Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3322/2023 15.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı «maddi ziyanın ödənilməsi» tələbinə mülki iş üzrə (Açar sözlər: iş üzrə icraata xitam verilmişdir) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X11 (sədrlik edən və məruzəçi), X8 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin e-2(006)-1013/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1.Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli 1000-190/1xx-xx/009751 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş idarəsinin rəisi Məsum Rəsulovun 30 dekabr 2021-ci il tarixli 34/154/061517 nömrəli raportunun araşdırılması zaman X5 İdarəsi Əqli mülkiyyət obyektlərinin emal proseduru altında yerləşdirilmiş malların və mənşə ölkəsinin ekspertizası şöbəsinin inspektoru gömrük xidməti leytenantı X4 həyata keçirdiyi ilkin, həmin İdarənin Ekspress diaqnostik tədqiqat bölməsinin rəisi, gömrük xidməti mayoru X12 isə həyata keçirdiyi təkrar gömrük ekspertizası zamanı 06 oktyabr 2021-ci il tarixli **********3546 nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan 20 ədəd pizza bişirmək uçun sobanın mal kodunu X6 Mal Nomenklaturası üzrə düzgün sinifləşdirmədikləri, bununla da xidməti vəzifələrinin icrasına laqeyd yanaşaraq xidməti intizam qaydalarının tələblərini pozduqları müəyyən edilmiş, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin xx.xx.2022-ci il tarixli 1000/06TŞ nömrəli əmri ilə gömrük orqanı əməkdaşlarından Əli Abbasova “Gomruk orqanlarında xidmət haqqında” Əsasnamənin 69-cu maddəsinin 3-cü bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli Töhmət elan edilmiş, Tevfık Ayhana isə həmin Əsasnamənin 69-cu maddəsinin 1-ci bəndinə əsasən irad tutulmuşdur. 2.xx.xx.2021-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərardan müəyyən olunur ki, Bakı şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğul olan İddiaçı MMC-nin ünvanına 99HF424/99ZB996 nömrəli avtonəqliyyat vasitəsi ilə 91880 saylı xx.xx.2021-ci il tarixli invoys sənədi əsasında daxil olmuş yük **********3646 nömrəli, xx.xx.2021 -ci il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmiş, həmin gömrük bəyannaməsi üzrə bəyan edilmiş mallara dair mal müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı, XİF MN (X7 Mal Nomenklaturası) üzrə “**********” saylı kod altında “0” % gömrük rüsumu dərəcəsi ilə bəyan edilmiş malın XİF MN üzrə hansı kod altında sinıfləşdirilməsinın X5 İdarəsi tərəfindən dəqiqləşdirilməsinə ehtiyac yaranmış, X5 İdarəsindən gələn 2200- 016/0xx-xx/005037 saylı, xx.xx.2021-ci il tarixli cavab məktubuna əsasən malın XİF MN üzrə “**********” alt yarımmövqeyində “15%” gömrük rüsumu dərəcəsində sinifləşdirildiyi məlum olmuşdur. Bakı Baş Gömrük İdarəsi tərəfindən aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, **********3646 nömrəli xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsində bəyan edilmiş malların XİF MN kodları dəyişdiyi təqdirdə İddiaçı MMC tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği idxal gömrük rüsumu üzrə 29653.03 AZN/ƏDV üzrə 5337 55 AZN təşkil etmişdir. İddiaçı MMC-nin ünvanına göndərilmiş 91880 nömrəli 13.07 2021 -ci il tarixli invoysun 4-cü mövqeyində göstərilən "15%" gömrük rüsumu dərəcəsində sinifləşdirilən “Qara metal konstruksiya” adlı malın invoys dəyəri 680 ABŞ dolları (1156 AZN), 91880 nömrəli xx.xx.2021-ci il tarixli invoys sənədində qeyd edilməyən gömrük orqanına bəyan edilməmiş “Brophy” markalı əllə idarə olunan qaldırıcı talın ekspert rəyinə əsasən orta bazar dəyəri 340 AZN təşkil edir və həmin məbləğlər Azərbaycan Respublikası CM-nın 206.1 və 209.1-ci maddələrində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərini yaratmır. Beləliklə, İddiaçı MMC-nin direktoru X9 əməllərində Azərbaycan Respublikası CM-nin 206.1 və 209.1-ci maddələrinin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddələr ilə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nın 39.1.2-ci maddəsinə əsasən rədd edilməlidir. "xxxx" MMC- nin direktoru X9 barəsində inzibati məsuliyyət məsələsinə qiymət verilməsi üçün toplanmış materiallar Bakı Baş Gömrük İdarəsinə göndərilməlidir. Bakı Baş Gömrük idarəsi “ipək Yolu” gömrük postunun 8-ci anbarında saxlanılan "xxxx" MMC ünvanına göndərilmiş 91880 nömrəli xx.xx.2021-ci il tarixli invoysda göstərilən mallar gömrük rəsmiləşdirilməsi həyata keçirildikdən sonra cəmiyyətin səlahiyyətli nümayəndəsinə qaytarılmalıdır. Dövlət Gömrük Komitəsinin X5 İdarəsinin Ekspres Diaqnostik Tədqiqatlar Bölməsinin rəisi X14 və həmin idarənin digər vəzifəli şəxslərinin yol verdiyi qanun pozuntularına görə intizam məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması üçün müvafiq tədbir görülməlidir. İş üzrə qəbul olunmuş məhkəmə aktları
3. İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4779 manat və 6030 ABŞ dolları məbləğində vurulmuş maddi zərərin əvəzinin, 15480 manat məbləğində əldən çıxmış faydanın, 500 manat məbləğində hüquqi xidmət xərcinin və 183,40 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, İddiaçı MMC ölkədə yeganə pizza və digər tez hazır olan qida məhsullarının hazırlanması və istehlakçılara təqdim edilməsi sahəsində fəaliyyət göstərən yerli restoran şəbəkəsidir. Şirkət öz milli brendini yaratmaqla 10 ilə yaxındır müştərilərinə xidmət etməkdədir. Şirkət müştərilərinə daha operativ və keyfiyyətli xidmət göstərmək üçün X3 fəaliyyət göstərən XLT Smart Solutions şirkətindən 3 dəqiqə ərzində un məmulatlarını bişirmək imkanına malik sobaları almağa niyyətlənmişdir. Bunun üçün müraciət ərizəsi ilə "xxxx" ASC-yə müraciət edilmişdir, müraciətdə kredit götürülməsinin məqsədi kimi “yeni açılacaq filiallar üçün avadanlıq, mebel və təmir xərclərinin qarşılanması” göstərilmişdir. Nəticədə həmin bankla xx.xx.2021-ci il tarixli Korporativ müştərilərə verilən kreditlər üzrə Ümumi müqavilə, eyni zamanda Kreditləşmənin Xüsusi Şərtlərinə dair 01 saylı Əlavə imzalanmışdır. Belə ki, həmin bankdan 200000 manat məbləğində 36 ay müddətinə 14 faiz dərəcəsi ilə kredit götürülmüşdür. Müqavilədə kreditin məqsədli təyinatı kimi “yeni açılacaq filiallar üçün avadanlıq, mebel və təmir xərclərinin qarşılanması” göstərilmişdir. Şirkət planlaşdırılan vaxtda açılacaq yeni filiallardan gələcək gəlirə ümid edərək bu qədər böyük məbləğdə maliyyə yükünün altına girmişdir. Şirkət 18 ədəd sobanın satın alınması üçün XLT Smart Solutions şirkətinə 111516,38 ABŞ dolları pul vəsaiti ödəmişdir. Sobalar gəmi vasitəsilə Gürcüstana gətirilmiş, oradan isə tırla Azərbaycan Respublikasına gətirilmişdir. Bunun üçün Gürcüstan Respublikasında fəaliyyət göstərən U.F.E. Shipping Georgia LLCZ şirkətinə ödəniş edilmişdir. Sobalar **********3646 sorğu nömrəli xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Bəyan edən zaman isə istehsalçı şirkətin təqdim etdiyi sənədlərdəki XİF MN üzrə koda və digər məlumatlara istinad etmişdir. İstehsalçı şirkət sobaları “**********” saylı kod altında sinifləşdirmişdir. Şirkət də bəyannamədə həmin kodu qeyd etmişdir. Lakin Bakı Baş Gömrük İdarəsinin inspektorları sobaların XİF MN üzrə kodunun dəqiqləşdirilməsini zərurətini görmüş və ekspertiza təyin etmişdir. X2 xx.xx.2021-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, idxal olunan yük pizza bişirmək üçün istifadə olunan elektrikli soba olub XİF MN-ə görə 8419 81 8000 alt yarımmövqeyində sinifləşdirilir. Şirkət bununla bağlı istehsalçı şirkətə müraciət edərək dəqiqləşmə tələb etmişdir, istehsalçı şirkət elektron məktubla sobanın XİF MN üzrə kodunun 8514 10 10000 olduğunu bildirmişdir. Ekspertiza rəyindən sonra material Əməliyyat Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinə göndərilmişdir, X1 icraatına verilmişdir. Təhqiqatçı rəyi tərtib edən Tefik Ayhanın izahatını almışdır. Daha sonra təhqiqat şöbəsinə təqdim etdiyi vəsatət təmin edilmiş və komisyon ekspertiza təyin edilmişdir. xx.xx.2021-ci il tarixli rəydə idxal olunan yükün yığılmamış halda “XLT” markalı, qaz və elektriklə işləyən soba olub XİF MN-ə görə 8419 81 alt yarımmövqeyində sinifləşdirilməli olması müəyyən edilmişdir. Lakin ekspert təhqiqatçının “təhqiqat obyekti olan əşya idxalatçının əvvəlcədən bəyan etdiyi 8417 və araşdırma zamanı təqdim etdiyi məlumatlara əsasən 8514-cü mal mövqelərinə aid ola bilərmi, aid deyildirsə, hansı əsaslara görə aid hesab edilmir və edilə bilməz” sualına cavab vermədiyi üçün əlavə ekspertiza təyin edilmişdir. xx.xx.2021-ci il tarixli ekspert rəyində yükün həm qaz, həm də elektriklə işləyən sobalar olub XİF MN-ə görə 8419 81 8000 alt yarımmövqeyində sinifləşdirilməsi müəyyən edilmiş, 8417 mal mövqeyində qeyrielektrik sənaye və ya laborator sobaların, 8415 malmövqeyində isə ancaq elektrik və ya dielektrik itkiləri əsasında işləyən sobaların sinifləşdirildiyi göstərilmişdir. Daha sonra Şirkətə qarşı Cinayət Məcəlləsinin 209.1-ci maddəsi cinayət işi başlanılmışdır. Material İstintaq və Təhqiqat Baş İdarəsinin İstintaq şöbəsinin böyük müstəntiqi Elmir Şirinovun icraatında verilmişdir. O, ilk öncə ziddiyyətli rəyi tərtib edən ekspert Əli Abbasovun izahatını almışdır, Əli Abbasov izahatında rəy verdikdən sonra sobalara baxış keçirdiyini və onların 8514 10 10000 alt yarımmövqeyində sinifləşdirilməli olduğunu müəyyən etdiyini bildirmişdir. Elmir Şirinov təkrar ekspertiza təyin etmiş, xx.xx.2021-ci il tarixli rəylə sobaların XİF MN üzrə kodu 8514 10 1000 müəyyən edilmişdir. Daha sonra isə xx.xx.2021-ci il tarixli qərarla CM-nin 39.1.2-ci maddəsinə əsasən Şirkətin direktoru Aslan Hacıyev barəsində cinayət işinin başlanması rədd edilmişdir, ekspert Əli Abbasov və digər ekspertlərin yol verdiyi qanun pozuntularına görə intizam məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması üçün müvafiq tədbirlər görülməsi qərara alınmışdır. Daxili Təhlükəsizlik İdarəsinin rəisi Rəşad Zalovun xx.xx.2022-ci il tarixli məktubunda bildirilmişdir ki, ekspertlər tərəfindən sobaların XİF MN üzrə düzgün sinifləşdirilmədikləri, bununla da xidməti vəzifələrinin icrasına laqeyd yanaşaraq xidməti intizam qaydalarının tələblərini pozduqları müəyyən edilmiş, DGK sədrinin xx.xx.2022-ci il tarixli əmri ilə Əli Abbasova sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilmiş, Tefik Ayhana isə irad bildirilmişdir. Təəssüf ki, təhqiqat idarəsinin vəzifəli şəxsləri işdə bir-birini təkzib edən 3 ədəd ekspert rəyi olmasına baxmayaraq son olaraq qəti rəy əldə etmək üçün ekspertlərə müraciət etmək əvəzinə Şirkətin direktorunun əməllərində cinayət tərkibinin olması kifayət qədər sübutlarla təsbit edilməməsinə, biri-birinə ziddiyyət təşkil edən ekspert rəylərinin olmasına baxmayaraq obyektiv qərar qəbul etməyə dair müvafiq səlahiyyətə malik olan şəxslər hesab edilsələr də, direktor barəsində cinayət işinin başlanması üçün materialı istintaqa göndəriblər. Bununla da Şirkətin direktoru barəsində əsassız cinayət təqibi aparılmasına, lüzumsuz istintaq tədbirlərinin görülməsinə, Şirkətin iqtisadi fəaliyyətinə süni maneələr törədilməsinə, sobaların Şirkət tərəfindən istehsalatda istifadə edilməsinə əsassız olaraq əngəl törədilməklə onların anbarda uzun müddət saxlanılmasına, nəticədə həm Şirkətin iqtisadi hüquqlarına, həm də onun direktorunun konstitusion, mülki və prosessual hüquqlarının kobud surətdə pozulmasına şərait yaratmışlar. Belə ki, 2021-ci ilin oktyabr ayından 2022-ci ilin yanvar ayının ortalarına qədər sobalar gömrük anbarından saxlanılmışdır və sobaların orada saxlanıldığı hər gün üçün gömrük anbarına ödəniş edilmişdir. Bununla bağlı "xxxx" MMM ilə 23 oktyabr 2021-ci il tarixli icarə müqaviləsi imzalanmışdır. Şirkət tərəfindən gömrük anbarında saxlanılma üçün icarəyəverənə cəmi 4779 manat icarə haqqı ödənilmişdir. Həmçinin, sobaları gətirən tırın və konteynerin Bakı Baş Gömrük İdarəsində qanunsuz saxlanılmasına görə 2021-ci ilin noyabr ayında 4700 ABŞ dolları və 1330 ABŞ dolları pul vəsaiti “U.F.E Shipping Georgia LLCZ” şirkətinə ödəniş edilmişdir. Lakin Şirkətə vurulmuş maddi ziyan bununla da bitmir, sobalar yeni açılacaq restoranlarda yerləşdirilməli idi, restoranların açılış tarixi sobaların ölkəyə gətirilmə tarixinə, yəni 2021-ci ilin oktyabr ayına planlaşdırılmışdı, Zefir Mall-da yerləşən restoranla bağlı icarə müqaviləsi xx.xx.2021-ci il tarixdə imzalanmışdır, xx.xx.2021-ci il tarixdə müqaviləyə əlavə imzalanaraq 5 ay müddətində, yəni xx.xx.2021- ci il tarixə qədər Şirkət restoran üçün lazım olan soba və digər avadanlıqların quraşdırılması üçün icarə haqqında azad edilmişdir. Həmin əlavə imzalanan tarixdə sobaların 2021-ci ilin oktyabr ayında ölkəyə gətirilməsi planlanırdı, amma sobaların gömrük anbarından çıxarılması 2022-ci ilin yanvar ayının ortalarına qədər çəkmişdir. Bu səbəbdən Şirkət məcburi olaraq fəaliyyətdə olan digər restoranlardan sobaları gətirərək Zefir Mall-da yerləşən restoranın açılışını etmişdir. Nəticədə soba cəhətdən çatışmazlıq yaranan digər restoranların işi ləngimiş, müştərilərin haqlı narazılığı yaranmışdır. Eyni zamanda Səbail rayonu, Mikayıl Useynov prospekti 63 ünvanında yerləşən “İSR Residence” yaşayış kompleksinin 1-ci mərtəbəsindəki qeyri-yaşayış sahəsi ilə bağlı xx.xx.2021-ci il tarixdə icarə müqaviləsi imzalanmışdır, müqavilənin 2.1-ci bəndinə əsasən restoranı soba və digər avadanlıqlarla təchiz etmək üçün 5 ay vaxt verilmişdir. Şirkət 2021- ci ilin noyabr ayında restoranı açmağa məcbur olmuş və yenə fəaliyyətdə olan restoranlardan sobaları gətirək məcburiyyətində qalmışdır. xx.xx.2021-ci il tarixdə ünvan 3 ünvanında yerləşən qeyriyaşayış sahəsi icarəyə götürülmüşdür. Həmin restoranın açılışı 2021-ci ilin oktyabr ayına planlansa da, açılışı ancaq 2021-ci ilin dekabr ayında etmək mümkün olmuşdur. xx.xx.2021-ci il tarixdə Sumqayıt Bağça Şəhər-də yerləşən qeyri-yaşayış sahəsi ilə bağlı icarə müqaviləsi bağlanmışdır. Lakin bu günə qədər həmin restoranın açılışını etmək mümkün olmamışdır. Digər tərəfdən gömrük orqanı tərəfindən anbarda qanunsuz saxlanılmış sobalar 3 dəqiqə ərzində pizza və digər un məmulatlarını bişirmək imkanına malikdir. Yeni restoranların açılışı üçün mövcud 3 restoranın hər birindən 1 ədəd soba gətirilərək yeni restoranlarda yerləşdirilmişdir. Nəticədə isə 6 ədəd restoran (3 ədəd mövcud və 3 ədəd yeni) 1 ədəd soba ilə fəaliyyət göstərməli olmuşdur. Bu hal isə Şirkət üçün əldən çıxmış faydanın yaranmasına səbəb olmuşdur. Belə ki, 1 ədəd soba 1 saat ərzində 90 ədəd pizza bişirmək imkanına malikdir, lakin məlum olduğu kimi normal şəraitdə soba tam gücü ilə işləmir. Minimum hesabla nəzərə alınsa, 1 ədəd soba saat ərzində tam gücünün 5 faizi miqdarında işləyir və 4 ədəd pizza bişirir. Restoranlar 24 saat işləyir, amma minimum hesabla 3 saat ərzində aktiv pizza bişirildiyi götürülsə, gün ərzində 12 ədəd pizza bişirilir. Sobalar xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər, yəni 86 gün ərzində qanunsuz olaraq gömrük anbarında saxlanılmışdır. Bu isə sadə riyazi hesablama ilə 1032 ədəd pizza edir. 1 ədəd pizzanın ortala qiyməti 15 manatdır, nəticədə isə 15480 manat (4x3=12x86=1032x15=15480) məbləğində əldən çıxmış fayda əmələ gəlir. Əgər 18 ədəd soba qanunsuz olaraq gömrük anbarından saxlanılmasa idi, 6 ədəd restoran 2 ədəd soba ilə işləyəcəkdi və nəticədə 86 gün ərzində Şirkət 30960 manat gəlir əldə edəcəkdi, amma baş verən qanunsuzluq ucbatından Şirkət 15480 manat məbləğində gəlirdən məhrum olmuşdur. Şirkət öz hüququnu bərpa etmək üçün bir sıra xərc çəkmək məcburiyyətində qalmışdır. Məhkəmədə təmsilçilik üçün “Ədalət Vəkil Bürosu”nun vəkili Nümayəndə1 ilə müqavilə bağlayaraq bank köçürməsi yolu ilə 500 manat məbləğində hüquq xidmət xərci ödəmişdir. Bundan əlavə iddia ərizəsinin verilməsi üçün Şirkət tərəfindən 183,40 manat məbləğdə dövlət rüsumu ödənilmişdir. Dövlət Gömrük Komitəsinin təhqiqat orqanının qanunsuz hərəkətləri nəticəsində İddiaçı MMC-yə 4779 manat və 6030 ABŞ dolları maddi zərər vurulmuş və 15480 manat məbləğindəki fayda əldən çıxmışdır. Şirkət 500 manat hüquqi xidmət və 183,40 manat dövlət rüsumu üçün xərc çəkmişdir.
5. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin e-2(006)-1013/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, 4779 manat və 6030 ABŞ dolları (Azərbaycan Respublikasının Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq) məbləğində vurulmuş maddi zərərin əvəzi, 15480 manat məbləğində əldən çıxmış fayda, 500 manat məbləğində hüquqi xidmət xərci və 183,40 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir.
6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, xx.xx.2021-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərardan göründüyü kimi iddiaçı barəsindəki cinayət təqibinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslarla xitam verildiyindən iddiaçı cinayət təqibinə məruz qalması nəticəsində ona vurulmuş ziyanın ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə, iddiaçının istintaq orqanının səhvi nəticəsində maddi ziyanın dəyməsi ilə bağlı dəlillərinə hüquqi qiymət verərək belə nəticəyə gəlmişdir ki, iddiaçı, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin istintaq orqanının qanunsuz hərəkətləri nəticəsində ona dəymiş ziyan «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən ödənilməlidir. Qeyd olunmalıdır ki, iddiaçıya verilməli olan qurğu pizza bişirilməsi üçün istifadə olunur və nəticə etibarilə həmin məhsulların satışından gəlirin əldə edilməməsi iddiaçını bu gəliri dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, qurğunu vaxtında verməməklə istintaq orqanı, iddiaçıya faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Ona görə də məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, istintaq orqanının qanunsuz hərəkətləri nəticəsində (qurğunun vaxtında qaytarılmaması) iddiaçının hüquqları pozulmuş və bu pozuntu nəticəsində iddiaçı maddi itkilərə məruz qalmışdır. Belə ki, həmin maddi itkilər istintaq orqanının iddiaçıya məxsus olan qurğunun verilməsini gecikdirməsindən yaranan maddi itkilərdir. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, istintaq orqanı qurğunu vaxtında verməməklə iddiaçıya faktiki olaraq (4x3=12x86=1032x15=15480) əldən çıxmış fayda şəklində vurulmuş zərər ödənilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli OD1 saylı Ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən vəkilin göstərdiyi yardıma görə Ədalət Vəkil Bürosunun hesabına 500 manat ödəniş etmişdir. Məhkəmə hesab etmişdir ki, vəkilin göstərdiyi yardıma görə ödənilmiş 500 manat cavabdehdən iddiaçının xeyrinə tutulmasını işin hallarına uyğun olmaqla, ağlabatandır.
7. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 1096, 1100, 1101.1, 1101.2-ci maddələri, Cinayət Prosessual Məcəlləsinin 57.1, 58.1-ci maddəsi, «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1, 4, 5, 6-cı maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarı və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4, 216-220, 227, 233, 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
8. Qətnamədən cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi apellyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin e-2(006)-1013/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv olunmasını və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayətində göstərilmişdir ki, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 3-cü hissəsinə əsasən vəkilin ədalət mühakiməsində iştirakı yalnız hüquqi yardım üçün müraciət edən şəxslə fərdi qaydada fəaliyyət göstərən vəkil və ya vəkilin daxil olduğu qurum arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. HəminQanunun 19-cu maddəsinin 1-ci hissəsinə görə vəkil tərəfindən göstərilən hüquqi yardımın haqqının ödənilməsi vəkillik fəaliyyətinin fərdi qaydada və ya Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun vəkil (vəkillər) tərəfindən yaradılmış vəkil qurumlarının tərkibində həyata keçirilməsi nəzərə alınmaqla tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Göründüyü kimi vəkil tərəfindən göstərilən hüquqi yardıma görə haqqın məbləği yalnız tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edilir. Bu baxımdan sözügedən ödənişin hansı hüquqi xidmətlə bağlı olması aydın deyildir. Buna görə də məhkəmənin ödəniş tapşırığına istinadı əsaslı hesab oluna bilməz. Məhkəmə iddiaçıya dəymiş zərəri, xüsusilə də əldən çıxmış faydanı hesablayarkən həmin qanunvericiliyin tələblərini nəzərə almamış, yalnız iddiaçının mülahizələrinə (4x3=12x86=1032x15= 15.480 manat) əsaslanmışdır. Lakin iddiaçının hesablaması üzrə konkret faktlar (sübutlar) təqdim edilməmişdir. Belə ki, İddiaçı MMC-yə məxsus avadanlıqların (sobaların) gömrükdə saxlancda qaldığımüddətdə – 86 gündə iddiaçı tərəfindən hər gün 12 pizzanın bişirələrək hər birinin 15 manatdan satılacağı konkret faktlara deyil, iddiaçının ehtimalına əsaslanır. Halbuki, həmin məsələlər iddiaçının hazırkı fəaliyyəti üzrə (əldə etdiyi gəlir, ödədiyi vergi və s.) araşdırma aparılmaqla müəyyən oluna bilərdi. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanunun adından və preambulasından görünür ki, həmin qanun hüquqi şəxslərə deyil, fiziki şəxslərə dəymiş zərərin ödənilməsi ilə bağlıməsələləri tənzimləyir. Hazırkı iş üzrə iddiaçı qismində isə hüquqi şəxs – İddiaçı MMC çıxış edir və tələb olunan vəsait həmin cəmiyyətə dəyən zərərlə bağlıdır. Mülki Məcəllənin 1101.1-ci maddəsinə gəldikdə isə nəzərə alınmalıdır ki, həmin maddənin tələbinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətiimkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası(konkret dövlət büdcəsi nəzərdə tutulmamışdır) qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Bundan başqa Cinayət Prosessual Məcəlləsinin 58-ci maddəsində də dəymiş zəzərin dövlət büdcəsindən ödənilməsi ilə əlaqədar müddəalar yoxdur. Sözügedən Məcəllənin 63-cü maddəsində zərərin ödənilməsi qaydası ilə bağlı“Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanuna istinad olunur ki, yuxarıda da qeyd olunduğu kimi adıçəkilən qanun hüquqi şəxslərlə bağlı məsələləri ehtiva etmir. Digər tərəfdən Gömrük Məcəlləsinin 53.8-ci maddəsinə əsasən gömrük orqanlarının vəzifəli şəxsləri hüquqazidd qərarlarına, hərəkətlərinə, hərəkətsizliklərinə görə müvafiq qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 90.2-ci maddəsinin tələblərinə görə qanunsuz zərər vurmuş gömrük orqanları və onların vəzifəli şəxsləri qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Eyni zamanda “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 133-cü hissəsində göstərilir ki, gömrük orqanlarında xidməti tənzimləyən normativ hüquqi aktların pozulmasına görə gömrük orqanlarının vəzifəli şəxsləri Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar. Göründüyü kimi qüvvədə olan qanunvericiliyə əsasən gömrük orqanlarının qanunsuz hərəkətləri nəticəsində dəymiş zərərə görə bu orqanların vəzifəli şəxsləri məsuliyyət daşıyır və iddia tələbi də həmin orqanlara (şəxslərə) qarşı yönəlməli idi. Məhkəmə qeyd olunan tələbi nəzərə almayaraq, mübahisəyə ümumi məhkəmədə baxılmasına yol vermişdir. Belə ki, mübahisə predmeti inzibati orqanın hüquqi şəxsə qarşı yönəlmiş inzibati aktının qəbulu və bunun nəticəsində dəymiş zərədir. Təsadüfi deyildir ki, hazıki iş üzrə Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli e-2(102)-6317/2022 nömrəli qərardadının 19-cu bəndində göstərilir ki, ümumiyyətlə, inzibati orqanın (Dövlət Gömrük Komitəsinin) hərəkətləri nəticəsində vurulmuş zərərin əvəzinin hansı əsaslarla Azərbaycan RespublikasıMaliyyə Nazirliyindən tələb olunması aydın deyil. Zərər iddia ərizəsində qeyd olunduğu kimi inzibati orqanın əməkdaşlarının hərəkətləri nəticəsində vurulmuşdursa, onda həmin iddiaya inzibati icraat qaydasında baxılmalıdır. Belə ki, İnzibati Prosessual Məcəllənin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları(inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Bu tipli çoxsaylı analoji məhkəmə işlərinə yuxarı instansiya məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılması da bu iş üzrə məhkəmə aidiyyətinin pozulmasını göstərən amillərdəndir.
Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar
10. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirmişdir ki, burada cinayət təqibindən söhbət gedir. Hazırkı işdə cinayət təqibini aparan Əməliyyat Təhqiqat İdarəsi olmuşdur. İnzibati orqan hesab edilmir. Cinayət təqibi əsasında iddiaçıya zərər vurulub. 18 ədəd xüsusi soba sərhəddə saxlanılmışdır və bildirilmişdir ki, 18 % ƏDV-dən yayınmaq üçün qəsdən 18 % ƏDV-dən azad olunanlar üçün olan kodlardan istifadə edilmişdir. Beləliklə, təhqiqat başlayır və ekspertiza təyin edilir. Daha sonra iş ekspertiza rəyindən sonra material Əməliyyat Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinə göndərilmiş və şirkətə qarşı cinayət işi başlanılmışdır. Təkrar ekspertiza keçirilir və cinayət işinin başlanılması haqqında rədd qərarı qəbul edilmişdir. Burada inzibati aktdan və inzibati orqandan söhbət getmir. Birinci instansiya dövründə cavabdeh bu məsələ ilə bağlı heç bir etiraz da verməmişdir, yalnız yekun akt qəbul edildikdən etirazlarını bildirmişlər. İşə baxılmasını və yekun qətnamə çıxarılmasını xahiş edir.
11. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq normaları: Mülki Prosessual Məcəllə
12. Maddə 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
13. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, mülki iş üzrə icraata xitam verilməlidir.
14. Belə ki, Cinayət işinin başlanmasının rədd edilməsi barədə 29 dekabr 2021-ci il tarixli qərardan müəyyən olunur ki, gömrük orqanına bəyan edilmiş Pizza MMC-yə məxsus malların hansı kod altında sinifləşdirilməsinin X10 İdarəsi tərəfindən dəqiqləşdirilməsinə ehtiyac yaranmışdır. Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən ilkin tədqiqat materialları hüquqi qiymət verilməsi üçün Əməliyyat İstintaq Baş İdarəsinə göndərilmişdir. Nəticədə cinayət işinin başlanmasının rədd edilməsi, invoysda göstərilən malların gömrük rəsmiləşdirilməsi həyata keçirildikdən sonra səlahiyyətli nümayəndəyə qaytarılması, X10 İdarəsinin vəzifəli şəxslərinin intizam məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması üçün müvafiq tədbirlərin görülməsi qərara alınmışdır.
15. İşdə olan Dövlət Gömrük Komitəsinin xx.xx.2022-ci il tarixli məktubu ilə müəyyən edilir ki, X5 İdarəsi Əqli mülkiyyət obyektlərinin emal proseduru altında yerləşdirilmiş malların və mənşə ölkəsinin ekspertizası şöbəsinin inspektoru gömrük xidməti leytenantı X4 həyata keçirdiyi ilkin, həmin İdarənin Ekspress diaqnostik tədqiqat bölməsinin rəisi, gömrük xidməti mayoru X12 isə həyata keçirdiyi təkrar gömrük ekspertizası zamanı 06 oktyabr 2021-ci il tarixli **********3546 nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan 20 ədəd pizza bişirmək uçun sobanın mal kodunu X7 Mal Nomenklaturası üzrə düzgün sinifləşdirmədikləri, bununla da xidməti vəzifələrinin icrasına laqeyd yanaşaraq xidməti intizam qaydalarının tələblərini pozduqları müəyyən edilmişdir.
16. İddiaçı hazırkı iddia ərizəsində sobaların gömrük orqanında saxlanılması və istifadə edilə bilməməsi ilə bağlı olaraq ona vurulmuş maddi zərərin və əldən çıxmış faydanın cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən tutulmasını xahiş edir.
17. Məhkəmə kollegiyası hesab edir ki, hazırki tələb inzibati orqanın inzibati hüquq sahəsindəki fəaliyyəti nəticəsində vurulmuş ziyan tələbidir. Ona görə də həmin mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. Birinci instansiya məhkəməsi inzibati icraat qaydasında baxılmalı olan həmin tələbə mahiyyəti üzrə qiymət verməklə prosessual hüquq pozuntusuna yol vermişdir.
18. MPM-nin 31.1-ci maddəsinə müvafiq olaraq aidiyyət qaydalarının pozulmasına yol verilmir.
19. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarında məhkəmə aidiyyəti ilə bağlı aşağıdakılar göstərilmişdir: Nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 3.2, 3.2.1 və 3.2.2-ci maddələrinə əsasən həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Ona görə də, inzibati xətalara dair iş üzrə icraatın aparılması ilə bağlı, eləcə də təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddialara mülki məhkəmə icraatı qaydasında baxılır. Çünki, sözügedən hallarda tərəflər arasında ziyan vurulması ilə nəticələnmiş münasibətlər inzibati icraatın həyata keçirilməsi nəticəsində yaranmır. Belə işlərdə məhkəmə aidiyyətini müəyyən edən həlledici meyar güman olunan ziyanın məhz hansı hüquq münasibətləri çərçivəsində vurulmasıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən isə inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Müvafiq olaraq maraqlı şəxslərin vurulmuş ziyana görə inzibati orqanlara qarşı qaldırdığı iddialara o halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər ki, həmin ziyan məhz inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyəti nəticəsində vurulmuş olsun.”
20. Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
21. MPM-nin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun.
22. Məhkəmə kollegiyası, həmçinin MPM-in 262.3-cü maddəsinə əsasən iddiaçıya izah edir ki, müvafiq iddia ərizəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı inzibati məhkəməyə müraciət edə bilər.
23. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin e-2(006)-1013/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı cavabdehdən 4779 manat və 6030 ABŞ dolları məbləğində vurulmuş maddi zərərin əvəzinin, 15480 manat məbləğində əldən çıxmış faydanın, 500 manat məbləğində hüquqi xidmət xərcinin və 183,40 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi barədə iddia tələbinə dair işin icraatına mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilsin. İddiaçı MMC-yə İnzibati Məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev