Məhkəmə qərarları › İş №2(103)-3320/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3320/2021

23.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3320/2021 23.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Xəyalə Cəmilova və Emin Mehdiyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının nümayəndəsi Taleh Məmmədovun, cavabdehin nümayəndəsi Rəvan Bəşirovun iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin 01.10.2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Həmin qətnamə ilə qət olunub ki, iddia təmin olunsun, 14.03.2019-cu il tarixli, BL260740 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə əsas borc kimi 274,80 manat, cərimə kimi 28 manat, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 20 manat cavabdehdən alınaraq iddiaçıya verilsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin əsaslı olduğunu, cavabdehin nümayəndəsi isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Apellyasiya şikayəti əsassızdır. Belə ki, müəyyən olunur ki, məişət avadanlığının (qaz plitəsinin) əldə edilməsi üçün iddiaçı (satıcı) ilə cavabdehin (alıcının) arasında 14.03.2019-cu il tarixli, BL260740 nömrəli nisyə-alqı-satqı müqaviləsi bağlanmış, cavabdehin iddiaçının qarşısında həmin avadanlığın qiymətinin ödənilməmiş hissəsi kimi qətnamədə göstərilən məbləğdə pul öhdəliyi var. İşin bu halı birinci instansiya məhkəməsinin qətnaməsində düzgün müəyyən edilib və lazımi qaydada əsaslandırılıb. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırıb ki, avadanlığın qüsuru var. Lakin alıcının qüsurla bağlı tələblər irəli sürməsinin qaydası Mülki Məcəllənin 587-ci maddəsində müəyyən olunub. Həmin maddədən görünür ki, belə halda alıcının əşyanı özündə saxlamaqla onun qiymətini ödəməkdən imtina etməyə hüququ yoxdur. Hazırkı vaxtadək cavabdeh iddiaçıya qarşı qüsurla bağlı qanunvericilikdə müəyyən edilmiş qaydada tələb irəli sürməyib. Beləliklə, məhkəmə Mülki Məcəllənin 389, 425 və 567-ci maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin 01.10.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar