliyini sual altına alır. Odur ki, sonuncunun mübahisə üzrə maraqlı tərəf olması əsası ilə onun izahatları mötəbər sübut kimi qiymətləndirilmir. Digər mötəbər sübutlarla şahidlərin ifadəsi birlikdə qiymətləndirilməklə iddia tələbində göstərilən hallar təsdiqini tapdıqda iş materiallarına kompleks qiymət verilməklə iddia tələbi sübuta yetirilə bilər. Yalnız şahid ifadəsi hazırki iddia tələbinin təmin edilməsi üçün yetərli deyildir. Belə ki, həmin ifadələr mahiyyəti üzrə də iddia tələbinin təmin edilməsinə yetərli deyildir. “Whatsapp” yazışmalarının tarixi 2023-cü ilin oktyabr-dekabr aylarına aid olduğundan həmin yazışmalar mübahisə predmeti olan əşyaların hazırda (mübahisə predmeti olan dövr üzrə) cavabdehin sərəncamında olmasını sübut etmir. İddia tələbinin həcmi (yüksək maliyyə məbləği), mahiyyəti və sübutetmə yükünün iddiaçının üzərində olması xüsusatı diqqətə alınmalıdır. Mübahisə üzrə kifayət qədər mötəbər sübutlar olmadan iddia tələbinin təmin edilməsi əsaslı hesab edilmir. Əgər tərəflər arasında icarə münasibətləri olubsa münasibətlərin yazılı qaydada rəsmiləşdirilməməsi müqavilənin etibarsızlığına səbəb olmasa da, bu kimi mübahisələr zamanı sübutetmə funskiyasının təmin edilməsində çətinliklərə səbəb olur ki, bunun riski də subyektin öz üzərindədir. Məhkəmə isə hazırki halda hər hansı faktı (icarə və s.) müəyyən etmir, iddia tələbinə mahiyyəti üzrə baxaraq sübutetmə həddi nöqteyinəzərdən tələbə dair yekun qərar qəbul edir. Mübahisə predmeti olan 2 ədəd “GentleLase Pro 9914-9015-1553” və “GentleLase Pro 9914-9015-3042” nömrəli lazer aparatlarının hazırda cavabdehin sərəncamında qanunsuz saxlanılması, cavabdeh tərəfindən həmin aparatlardan əsassız faydalanması mötəbər sübutlarla sübuta yetirilmir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən işin faktiki hallarını, işdə olan dəliləri düzgün araşdırmamış, mövcud sübutlara düzgün qiymət verməmiş və nəticədə qanunsuz məhkəmə aktı qəbul edilmişdir. İddia tələbindən, iş materiallarından və tərəflərin verdiyi izahatdan da göründüyü kimi iddiaçı ilə cavabdeh arasında mülki dövriyyənin olması, iddiaçının cavabdehdən mübahisələndirilən aparatları alması işin mübahisəsiz halıdır və iddia tələbi baxımından cavabdehin iddiaçı qarşısında müəyyən öhdəlikləri və ya bu öhdəlikdən irəli gələn vurulmuş zərəri ödəmək vəzifəsi yaranır. Birinci instansiya məhkəməsi maddi hüquq normalarını göstərsə də, yekunda iş üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, aparatların iddiaçının mülkiyyətinə keçdiyi vaxtdan icarədə olduğu müddətlər ərzində, yəni 2020-ci ildən 2023-cü ilin dekabr ayınadək olan dövr ərzində şirkətin əməkdaşları Sübhan, Sabir, Elsevər, Kamran və Elvin hər ay mütəmadi olaraq pulları qeyd edildiyi kimi iddiaçının yaşadığı ünvan 1 ünvanının həyətində və ya şirkətin yerləşdiyi ünvanda iddiaçıya və ya onun atası X4 vermişdirlər. Sonuncu icarə pulu 2023-cü ilin noyabrında Elsevər tərəfindən “Araş Dental and Beauty” firmasının yerləşdiyi Yasamal rayonu, Fuad İbrahimbəyov 19 ünvanının qarşısında verilmişdir. Həmin şəxslər bu halları təsdiq edə bilər. Qeyd edilən şirkətin əməlini mənimsəmə və ya dələduzluq kimi qiymətləndirildiyindən tərəflərindən Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə müraciət edilmiş, araşdırılması üçün ərizə Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə göndərilmişdir. Araşdırma zamanı “Araş Dental and Beauty” şirkətinin satış və servis rəhbəri X10 və mühəndis X9 izahatlarında İddiaçı ərizəsində qeyd edilənləri təsdiq edərək, 2020-ci ildən 2023-cü ilin noyabr ayınadək müxtəlif tarixlərdə mütəmadi olaraq İddiaçı yaşadığı ünvan 1 ünvanında icarə haqqı olan 3000 AZN pulu özünə və ya atasına çatdırmalarını və “GentleLase PRO 9914-9015-1553” və “GentleLase PRO 9914-9015-3042” Seriya nömrəli lazer aparatlarında nasazlıq olduğu halda servis tərəfindən sığorta əsasında təmir xidməti göstərdiklərini bildirmişlər. Digər şəxs, “Araş Dental and Beauty” şirkətinin satış meneceri X11 da İddiaçı şirkətin müştərisi olması faktını təsdiq etmişdir. Habelə, “GentleLase PRO 9914-9015-1553” Seriya nömrəli lazer aparatı Ləman adlı şəxsə icarəyə verilmişdir ki, həmin şəxs də, həmin aparatın iddiaçıya məxsus olması faktını və uzun müddət həmin aparatın onun istifadəsində olması və buna görə hər ay icarə haqqı kimi 3000 manat pulun tərəfindən cavabdehə təqdim edildiyini məhkəmədə təsdiq etmişdir. Göründüyü kimi işin bu halları iddiaçıya məxsus əşyanın cavabdehdə olması halını təsdiq etməklə işin mübahisəsiz halını təsdiq edir. Lakin, cavabdehə dəfələrlə müraciət edilməsinə baxmayaraq, qeyd edilən əşyalar qaytarılmamış və ya dəyəri ödənilməmişdir. İddiaçı ilə cavabdeh arasında əmək münasibətləri və bundan irəli gələn öhdəliklər mövcud olmuşdur. Belə ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixli əmək müqaviləsi bağlanmış və müqaviləyə əsasən, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində Ticarət nümayəndəsi vəzifəsində işə qəbul edilmişdir. Lakin şirkət tərəfindən aparılmış yoxlamalar zamanı işçi-cavabdeh X7 əmək müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyi, Satış Nöqtəsinin potensialından artıq mal sifariş verməklə şirkətə zərər maddi zərər vurmuşdur. Məhkəmə qətnaməsində təqdim edilmiş mövcud sübutlara, yəni vəsatət əsasında məhkəməyə dəvət edilmiş şahidlərin izahatlarını təfsir etmiş, qətnamədə işin düzgün və obyektiv həlli üçün əhəmiyyətli olan şahid ifadələrini göstərməmiş, göstərilmiş ifadəni isə kontekstdən çıxarılmış qaydada məhkəmə aktında əks etdirmişdir. Eyni zamanda məhkəmə təqdim edilmiş sübutu-tərəflər arasında olan “Whatsapp” tətbiqi vasitəsilə aparılan danışıqlara, əşyanın alqı-satqısının rəsmiləşdirilməsindən sonra əldə edilmiş şəhadətnamələrə və digər dəlilləri düzgün qiymətləndirməmiş. Düzgün olmayan nəticəyə gəlmişdir. Cavabdeh iddiaçıya zərər vurması iş materiallarında olan sübutlarla işin mübahisələndirilməyən hissəsidir. Belə olan halda isə bu iddia tələbi həcmində iddiaçını sübutetmə vəzifəsindən azad edir. Sübutetmə vəzifəsinin bölgüsü baxımından öhdəliyin icra edildiyini sübut etmə vəzifəsi öhdəlik daşıyan şəxsə aid olduğundan odur ki, tələbdə göstərilən zərərin olmamasını sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Bundan başqa şahid X10 cavabdeh şirkətin keçmiş işçisi olması istər onlar, istərsə cavabdehin nümayəndəsi, istərsə də şahidin özünün məhkəmə iclası zamanı bildirdikləri ilə iş üzrə müəyyən edilmiş bir haldır. Lakin onun izahatının mötəbərliyininin sual altına alınmasının nə ilə əlaqəli olması, şahidin izahatının qeyri-mötəbərliyinin nədən ibarət olması məhkəmənin şəxsi mülahizəsindən başqa bir şey olmamaqla əlaqələndirilib əsaslandırılmamışdır. İş üzrə şahid Elsevər Şamilov cavabdehin keçmiş işçisi olmuşdur. Amma bu hal özlüyündə onun izahatının şübhə altına alınması üçün əsas ola bilməz. Şahid məhkəmə iclasında bildirmişdir ki, “İddiaçı mübahisələndirilən aparatları həqiqətən Cavabdeh-dan almış və bununla bağlı müvafiq şəhadətnamələr verilmişdir. Həmin aparatlara görə aylıq kirayə haqqı olan 3000 manat pul o və digər əməkdaşlar tərəfindən mütəmadi olaraq hər ay ya Lamiyə xanımın özünə, ya da onun atası Abdulla müəllimə ödənilmişdir. Həmin aparatlardan “1553” nömrəli olanı uzun müddət icarəçi qismində Ləman xanımın istifadəsində olmuşdur. Lakin şahidin bu izahatı konteksdən çıxarılmış şəkildə iddianın rədd edilməsi üçün lazım olan həddə qətnaməyə köçürülmüş və məhkəmə iclas protokolu ilə ziddiyyətli hala gətirilmişdir. Habelə, məhkəmənin ikinci əsaslandırması ondan ibarət olmuşdur ki, şahid ifadələri mahiyyəti üzrə də iddia tələbinin təmin edilməsinə yetərli deyildir. Lakin məhkəmə təkcə şahid izahatlarına istinad edərək mövqe qoysa da, digər təqdim edilmiş mötəbər sübutlara heç bir hüquqi qiymət verməmişdir. Belə ki, məhkəmə iclasında digər şahid qismində izahat vermiş Ləman xanım göstərmişdir ki, “2022-ci ilin dekabr ayından-14 fevral 2024-cü il tarixədək “GentleLase PRO 9914-9015-1553” aparat istifadəsində olmuşdur. Həmin aparatlara görə aylıq 3000 manat pul ödəyirdi. Həmin aparatları Cavabdeh şirkətindən icarəyə götürmüşdü, bildiyi qədər həmin aparatların sahibi Lamiyə xanım idi. Sonuncu dəfə 14 fevral 2024-cü il tarixdə Cavabdeh şirkətinin əvvəllər də tanıdığı əməkdaşı Elvin bəy aparatı onun salonundan götürdü və icarə münasibətlərinə son qoyuldu”. Eyni zamanda məhkəmə iclasında şahid qismində izahat verən X8 da göstərmişdir ki, “hər birinin dəyəri 48.000 (qırx səkkiz min) ABŞ dolları olan “GentleLase PRO 9914-9015-1553” və “GentleLase PRO 9914-9015-3042” Seriya nömrəli aparatları qızı Lamiyə ilə birgə Cavabdeh şirkətindən almışdır. Lamiyə həmin aparatları şirkətə aylıq 3000 manata icarəyə vermişdir. Bununla bağlı hər ay vaxtıvaxtında 3000 manat pulu o və özü ölkədə olanda Lamiyə almışdır”. Göründüyü kimi şahid qimsində dindirilmiş şəxslər iş üzrə obyektiv və düzgün nəticəyə gəlmək üçün izahatlar vermiş olsa da, nədənsə həmin izahatlar qətnamədə əksini tapmamış, onlara heç bir hüquqi qiymət verilməmiş və həmin izahatları təkzib edən əsaslandırma isə ümumiyyətlə mövcud deyildir. Habelə, birinci instansiya məhkəməsi iş üzrə mötəbər sübut olan tərəflər arasında “Whatsapp” tətbiqi vasitəsilə aparılan danışıqlara heç bir qiymət verməmiş, sadəcə “yazışmalar mübahisə predmeti olan əşyaların hazırda (mübahisə predmeti olan dövr üzrə) cavabdehin sərəncamında olmasını sübut etmir” deməklə sübutların üzərində ötəri keçmişdir. Belə ki, cavabdeh şirkətin və ya əməkdaşlarının istifadəsində olan çoxsaylı “Whatsapp” tətbiqi qruplarında və fərdi yazışmalarında iddiaçıya məxsus aparatların Cavabdeh şirkətinin sərəncamında olması və həmin aparatların onların sərəncamı ilə mülki dövriyyəsinin təmin olunması halları tam əksini tapır. Belə ki, yazışmalarda “1553 PRO” aparatının sistemə əlavə olunması, xx.xx.2023-cü il tarixdə “Araş Loqistika” qrupunda “3042” nömrəli aparata görə 3000 manata alınması və onlarla bu cür yazışmalar öz əksini tapmış, aparatların həqiqətən cavabdehin sərəncamında olmasını işin mübahisəsiz halı etmişdir. Məhkəmənin diqqətinə xüsusilə “X21” “Whatsapp” tətbiqi qrupunda (red. qrup üzvləri siyahısında şirkətin direktoru Ehtiram Farzalibayov da var) “Elvin iş meneceri”-nin xx.xx.2023-cü il tarixdə saat 17:32-də yazmış olduğu yazıda 3042 Pro aparatına görə 2000 azn alındığı, 1000 azn xx.xx.2023-cü il tarixdə alınacağı, icarəçinin Sevinc adlı xanım olduğu, aparat sahibinin isə iddiaçı olduğu açıq aşkar görünsə də, məhkəmə təqdim edilmiş bu sübuta heç bir qiymət verməmişdir. Həmçinin, “GentleLase PRO 9914-9015-3042” seriya nömrəli aparatının mülkiyyətçisinin İddiaçı olması “X21” “Whatsapp” tətbiqi qrupunda (red. qrup üzvləri siyahısında şirkətin direktoru Ehtiram Farzalibayov da var) “Elvin iş meneceri”-nin xx.xx.2023 cü il tarixdə saat 17:45-də yazmış olduğu yazıda 3042 Pro aparatına görə Bərdə/Gülnar adlı şəxsdən 2550 manata alındığı, aparat sahibinin isə iddiaçı olduğu öz əksini tapır. Eyni zamanda “Araş Loqistika” qrupunda xx.xx.2023-cü il tarixli yazışmada 3042 Pro aparatına görə Sevinc xanımdan Əhmədli qəsəbəsində 3000 manata alınması (3), həmin qrupda xx.xx.2023-cü il tarixdə olan yazışmada 1553 Pro aparatına görə Ləman xanımdan 3000 manata alınması (4) öz əksini tapır. Göründüyü kimi təqdim edilmiş “Whatsapp” tətbiqi proqramında aparılan yazışmalar və pulların təqdim edilməsinə dair qəbzlər “GentleLase PRO 9914-9015-1553” və “GentleLase PRO 9914-9015-3042” seriya nömrəli aparatlarının mülkiyyətçisinin iddiaçı olmasını işin mübahisələndirilməyən və təkzib edilməz halı olmasını müəyyən etsə də, məhkəmə bu hissədə də, qanunsuzluğa yol vermiş, sübutlara düzgün qiymət verməmişdir. Habelə, cavabdehin nümayəndəsi məhkəmə iclası zamanı verilmiş sualları cavablandırarkən bildirmişdir ki, “ümumiyyətlə belə bir aparatlar olmamış, eyni nömrədə bir neçə aparat ola bilər”, lakin məhkəmə bu hala qiymət verməmiş, qeyd edilən aparatların fərdi nömrəyə sahib olmasını və bu cür qeydiyyatdan keçirilərək fərdiləşdirilməsini nəzərə almamışdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə Kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçının nümayəndəsivəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdi. Məhkəmə Kollegiyasının son iclası barədə lazimi qaydada xəbərdar edilmiş iddiaçı Məhkəmə Kollegiyasının iclasında iştirak etmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Mülki Məcəllə: 421.2-ci maddəsinin tələblərinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 704.1-ci maddəsinə əsasən, əgər hər hansı torpaq sahəsinin, hüququn və ya müəssisənin icarəsi müqaviləsi bağlanarkən icarə müddəti müəyyənləşdirilməyibsə, müqavilənin ləğvinə yalnız azı altı aylıq xəbərdarlıq müddətini gözləmək şərti ilə ilin sonunda yol verilir. 704.2-ci maddəsinə əsasən, icarəçinin bu Məcəllənin 691-ci maddəsinə uyğun olaraq müqaviləni ləğv etmək hüququ yoxdur. 705-ci maddəsinə əsasən, əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə Kollegiyasının mövqeyi:

Məhkəmə Kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, mülki işin mübahisəsiz halı məhz 2 ədəd “GentleLase Pro 9914-9015- 1553” və “GentleLase Pro 9914-9015-3042” nömrəli lazer aparatlarının cavabdeh tərəfindən iddiaçıya satılması ilə bağlıdır. Mübahisəli hal isə həmin aparatların iddiaçı tərəfindən cavabdehə icarəyə verilməsi, cavabdeh tərəfindən də aparatlardan əldə etdiyi icarə haqqının iddiaçıya tam ödənilməməsi və həmin aparatların qaytarılması təşkil edir. Müəyyən edilmişdir ki, tərəflər arasında mübahisəli 2 ədəd “GentleLase Pro 9914- 9015-1553” və “GentleLase Pro 9914-9015-3042” nömrəli lazer aparatına münasibətdə icarə müqaviləsi mövcud deyildir. Halbuki, iş materiallarından görünür ki, tərəflər arasında bundan əvvəl lazer aparatlarının alqı-satqısından da əlavə, icarə münasibətləri də olmuşdur. İddiaçı bu münasibətlərin olmasına dair sübutları iş materiallarına əlavə etmişdir. (“GentleLase Pro 9914-9015-1433” nömrəli lazer aparatına dair tərəflər arasında 22 may 2020-ci il tarixdə bağlanmış icarə müqaviləsi iddiaçı tərəfindən təqdim edilmişdir (i.v.36). İddiaçı iddia etdiyi kimi hazırki mübahisə predmeti olan 2 lazer aparatını iddiaçıya icarə verməsinə baxmayaraq nəyə görə aralarında icarə müqaviləsinin bağlanmamasının səbəblərinə dair ağlabatan izah verməmişdir. Belə ki, iddiaçı tərəfin izahatlarına görə iddiaçı biznes işlərinə görə ölkə xaricində tez-tez səfərlərdə olduğu üçün sözügedən müqavilələri bağlamaq imkanı yox idi. Məhkəmə Kollegiyası iddiaçı tərəfin göstərilən məsələyə dair mövqeyinə tənqidi yanaşaraq hesab edir ki, iddiaçı tərəfin bildirdiyi kimi aparatlar icarəyə verilən müddət ərzində, yəni, 2020-ci ildən 2023-cü ilə kimi iddiaçı ölkədən xaricə getsə də, faktiki olaraq həmin dövrdə Azərbaycan Respublikasının ərazisində olan vaxt ərzində cavabdehlə icarə münasibətləri olduğu təqdirdə bu icarə müqavilələri rəsmiləşdirməyə kifayət qədər vaxtı və imkanı olmuşdur. İddiaçı tərəfindən aparatların icarəyə verilməsini təsdiqi kimi kollegiyaya təqdim etdikləri çəhrayı rəngdə olan kassa mədaxil qəbzləri və nasazlıq aktları ilə bağlı Məhkəmə Kollegiyası qeyd edir ki, cavabdeh tərəf bu sənədlərin onlara məxsus olmadığını göstərmiş və bunu özlərinin fərqli kassa mədaxil orderlərini təqdim etməklə əsaslandırmışlar. Vizual baxış zamanı tərəflərin təqdim etdikləri qəbzlər tamamilə fərqli olması aydın görünür. İddiaçının təqdim etdiyi qəbzlərdə möhür digər rekvizitlər olmamış, cavabdehin təqdim etdiyi digər illər üçün digər şəxslərlə aralarında olan münasibətlərə dair verdiyi qəbzlərdə isə gerb, möhür, nömrə və digər rekvizitlər olması aydın görünür. Həmçinin kollegiya qeyd edir ki, lazer aparatları icarəyə verildiyi və cavabdeh də bu icarə haqlarını ödədiyi faktı həqiqətən baş verdiyi halda cavabdehin ödəmə sənədləri kassa məxaric sənədi olmalı idi. Lakin iddiaçının təqdim etdiyi çəhrayı qəbzlər kassa mədaxil qəbzləri olmuşdur. İddiaçının təqdim etdiyi qəbzlərin məzmun və mahiyyətindən belə aydın olur ki, cavabdeh öz hesabına pul vəsaitləri mədaxil etmişdir? Başqa sözlə, belə çıxır ki, cavabdeh iddiaçıya guya icarə haqqı ödədiyi halda özü öz hesabına pul vəsaiti mədaxil etməklə məşğul olmuş və buna dair qəbz doldurmuşdur. Kollegiya hesab edir ki, təqdim edilən qəbzlərin fərqli və ziddiyyətli olması ilə əlaqədar bu ziddiyyətlərin aradan qaldırılması üçün iddiaçıya bundan əvvəl cavabdehlə lazer aparatlarının icarəyə verilməsi əsasında ödənilmiş pulların qəbzlərinin surətlərinin təqdim edilməsi təklif olunsa da, təqdim olunmamışdır (baxmayaraq ki, təqdim edilən sənəd sonrakı sübutlara aid olacaqdır). İşin bu anlaşılmayan və ağlabatan mühakiməyə uyğun olmayan halları baxımından kollegiya iddiaçının tələblərinin əsaslandığı halların məntiqi izahının da belə olmaması qənaətinə gəlir. Kollegiya şahid ifadələri ilə bağlı şikayətin dəlilinə qiymət verərək qeyd edir ki, bununla bağlı birinci instansiya məhkəməsi baxışı zamanı verilən mövqeyi ilə razılaşır. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən şəxslər iddiaçı ilə cavabdeh arasında lazer aparatlarına dair icarə münasibətlərinin olduğunu bildirsələr də, iddia ərizəsində qeyd olunduğu kimi iddiaçıya məxsus olan lazer aparatlarının sayının çoxluğu, aparatların hər birinin fərdi müəyyən əşyalar olaraq müvafiq nömrələrə malik olması, tərəflər arasında həmin lazer aparatlarına dair icarə müqaviləsinin bağlanmaması (“GentleLase Pro 9914-9015-1433” nömrəli lazer aparatına dair tərəflər arasında 2020 bağlanmış icarə müqaviləsi iddiaçı tərəfindən təqdim edilmişdir), aparatalara dair təhvil-təslim aktlarının olmaması, icarə münasibətlərinin müddətinin və digər zəruri şərtləri barədə sübutların olmaması nəticəsində iddia ərizəsində göstərilən xüsusatlar sübuta yetirilmir. Bu səbəbdən, iddia tələbi sübuta yetirildiyi halda belə cavabdehin həmin əşyalardan hansı müddətə yararlanması, dolayısı ilə əsassız varlanma müddətinin və məbləğinin müəyyən edilməsi mümkün deyildir. Mübahisəyə dair isə mülahizə üzrə təxmini qərarın qəbul edilməsi məhkəmə qərarının qanuniliyi və əsaslılığı tələbinə cavab vermir. Bundan başqa şahid qismində ifadəsi alınmış X6 ifadəsi ilə bağlı məhkəmə mövqeyi ilə də kollegiya razılaşır. Belə ki, işəgötürənlə (cavabdeh firma) aralarında yaranmış problemlər səbəbindən işdən çıxması (ehtimal olunan qərəzin mümkünlüyü) nəzərə alınaraq, vaxtilə cavabdeh firmanın səlahiyyətli işçisi olsa da, iddiaçını tanısa da, iddiaçı ilə cavabdeh arasında icarə münasibətlərinin olduğunu bildirsə də, cavabdehin istifadəsində yüzlərlə lazer aparatlarının olması, iddiaçının özünün də bir neçə lazer aparatının olması səbəbindən məhz mübahisə predmeti olan əşyaların nömrələrini əzbər bilməsi ağlabatan deyildir, həmin əşyaların cavabdeh tərəfindən sərəncamında saxlanılması, iddiaçıya geri qaytarılmaması üçün onun izahatı yetərli sübut deyildir. Bununla yanaşı iddiaçının nümayəndəsi və vəkili xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında (audio-video qeydlərə əsasən 15:40 dəqiqədən etibarən) bildirmişdir ki, mübahisənin əsasını təşkil edən məsələ odur ki, iddiaçını Cavabdeh firması ilə firmanın işçisi (şahid) Şamilov Elsevər tanış etmişdir, yəni müştəri kimi cəlb etmişdir. Bir müddətdən sonra Elsevərin özü ilə Cavabdeh firması arasında mübahisələr yaranmış və cavabdeh firma iddiaçının Elsevər Şamilov tərəfindən müştəri kimi cəlb edilməsi səbəbindən iddiaçının aparatlarını geri qaytarmamış, sanki Elsevərin firma qarşısında öhdəlikləri ilə iddiaçının aparatlarını əvəzləşdirmişdir. Göründüyü kimi, bu halın özü belə (şirkətlə aralarında mübahisənin olması, işdən çıxarılması) X6 şahid qismində izahatının mötəbərliyini sual altına alır. Odur ki, sonuncunun mübahisə üzrə maraqlı tərəf olması əsası ilə onun izahatları mötəbər sübut kimi qiymətləndirilmir. Kollegiya digər şahid Ləmanın da ifadəsinə tənqidi yanaşaraq qeyd edir ki, əvvəl o bu aparatların birinin Lamiyəyə məxsus olmasını eşitdiyinə görə bildirmiş, konret ona məxsus olmasını bilmir. Həmçinin də Ləman özü cavabdehdən lazer aparatının birini icarəyə götürmüşsə bunu icarə müqaviləsi ilə rəsmiləşdirilməli idi. Daha sonra aparatın ondan Elvin adlı şəxs tərəfindən götürülməsini göstərsə də, təhvil verilərkən hər hansı sənəd (akt) tərtib edilməməsinin, nəyə görə məhz həmin şəxsə və hansı əsaslarla verilməsini şahid göstərə bilməmişdir. Kollegiya qeyd edir ki, işgüzar adətlərə əsasən icarə olunan əşyanın götürülməsi və təhvil verilməsi buna dair icarə haqqı ödənilməsi baxımından hər bir halda rəsmiləşdirilməsinə üstünlük verilir. Şahidin ifadəsindən isə icarəyə götürdüyü aparatın digər şəxsə aid olduğu halda bu aparatı icarəyə verməyən şəxs tərəfindən rahatlıqla heç bir sənədləşmə olmadan götürməsi inandırıcı görünmür. Kollegiya aparatın Lamiyə tərəfindən Cavabdeha 3000 manata icarəyə, sonuncunun da həmin aparatın Ləmana eyni qiymətlə də subicarəyə verməsi kimi dəlilə də tənqidi yanaşaraq iddiaçı ilə şahidin bununla bağlı göstərdiklərinin də inandırıcı olmamasını qeyd edir. 3000 manat icarə haqqı ilə əşyanı icarəyə götürən şəxsin həmin əmlakı eyni məbləğə digər şəxsə subicarəyə verərkən maddi marağı olmaması sual doğuran hal olmaqla hazırki vəziyyət üçün ağlabatan sayıla bilməz. Kollegiya iddiaçının şikayətinin dəlilləri və şahid ifadəsi üzrə bu qənaətlərə gələrkən Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 26-cı Polis Bölməsindən tələb olunmuş material üzrə olan halları da diqqətə almışdır. Belə ki, şahid Ləmanın məhkəmədə verdiyi ifadəsinə qeyd edilən material üzrə qiymət verilməsi zəruridir. Lakin bundan əvvəl kollegiya qeyd etməyi zəruri sayır ki, apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar polis orqanlarından tələb edilmiş materialda apellyasiya şikayətində adı qeyd edilən X5 izahatına qiymət verilməlidir. Çünki, bu izahatda Sübhan Elvin və Elsevər adlı şəxslərin tapşırığı ilə cavabdeh şirkətdən aldığı icarə haqqını iddiaçıya və ya onun atası Abdullaya verməsini göstərsə də, izahatı alınmış, adı şikayətdə hallanan X15 göstərilənləri təkzib etmiş və Sübhana belə bir tapşırıq verməməsini göstərmişdi. Məhkəmə X1 izahatını sübut növü kimi qiymətləndirmir və qeyd edir ki, onun izahatında qeyd etdiyi Elsevər və Abdulla adlı şəxslərin şahid qismində verdiyi ifadələrinə qiymət verilmişdir. Apellyasiya şikayətində Elvin adlı şəxsin Lazer aparatını Ləmanın salonundan götürməsi barədə qeyd olunsa da, polis bölməsindən alınmış materialda həmin şəxsin izahatında bu halla bağlı heç nə göstərilməmişdir. Kollegiya bu konteksdə şahid Ləmanın da ifadəsinə qeyd edilən material üzrə qiymət verməkdə davam edərək qeyd edir ki, polis bölməsindən alınmış materialda Elvin adlı şəxsin izahatında Ləmanın izahatında göstərilənlərlə bağlı heç nə təsdiq etmədiyindən bu ifadə göstərilən əsasa görə də sübut kimi qiymətləndirilə bilməz. Həmçinin kollegiya qeyd edir ki, digər şahid Abdulla iddiaçının atası olmaqla şahid qismində verdiyi ifadəsi sübut kimi qiymətləndirilə bilməz. Belə ki, şahidin ifadəsi qızı olan iddiaçını maraq və mənafeyi üçün verilmiş ifadə kimi qiymətləndirilir. Eyni zamanda “Whatsapp” yazışmaları ilə bağlı iddiaçı tərəfin dəlilləri ilə əlaqədar Məhkəmə Kollegiyası qeyd edir ki, cavabdeh tərəf belə bir yazışmaların, orada adları qeyd edilən qrupların cavabdehə məxsus olmasını tam inkar etdiyindən bu yazışmalar da sübut növü kimi qiymətləndirmir. İddiaçı tələbinin əsası kimi şahid ifadələrinə eləcə də “Whatsapp” yazışlamarına istinad etsə də, işin faktiki halları ilə 2 ədəd “GentleLase Pro 9914-9015-1553” və “GentleLase Pro 9914-9015-3042” nömrəli lazer aparatlarının hazırda cavabdehin sərəncamında qanunsuz saxlanılması, cavabdeh tərəfindən həmin aparatlardan əsassız faydalanması işin faktiki halları ilə müəyyən edilməmiş, mötəbər sübutlarla sübuta yetirilmir. Kollegiya apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, cavabdehin iddiaçı qarşısında müəyyən öhdəlikləri və ya bu öhdəlikdən irəli gələn vurulmuş zərəri ödəmək vəzifəsi yaranması, cavabdeh iddiaçıya zərər vurması iş materiallarında olan sübutlarla işin mübahisələndirilməyən hissəsi kimi dəlilləri də işin araşdırılmış halları ilə əsassız olmaqla təsdiqini tapmamışdır. Həmçinin də, zərərin olmamasını sübutetmə vəzifəsi cavabdehin üzərinə düşməsi dəlili də əsassızdır. Belə ki, zərərin olmasını sübut etmə vəzifəsi ilk növbədə iddiaçının üzərinə düşür. Daha sonra kollegiya şikayətin verilən izahatı konteksdən çıxarılmış şəkildə iddianın rədd edilməsi üçün lazım olan həddə qətnaməyə köçürülməsi və məhkəmə iclas protokolu ilə ziddiyyətli hala gətirilməsi ilə bağlı dəlilə də qiymət verərək ilk olaraq qeyd edir ki, əvvəla iclas protokoluna bu hallarla bağlı müvafiq qeydlər verilməsi işdən görünmür. İkincisi də kollegiya qeyd edir ki, protokol stenoqramma deyil və orada işin mühüm halları göstərilir. Bundan da əlavə məhkəmə iclasları audio-video yazı ilə aparılır ki, bu da verilən izahatların təhrif edilməsini qarşısının alınması məqsədi ilədir. Hazırki iş üzrə audio-video yazıda əks edilmiş izahatlarla protokollarda əks edilmiş izahatlar arasında ziddiyyətlər olması müəyyən edilmədi. Kollegiya şikayətin dəliləri ilə bağlı ümumilikdə bu qənaətə gəlir ki, şikayət müəllifi şikayəti formal, başqa sözlə, şikayət verilməsi xatirinə vermişdir. Belə ki, şikayətdə ümumi, əsaslandırılmamış hallardan əlavə, işə aid olmayan hallara da (X12 ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında əmək mübahisəsi) istinad edilmişdir. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin qeyd edilməlidir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçı tələbinin əsaslarını məhkəmə araşdırması zamanı sübut edə bilmədiyindən iddiası göstərilən hallara görə qanuni və əsaslı sayıla bilməz. Qeyd olunanlara əsasən müəyyən olunur ki, qəbul edilmiş qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında heç bir uyğunsuzluq olmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası

Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 aprel 2025-ci il tarixli, 2(004)- 797/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar