Məhkəmə qərarları › İş №2(103)-3336/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3336/2025

03.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3336/2025 03.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı LPO İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1 qarşı mülki iş üzrə (Açar sözlər: kredit borcunun ödənilməsi və s.) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X9 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi ismayılova Ayşən Səaddin qızının, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi X4 iştirakı ilə, iddiaçı LPO İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1 qarşı ("xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “kredit borcunun ödənilməsi və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-857/2025 saylı, 11 mart 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi İşin halları

1. İş materiallarından müəyyən edilmişdir ki, LPO İddiaçı1 ASC (borc verən) ilə Cavabdeh1 (borc alan) arasında xx.xx.2009-cu il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən, Bank cavabdehə 180 ay müddətinə illik 15 faiz olmaqla 75.460 manat məbləğində kredit verməyi, borc alan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə və qaydada onu faizi ilə birlikdə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2009-cu kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təminatı kimi tərəflərlə "xxxx" MTK arasında ipoteka müqaviləsi bağlanılmış, ünvan 1 ünvanında yaşayış binasının 1-ci blokunda yerləşən 23 saylı mənzil bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir.

2. LPO İddiaçı1 ASC tərəfindən təsdiq edilmiş xx.xx.2015-ci il tarixli aktdan görünür ki, bankın bütün filialları üzrə 1999-2010-cu illərə aid üzrə 7.642 iş sənədlərin saxlanma müddəti başa çatdığı üçün məhv edilmək üçün ayrılmışdır. Kredit dosyesinə aid sənədlərlə bağlı “kredit ödənildikdən və ya balansdan silindikdən sonra” qeydi edilmişdir.

3. LPO İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 müqavilə üzrə banka xx.xx.2024-cü il tarixinə 75.460 manat əsas, 172.300,33 manat faiz, 775,52 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, cəmi 248.535,85 manat məbləğində borcu vardır.

4. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanında yaşayış binasının 1-ci blokunda yerləşən 23 saylı mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi, ev 25A, 23 saylı mənzil (10-cu mərtəbə, 1-ci giriş) ilkin olaraq X1 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 6 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2018-ci il tarixli, 4Ə-110 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, X2 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir (məktuba təsdiqedici sənədlər əlavə edilmişdir).

5. "xxxx" MMC-nin 25 sentyabr 2025-ci il tarixli 029/25 saylı auditor rəyinə əsasən LPO İddiaçı1 ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2009-cu il tarixli, 086 saylı kredit müqaviləsinə əsasən cavabdehə verilməli 75460,0 (yetmiş beş min dörd yüz altmış) manat məbləğində vəsait istinad olunan dövrdə (iddia ərizəsində qeyd olunan-2009-cu ilin iyun iyul aylarında) LPO İddiaçı1 ASC-nin maliyyə dövriyyəsində olmuşdur. Mülki işin materialları və LPO İddiaçı1 ASC tərəfindən ekspertizaya təqdim edilmiş, LPO İddiaçı1 ASC-nin baş ofisinin xəzinəsinin və Cavabdeh1 bank hesabının xx.xx.2009-cu il tarixinə olan bank çıxarışlarına əsasən müəyyən edilir ki, 75460,0 (yetmiş beş min dörd yüz altmış) manat məbləğində vəsait Cavabdeh1 adına nağd qaydada xəzinə məxaric orderi vasitəsi ilə məxaric edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı LPO İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 248.535,85 (iki yüz qırx səkkiz min beş yüz otuz beş manat, 85 qəpik) manat, bundan 75.460 (yetmiş beş min dörd yüz altmış manat, 71 qəpik) manat əsas, 172.300,33 (bir yüz yetmiş iki min üç yüz manat, 33 qəpik) manat faiz və kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 775,52 (yeddi yüz yetmiş beş manat, 52 qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 539 (beş yüz otuz doqquz) manat dövlət rüsumunun Cavabdeh1 tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, Cavabdeh1 sərəncamında olan ünvan 1 ünvanında yerləşən yaşayış binasının 1ci blokunun 10-cu mərtəbəsində istifadədə olan 68.6 kv.m ümumi sahəsən ibarət 1 otaqlı, 23 saylı mənzilə yönəlməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin yaşayış sahəsinin boşaldılaraq, alıcıya təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı1 Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2009-cu il tarixli, 086 saylı kredit müqaviləsinə əsasən cavabdehə 180 (bir yüz səksən) ay müddətinə, illik 15 (on beş) faiz dərəcəsi ilə 75.460 (yetmiş beş min dörd yüz altmış) manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi "xxxx" firması ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2009-cu il tarixli müqavilə əsasında Cavabdeh1 sərəncamında olan ünvan 2 ünvanında yerləşən yaşayış binasının 1-ci blokunun 10-cu mərtəbəsində istifadədə olan 68.6 kv.m ümumi sahəsən ibarət 1 otaqlı, 23 saylı mənzil ipotekaya qoyulmuşdur. ünvan 2 ünvanında yerləşən yaşayış binasının 1-ci blokunun 10-cu mərtəbəsində istifadədə olan 68.6 kv.m ümumi sahəsən ibarət 1 otaqlı, 23 saylı mənzilin ipotekaya qoyulması barədə Bank ilə Cavabdeh1 arasında xx.xx.2009-cu il tarixli, 086/1 saylı ipoteka müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 4.2-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi, cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi.

8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-857/2025 nömrəli, 011 mart 2025ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.

9. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehin borcunun olmasını yalnız məhkəməyə təqdim edilmiş müqavilələr, hesabdan çıxarış və maliyyə arayışına istinadla əsaslandırmışdır. Cavabdeh isə müqavilələrdəki imzanın ona məxsus olduğunu danmır, lakin iş üzrə toplanmış bütün sübutlarla və üçüncü şəxsin nümayəndəsinin də izahatında göstərdikləri ilə məcmu şəkildə qiymətləndirildikdə ağlabatan hesab edilmiş “ona heç bir pul verilməməsi, sadəcə “müqaviləni imzala, sənə mənzil verəcəyik” deyilməsi, sonradan isə mənzilin də başqasına satılması və ona verilməyəcəyi barədə məlumat verilməsi” kimi dəlilləri irəli sürür. Qeyd olunanlara əsasən, məhkəmə yalnızca tərəflərin imzalaması mübahisəsiz olan müqavilələrə əsaslanaraq cavabdehə pul verilməsi faktının təsdiq edildiyini müəyyən etmir. Bankın təqdim etdiyi hesabdan çıxarış və maliyyə arayışı birtərəfli qaydada tərtib edilmiş sənədlər olduğundan, məhkəmə tərəfindən həmin sənədlər öhdəliyin yaranması faktını təsdiq edən mötəbər sübutlar kimi qiymətləndirilmir (Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsini müəyyən edən (üç ulduzlu) 2-2(102)-575/2023 nömrəli, xx.xx.2023cü il tarixli qərarı). Beləliklə, göründüyü kimi, cavabdehlə aralarında bağlanmış müqavilə əsasında ona kreditin verilməsi faktını sübutetmə vəzifəsini daşıyan iddiaçı LPO bank (və ləğvedicisi) buna dair mötəbər sübut olan kassa məxaric orderini məhkəməyə təqdim etməmiş, bununla da, iş üzrə öz sübutetmə vəzifəsini yerinə yetirməmişdir.

10. Həmçinin məhkəmə qeyd etmişdir ki, pul öhdəlikləri ilə bağlı münasibətlərdə kredit verilməsi halı kredit müqaviləsi, məxaric qəbzi, yazılı sənədlər və digər sübutlarla müəyyən edildiyi halda, müqavilə üzrə pulun borcalana verilməsi qanuni prezumpsiyaya əsaslanır. Bunun əksini, habelə pulun tam və ya qismən qaytarılmasını isə borcalan sübut etməlidir. Bu qaydanın hazırkı işə tətbiqi nəticəsində isə məhkəmə hesab etmişdir ki, aralarında bağlanmış müqavilə üzrə cavabdehin ona borcu olduğunu iddia edən bank ilk öncə həmin öhdəliyin yarandığını sübut etməlidir. Lakin bu məsələ ilə bağlı sübutetmə vəzifəsini daşıyan bank tərəfindən mülki qanunvericilikdə mülki hüquqların, vəzifələrin və öhdəliyin yaranmasının əsasları kimi göstərilmiş hallardan birinin tərəflər arasında olmasına dair mötəbər sübut olan kassa məxaric orderini məhkəməyə verməmişdir.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1, 14.2, 337.3, 340.1, 386.1, 460.3, 739 və 741-ci maddələrinə; Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 noyabr 2023-cü il tarixli 19 №-li Qərarı ilə təsdiq edilmiş “Vahid məhkəmə təcrübəsi baxımından əhəmiyyətli olan məhkəmə aktlarının indeksləşdirilməsi Qaydaları”na; “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarına istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri və şikayətə etirazın dəlilləri

12. İddiaçı LPO İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-857/2025 nömrəli, 11 mart 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

13. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" firması ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2009-cu il tarixli müqavilə əsasında Cavabdeh1 sərəncamında olan 75.460 manat məbləğdə ünvan 3 ünvanında yerləşən yaşayış binasının 1-ci blokunun 10-cu mərtəbəsində istifadədə olan 68.6 kv.m ümumi sahəsən ibarət 1 otaqlı, 23 saylı mənzil mənzil ipotekaya qoyulmuşdur. ünvan 2 ünvanında yerləşən yaşayış binasının 1-ci blokunun 10-cu mərtəbəsində istifadədə olan 68.6 kv.m ümumi sahədən ibarət 1 otaqlı, 23 saylı mənzilin ipotekaya qoyulması barədə Bank ilə Cavabdeh1 oğl uarasında xx.xx.2009cu il tarixli, 086/1 saylı ipoteka müqaviləsi bağlanmışdır. Həmin 75.460 manat qiymətində mənzilin alınması məqsədilə İddiaçı1 Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2009-cu il tarixli, 086 saylı kredit müqaviləsinə əsasən cavabdehə 180 (bir yüz səksən) ay müddətinə, illik 15 (on beş) faiz dərəcəsi ilə 75.460 (yetmiş beş min dörd yüz altmış) manat ipoteka krediti verilməsini xahiş etmişdir (Cavabdeh1 öz imzası ilə təsdiq etdiyi kredit verilməsi barədə yazılı ərizə və kredit sifarişi barədə məlumat vərəqi qoşmada təqdim olunur). Cavabdeh məhkəmə zamanı öz çıxışında da bildirmişdir ki, kredit vəsaiti onun tərəfindən götürülmüşdür, yəni bankın kassasından pul çıxmışdır. Nəticə olaraq "xxxx" firması ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2009-cu il tarixli müqavilə ilə eyni tarixdə Cavabdeh1 ilə İddiaçı1 ASC arasında 086 saylı kredit müqaviləsi və 086/1 saylı ipoteka müqaviləsi imzalanmışdır. Cavabdehin kredit vəsaiti əldə etmək və həmin vəsait hesabına mənzil üçün ödənişin həyata keçirilməsi niyyəti ilə müqavilələri imzaladığı aydındır. Cavabdeh tərəfindən 086 saylı kredit müqaviləsi və 086/1 ipoteka müqaviləsi, həmin müqavilə vasitəsilə əldə edilən vəsait hesabına mənzilin alınması məqsədi ilə bağlanmışdır. Hesab edir ki, məhkəmə tərəfindən mötəbər sübutun olmaması səbəbindən iddia tələbinin rədd edilməsi əsassızdır. Cavabdeh1 kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır.

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi X5 bildirmişdir ki, burada pul köçürülmədiyi üçün həmin vətəndaşla müqavilə ləğv edilmişdir. İddiaçı pulu onlara köçürdüyünü lazımı qaydada sübut edə bilmir. İddiaçı pulu birbaşa onların hesabına köçürməli idi. Pul vətəndaşa verilmirdi, birbaşa onların hesaba köçməli idi. Pul onların hesabına köçsə idi, bunu rəsmi sənədlər mövcud olardı.

16. İştirak etdiyi məhkəmə kollegiyasının iclasında LPO İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin müdafiə edərək bildirmişdir ki, çıxarılmış xüsusi qərardadla bağlı narazılığı yoxdur. Bildirir ki, vətəndaşların çoxusu, eləcə də Cavabdeh1 deyir ki, o, kredit götürdü, imzaladı, daha sonra isə mənzili qaytardı. Lakin faktiki olaraq mənzilin qaytarılması kredit vəsaitinin qaytarılması anlamına gəlmir. Onlar etiraf edir ki, kassa məxaric orderini təqdim edə bilmirlər, ona görə də akt təqdim etmişlər. Qarşı tərəf gəldi etiraf edir ki, mənzilə baxmış və sənədləri imzalamışdır. İsmayılov Nadir vasitəsilə kredit rəsmiləşdirilmişdir. Daha sonra ödəyə bilməmiş və mənzili qaytarmışdır. MTK onların vəsaitini qaytarmamışdır. Kredit üzrə ödəniş edilməmişdir. Bank ləğvetmə prosesindədir. Müddətlər uzun olduğuna görə bütün ləğvetmə prosesində olan banklarda müddəti çatanları verirdilər ki, o müddəti ötürməsinlər. Mənzil eyni mənzildir. Ləğv etmə prosesinə 2016-cı il tarixində başlanılmışdır. 17.Telefon vasitəsilə izahatı alınmış ekspert X6 bildirmişdir ki, birinci olaraq məktub yazaraq “LPO İddiaçı1 ASC-nin 2009-cu ilin iyun-iyul ayına müxbir hesabını aldı. Daha sonra araşdırıldı ki, müxbir hesabına həmin gündə giriş 568 min, çıxış isə 662 min olmuşdur, sonda isə 122 min qalmışdır. Demək bankın həmin günə maliyyə vəsaiti yerində olmuşdur. İş materiallarında məxaric orderi yoxdur. Tərəfindən kassa hesabının və Cavabdeh1 şəxsi hesabının çıxarışı alındı. Hər iki sənəddə eyni nömrə ilə 75 min 460 min manatın kassadan məxaric olunduğu görsənir. Bank çıxarışına əsasən görünür ki, ayrılmış kredit 75 min 460 min manat Cavabdeh1 hesabına mədaxil olunur, daha sonra isə çıxarılır. Buradan görünür ki, pul nağd vermək yolu ilə çıxarılır. Lakin kim tərəfindən çıxarıldığı bilinmir. Hesabın qarşısında Hacı sözü yazılmışdır. Çıxarışın həmin tarixə aid doğruluğunun məsuliyyətinin bankın üzərinə qoyulduğu halda ehtimal olunur ki, Cavabdeh1 adına nağd qaydada pul məxaric edilmişdir.

18. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı və cavabdeh məhkəmə iclasında iştirak etmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

19.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 20.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 21.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 22.Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin tam yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin

23.21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 24.269.4 və 269.5-ci maddələrinə görə ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 25.380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 26.324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir 27.337.1-ci və 337.2-ci maddələrinin məzmununa görə məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 28.385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 29.386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 30.421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 31.421.3-cü maddəsinə görə müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

32. 425-ci maddəsinin tələblərinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 33.442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 34.443.1 və 443.2-ci maddələrinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 35.445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 36.448.1-ci və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 37.739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun

38.47.2-ci maddəsinə əsasən, ipoteka predmetinə məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldildikdə ipoteka predmetinin satılmasından əldə olunan gəlir icra məmurlarının depozit hesabına daxil olduqdan sonra 7 təqvim günündən gec olmayaraq icra məmuru tərəfindən aşağıdakı qaydada bölüşdürülür: 47.2.1. ipoteka saxlayanın ipoteka ilə təmin olunmuş tələbinin, o cümlədən əsas borcun, faizlərin, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, yaxud icranın gecikdirilməsi nəticəsində dəbbə pulunun və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsinə (bu ödənişlər göstərilən ardıcıllıqla həyata keçirilir); 47.2.2. bu Qanunun 4.1.4-cü və 5-ci maddələrində nəzərdə tutulmuş xərclərin ödənilməsinə; 47.2.3. sonrakı ipoteka saxlayan ipoteka hüququnu həyata keçirdikdə onun tələbinin ödənilməsinə; 47.2.4. bu Qanunun 47.2.1‒47.2.3-cü maddələrində qeyd edilən tələblər tam ödənildikdən sonra “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məbləğdə icra ödənişinin ödənilməsinə. 39.47.3-ci maddəsinə əsasən, birgə ipoteka saxlayanların tələbi ipoteka müqaviləsində müəyyən edilmiş qaydada, müəyyən olunmadıqda isə onların tələblərinə mütənasib olaraq bölüşdürülür. 40.47.4-ci maddəsinə əsasən, bu Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. 41.47.5-ci maddəsinə əsasən, ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin

42.Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9-cu maddə). 43.Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (14.1 və 14.2-ci maddə). 44.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri).

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

45.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları isə müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

46. İddiaçının istinad etdiyi hallara görə, LPO İddiaçı1 ASC (borc verən) ilə Cavabdeh1 (borc alan) arasında xx.xx.2009-cu il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən, Bank cavabdehə 180 ay müddətinə illik 15 faiz olmaqla 75.460 manat məbləğində kredit verməyi, borc alan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə və qaydada onu faizi ilə birlikdə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2009-cu kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təminatı kimi tərəflərlə "xxxx" MTK arasında ipoteka müqaviləsi bağlanılmış, ünvan 1 ünvanında yaşayış binasının 1-ci blokunda yerləşən 23 saylı mənzil bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir.

47. Bank müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra etsə də, cavabdeh ödəməli olduğu kredit məbləğini banka ödəməkdən yayınmış və nəticədə onun xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən 75.460,71 manat əsas, 172.300,33 manat faiz və AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən kredit müqaviləsi bitəndən sonrakı dövr üzrə hesablanmış 775,52 manat faiz borcu, ümumilikdə 248.535,85 manat məbləğində borcu yaranmışdır. Cavabdeh sözügedən kredit müqaviləsindən irəli gələn öhdəlikləri lazımi qaydada icra etmədiyindən, iddiaçı borcludan Bankın xeyrinə borcun tutulmasını, tutmanın cavabdehin sərəncamında olan ünvan 1 ünvanında yaşayış binasının 1-ci blokunda yerləşən 23 saylı mənzilə yönəldilməsini və daha sonra ixtisaslaşdırılmış təşkilatlar tərəfindən açıq hərrac yolu ilə satılmasını, satışdan əldə olunmuş vəsait hesabına yaranmış borcun ödənilməsini tələb etmək hüququnun yarandığını iddia edir.

48. İddiaçı onunla cavabdeh arasında müvafiq öhdəlik hüquq münasibətlərinin yarandığını və bununla da iddia tələblərinin əsaslı olduğunu təsdiq etmək üçün tərəflər arasında yazılı formada bağlanmış kredit və ipoteka müqavilələrinə, hesabdan çıxarışa istinad edir.

49. Cavabdeh mübahisə predmeti olan müqavilələrin onun tərəfindən imzalandığını inkar etməsə də, kredit müqaviləsi üzrə pul vəsaitinin onun sərəncamına verilmədiyini, kredit müqaviləsinin bağlanmasının məqsədi kimi göstərilən ünvan 1 ünvanında yaşayış binasının 1-ci blokunda yerləşən 23 saylı mənzilin sahibliyinə keçmədiyini qeyd edir.

50. Qeyd edilənlərdən müəyyən edilir ki, yaranmış mübahisənin həlli kredit müqaviləsinin tərəflərin aktiv hərəkətləri ilə real olaraq icra edilib-edilməməsinin, yəni müqavilə bağlandıqdan sonra tərəflərin üzərlərinə götürdükləri hüquq və vəzifələrin faktiki olaraq yerinə yetirilib-yetirilməməsinin müəyyənləşdirilməsindən asılıdır və bu hallar iş üzrə təqdim edilmiş sübutların məcmu şəkildə qiymətləndirilməsi əsasında həll edilməlidir.

51. Mübahisələndirilən qətnamədən göründüyü kimi də birinci instansiya məhkəməsi sübutetmə vəzifələrini tərəflər arasında düzgün bölüşdürərək, hər iki tərəfin öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları təqdim edilmiş sübutlar əsasında məcmu halda hüquqi qiymətləndirilməsini aparmışdır.

52. Belə ki, birinci instansiya məhkəməsi sözügedən mənzilin satın-alınması üçün Bank tərəfindən cavabdehə ayrıldığı iddia edilən 75.460 manat kredit vəsaitinin sonuncu tərəfindən bankdan kassa məxaric orderinə əsasən götürülüb-götürülmədiyini, habelə həmin vəsaitin təyinatı üzrə iddiaçı Bank tərəfindən "xxxx" MTK-nın bank hesabına köçürülüb-köçürülmədiyini araşdırmışdır. Məhkəmə həmçinin Bank tərəfindən təqdim edilmiş hesabdan çıxarışı və maliyyə arayışını birtərəfli qaydada tərtib edilmiş sənədlər kimi qiymətləndirmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsini müəyyən edən (üç ulduzlu) 2-2(102)-575/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarına istinadən həmin sənədləri cavabdehin iddiaçı qarşısında öhdəliyinin yaranması faktını təsdiq edən mötəbər sübut kimi qiymətləndirməmişdir.

53. Məhkəmə eyni zamanda cavabdehin adına bankda hesab nömrəsinin açılmasının səbəblərinin aydınlaşdırılması, kredit və ipoteka müqavilələrini imzalamış vəzifəli şəxslərin hərəkətlərində dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmə cinayətinin əlamətlənin olub-olmamasını yoxlamaq üçün xüsusi qərardad çıxarmışdır.

54. Görünüyü kimi hazırkı iş üzrə müəyyən edilməli olan əsas məsələ kredit müqaviləsi üzrə pulun cavabdehə faktiki olaraq verilib-verilməməsidir. Bu baxımdan, iddiaçının apellyasiya şikayətində istinad etdiyi dəlillərin araşdırılması və iş üzrə mövcud sübutların məcmu şəkildə qiymətləndirilməsi həlledici əhəmiyyət kəsb edir.

55. Bunun üçün ilk öncə iddiaçının təqdim etdiyi hesabdan çıxarışa münasibət bildirilməlidir. Belə ki, hesabdan çıxarış bankın daxili sistemində pul vəsaitlərinin hərəkətini əks etdirən, bank tərəfindən birtərəfli qaydada tərtib edilən sənəd olmaqla, pulun borcalanın faktiki sərəncamına verildiyini və ya onun göstərişi ilə üçüncü şəxsin hesabına köçürüldüyünü özlüyündə sübut etmir. Pulun borcalan tərəfindən faktiki olaraq sərəncamına verildiyini təsdiq edən digər kifayət qədər yetərli və inandırıcı sübutlar (kassa məxaric orderi və s.) məhkəməyə təqdim edilmədiyi halda, təkcə hesabdan çıxarışın mövcudluğu məhkəmə tərəfindən borc münasibətlərinin yarandığını təsdiq edən sübit kimi nəzərə alına bilməz.

56. Eyni zamanda kredit müqaviləsinin bağlanmasında əsas məqsəd kimi göstərilən ünvan 1 ünvanında yaşayış binasının 1-ci blokunda yerləşən 23 saylı mənzilin cavabdeh tərəfindən alınması baş tutmamış, pulun MTK-nın hesabına köçürüldüyünü və cavabdeh tərəfindən ipoteka predmeti olan mənzilin sahibliyinə keçirilməsi ilə nəticələndiyi müəyyən edilməmişdir.

57. Məhkəmə kollegiyası iş üzrə hərtərəfli, tam və obyektiv tədqiqatın aparılması və apellyasiya şikayətinin dəlillərinin yoxlanılaraq düzgün qiymətləndirilməsinin təmin edilməsi məqsədilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş; ekspertizanın aparılması Azərbaycan Respublikası Auditorlar Palatasına həvalə etmiş, LPO İddiaçı1 Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2009-cu il tarixli, 086 saylı kredit müqaviləsinə əsasən cavabdehə verilməli olan 75.460 manat məbləğində vəsaitin istinad olunan dövrdə İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin maliyyə dövriyyəsində olub-olmaması; Zaminbank” Açıq Səhmdar Cəmiyyətinin mühasibat və digər maliyyə sənədlərinə əsasən 75.460 manat məbləğində pul vəsaitinin Cavabdeh1 tərəfindən hər hansı qaydada məxaric (və ya hər hansı qaydada ixrac olunması, köçürülməsi və s.) edilib-edilmədiyinin, onun və ya MTK-nın hesabına köçürülüb-köçürülmədiyinin və əgər bu hallar müəyyən edilərsə, hansı qaydada icra edildiyinin aydınlaşdırılmasını tapşırmışdır.

58. İş üzrə əldə edilmiş auditor rəyinə əsasən, LPO İddiaçı1 Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2009-cu il tarixli, 086 saylı kredit müqaviləsinə uyğun olaraq cavabdehə verilməli olan 75.460 manat məbləğində vəsaitin kredit müqaviləsi bağlandığı tarixdə İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin maliyyə dövriyyəsində olduğu müəyyən edilmişdir. Lakin auditor rəyindən həmin məbləğdə pul vəsaitinin Cavabdeh1 adına açılmış bank hesabından konkret olaraq kimin tərəfindən məxaric edildiyini müəyyən etməyə imkan verən məlumatların olmadığı müəyyən edilmişdir.

59. Halbuki qeyd edilən xüsusat olduqca önəmlidir, çünki borc öhdəliyinin yaranması üçün pul vəsaitinin məhz borcalanın faktiki sərəncamına verilməsi faktı etibarlı sübutlarla öz təsdiqini tapmalıdır. Göründüyü kimi, iddianın əsaslı olmasının təsdiqi baxımdan vacib əhəmiyyət daşıyan bu və digər halların (kreditin məqsədinin (mənzilin alınmasının) reallaşmasının, ipoteka predmetinin cavabdehin sahibliyinə keçməsinin, bu proseslərin kredit vəsiti hesabına baş verməsinin və s.) müəyyən edilməsi mümkün olmamışdır.

60. Bundan başqa əsas borc öhdəliyinin yarandığı halı öz təsdiqini tapmadığı üçün məhkəmə kollegiyası aksessor xarakter daşıyan digər tələblərə münasibət bildirməsini zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsalandırır.

61. Beləliklə, birinci instansiya məhkəməsi hazırkı işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir.

62. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

63. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-857/2025 nömrəli, 11 mart 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar