Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3333/2021 19.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı, onun vəkili X4, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1889/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Bakı şəhəri Mərdəkan qəsəbəsi Kolxoz küçəsi 49 saylı 2 mərtəbəli evin 2-ci mərtəbəsinin sol hissəsində 1 mətbəx 2 otaqdan ibarət olan sahəyə yaşayış və istifadə hüququ ilə bağlı yaranmış maneənin aradan qaldırılması, onun və ailə üzvlərinin həmin evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Mərdəkan qəsəbəsi, Kolxoz küçəsi, 49 saylı paylı mülkiyyətdə olan evə paylar üzrə onun payı müəyyən olunmaqla, onun adına xx.xx.2019-cu il tarixdə çıxarış verilmişdir. ünvan 1 ünvanında yerləşən mülkiyyət onun ata baba yurdudur. 2015-ci il tarixdə atası vəfat etdikdən sonra, qeyd olunan ünvanda yerləşən 2 mərtəbəli evin 2-ci mərtəbəsinin sol hissəsində olan 2 otaq 1 mətbəx vərəsəlik yolu ilə ona keçdiyi üçün hal hazırda onun mülkiyyətindədir və o, ailə üzvləri (anası-X22, arvadı X10, qızı-X5, azyaşlı oğlu xx.xx.2005-ci il təvəllüdlü X6, qardaşının keçmiş həyat yoldaşı arvadı X15, qardaşının qızı X3, qardaşının az yaşlı qızı xx.xx.2004-cü il təvəllüdlü X16) həmin evdə yaşayırlar. xx xxxx 2020-ci il tarixdə cavabdeh olan əmisi Cavabdeh onun və ailə üzvlərinin evdə olmadığından istifadə edərək, onların yaşadığı mənzilin qapısını sındıraraq, mənzilə daxil olmuş və onlara ümumilikdə 10000 (on min) manat ziyan vuraraq evi tam olaraq qarət etmişdir. Belə ki, cavabdeh onlara həmin mənzildə yaşamağa imkan vermir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1889/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh tərəfindən Bakı şəhəri, Mərdəkan qəsəbəsi, Kolxoz küçəsi, 49 saylı 2 mərtəbəli evin 2-ci mərtəbəsinin sol hissəsində 1 mətbəx 2 otaqdan ibarət olan sahəyə yaşayış və istifadə hüququ ilə bağlı yaranmış maneənin aradan qaldırılması və İddiaçı və ailə üzvlərinin həmin evə köçürülməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, RX seriyalı ******* nömrəli, xx xxxx 2015-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri, Mərdəkan qəsəbəsi, Kolxoz küçəsi 49 saylı ev 2 mərtəbəli olmaqla yaşayış sahəsi 69.7 kv.m olan 4 otaqdan ibarətdir. Bakı şəhəri Əzizbəyov (hazırda Xəzər) rayon Məhkəməsinin 2-41/2000 nömrəli, xx xxxxxx 2000-ci il tarixli qətnaməsinə əsasən X11, X7 və Cavabdeh ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Mərdəkan qəsəbəsi, Kolxoz küçəsi 49 saylı evə köçürülmələri qət edilmişdir. Həmin qətnamə xx xxxxxxxx 2018-ci il tarixdə icra olunduğu üçün iş üzrə icraata xx xxxxxxxx 2018-ci il tarixdə xitam verilmişdir. Qətnamənin icra olunmasına dair aktdan görünür ki, qətnamə icra olunan zaman iddiaçı və onun ailə üzvləri həmin mənzildə yaşamamışdır. Belə ki, akt onlar tərəfindən imza olunmamışdır. İşə baxılan zaman müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 ifadəsində bildirmişdir ki, İddiaçı ailə ilə birlikdə mübahisəli evin ikinci mərtəbəsində sol tərəfdə yaşamışdır. Lakin ailə üzvləri, qonşular və X8 da, daxil olmaqla 40 nəfər şəxs tərəfindən imzalanmış ərizədən görünür ki, İddiaçı, arvadı Xəlilova Vüsalə və iki oğlu iyirmi ildir ki, bu ünvandan gediblər, bu evdə yaşamırlar. Eyni zamanda Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3805/2018 nömrəli, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə X9 Bakı şəhəri, Mərdəkan qəsəbəsi, Kolxoz küçəsi 49 saylı evə köçürülməsi qət edilmişdir. Həmin qətnamədən görünür ki, iddia tələbi Cavabdeh qarşı irəli sürülmüşdür. Belə ki, mübahisəli evdə həmin vaxt yalnız Cavabdeh yaşamış, İddiaçı isə yaşamamışdır. Bundan başqa Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 2(003)-2985/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli qərardadından görünür ki, X2 Aydın Əlipaşa oğluna qarşı mənzilə köçürmə və dəymiş ziyan tələbi ilə məhkəməyə müraciət etmiş, lakin sonradan iddia tələbindən imtina etmiş və iş üzrə icraata xitam verilmişdir. Göründüyü kimi Bakı şəhəri, Mərdəkan qəsəbəsi, Kolxoz küçəsində yerləşən yaşayış sahəsi 69.7 kv.m olan 4 otaqdan ibarət 49 saylı evə X23, X17 və Cavabdeh ailə üzvləri ilə birlikdə, o cümlədən X1. Bununla da, bütün otaqlarda yaşayış hüququ təmin edilmişdir. Bu isə onu göstərir ki, iddiaçı heç vaxt həmin mənzildə yaşamamışdır. Əgər iddiaçı həmin evdə yaşasaydı, cavabdeh mübahisəli evə ailə üzvləri - özü, arvadı, oğlu, gəlini ilə birilkdə köçürülən zaman buna etiraz edə və narazı qaldığı halda qətnamədən apellyasiya şikayəti verə bilərdi. Bundan əlavə, İddiaçı mübahisəli mənzilə 1/40 hissədə payı olduğu halda onun iki otağa köçürülməsi əsassızdır. Belə ki, onun payına 2 kv.m-dən az yaşayış sahəsi düşür, digər tərəfdən 4 otağa qanuni qüvvəyə minmiş qətnamələrlə ailə mülkiyyətçilər köçürülmüşlər. Bundan başqa, İddiaçı ailə üzvləri ilə həmin evə köçürülməsi qət edilsə də, ailə üzvlərinin evə köçürülmələrinə dair məhkəmədə tələb irəli sürülməmişdir. Bundan başqa məhkəmə Cavabdeh tərəfindən Bakı şəhəri, Mərdəkan qəsəbəsi, Kolxoz küçəsi 49 saylı 2 mərtəbəli evin 2-ci mərtəbəsinin sol hissəsində 1 mətbəx 2 otaqdan ibarət olan sahəyə yaşayış və istifadə hüququ ilə bağlı yaranmış maneənin aradan qaldırılmasını qət etsə də, cavabdeh tərəfindən hansı maneənin yarandığını qeyd etməmişdir. Həmçinin məhkəmə Cavabdeh tərəfindən Bakı şəhəri, Mərdəkan qəsəbəsi, Kolxoz küçəsi 49 saylı 2 mərtəbəli evin 2-ci mərtəbəsinin sol hissəsində 1 mətbəx 2 otaqdan ibarət olan sahəyə yaşayış və istifadə hüququ ilə bağlı yaranmış maneənin aradan qaldırılmasını qət etməklə istifadə qaydalarını müəyyən etmişdir. Lakin məhkəmənin gəldiyi nəticə tamamilə əsassızdır. Belə ki, iddiaçının evdə 1/40 payı olsa da, mülki qanunvericiliyin tələbinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Bundan əlavə iddiaçı özü daimi olaraq ailə üzvləri ilə birlikdə Buzovna qəsəbəsində yerləşən özünə məxsus 2 mərtəbəli, hazırki evdən fərqli olaraq tam şəraitli fərdi yaşayış evində yaşayır və daimi yaşayış yeri vardır. Hazırki evi isə tamamilə yaşayış üçün yararsız haldadır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili X12 da apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, iddiaçı mübahisəli mənzilin paylı mülkiyyətçisidir, evin 40/1 hissəsi üzərində mülkiyyət hüquqları qeydə alınaraq, həmin ünvanda rəsmi qeydiyyatdadır. Həmin evdə yaşadığı müddətdə evin 2-ci mərtəbəsinin sol hissəsində 1 mətbəx 2 otaqdan ibarət olan yaşayış sahəsində ailəsi ilə birlikdə yaşamışdır. Cavabdeh də mübahisəli evin paylı mülkiyyətçisidir və evin 40/1 hissəsi üzərində mülkiyyət hüquqları qeydə alınmışdır. Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) Rayon Məhkəməsinin xx.xx.2000-ci il tarixli 2-41/2000 nömrəli qətnaməsinə əsasən xx.xx.2018-ci ildə ailə üzvləri ilə birlikdə mübahisəli evin sağ hissəsinə ailə üzvləri ilə birlikdə köçürülmüşdür. Evin 2-ci mərtəbəsinin sol hissəsi boşdur. Hazırda cavabdeh iddiaçıya həmin evdə yaşamağa mane olur, onun öz mülkiyyəti üzərində sahiblik və istifadə hüquqlarını pozur. İddiaçı həmin pozuntuya son qoyulması üçün iddia ərizəsi ilə məhkəməyə müraciət edib. İşin faktiki hallarından görünür ki, iddiaçı əvvələr mübahisəli evin sol hissəsində yerləşən otaqda ailəsi ilə birlikdə yaşamış, 2020-ci ilin mart ayından cavabdehin orada yaşamalarına maneə törətmişdir. Cavabdeh özü isə izahatında da qeyd etmişdir ki, 2018-ci ildə keçmiş Əzizbəyov Rayon Məhkəməsinin xx.xx.2000-ci il tarixli 2-41/2000 nömrəli qətnaməsi icra edilərək evin 2-ci mərtəbəsinin sağ hissəsinə ailəsi ilə birlikdə köçürülmüşdür. Evin 2-ci mərtəbəsinin sol hissəsində yerləşən otaqlar isə boşdur. Göründüyü kimi cavabdeh məhkəmə qətnaməsinin icrası əsasında mübahisəli evin müəyyən olunmuş boş otağına köçürülmüş və onun evdən istifadə və sahiblik hüququ bərpa edilmişdir. Hazırda iddiaçının mülkiyyət hüququ ilə müəyyən edilən istifadə və sahiblik hüququ pozulmuşdur. İddiaçı mübahisəli evi paylı mükiyyətçisidir. Mülki qanunvericiliyin yuxarıda qeyd olunan müdəalarına uyğun olaraqa o, öz payına mütənasib qaydada əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir və qanunla o, bundan məhrum edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın qismən təmin edilməsi üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair xx xxx 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Cavabdehin apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsi, yəni iddianın təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Hazırki iş üzrə, iddia tələbinin faktiki əsası(faktiki hallar) tələbin evə köçürülmə və qismən də maneənin aradan qaldırılması hissəsində qanuni əsasının şərtlərinə uyğun olsa da, yəni dizpozisiya əlamətləri ilə uzlaşsa da birinci instansiya məhkəməsinin bu qaydada gəldiyi nəticə düzgün olmamışdır. Əvvəla, işdən görünür ki, iddiaçının köçmək istədiyi ev 1910-cu ildə inşa olunmuş, 2 mərtəbəli, 201 kv. m ümumi, 4 otaqdan ibarət 69.7 kv. m yaşayış, 131.3 kv.m köməkçi sahədən ibarətdir. Bu ev 11 nəfər paylı mülkiyyətçiyə məxsusdur. İddiaçı ilə cavabdeh bu evdə hər bir 1/40 hissədə paylı mülkiyyətçiləridir. Göründüyü kimi, qeyd olunan paylı mülkiyyətdə tərəflər ən az paya məxsus olan şəxslərdir. Buna baxmayaraq, cavabdeh həmin evdə yaşayır, iddiaçı isə bu evə köçüb yaşamaq istəyir. Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Konstitusiyanın 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Mülki Məcəllənin 152.1.-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 203.5-ci maddəsinə görə fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın özgəninkiləşdirilməsinə yalnız və yalnız dövlət ehtiyacları üçün, qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mənzil Məcəlləsinin 5.1-ci maddəsinə əsasən hər kəsin mənzil toxunulmazılığı hüququ vardır. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimi yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz. Sadalanan hüquq normalarından göründüyü kimi, iddiaçının qeyd olunan evdə mülkiyyət payı cüzi olsa da, bu hal onun həmin evə köçürülməsindən imtina üçün əsas ola bilməz. Buna baxmayaraq, iddiaçı evin 2-ci mərtəbəsinin sol hissəsində 1 mətbəx 2 otaqdan ibarət olan sahəyə yaşayış və istifadə hüququ ilə bağlı yaranmış maneənin aradan qaldırılmasını da tələb edir. Təbii ki, iddiaçının paylı mülkiyyətçi olaraq həmin evdən yaşayış və istifadə hüququ ilə bağlı cavabdehin ona yaratdığı maneələr aradan qaldırılımalıdır. Əks halda, yəni cavabdehin bununla bağlı iddiaçıya yaratdığı manelər nəticəsində sonuncunun mülkiyyət hüququ pozula bilər və qanunsuz olaraq həmin evdən yaşayış və istifadə hüququ məhdudlaşdırıla bilər ki, bu da yolverilməzdir. Ancaq iddiaçı bu maneənin aradan qaldırılmasını köçmək istədiyi evin konkret sahəsi ilə, yəni iddiasında göstərdiyi kimi evin 2-ci mərtəbəsinin sol hissəsində 1 mətbəx 2 otaqdan ibarət olan sahəsi ilə əlaqələndirməməlidir. Çünki, qeyd olunduğu kimi iddiaçı həmin evin 1/40 bir hissəsinin paylı mülkiyyətçisidir. Onun payı naturada ayrılmamışdır. İddiaçı tələbini bu cür göstərməklə sanki evin həmin hissəsi ilə bağlı məhkəmə qərarı ilə özünün payının ayrıldığını həm cavabdehə, həm də digər paylı mülkiyyətçilərə göstərmək və onlar tərəfindən bunun qəbul olunmasına nail olmaq istəyir. Əlbətdə ki, onun tələbinin bu cür təmin olunması digər paylı mülkiyyətçilərin mülkiyyət hüquqlarının açıq-aşkar məhdudlaşıdırılması deməkdir. Çünki, bu cür qaydanın müəyyən ediməsi faktiki olaraq evin otaqlarının tərəflər arasında bölünməsi deməkdir. Bu hal isə yolverilməzdir. Belə ki, həm iddiaçının, həm də cavabdehin evin bütün tərkib hissələrindən eyni həcmdə istifadə etmək hüquqları vardır. Bunu, yəni evin hansısa otağından istifadə etməyi cavabdehə qadağan etmək üçün əsas yoxdur. Məhkəmə aktı ilə müəyyən edilən bu qaydaların icrası prosesi də mümkünsüz olmaqla özü ziddiyyətli bir vəziyyət yarada bilər. Çünki, bu cür qaydanın müəyyən edilməsi tərəflər arasında onsuzda xoş olmayan münasibətləri bir qədər də gərginləşdirə bilər. Belə ki, payı naturada ayrılmayan evdə bu cür qadağanın məhz məhkəmə aktı ilə müəyyən edilməsi tərəflərin qarşılıqlı münasibətlərinə və işin halarına da açıqaşkar uyğun deyildir. Ancaq iddiaçı mübahisəli evə köçürülməli və həmin evin ümumi sahəsindən yaşayış və istifadə hüququna Cavabdeh yaratdığı maneə aradan qaldırılmalıdır. Bununla yanaşı, iddiaçı tələbində mübahisəli evə ailə üzvləri ilə birlikdə köçürülməsini tələb etmiş, birinci instansiya məhkəməsi də iddianı bu cür təmin etmişdir. Ancaq iddiaçı ailə üzvləri dedikdə kimləri nəzərdə tutduğunu tələbinin nəticə hissəsində konkret göstərməmişdir. Düzdü, iddia ərizəsinin məzmununda ailə üzvləri kimi kimləri nəzərdə tutduğunu mötərizədə göstərmişdir. Ancaq həmin şəxslərin əksəriyyəti yetkinlik yaşına çatmış şəxslərdir və iddiaçıya məhkəmədə onlar barədə belə bir iddia qaldırmaq səlahiyyəti verdikləri işdən görünmür. Ona görə də bu cür tələb irəli sürmək həm qeyri-müəyyən tələbdir, həm də bu cür tələbin təmin olunması qətnamənin icrası zamanı qeyri-müəyyənlik və ziddiyyətli vəziyyət yarada bilər. MPM-in 220.5, 223.1, 365, 392-ci maddələrinin tələbinə görə məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərməlidir. Təbii ki, yetkinlik yaşına çatmayan şəxslərin yaşayış yeri valideynlərin yaşadığı yer hesab olunduğundan iddiaçı da yetkinlik yaşına çatmayan uşağını özünün yaşadığı evə köçürmək ixtiyarına malikdir. Mülki Prosessual Məcəllənin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1., 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iddia qismən təmin edilməli, İddiaçı Bakı şəhəri, Mərdəkan qəsəbəsi, Kolxoz küçəsindəki 49 nömrəli evə köçürülməli və həmin evdən yaşayış və istifadə hüququna Cavabdeh yaratdığı maneə aradan qaldırılmalı, iddianın qalan hissəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1889/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia qismən təmin edilsin. İddiaçı Bakı şəhəri, Mərdəkan qəsəbəsi, Kolxoz küçəsindəki 49 nömrəli evə köçürülsün və həmin evdən yaşayış və istifadə hüququna Cavabdeh yaratdığı maneə aradan qaldırılsın. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3333/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3333/2021
19.04.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver