Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3320/2023 17.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-3320/2023 (Açar sözlər: kredit borcunun tutulması, tələbin ipoteka əmlakına yönəldilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun tutulması, tələbin ipoteka əmlakına yönəldilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-134/2023 saylı, 09 fevral 2023-cü il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə 17 may 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 04/0292/KBK nömrəli kredit müqaviləsinə əsasən borcalana illik 23% dərəcəsi ilə 36 ay müddətinə 8000 manat məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə Bank arasında 19 fevral 2019-cu il tarixli üç tərəfli zaminlik müqaviləsi bağlanmışdır. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi AR DİN BDYPİ Qİİ-nin AD 429914 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən X3 məxsus 2005-ci il buraxılşlı, Tip: Sedan, Mühərrik: 51073543, Ban: WBAHN61090DT47189, Rəngi: boz parıltısız olan “BMW 740” minik markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobil ipotekaya qoyulmuş və bu barədə Bank ilə ipoteka qoyan arasında 19 fevral 2019-cu il tarixli ipoteka müqaviləsi bağlanmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı LPO İddiaçı ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun tutulması, tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 04/0292/KBK nömrəli kredit müqaviləsinə əsasən borcalana illik 23% dərəcəsi ilə 36 ay müddətinə 8000,0 manat məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə Bank arasında 19 fevral 2019-cu il tarixli üç tərəfli zaminlik müqaviləsi bağlanmışdır. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi AR DİN BDYPİ Qİİ-nin AD 429914 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə” əsasən X3 məxsus 2005-ci il buraxılşlı, Tip: Sedan, Mühərrik: 51073543, Ban: WBAHN61090DT47189, Rəngi: boz parıltısız olan “BMW 740” minik markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobil ipotekaya qoyulmuş və bu barədə Bank ilə ipoteka qoyan arasında 19 fevral 2019-cu il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə **********210 saylı xx.xx.2022-ci il tarixli bildirişin göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəliklər yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2022-ci il tarixinə Cavabdeh2 kredit üzrə cəmi borcu 8109,56 AZN təşkil edir. Bundan 5712,58 AZN əsas, 2394,62 AZN faiz və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün faiz məbləği 2,38 AZN borcu təşkil edir. Odur ki, cəmi 8109,56 manat olmaqla, iş üzrə ödənilmiş 101,0 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutulması, tutmanın ipoteka predmeti 2005-ci il buraxılşlı, Tip: Sedan, Mühərlik: 51073543, Ban: WBAHN**********89, Rəngi: boz parıltısız olan "BMW 740” minik markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobil yönəlməsi, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmediyi halda, qalanı borc məbləğinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-134/2023 saylı, 09 fevral 2023cü il tarixli qətnaməsi ilə (hakim Ramilə Xəzri) iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 5712,56 manat əsas, 2394,62 manat faiz, 2,38 cərimə borcu olmaqla ümumilikdə 8109,56 manat pul və iş üzrə ödənilmiş 101,0 manat dövlət rüsumunun tutularaq iddiaçı LPO ”NBCBank” ASC-yə ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinin 200,0 manat məbləğində pul iddiaçı LPO ”NBCBank” ASC-dən alınaraq "xxxx" MMC-nin hesabına keçirilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
5. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 309.1, 385.1, 386.1, 442, 445.1, 445.2.1, 462.1, 470.1, 472.2, 739-cu maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
6. Qətnamədən iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək onun qismən ləğv edilməsini, iddia tələbinin tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində təmin edilməsini, iş üzrə əsassız keçirilmiş ekspertiza tədqiqatının dəyərinin iddiaçıdan tutulmasının rədd edilməsini xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ipoteka predmeti olan avtomobilin hazırkı mərhələdə ilkin satış qiymətinin müəyyən edilməsi üçün əmtəəşünaslıq ekspertizası keçirilməsi düzgün deyildir. Belə ki, nəqliyyat vasitəsi hal-hazırda borcalanın istifadəsindədir. Bundan başqa ekspert rəy verərkən avtomobilə vizual baxış keçirməmiş, yalnız internet resurslarından istifadə etməklə ilkin satış qiymətini müəyyən etmişdir. Qətnamədə ilkin satış qiyməti qeyd edildiyi zaman avtomobil hərraca müəyyənləşdirilmiş qiymətlə çıxır. Hərracın hansı zamanda baş tutacağı məlum olmadığından avtomobilin amortizasiyasında dəyişiklərin olması mütləqdir. Eyni zamanda təcrübə göstərir ki, icra mərhələsində nəqliyyat vasitəsinin borcun ödənilməsinə yönələcəyini bilən vətəndaş avtonəqliyyat vasitəsinin istismar qaydalarını kobud şəkildə pozur, bu səbəbdən nəqliyyat vasitəsi normadan artıq aşınmaya məruz qalır, original ehtiyat hissələri dəyişdirilərək satılır. Qiymətləndirilmənin keçirilməsi düzgün deyildir və bundan başqa ekspert xərcinin iddiaçıdan tutulması əsassızdır. Məhkəmə ilkin növbədə işin obyektiv və hərtərəfli araşdırılması üçün ipoteka predmetinin rəsmi olaraq daşınar əmlakın dövlət qeydiyyatına alınıb-alınmaması barədə məlumat əldə etməli idi. Belə olan halda, əgər məhkəmə tərəfindən ilk növbədə zərurət ipoteka predmetinin qeydiyyata alınması məsələsini aydınlaşdırmaqdırsa, bu hal müəyyən edildikdən sonra əmlakın ilkin satış qiyməti ilə bağlı qərardad qəbul edilməsi məntiqli olardı. Onlar tərəfindən Baş Dövlət Yol Polisi İdarəsinə rəsmi sorğu edilmiş və qeyd edilən - ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın reyestrindən məlumatın verilməsini xahiş etmişdir. Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-13-16/2-28387/2023 nömrəli məktubuna əsasən Cavabdeh2 məxsus "BMW 740" minik markalı, 90SH745 di dövlət qeydiyyat nişanlı avtomobile dair bağlanılmış ipoteka müqaviləsi 136336 nömrə ilə müvafiq rəsmi reyestrdə qeydə alınmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
Proses iştirakçılarının izahatı
9. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir.
10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası prosesə gəlməyən tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
11. Maddə 319.1 Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir
12. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 13 Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 14 Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 15 Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
“İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu
16. Maddə 33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
22. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin tutmanın ipoteka predmetinə yönəldilməsi və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinin iddiaçıdan tutulması hissəsində qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Çünki iddiaçı tərəfindən qətnamə həmin hissələrdə mübahisələndirilir. Cavabdehlər tərəfindən isə apellyasiya şikayəti verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin tutmanın ipoteka predmetinə yönəldilməsi hisssəsində təmin edilməməsi və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinin iddiaçıdan tutulması hissəsində ləğv edilməlidir.
24. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmir.
25. İş materiallarından görünür ki, işə baxan birinci instansiya məhkəməsi tələbin ipoteka predmetinə yönəldilməsi hissəsində kifayət qədər araşdırma aparmamışdır.
26. Belə ki, birinci instansiya məhkəməsi ipoteka predmetinin qeydiyyata alınması barədə sənədlərin əlavə edilməməsi əsası ilə həmin hissədə iddianı təmin etməmişdir.
27. Lakin iddiaçı öz iddia ərizəsində ipoteka predmeti olan avtomobilin X3 məxsus olduğunu və tutmanın yönəldilməsi barədə müvafiq bildirişin Baş Dövlət Yol Polisi İdarəsində qeydiyyatdan keçməsini bildirmişdir.
28. Birinci instansiya məhkəməsi isə bu istiqamətdə hər hansı araşdırma aparmamış, iddiaçının mövqeyini də araşdırmadan (müvafiq sual-cavab etmədən) tələbin ipoteka predmetinə yönəldilməsi hissəsində təmin etməmişdir.
29. İddiaçının apellyasiya şikayətinə əlavə etdiyi İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən 136336 nömrəli çıxarışdan görünür ki, X3 məxsus “BMW 740” minik markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı ASC-nin Gənclik filialında ipoteka yüklü edilmişdir. Həmin avtomobil xx.xx.2019-cu il tarixdə ipoteka yüklülüyü barədə qeydiyyata alınmışdır.
30. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.
31. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, iddia tələbinin borcun ipoteka predmetinə yönəldilməsi hissəsində əsaslı olduğundan təmin olunmalıdır.
32. Məhkəmə kollegiyası tələbin ipoteka predmetinə yönəldilməsi barədə nəticəyə gəlsə də, hesab edir ki, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması hazırki halda əsassızdır və bu məsələ işin hazırki real hallarına uyğun olaraq icra mərhələsində həll edilməlidir. Kollegiyanın qənaəti onunla bağlıdır ki, iş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş ekspert rəyi əsaslı hesab oluna bilməz. Çünki müəyyən olunur ki, rəy verilərkən mütəxəssis tərəfindən maşına baxış keçirilməmiş, yalnız internet resurslarından istifadə etməklə ilkin satış qiymətini müəyyən etmişdir. Ona görə də, mütəxəssisin avtomobilin ilkin satış qiyməti ilə bağlı verdiyi rəy mötəbər hesab oluna bilməz.
34. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
35. Məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin olunmayan (mübahisələndirilən hissəsi) təmin olunduğundan mütəxəssis rəyinə görə iddiaçıdan 200 manat məbləğində pul tutulması hissəsi də təmin olunmamalıdır.
36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-134/2023 saylı, 09 fevral 2023-cü il tarixli qətnaməsi qismən, yəni mübahisələndirilən hissədə ləğv olunsun və həmin hissədə iş üzrə yeni qətnamə çıxarılsın, iddia tələbi həmin hissədə təmin olunsun. Tələb Cavabdeh2 məxsus 2005-ci il buraxılşlı, Tip: Sedan, Mühərrik: 51073543, Ban: WBAHN61090DT47189, Rəngi: boz parıltısız olan “BMW 740” minik markalı, **-SH- *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilsin, avtomobil açıq hərracdan satılsın, satışdan əldə olunan vəsait hesabına ümumi borc məbləği iddiaçıya ödənilsin, iddiaçının tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh2 qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova