Məhkəmə qərarları › İş №2(103)-334/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-334/2021

16.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-334/2021 16.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Hüseynli Gültəkin Xaliq qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi və vəkili X4 iştirakı ilə İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması, bu borcun əvəzinin ipoteka predmetinə yönəldilməsi və xərclərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19 aprel 2019-cu il tarixli, 2(010)-90/2019 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı BOKT ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə və sonradan iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə müraciət edərək, 10 oktyabr 2014-cü il tarixli 2703PB/BF nömrəli kredit müqaviləsinə xitam verilməsi, kredit müqaviləsi üzrə İddiaçı BOKT ASC-yə 45494,17 ABŞ dolları əsas, 17865,50 ABŞ dolları faiz, 13467,79 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 76827,46 ABŞ dolları borcun; 14 yanvar 2015-cı il tarixli 2900 PB/BF/FK №-li kredit müqaviləsi üzrə 3000 ABŞ dolları əsas, 1214,18 ABŞ dolları hesablanmış faiz, cəmi 5606,18 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması, borcun əvəzinin ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən Cavabdeh1 mülkiyyətindəki 0.025 ha torpaq sahəsində olan 2 mərtəbəli, 6 otaqlı, yaşayış sahəsi 107.3 kv.m, ibarət 16 saylı fərdi yaşayış evinə yönəldilməsi və həmin evin 65000 manat ilkin satış qiyməti ilə açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi, həmin fərdi yaşayış evinin boşaldılması və orada yaşayan Cavabdeh1, Cavabdeh2 istifadə hüququ ləğv edilməklə göstərilən ünvandan çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19 aprel 2019-cu il tarixli, 2(010)-90/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, 10 oktyabr 2014-cü il tarixli 2703PB/BF nömrəli kredit müqaviləsinə xitam verilməsi, həmin müqavilə üzrə İddiaçı BOKT ASC-nin xeyrinə 40177,28 ABŞ dolları məbləğində əsas, 17865,50 ABŞ dolları məbləğində faiz, 100 ABŞ dolları məbləğində dəbbə pulunun, 2015-ci il 14 yanvar tarixli 2900PB/BF/FK №li kredit müqaviləsi üzrə 3000 ABŞ dolları məbləğində əsas, 590 ABŞ dolları məbləğində hesablanmış faiz borcunun və 30 manat ödənilmiş dövlət rüsumunun əsas borclu və zamindən - Cavabdeh1 və Cavabdeh3 tutulması, borcun əvəzinin ipoteka predmeti olan ünvan 3 ünvanda yerləşən, Cavabdeh1 mülkiyyətindəki 0.025 ha torpaq sahəsində olan 2 mərtəbəli, 6 otaqlı, yaşayış sahəsi 107.3 kv.m, ibarət 16 saylı fərdi yaşayış evinə yönəldilməsi və həmin evin açıq hərracda satılaraq, tələb edilən borcun ödənilməsi, ipoteka predmeti olan fərdi yaşayış evinin 96.000 manat dəyərində qiymətləndirilməsi, Cavabdeh1 ekspertiza tədqiqatının dəyəri olan 145 manatın alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19 aprel 2019-cu il tarixli, 2(010)-90/2019 saylı qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, kredit xarici valyutada verilmiş, Azərbaycan Respublikası Mərkəzi X5 21 fevral 2015-ci il və 21 dekabr 2015-ci il tarixli qərarları ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi Azərbaycan manatına münasibətdə iki dəfə dəyəri artmış, kredit müqaviləsinin geri ödəniş dəyəri və ya maliyyə yükü əhəmiyyətli dərəcədə artmışdır. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi isə cavabdehin hazırkı məzənnə ilə ödəniş həyata keçirməsini mümkünsüz etmiş, maliyyə yükünün müqavilədə nəzərdə tutulmuş ödəniş qrafikindən çox fərqləndirmişdir. Birinci instansiya məhkəməsi işə cavabdehin iştirakı olmadan baxmış, işin hərtərəfli və mahiyyəti üzrə baxılmasını təmin etməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 avqust 2019-cu il tarixli 2(103)- 9461/2019 saylı qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19 aprel 2019-cu il tarixli, 2(010)- 90/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 13 yanvar 2020-ci il tarixli, 2(102)- 164/2020 saylı qərarı ilə Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9461/2019 nömrəli iş üzrə 20 avqust 2019-cu il tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmiş, qətnamə qalan hissədə Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Təkrar apellyasiya baxışı iclasında Cavabdeh1 etibarnamə əsasında nümayəndəsi, vəkil X7 apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı BOKT ASC-nin etibarnamə əsasında nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsi 13 yanvar 2020-ci il tarixli, 2(102)-164/2020 saylı qərarı ilə işi yeni məhkəmə baxışına vermiş və yerinə yetirilməli olan hərəkətlər olaraq ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19 aprel 2019-cu il tarixli, 2(010)-90/2019 saylı qətnaməsinin əsaslılığını apellyasiya şikayətində ifadə olunmuş dəlillərə əsasən tam yoxlanmasını qərara almışdır. Məhkəmə kollegiyası ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsi üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətində ifadə olunmuş dəlillərə əsasən tam yoxlamışdır. İpoteka və girov predmetlərinin ilkin satış qiymətinin düzgün müəyyən olunmamasına dair apellyastiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıların qeyd olunmasını zəruri bilir: “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə kollegiyası izah edir ki, ipoteka predmetinin ilkin satış qiyməti iki qaydada müəyyənləşdirilə bilər: razılaşma əsasında və ya qiymətləndiricinin rəyi ilə. İpoteka müqaviləsi mahiyyətinə görə ipoteka qoyanla ipoteka saxlayanın razılaşması olsa da, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddədə “razılaşma” deyiləndə ipoteka predmetinə tutma yönəldilməsi proseduru başlandıqdan sonra əldə edilmiş razılaşma nəzərdə tutulub. Belə ki, ipoteka müqaviləsi bağlanarkən hələ ipoteka predmetinə tutma yönəldilib-yönəldilməyəcəyi bəlli olmadığından tərəflər onun ilkin satış qiymətini deyil, ipoteka predmetinin qiymətini müəyyənləşdiriblər. İlkin satış qiyməti tutmanın reallaşdırılmasına xidmət etdiyinə görə tutmanın yönəldilməsi proseduru başlandıqdan sonra (Qanunun 36.1-ci maddəsinə uyğun olaraq ipoteka saxlayanın ipoteka qoyana bildiriş göndərməsindən sonra) müəyyənləşdirilən qiymətdir. Eyni zamanda nəzərə alınmalıdır ki, ipoteka müqaviləsi bağlandıqdan sonra ötən müddətdə ipoteka predmetinin dəyərinin dəyişməsi mümkündür. Məhkəmənin qərardadı əsasında tərtib edilmiş “xxxx” MMC-nin 10 mart 2021-ci il tarixli H/02-PLS saylı qiymətləndirmə hesabatına əsasən müəyyən olunur ki, ünvan 4 ünvanda yerləşən Cavabdeh1 tam mülkiyyətində olan 0.025 ha torpaq sahəsində inşa edilmiş 2 mərtəbəli, 6 otaqlı, 107,3 kv.m yaşayış, 60.6 kv.m köməkçi sahədən ibarət 16 nömrəli fərdi yaşayış evinin hal-hazıra olan bazar qiyməti 98.000 manat, likvid qiyməti isə 81.000 manat təşkil edir. Məhkəmə kollegiyası tərəflərin ipoteka predmetinin ilkin satış qiymətində razılaşmadıqlarını nəzərə alaraq ilkin satış qiymətinin müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilməli olduğu nəticəsinə gəlir. Bu zaman kollegiya ipoteka predmetinin qiymətini müəyyən etmiş qiymətləndiricinin qiymətləndirmə sahəsində xüsusi biliklərinin olduğunu, öz nəticəsini ipoteka predmetinin konstruksiyaları, təmirliliyi, işləkliyi, aşınması və s. xüsusiyyətlərı ətraflı araşdırmaqla əsaslandırdığını nəzərə alır və həmin rəyi mötəbər sübut kimi qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 01 saylı 20.07.2020ci il tarixli qərardadına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, qiymətləndiricinin rəyi ilə mübahisə predmeti olan ipoteka predmetinin likvid dəyəri 81.000 manat müəyyən edilmişdir. Həmin məbləğ birinci instansiya məhkəməsinin müəyyən etdiyi 96.000 manat ilkin satış qiymətindən az olsa da, qeyd edilən qətnamə ilə müəyyən edilmiş əmlakın ilkin satış qiyməti iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Əksinə, Cavabdeh1 apellyasiya şikayətində digər məsələrlə yanaşı, ipoteka predmetinin məhkəmə tərəfindən müəyyən edilmiş ilkin satış qiymətinin onun real qiymətindən aşağı olmasından narazı qalmış və qətnamənin bütövlükdə ləğv edilməsini xahiş etmişdir. Hazırkı apellyasiya baxışı cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında qətnamənin yoxlanılmasından ibarət olduğundan, iddiaçı isə birinci instansiya məhkəməsinin qətnaməsində gəldiyi nəticəni mübahisələndirmədiyindən, məhkəmə kollegiyası hesab edir ki, iş üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti birinci instansiya məhkəməsinin qətnaməsində müəyyən edilmiş həddə, yəni 96.000 manat məbləğində saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində faktlar nöqteyinəzərindən qanuni və əsaslı olduğundan, qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nın 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız hesab edildiyindən iş üzrə keçirilmiş əmlakın qiymətləndirilməsi xərciləri cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏT ETDİ : Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19 aprel 2019-cu il tarixli, 2(010)-90/2019 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Keçirilmiş əmlakın qiymətləndirilməsinə dair ekspertizanın xərci olaraq Cavabdeh1 250 (iki yüz əlli) manat məbləğində pul tutularaq “xxxx” MMC-nin hesabına (VÖEN **********, Unibank KB-nin 11 saylı Dərnəgül filialı, Kod: 502058, VÖEN: **********, m/h: AZ65UBAZ**********0060AZN001, S.W.İ.F.T. BİC NABZAZ2C, h/h: AZ46NABZ********************) ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyasiya şikayətini vermiş şəxsə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar