Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3329/2021 16.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Baki Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 30 noyabr 2020-ci il tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, iddiaçının vəkili (nümayəndəsi) Vəkil iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, onun əri – X1 ilə cavabdeh arasında 24.11.2016-cı il tarixdə bağlanmış “Kredit müqaviləsi” əsasında yaranmış və cavabdeh tərəfindən ödənilməmiş borcun ödənilməsi məqsədi ilə 260.000 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının əri Zayəddin Abbasov 29.10.2018-ci il tarixdə vəfat etmişdir. Ərinin vəfatından sonra iddiaçı mərhumun adına əmlakların və əmanətlərin mövcud olmasını araşdırmış, bunun ilə bağlı müxtəlif orqanlara müraciət etmişdir. İddiaçı, vəkil vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə rəsmi qaydada müraciət etdikdən sonra iddiaçıya məlum olmuşdur ki, mərhum əri sağikən, yəni 24.11.2016-cı il tarixdə bağlanmış “Kredit müqaviləsi” əsasında cavabdehə 24.02.2017-ci il tarixdə qaytarmaq şərti ilə 260.000 manat məbləğində pulu borc vermişdir. İddiaçı bildirir ki, onun əri 2017-ci ilin yanvar ayında ağır xəstəliyə düçar olmuş, və 29.10.2018-ci il tarixdə vəfat etdiyindən həmin borcun qaytarılmasını cavabdehdən tələb edə bilməmişdir. Odur ki, iddiaçı mərhum əri Zayəddin Abbasovun vərəsəsi olmasını nəzərə alaraq xahiş edir ki, qeyd edilən “Kredit müqaviləsi” əsasında yaranmış və cavabdeh tərəfindən ödənilməmiş borcun ödənilməsi məqsədi ilə 260.000 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulsun. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 30.11.2020-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir. Cavabdeh həmin qətnamədən Baki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilərək iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, bağlanmış kredit müqaviləsi 24.02.2017-ci il tarixədək icra edilməli idi. 24.02.2020-ci il tarixdə həmin müqavilə üzrə iddia müddəti bitmişdir. Lakin iddiaçı həmin müddəti ötürməklə 09.09.2020-ci il tarixdə Rayon Məhkəməsinə müraciət etmişdir. Cavabdehin vəkili (nümayəndəsi) Nümayəndə “iddia müddətinin tətbiq edilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək iddia tələbinin rədd edilməsini xahiş etsə də, işə baxmış Rayon Məhkəməsi ərizəni nəzərə almamışdır. Cavabdeh işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da, apellyasiya baxışının iclasında iştirak etməmişdir. O, Məhkəmənin ünvanına teleqram göndərərək bildirmişdir ki, iclasda iştirak edə bilməyəcək və apellyasiya baxışı iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Bununla bağlı Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Göründüyü kimi, apellyasiya baxışı iclasının iş üzrə tərəfin (tərəflərin) gəlməməsinə görə təxirə salınması üçün yeganə vacib şərt, tərəfin (tərəflərin) gəlməməsinin üzürlü səbəbdən baş verməsi halıdır. Lakin hazırki iş üzrə cavabdeh hər hansı üzürlü səbəbin mövcudluğu barədə Məhkəməyə məlumat verməmişdir. Odur ki, göstərilənləri nəzərə almış Məhkəmə, cavabdehin gəlməməsini üzürlü hesab etməyərk işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddia ərizəsinin, habelə Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin məzmununa uyğun izahat verdi. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “Nikahın bağlanması haqqında şəhadətnamədən” görünür ki, hazırki iş üzrə iddiaçı 29.09.1992-ci il tarixdə X1 ilə nikaha daxil olmuşdur. “Ölüm haqqında şəhadətnamədən” görünür ki, Zayəddin Abbasov 25.10.2018-ci il tarixdə ölmüşdür. Bakı Şəhəri 6 saylı Notariat Kontoru tərəfindən 27.11.2018-ci il tarixdə iddiaçının adına verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən” görünür ki, iddiaçı, Zayəddin Abbasovun vərəsəsidir. İddiaçının əri Zayəddin Abbasov ilə cavabdeh arasında 24.11.2016-cı il tarixdə bağlanmış və Bakı Şəhəri 23 saylı Notariat Kontoru tərəfindən rəsmiləşdirilərək reyestrdə 3M-136 № ilə qeydə alınmış “Kredit müqaviləsindən” görünür ki, cavabdeh həmin müqaviləyə əsasən iddiaçıdan 24.02.2017-ci il tarixdə qaytarmaq şərti ilə 260.000 manat məbləğində pulu borc almışdır. İddiaçı tərəfin mövqeyi ondan ibarətdir ki, iddiaçının əri Zayəddin Abbasov 2017-ci ilin yanvar ayında ağır xəstəliyə düçar olmuş, və 29.10.2018-ci il tarixdə vəfat etdiyindən həmin borcun qaytarılmasını cavabdehdən tələb edə bilməmişdir. Odur ki, iddiaçı mərhum əri Zayəddin Abbasovun vərəsəsi olmasını nəzərə alaraq xahiş edir ki, qeyd edilən “Kredit müqaviləsi” əsasında yaranmış və cavabdeh tərəfindən ödənilməmiş borcun ödənilməsi məqsədi ilə 260.000 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulsun. Cavabdeh tərəfin mövqeyi ondan ibarətdir ki, Zayəddin Abbasov ilə cavabdeh arşında bağlanmış kredit müqaviləsi 24.02.2017-ci il tarixədək icra edilməli idi. 24.02.2020-ci il tarixdə həmin müqavilə üzrə iddia müddəti bitmişdir. Lakin iddiaçı həmin müddəti ötürməklə 09.09.2020-ci il tarixdə Rayon Məhkəməsinə müraciət etmişdir. Buna görə də, iddia, iddia müddətinin ötməsi əsası ilə rədd edilməlidir. İş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlara və işdə olan sənədlərə əsasən işin mübahisəsiz halı kimi müəyyən edilir ki, cavabdeh, onunla iddiaçının əri Zayəddin Abbasov arşında 24.11.2016-cı il tarixdə bağlanmış “Kredit müqaviləsi” əsasında 24.02.2017-ci il tarixdə qaytarmaq şərti ilə Zayəddin Abbasovdan 260.000 manat məbləğində pulu borc almış, lakin həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmiş, borcunu qaytarmamışdır. İşin mübahisəli halı isə ondan ibarətdir ki, cavabdeh həmin borcu Zayəddin Abbasovun vərəsəsi olan iddiaçıya ödəməlidir yoxsa iddia müddətinin keçməsi səbəbindən ödəməməlidir. Mövcud mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 740-cı maddəsinə görə, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır (maddə 740.1.). Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır (maddə 740.2.). Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 372.1-ci maddəsinə görə, bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Məcəllənin 373.2-ci maddəsinə görə, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Yuxarıda artıq qeyd edildiyi kimi, Zayəddin Abbasov 29.10.2018-ci il tarixdə ölmüşdür. Onun arvadı olan iddiaçı 27.11.2018-ci il tarixdə “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” almışdır. Bu və yuxarıda qeyd edilən halları nəzərə alan Məhkəmə hesab edir ki, iddiaçı borc öhdəliyinin icrasını məhz cavabdehdən tələb etməsi mümkündür. Çünki, Mülki Məcəllənin 1151.1-ci maddəsinə görə, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Məhkəmə iddia müddətinin tətbiqi məsələsini araşdıraraq və bununla bağlı Mülki Məcəllənin yuxarıda qeyd edilən normalarının tələblərini nəzərə alaraq qeyd edir ki, cavabdeh ilə Zayəddin Abbasov arasında bağlanmış “Kredit müqaviləsinin” qüvvədə oma müddəti 24.02.2017-ci il tarixdə bitmişdir. Belə olan halda hesab edilməlidir ki, iddia müddətinin axımı da, məhz 24.02.2017-ci il tarixdən başlanmış və adi qaydada 24.02.2020-ci il tarixdə bitməli idi. Lakin kreditor Zayəddin Abbasov 29.10.2018-cü il tarixdə ölmüş və bununla da, onun hüquq qabiliyyətinə xitam verilmişdir (Mülki Məcəllə; maddə 25.2.). Başqa sözlə, iddia müddətinin axımı həmin tarixdə kəsilmişdir. İş materiallarından görünür ki, Zayəddin Abbasovun vərəsəsi olan iddiaçıya “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” 27.11.2018-ci il tarixdə verilmişdir və məhz yalnız bundan sonra onun qeyd edilən borcun qaytarılması barədə cavabdehə qarşı iddia irəli sürmək üçün hüquqları yaranmışdır (Mülki Məcəllə; maddə 1151.1.). Başqa sözlə, iddiaçıya münasibətdə iddia müddətinin axımı məhz 27.11.2018-ci il tarixdən başlanmış və o, iddia müddəti daxilində, yəni 09.09.2020-ci il tarixdə hazırki iddia ilə Rayon Məhkəməsinə müraciət etmişdir. Odur ki, göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas deyildir. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Baki Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 30 noyabr 2020-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3329/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3329/2021
16.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver