Məhkəmə qərarları › İş №2(103)-3326/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3326/2025

10.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3326/2025 10.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-3326/2025 (Açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, Cavabdeh ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair" mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-643/2024 nömrəli 06 noyabr 2024-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 10 iyun 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı X7 İdarəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, cavabdehə maddi ziyanın ödənilməsi ilə bağlı təklif edilmiş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir.

2. Neo Service tərəfindən verilmiş arayışdan görünür ki, Novxanı bağları, ev 498 ünvanında olan Neoterm markalı kombidə cərayanın kəskin artması nəticəsində kombinin ana kartı, ekran displeyi, dövriyyə nasosu və hava axın trubini sıradan çıxmışdır.

3. “Gidromaş Servis” ******* nömrəli, 30 oktyabr 2024-cü il tarixli qaimə fakturasından görünür ki, plata yaddaşı, fan mator və sair malların məbləği 600 manat təşkil edir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "vurulmuş maddi zərərin ödənilməsi tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən ona dəymiş zərər və məhkəmə xərclərinin "xxxx" ASC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, 1988-ci il tarixindən Novxanı qəsəbəsi, 498 saylı bağ evində yaşayır. 2023-cü ilin avqust ayında "xxxx" ASC-nin tabeliyində olan «Bağlar» ETSİ-nin işçisi Xəqani adlı şəxs heç bir xəbərdarlıq olmadan ona məxsus elektrik sayğacını olduğu yerdən çıxararaq 60-70 metr kənar bir yerdə yüksək gərginlik altında olan dəmir elektrik dirəyinə məftil vasitəsi ilə bağlamış, sayğaca qədər uzanan kabeli isə birbaşa torpaq üzərinə atmışdır. Həmin ərazidə tikinti işləri aparılarkən həmin kabel bir neçə yerdən zədələnərək qısa qapanma vermiş, ona məxsus elektrik avadanlıqları: 1 ədəd soyuducu, 1 ədəd kombi və 1 ədəd nəzarət kamerası sıradan çıxmışdır. Bu barədə xx.xx.2023-cü il tarixində həmin idarəyə yazılı olaraq müraciət etsə də bu günə kimi cavab ala bilməmişdir. xx.xx.2023-cü il tarixində yenidən həmin idarəyə müraciət etmişdir. Ona bildirmişlər ki, “sizin ərizənizə baxılıb və ərizə icra olunub.” Bildirmək istəyir ki, sözügedən idarə Azərbaycan Respublikası qanunlarını kobud şəkildə pozaraq, onun yazılı müraciətinə vaxtında cavab verməmiş və ərizədə göstərilən problemlərə heç bir reaksiya verilməmişdir. Bildirmək istəyir ki, 1 ədəd soyuducu 700 manat, 1 ədəd kombi 400 manat, 1 ədəd nəzarət kamerası 130 manat olmaqla, ümumi dəymiş zərər 1230 manat təşkil edir.

6. Daha sonra İddiaçı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin günahı nəticəsində onun əl sayğacına qədər olan elektrik kabeli təmiz sıradan çıxdığı üçün həmi kabelin yenisi ilə əvəzlənməsi və 7 ay ərzində elektrik enerjisindən istifadədən məhrum olunduğu üçün "xxxx" ASC-dən mənəvi zərərə görə 3000 manat tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 06 noyabr 2024-cü il tarixli 2(006)-643/2024 nömrəli qətnaməsi ilə (hakim Əfsanə Heydərova) iddia rədd edilmişdir.

8. Məhkəmə qeyd etmişdir ki, zərərin baş verməsi, bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə cavabdehlərin təqsiri müəyyən edilməmişdir.

9. İddiaçının məhkəməyə təqdim etdiyi CD-də, kabelin birbaşa torpaq üzərinə atıldığı göstərilsə də, bu ona məxsus əşyaların qısa qapanma nəticəsində sıradan çıxdığını sübut etmir.

10. Məhkəmə hesab etmişdir ki, iddiaçı kabeldə baş vermiş qısa qapanma nəticəsində onun mənzilində olan müxtəlif elektrik avadanlıqların sıradan çıxdığını bildirsə də, bu xüsusatlarla bağlı məhkəməyə iddiaçı tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim olunmamışdır.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, 1108.1 və Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 80, 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayətində göstərilmişdir ki, iş üzrə xüsusi bilik tələb edilən hallar olduğundan müvafiq ekspertizalar təyin edilmişdir. Lakin heç bir ekspertiza keçirilməmiş, ekspertin absurd istəkləri nəticəsində ekspertiza baş tutmamışdır. Bu isə işin hərtərəfli araşdırmasına mane olmuşdur. İddiaçı öz iddiasının sübutu kimi sıradan çıxmış elektrik avadanlıqlarının nədən zərər gördüyünü təsdiq edən sənəd və aidiyyəti servislərin rəy və qaimələrini məhkəməyə təqdim etməsinə baxmayaraq, bu hal nəzərə alınmamışdır. Hər kəsə məlumdur ki, yaşayış evindən 3 adda məişət əşyasının eyni andan sıradan çıxması halı elektrik enerjisinin qeyri-stabilliyi səbəbindəndir. Eyni zamanda iddiaçı, cavabdeh təşkilatın əməkdaşı olan Xəqani adlı şəxsin məhkəməyə dəvət olunaraq izahatının alınması barədə vermiş olduğu vəsatət məhkəmə tərəfindən təmin edilməmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsində işə baxılarkən işi tam, hərtərəfli və obyektiv araşdırma aparmadan qətnamə qəbul edilmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavbadehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi.

16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

17. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

18. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

19. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

20. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

21. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 22.Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 104.6. Şahidin çağırılması barədə vəsatət qaldıran şəxs şahidin soyadını, adını, atasının adını və yaşadığı yeri göstərməyə borcludur.

26. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

27. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

30. Qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

32. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.

33. Zərərin ödənilməsi ilə bağlı istənilən tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Borclu yalnız səbəb olduğu, yaranmasına görə cavabdehlik daşıdığı zərərin əvəzinin ödənilməsinə cəlb edilə bilər. Zərərin mövcud olması, bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri məsələləri məhkəmə tərəfindən müəyyən edilməli olan hallardır.

34. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır.

35. Apellyasiya şikayətində qeyd edilən sıradan çıxmış elektrik avadanlıqlarının nədən zərər gördüyünü təsdiq edən sənəd və aidiyyəti servislərin rəy və qaimələr həmin avadanlıqların məhz cavadehin təqsirindən baş verməsinə əsas hesab edilən sübut növü hesab edilə bilməz.

36. Cavabdehin Xəqani adlı əməkdaşının şahid qismində izahatının alınmasına münasibətdə kollegiya qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələbinə əsasən, şahidin çağırılması barədə vəsatət qaldıran şəxs şahidin soyadını, adını, atasının adını və yaşadığı yeri göstərməyə borcludur. 37.Hazırki halda isə iddiaçı yalnız şahidin adını qeyd etməklə onun çağırılmasını istəmiş, onun şəxsiyyətini eyniləşdirən başqa hər hansı məlumat təqdim etməmişdir. 38.Kollegiya onu da qeyd edir ki, iddiaçı cavabdehin əməkdaşı tərəfindən onun sayğacına qədər olan elektrik xəttinin yerə atılması nəticəsində zədələnməsi səbəbindən qısa qapanma baş verdiyini bildirir ki, bu da real görünmür, çünki elektrik cərəyanı sayğaca daxil olur və sayğac ötürülən cərəyanın həcmini qeydə alaraq, cərəyanı konkret ünvan üzrə ötürür. Hər bir sayğacın qorucuyusu var və qısa qapanma baş verdikdə həmin qoruyucu işə düşür. Bundan başqa, bir qayda olaraq hər bir yaşayış sahəsində də avtomat qoruyucu quraşdırılır ki, qısa qapanma, habelə cərəyanın artıb-azalması halında mənzildə hər hansı fəsad (yanğın, elektrik cihazlarının sıradan çıxması) baş verməsin. Ona görə də sayğaca qədər baş verən qısa qapanmanın sayğacdan keçərək ünvan üzrə fəsad törətməsi mümkün deyil. 39.Bundan başqa, Novxanı qəsəbəsi, 498 saylı bağ evinin kimə məxsus olması işdən görünmür, iddiaçı “1988-ci ildən həmin bağ evində yaşayıram” deməklə kifayətlənmiş, evə dair hər hansı hüquq müəyyənedici sənəd təqdim etməmişdir. "xxxx" ASC tərəfindən verilmiş sərfiyyat cədvəlindən isə görünür ki, göstərilən ünvan üzrə abunəçi kimi X3 qeydə alınmışdır. Bu isə o deməkdir ki, İddiaçı hazırki iddianı qaldırmaq üçün heç subyektiv hüququ olmamışdır. 40.Beləliklə Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmuşdur, cavabdehin iddiaçıya maddi və mənəvi zərər vurması müəyyən olunmur.

41. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslı hesab edilə bilməz.

42. Kollegiya onu da qeyd edir ki, mənəvi zərər tələbi 5000 manatdan çox olsa da, əsas tələbdən doğduğu, əsas tələb isə 5000 manatdan az olduğu üçün, qətnamədən kassasiya şikayəti verilə bilməz.

43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-643/2024 nömrəli iş üzrə 06 noyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar