Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3334/2021 07.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçı, Üçüncü şəxs Cavabdeh1 MMMC-nin direktoru X2 iştirakı ilə, İddiaçı Cavabdeh2 qarşı Cavabdeh1 MMMC-nin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyi “dayanacaq yerlərindən istifadəyə müdaxilənin qeyriqanuni hesab edilməsi və maddi zərər” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (iddia ərizəsini dəqiqləşdirilməklə), Cavabdeh2 tərəfindən ünvan 1 ünvanda yerləşən binanın yeraltı hissəsində, 2 səviyyədə, 1 ədəd, 2 yerlik, 100 və 101 saylı dayanacaq yerlərindən istifadəyə müdaxilənin qeyri-qanuni hesab edilməsi, vurulmuş zərərə görə 2240 manatın, 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı, apelyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, xx.xx.2010-cu il tarixli müqaviləyə və maliyyə arayışına əsasən “xxxx” MTK-ya məxsus sözügedən 100 və 101 saylı dayanacaq yerlərinin dəyəri tərəfindən tam ödənilərək pay hüququ əsasında mülkiyyətinə keçmişdir. xx.xx.2019-cu il tarixdə keçirilmiş yerlı baxış zamanı ona məxsus dayanacaq yerində Cavabdeh2 məxsus avtomobilin saxlanıldığı müəyyən edilmişdir, habelə məhkəmə baxışı zamanı Cavabdeh2 mübahisəli dayanacaq yerlərinin Cavabdeh1 MMMC tərəfindən onun istifadəsinə verildiyini və bunun müqabilində MMMC-yə hər ay aylıq ödəniş etdiyini bildirmişdir. Hazırda Cavabdeh1 MMMC ona məxsus qarajı Cavabdeh2 icarəyə verməklə qanunsuz gəlir əldə edir. Qeyd olunmalıdır ki, 2017-ci il tarixli müqavilə ilə dayanacaq yerləri icraəyə verilərkən onların yerləşdiyi bina istismara qəbul edilmədiyindən daşınmaz əmlakın dövlət qeydiyyatından keçməmişdir. Bu səbbdən də 12 aylıq müddəti əhatə edən icarə müqaviləsini dövlət qeydiyyatından keçirmık mümkün olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı, apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etdi. Üçüncü şəxsin nümayəndəsi, apelyasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlmədiyindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, proses iştirakçılarını dinləyib, apelyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin müəyyən edilmiş faktiki hallarına görə, “xxxx” MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2010-cu il tarixli müqaviləyə əsasən, MTK, Bakı şəhəri, Nərimanov rayonu, S.Vurğun küçəsi, 138 saylı yaşayış binasının yeraltı hissəsində (-1) səviyyəli yeraltı avtomobil qarajında 53 və 54 saylı, (-2) səviyyədə isə 100 və 101 saylı dayanacaq yerlərini payçıya verməyi, İddiaçı isə həmin yeri qəbul edərək, dəyəri kimi 20.000 manat pulu ödəməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2010-cu il tarixli və xx.xx.2020-cu il tarixli maliyyə arayışlarına əsasən, İddiaçı qeyd olunan dayanacaq yerlərinin dəyərini tam şəkildə ödəmişdir. xx.xx.2017-ci il tarixli “Nəqliyyat vasitəsi üçün dayanacaq sahəsinin icarəsi haqqında” müqaviləyə əsasən İddiaçı 101 nömrəli dayanacaq yerini Hafiz Quliyevə aylıq 100 manat məbləğində xx.xx.2018-ci il tarixədək icarəyə vermişdir. Birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2019-cu il tarixdə keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, mübahisəli dayancaq yerləri Bakı şəhəri, S.Rəhman küçəsi, ev 11-də yerləşən binanın çoxmərtəbəli binanın (-2) səviyyəsində yerləşir. Həmin dayanacaq yerində Cavabdeh2 məxsus avtomobil saxlanılmışdır. Hazırda, iddiaçı, ona məxsus mübahisəli dayanacaq yerlərində cavabdehin özünə məxsus avtomoboli saxlamaqla, onun istifadəsinə mane olduğunu, buna görə də maddi zərərə düşdüyünü bildirir. Kollegiya, mübahisənin hüquqi həlli ilə bağlı bildirir ki, Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2 və 157.4-cu maddələrinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 21.1-ci və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Baxılan işə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, işin mübahisəsiz hallarından göründüyü kimi, mübahisəli dayanacaq yerləri iddiaçının mülkiyyətində deyil, “xxxx” MTK-nın nizamnaməsinə əsasən İddiaçı mütləq pay haqlarına uyğun olaraq “Payçı”ya verilməsi (xx xxxxx 2010-cu il müqaviləsi üzrə) öhdəliyi əsasında verilmişdir. Mübahisəli dayanacaq yerləri üzrə pay haqqı iddiaçı tərəfindən tam ödənilmişdir. Hazırda həmin dayanacaq yerlərinə cavabdeh tərəfindən hər hansı müdaxilənin olduğu müəyyən edilmir. Eyni zamanda Cavabdeh2 izahatlarında qeyd etmişdir ki, həmin dayanacaq yerini mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə müraciət edərək təhvil almış və istifadəyə görə də həmin MMMC-yə pul ödəyir. Belə olan təqdirdə, hazırda iddiaçının dayanacaq yerlərindən istifadəsinə hər hansı müdaxilə olmadığından, üstəlik də həmin müdaxilədə Cavabdeh2 təqsirli hərəkətinin olması müəyyən edilmədiyindən iddia tələbi bu hissədə əsassızdır. Görünüyü kimi, işdə olan xx.xx.2017-cu il tarixli müqaviləyə əsasən müabhisəli dayanacaq yerləri Hafiz Quliyevin istifadəsinə verilsədə, həmin müqavilənin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanununa müvafiq olaraq dövlət qeydiyyatına alınıbalınmadığı barədə sübutlar təqdim edilməmişdir. Məhkəmə kollegiyası, aşağıdakılara əsasən hesab edir ki, sübutetmə yükü baxımından iddianın əsaslarını sübuta yetirmək vəzifəsi İddiaçı üzərinə düşür. Çünki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Nəzərə alınmalıdır ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Beləliklə, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi, iddianı rədd edərkən işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas deyil. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1441/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3334/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3334/2021
07.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver