Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3323/2020 18.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, X5 və X1 ibarət tərkibdə, Kərimova Aytən Nadir qızının katibliyi, İddiaçı, onun vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-179/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddiаsı təmin edilməmişdir. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh qarşı «ziyan» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qanunsuz hərəkətləri səbəbindən ondan aldığı 12.000 ABŞ dolları borc pulu, Kapital Banka cavabdehin əvəzindən ödədiyi 3600 manat krediti, “Unibank”-a cavabdehin əvəzindən ödədiyi 2691 manat krediti, 1000 manat faizə götürərək cavabdehə verdiyi pulu və 600 manat lotereya pulu olmaqla cəmi 7891 manat və 12.000 ABŞ dolları məbləğində vəsaitin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı evini 12.000 ABŞ dolları məbləğində pula satmışdır. Yeni mənzil tapanadək bir müddət ailə üzvləri ilə birlikdə icarəyə götürdüyü mənzildə yaşamalı olmuşdur. Qonşuluqda yaşayan cavabdeh onun evini satdığını bildiyindən dəfələrlə ondan borc pul istəsə də, Səminə pulun dayısı oğluna aid olduğunu bildirmişdir. Sonuncu dəfə Gözəl ona lombarddan götürdüyü qızılların evindən oğurlandığını və lombardın sahibinin onu həbs etdirəcəyini dedi və Səminədən 12.000 ABŞ dolları borc pul istədi. Gözəl Səminəni pulu tezliklə qaytaracağına inandırdı və Səminə 12.000 ABŞ dolları məbləğində pulu borc olaraq Gözələ vermişdir. Bir müddət sonra Səminə Gözələ ev almaq istədiyini bildirmiş və borcunu geri istəmişdir. Lakin Gözəl Səminəni özünün yaşadığı evin zirzəmisində bir otağa kirayəçi kimi gətirmiş və ona pulu qaytaranadək orda yaşaya biləcəyini demişdir. Lakin Səminə ailəsi ilə birgə həmin evdeə yaşadığı müddətdə Gözəl ondan hər ay 100 manat kirayə haqqı da alırdı. Bir ildən sonra Gözəl Səminənin adına “Kapital Bank”-dan 3400 manat kredit götürmüş və krediti özü ödəyəcəyinə söz vermişdir. Lakin cavabdeh öhdəliyini yerinə yetirmədiyindən həmin kredit bank tərəfindən 3 il 6 ay müddətində hər ay Səminənin maaş kartından 100 manat silinməklə ümumilikdə 4200 manat Səminə tərəfindən ödənilmişdir. Sonradan həmin pulun cəmi 600 manat hissəsini cavabdeh ona qaytarmışdır. Bir müddət sonra cavabdehin oğlu Sübhan kimisə bıçaqla vurmuşdu və bu işi qaydasına qoymaqdan ötrü cavabdeh bəzi adamlardan borc pul almış və 500 dollar pulu çatışmadığından yenidən Səminənin adına “Unibank”-dan 500 dollar kredit götürmüşdür. Lakin bu dəfə də Gözəl öhdəliyini yerinə yetirməmiş və 9 ay hər ay Səminənin maaş kartından 299 manat silinməklə, cəmi 2691 manat silinərək bu kredit də Səminə tərəfindən ödənilmişdir. Sonradan Gözəl Səminədən 1000 manat faizə də olsa tapmağı xahiş etmişdir. Səminə həmin 1000 manatı faizə əldə edərək Gözələ versə də, Gözəl həmin pulu da Səminəyə qaytarmamış və kirayə pulu ilə əvəzləmişdir. Daha sonra Gözəl 9 nəfərdən ibarət qrupla hər ay 100 manat müqabilində lotereya oynadıqlarını bildirmiş və Səminəyə də həmin qrupa qoşulmağı təklif etmişdir. Səminə yenə ona inanaraq həmin qrupa qoşulmuşdur. 9 ay gəlib çatsa da Gözəl yenə də onu aldatmış və ona çatası olan 900 manatdan cəmi 300 manatını ona vermiş, qalan 600 manat pulu ona verməmişdir. Bir müddət sonra Səminənin həyat yoldaşı da Gözəldən pullarını geri istəyəndə Gözəlin oğlanları və əri Rəşid onların üzərinə hücum etmişdirlər. Cavabdehdən hər dəfə pulu tələb edəndə onların üzərinə hücum çəkərək heç kimdən qorxmadığını bildirir. Qeyd olunanları nəzərə alıb, iddia tələbnin təmin olunmasını xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbləri təmin edilməmişdir. İddiaçı Səbail rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını kollegiyadan xahiş etmişdir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməməsini, işə birtərəfli baxılmasını, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və digər əsasları göstərməklə, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə Cavabdeh kollegiyanın iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşə apellyasiya qaydasında baxan Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, şikayəti müdafiə edərək təmin olunmasını xahiş edən iddiaçının izahatını dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, Səbail rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş X4 ifadəsində bildirdi ki, iddiaçı onun bacısıdır. Cavabdehin doğrudan da iddiaçıya borcu vardır. Lakin o, iddiaçının cavabdehə borc pul verməsində iştirak etməmişdir. Sadəcə iddiaçı ona cavabdehdən borcu geri ala bilmədiyini dedikdən sonra o, cavabdehin yanına gedib bacısının pulunu geri istəsə də, cavabdeh ilk əvvəllər borcu qaytaracağını bildirmiş, ancaq sonradan onun üstünə hücum çəkərək pulu qaytarmayacağını söyləmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən iddia ərizəsində cavabdehə 12.000 ABŞ dolları borc pul verildiyi istinad olunsa da bu fakt iş materialları ilə öz təsdiqini tapmamışdır. Həmçinin, məhkəmə kollegiyası şahid X2 birinci instansiya məhkəməsində verdiyi ifadəsini kifayət qədər mötəbər və əsaslandırılmış sübut kimi qəbul etmir. Belə ki, şahid ifadəsinə münasibətdə məhkəmə qeyd edir ki, şahid cavabdehin iddiaçıya olan borcunu təsdiqləsə də, tərəflər arasında pul borc verilməsində iştirak etməmiş və iddiaçının iddia ərizəsində göstərdiyi halların iştirakçısı olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Mülki Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçınn hal-hazırda hazırkı iddia tələblərinin təmin olunması üçün əsaslar olmadığından, iddiaçının iddia tələbini əsaslandıra və bununla bağlı məhkəməyə hər hansı sübutlar təqdim edə bilmədiyiyindən, iddia ərizəsini təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3323/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3323/2020
18.06.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver