Məhkəmə qərarları › İş №2(103)-3321/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3321/2023

24.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3321/2023 24.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ (Açar sözlər: kredit borcu, ekspertiza) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 24 may 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixdə 2019/00206-01 nömrəli istehlak krediti müqaviləsinə əsasən iddiaçı istehlak məqsədilə 24 ay müddətinə illik 30 % ödəmək şərtilə cavabdehə 50000 manat məbləğində kredit vermiş, müqavilə ilə öhdəliklərin icrasına təminat olaraq tam mülkiyyət hüququ ilə cavabdehə məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0,11 ha torpaq sahəsi və üzərindəki 341,0 kv.m ümumi sahədən ibarət 466K nömrəli bağ evi xx.xx.2019-cu il tarixində likvid dəyəri 255000 manat məbləğində qiymətləndirilməklə ipoteka qoyulmuşdur. xx.xx.2020-ci il tarixdə tərəflər arasında 2020/00135-01 nömrəli istehlak krediti müqaviləsi bağlanmış və müqaviləyə əsaəsən, iddiaçı xx.xx.2019-cu il tarixli 2019/00206-01 saylı, xx.xx.2019-cu il tarixli 2019/00360-01 saylı və xx.xx.2020-ci il tarixli 2020/00026-01 saylı kreditlərin restrukturizasiyası məqsədilə 27 ay müddətinə illik 30 % ödəmək şərtilə cavabdehə 113000 manat məbləğində kredit vermiş, müqavilə ilə öhdəliklərin icrasına təminat olaraq tam mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0,11 ha torpaq sahəsi və üzərindəki 341,0 kv.m ümumi sahədən ibarət 466K nömrəli bağ evi xx.xx.2019-cu il tarixində likvid dəyəri 255000 manat məbləğində qiymətləndirilməklə; cavabdehə məxsus olan Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 2942B məhəllə, ev 42A ünvanında yerləşən ümumi sahəsi 57,8 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsi xx.xx.2019-cu il tarixində likvid dəyəri 101000 manat məbləğində qiymətləndirilməklə; cavabdehə məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 27,4 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsi xx.xx.2020-ci il tarixində likvid dəyəri 51000 (əlli bir min) manat məbləğində qiymətləndirilməklə ipoteka qoyulmuşdur. Nəhayət, tərəflər arasında xx.xx.2021-ci il tarixdə hazırki iddianın yaranma əsası olan 2021/00194-01 nömrəli istehlak krediti müqaviləsi bağlanmış və müqaviləyə əsasən, iddiaçı xx.xx.2020-ci il tarixli 2020/00135-01 saylı kreditin restrukturizasiyası məqsədilə cavabdehə 12 ay müddətinə illik 30 % ödəmək şərtilə 90000 manat məbləğində kredit vermiş, müqavilə üzrə öhdəliklərin icrasına təminat olaraq tam mülkiyyət hüququ ilə cavabdehə məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0,11 ha torpaq sahəsi və üzərindəki 341,0 kv.m ümumi sahədən ibarət 466K nömrəli bağ evi xx.xx.2019-cu il tarixində likvid dəyəri 255000 manat məbləğində qiymətləndirilməklə cavabdeh tərəfindən iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC Cavabdeh qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən kreditin əsas borcu üzrə 90000 manat məbləğində qalıq, ona hesablanmış 27000 manat məbləğində faiz borcu, 34920 manat məbləğində dəbbə pulu, AR Mərkəzi Bankının uçot dərəcəsi əsasında hesablanan 1046,25 manat məbləğində faiz borcu, cəmi 152966,25 manat borcun tutulması, tələbin cavabdehin mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0,11 ha torpaq sahəsi və onun üzərində yerləşən 341 kv.m fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın likvid dəyərinin 255000 manat müəyyən olunmaqla açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına kreditin ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olan 500 manat və dövlət rüsumu kimi ödənilmiş 408,92 manat məbləğində pulun iddiaçıya ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir.

3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin banka tələb olunan məbləğdə borcu yaranmışdır.

4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim G.Abidova, iş № 2(006)-1939/22) iddia qismən təmin edilərək, cavabdehdən 90.000 manat məbləğində əsas, 27.000 manat məbləğində faiz, 4.500 manat dəbbə pulu olmaqla, cəmi 121.500 manat məbləğində pulun alınaraq iddiaçıya ödənilməsi, tələbin ipoteka predmeti olan Cavabdeh məxsus ünvan 2 ünvanında yerləşən 0,11 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 341 kv.m. olan fərdi yaşayış evinə yönəldilməsi, fərdi yaşayış evinin ilkin satış qiyməti 300.000 manat məbləğində olmaqla açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən borcun iddiaçıya ödənilməsi, əmlakın açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsinin cavabdehə qaytarılması, evin açıq hərracdan satıldıqdan sonra həmin fərdi yaşayış evi ipoteka qoyan cavabdeh tərəfindən 1 (bir) ay ərzində boşaldılması, iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 200 manat məbləğin 160 manat hissəsinin cavabdehdən, 40 (qırx) manat hissəsinin isə iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatın dəyəri olan 500 manat məbləğində pul vəsaitinin 400 manat hissəsinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, 100 manat hissəsi isə iddiaçıya aid edilməsi, ödənilmiş 408,92 manat məbləğində dövlət rüsumunun 327 manat hissəsinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, qalan 81,92 manat hissəsinin isə iddiaçıya aid edilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

5. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 389.1, 425.1, 427.3, 442, 443.1, 445.1, 448.1, 449.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

6. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən faiz və dəbbə borcu düzgün hesablanmamış, işə aidiyyəti məhkəmədə baxılmamış, işdə iştirakı təmin edilməmişdir. Ona görə də həmin qətnamə ləğv edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

10. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

11. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;

12. Maddə 445. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır.

13. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

14. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

15. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

16. Maddə 739. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

Apellyasiya baxışının hədləri

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

18. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv edilməsi xahiş olunduğundan və iddiaçı apellyasiya şikayəti vermədiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. İddiaçı cavabdehin müqavilə öhdəliklərini yerinə yetirmədiyinə istinad edərək hazırkı iddianı qaldırmışdır.

20. İddiaçının tələbi əsas borcu üzrə 90000 manat məbləğində qalıq, ona hesablanmış 27000 manat məbləğində faiz borcu, 34920 manat məbləğində dəbbə pulu, AR Mərkəzi Bankının uçot dərəcəsi əsasında hesablanan 1046,25 manat məbləğində faiz borcu, cəmi 152966,25 manat borcun cavabdehdən tutulması barədədir.

21. İşdən göründüyü kimi, cavabdeh xx.xx.2021-ci il tarixli 2021/00194-01 saylı kredit müqaviləsi üzrə əsas borcdan hər hansı ödəniş etməmişdir.

22. Birinci instansiya məhkəməsi iddianı əsas və faiz borcu hissəsində əsaslı sayaraq tam təmin etmiş, dəbbə pulunu 4500 manata qədər azaltmış, AR Mərkəzi Bankının uçot dərəcəsi əsasında hesablanan 1046,25 manat məbləğində faiz borcu hissəsində tələbi təmin etməmişdir.

23. İşə birinci instansiyası məhkəməsində baxılarkən məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 9/4003 nömrəli ekspert rəyinə əsasən Cavabdeh xx.xx.2021ci il tarixli 2021/00194-01 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə 90000 manat məbləğində əsas borc, 14250 manat məbləğində faiz borcu olmaqla, cəmi 104250 manat məbləğində borcu olduğu müəyyən edilmişdir.

24. Göründüyü kimi, ekspert rəyi ilə tələb olunan və məhkəmənin qət etdiyi əsas və faiz borcunun məbləği ekspert rəyinin verildiyi tarixə münasibətdə üst-üstə düşür. Məhkəmə qətnamə ilə əsas və faiz borcunu müəyyən edərkən əsas borcdan və faiz borcundan hər hansı ödəniş edilmədiyini nəzərə almışdır.

25. Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv olunmasını xahiş etsə də, şikayətin məzmunundan göründüyü kimi, o, əsas və faiz borcunun düzgün hesablanmamasından narazıdır. Şikayətdə qətnamənin digər hissələri ilə bağlı cavabdehin narazılığının nədən ibarət olması göstərilməmişdir.

26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, cavabdeh ekspert rəyinin mötəbərliyini şübhə altına alan, habelə etdiyi ödənişlər nəticəsində Banka daha az məbləğdə borcunun olduğunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.

27. Bununla yanaşı birinci instansiya məhkəməsi dəbbə pulunu 4500 manata azaltmaqla düzgün qənaətə gəlmişdir.

28. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

29. Məhkəmə kollegiyası hesab edir ki, dəbbə pulunun 4500 manat müəyyən edilməsi tələb olunan əsas və faiz borcunun məbləğinə, tərəflərin əmlak vəziyyətinə, həm borclunun, həm də kreditorun əmlak mənafelərinə mütənasib olmuşdur.

30. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmaması barədə şikayətin dəlilinə münasibətdə Kollegiya qeyd edir ki, iş materiallarında olan ünvan üzrə cavabdehə yaşadığı və iş materiallarında mövcud ünvan üzrə məhkəmə bildirişi göndərilmiş, həmçinin cavabdehin mobil nömrəsinə elekton məhkəmə sistemi vasitəsilə sms-bildiriş göndərilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən cavabdehin iştirakı olmadan məhkəmə iclaslarının keçirilməsi baxımından prosessual pozuntuya yol verilməmişdir.

31. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, işə aidiyyət qaydalarına əməl olunmaqla baxılmış, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar