Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3326/2023 13.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “pulun tutulması” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-4351/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı tərəfindən avtomobil almaq üçün cavabdehin işlədiyi avtosalona müraciət etmiş, “VAZ2106” minik markalı, **-XC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 5000 manata almış, həmin məbləğin 2200 manatını özü, qalan 2800 manatını isə cavabdeh ona hissə-hissə qaytarılmaq şərtilə vermişdir. 2800 manat borcun müqabilində avtomobil cavabdehin adına qeydə alınmış, sonuncu isə nəqliyyat vasitəsinin istifadə edilməsilə bağlı iddiaçıya etibarnamə vermişdir. İddiaçı avtosalondan avtomobili götürməmiş, lakin pulu hissə-hissə tam olaraq cavabdehə qaytarmışdır. Hazırda iddiaçı həmin avtomobilə görə ödədiyi pulun geri qaytarılmasını tələb edir. İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4800 manat pulun və iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödədiyi 69 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qəbul edilməsini xahiş etmişdir.
3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, şirkətdə işləyir və Xirdalan, Masazır, Sumqayıt ərazilərinə mal paylayır. Sumqayıtdan keçdikdə 888 nömrəli salonda maşın görmüş və ustası ilə birlikdə maşına baxmağa getmişdir. Maşına baxdıqdan sonra maşını bəyənmiş və 21 dekabrda 5000 manata maşını alaraq, avtosalonda arendatorun, yəni Ceyhunun adına keçirtmişdir. Belə ki, avtosalon maşını kreditə verir və maşını alan şəxsin pulu çatmadıqda arendatorlar maşına qalan pulu verərək nağd formada salondan alıb öz adlarına keçirirlər. Maşın üçün verdikləri məbləği isə üzərinə faiz gəlməklə maşını almaq istəyən şəxsdən hissə-hissə alırlar. Beləliklə, həmin 5000 manatın 2200 manatını o, 2800 manatını isə onlar qoydular. Həmin 2800 manatı 18 ay 250 manatdan hissə-hissə onlara qaytaracaqdı. 2021-ci ildə maşını aldıqdan 2 gün sonra qəza etmiş və travmatologiyada yatmış, maşın isə şirkətin qarşısında qalmışdır. Buna baxmayaraq o, aybaay 6 ay 250 manatdan, 2 dəfə də 300 manatdan ödəniş etmişdir. Ceyhunla danışdıqda o, 6 aya borcu bağlayacağını, 2000 manatı birdəfəyə verməyi təklif etmiş, lakin onunla razılaşmamışdır. O, albalı kartdan 1000 manat çıxararaq vermiş, sonra Kapital bankdan 1000 manat götürərək usta yanına aparıb təmir etdirmişdir. Pulu usta yanında verdiyi üçün həmin usta da hadisəyə şahiddir. Bunlardan əlavə sübut kimi telefon danışıqları da var. Beləliklə, o, cavabdehə ilkin olaraq 2200 manat, sonra 1000 manat və bir də faiz kimi 1600 manat olmaqla, ümumilikdə 4800 manat ödəniş etmişdir. O, bu məsələyə görə həyat yoldaşının adına kredit götürmüşdür, artıq ailəsi də dağılır.
4. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)- 4351/2022 saylı qətnaməsi (hakim Təranə Mahmudova) iddia tələbi təmin edilməmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
b) Apellyasiya şikayətinin dəlilləri:
5. Qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi barədə yeni qətnamə çıxarılması xahiş edilmişdir.
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəməyə cavabdehlə aralarında aparılmış yazışmaları, səs yazılarını, cavabdehin adına olan "xxxx" ASC-yə aid bank kartı üzərində olan hesab nömrəsinə 6 ay ərzində ümumilikdə 1600 manat (2 ay – hər aya 300, və 4 ay hər aya 250 manat olmaqla) ödənişlər etməyi barədə qəbzləri, "xxxx" ASC-dən 1000 manat kredit götürməyi barədə sənədi, həmçinin cavabdeh tərəfindən ona verilmiş etibarnaməni təqdim edib. "xxxx" ASC-dən kredit götürdüyü 1000 manat məbləğdə pula sözügedən maşın üçün 4 ədəd yeni təkər almağı, peredok, salonun yığılması işləri gürüldüyünü, 4 ədəd səsgücləndirici və “Pioner” markalı audio sistem alıb quraşdırdığını məhkəmə iclasında şahid qismində iştirak edən usta da təsdiqləmişdir. Şahid həmçinin cavabdehə 2200 manat ödəniş etməyini də öz ifadəsində təsdiq etmişdir. Bu qədər sübutların olduğu bir halda məhkəmə sübutların olmaması qənaətinə gələrək, iddianı əsassız hesab etmişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
8. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3326/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qiyabi qətnaməsi ilə İddiaçı apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-4351/2022 saylı qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbinin təmin edilməsi, Cavabdeh 4800 (dörd min səkkiz yüz) manat pulun və 104 (yüz dörd) manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir.
9. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3326/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə Cavabdeh qiyabi qətnamənin ləğv edilməsi barədə ərizəsi təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-3326/2023 saylı qiyabi qətnaməsi ləğv edilmiş və mülki iş məhkəmə baxış iclasına təyin edilmişdir.
Proses iştirakçılarının izahatı:
10. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
11. İştirak etdiyi məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək izahatında bildirmişdir ki, cavabdeh avtomobil alınan zaman lizinq kimi onu alıb aylara bölərək şəxsdən pul alır. İddiaçı 5000 manat dəyərində olan avtomabilin 2200 manatını maşını aldığı şəxsə vermiş, yerdə qalan 2800 manatı və 400 manat da sənədləşməyə çəkilən xərci cavabdeh həmin şəxsə ödəmişdir. Şərt isə iddiaçı tərəfindən cavabdehə 2 il müddətinə aylıq 250 manat olmaqla pulun ödənilməsi olmuşdur ki, həm cavabdeh ödədiyi pulu həm də öz xeyirini götürsün. Cəmi 6 ay ərizəndə 250 manatdan pul ödənilmişdir. 2200 manat Ceyhuna yox, avtomobili aldıqları şəxsə ödənilmiş, cavabdeh də yerdə qalan məbləği həmin şəxsə ödəmişdir. Mübahisə 2200 manatın Ceyhuna ödənilməsi ilə bağlıdır. Lakin o, avtomobilin əvvəlki sahibinə ödənilmişdir. İddiaçı 6 ay maşını istifadə etdiyi üçün cavabdeh tərəfindən pul qaytarılmalı deyil. Avtomobil iddiaçıdan alındıqdan sonra da cavabdeh maşını yoxlatmış sürətlər qutusunda və digər hissələrində problem çıxmışdır. Onların da xərci cavabdeh tərəfindən ödənilmişdir. İzahatının sonunda cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinin əsasız olduğundan təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Apellyasiya baxışının hədləri
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
14. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirdiyindən qətnamə bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq:
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia qismən təmin edilməlidir.
18. İddiaçı iddia ərizəsində bildirir ki, avtomobili avtosalonda bəyənmiş, avtomobil 5000 manata ona satılmış, həmin məbləğin 2200 manatını özü, 2800 manatını isə avtosalonun arendatoru olan cavabdeh vermiş, o isə 2800 manat pulu hissə-hissə cavabdehə qaytaracağına dair razılaşmış, avtomobil cavabdehin adına rəsmiləşdirilmişdir. Avtomobili aldıqdan 2 gün sonra başqa avtomobillə qəza etmiş, alıdığı avtomobil isə şirkətin qarşısında qalmışdır. Buna baxmayaraq ödənişləri etməyə davam etmiş, cavabdehə ilkin olaraq 2200 manat, sonra 1000 manat və bir də aylıq kimi ödədiyi 1600 manat olmaqla, ümumilikdə 4800 manat ödəniş etmişdir. Cavabdeh isə nə avtomobili ona vermir, nə də ödədiyi pulu geri qaytarmışdır.
19. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia tələbinin qanuni əsasını MM-nin 1092-ci maddəsi təşkil edir. MM-nin 1092-ci maddəsi əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsini nəzərdə tutur. Qanunun tələbinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (maddə 1092.1.). Qanunda əsassız varlanmanın anlayışı verilmişdir, belə ki, qanuna görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsası olmadan başqa şəxsin (məhrum olan) hesabına əmlak əldə etsin (maddə 1091.1.).
20. Əsassız varlanmaya dair münasibətləri tənzimləyən normaların təhlilindən də bəlli olur ki, bu əsasa söykənən (irəli sürülmüş) idda tələbinin keçərliliyi üçün qanunda nəzərdə tutulmuş aşağıdakı dispozitiv şərtlərin, həm də eyni vaxtda olması tələb olunur: - birincisi, əsassız varlanmaya haqq qazandıran qanuni və ya müqavilə əsası olmur, eləcə də bu cür varlanma həyata keçməmiş əsasa və ya sonradan aradan qalxmış əsasa söykənir; - ikincisi, iddiaçı əmlakdan məhrum olur; - üçüncü, cavabdeh iddiaçının hesabına əmlak əldə etmiş olur.
21. Kollegiya işdə olan sübutları iddiaçının izahatı və iddianın dəlilləri ilə birlikdə qiymətləndirərək belə qənaətə gəlir ki, hadisələrin ardıcıllığı - sözügedən avtomobilin mülkiyyət hüququnun cavabdehin adına qeydə alınması, sonuncunun nəqliyyat vasitəsini idarə etməyinə dair iddiaçıya etibarnamə verməsi, işə əlavə edilmiş səs yazılarında ödənişlərin aparılmasının təsdiq edilməsi onu deməyə əsas verir ki, iddiaçı ilə cavabdeh arasında avtomobilin alınması məqsədilə razılaşma olmuş, iddiaçı avtomobil üçün ödənişlər etmiş, lakin sonradan cavabdeh tərəfindən avtomobil ondan alınmış və ödədiyi məbləğ də ona geri qaytarılmamışdır.
22. Məhkəmə iclasında isə cavabdeh tərəf izahat verərək bildirmişdir ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə aylıq ödəmişlər kimi ümumilikdə 1600 manat pul ödənilmişdir. Lakin iddiaçı 6 ay maşını istifadə etmiş və avtomobil iddiaçıdan alındıqdan sonra onun tərəfindən maşın yoxlatdırılarkən sürətlər qutusunda və digər hissələrində problem çıxdığından, xərc də cavabdeh tərəfindən ödənilmişdir. Bu səbəbdən iddiaçı tərəfindən ödənilən 1600 manat pulun belə geri qaytarılmasını tələb etməsi ədalətli deyildir.
23. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb, belə qənaətə gəlir ki, cavabdeh iki ay 300 manat, 4 ay isə 250 manat olmaqla ümumilikdə 1600 manat pulun alındığını etiraf etmiş və nəticə etibarı ilə aralarında şifahi qaydada pulun məhz avtomobilə görə ödənilməsi barədə razılaşma olsa da, hazırki halda iddia tələbinin 1600 manata dair hissəsi sonradan aradan qalxmış əsasa söykənir. Belə ki, avtomobil ondan alındığından onun tərəfindən avtomobilin alınması üçün əvvəlcədən sahibinə ödənilmiş pulla yanaşı aylıq etdiyi ödənişlər də hər hansı bir əsas olmadan (sonradan aradan qalxmış əsasla) cavabdehdə qalmış və o iddiaçının hesabına əsassız varlanmışdır. Yəni, avtomobil cacavbdehdə qaldığı təqdirdə hətta avtomobilin istifadə edilməsi üçün pul verilməli olsaydı belə, artıq həmin avtomobilin əldə edilməsi üçün verilmiş ilkin 2200 manat onun əvəzi kimi qəbul edilə bilər. Lakin aylıq ödənişlər kimi ödənilmiş 1600 manat isə cavabdehdən alınmaqla iddiaçıya geri qaytarılmalıdır. Digər hissədə isə iddia tələbinə münasibətdə kollegiya yuxarıda qeyd edilən hallara əsasən hesab edir ki, həmin hissələrdə iddia tələbi təmin edilməməlidir.
25. Belə olan halda yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-4351/2022 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, iddia qismən təmin edilməli, Cavabdeh 1600 manat pul İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir.
26. Kollegiya məhkəmə xərclərinə dair məsələyə də münasibət bildirərək hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə iddia ərizəsinin verilməsinə görə ödənilmiş 69 manat dövlət rüsumunun 35 manatı və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 35 manatın 17 manatı Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Qalan hissədə ödənilmiş dövlət rüsumları iddiaçının özünə aid edilməlidir. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinə dair məsələ prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, tələbin olub-olmamasına bağlı deyildir.
27. Məhkəmə kollegiyası izah edir ki, mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan MPM-nin 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
29. Göstərilənlərə əsasən, habelə Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384-cü, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-4351/2022 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1600 (min altı yüz) manat pul və 52 (əlli iki) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.