Məhkəmə qərarları › İş №2(103)-3342/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3342/2024

31.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3342/2024 31.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Əziz oğluna qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-3342/2024 (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X3 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)-113/2024 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 31 iyul 2024-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 250000 manat və 27000 manat cəmi 277000 manat pulun, ödədiyi 567 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onun Cavabdeh ilə tanışlığı var idi. Cavabdeh ondan külli miqdarda pul istəmişdir. O da ona xx.xx.2020-ci il tarixdə 250000 manat və 27000 manat pul vermişdir. O da bunun müqabilində ona Tər-Tər rayonu, Bəyimsər kəndində yerləşən ikimərtəbəli evini və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 6 sot torpaqda yerləşən 1 mərtəbəli yaşayış evini girov qoymuşdur. Bunu cavabdeh özü öz əlyazması ilə yazmış və imzası ilə təsdiq etmişdir. Lakin üstündən iki il keçməsinə baxmayaraq, cavabdeh pulu ona qaytarmır, hər dəfə müxtəlif bəhanələr gətirir. Bir sözlə, ona həmin pulu geri qaytarmaqdan imtina edir. Ona görə də məcbur qalıb pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmçinin o cavabdehin ona vurduğu ziyana görə qazancından da olmuşdur. Belə ki, iddiaçı həmin pulla biznes qurmaq istəyirdi.

3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)- 113/2024 saylı qətnaməsi ilə (hakim Mehriban Əfəndizadə) iddia tələbi təmin edilməmişdir.

4. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1, 385.1, 329.2, 425.1, 442, 448.1, 560.1, 560.2, 739.1, 739.2 və 740-cı maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 101.7, 103.1, 103.2, 106.1, 119.1, 184.2, 206.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

5. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir.

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbinin məzmunundan da göründüyü kimi tərəflər iddiaçı X6 ilə Cavabdeh arasında olan pul tələbidir. Məhkəmə yuxarıda qeyd edilən tələbdən kənara çıxaraq əsassız qətnamə qəbul etmişdir. Belə ki, Nəsimi rayon Polis İdarəsində istintaq olunan cinayət işinin tərəfləri zərərçəkmiş şəxs Nümayəndə Hüseynağa qızı və barəsində istintaq olunan X4r. Təhminə Əliyeva 180.000 manat dəyərində qızılı oğurlamışdır və Nümayəndə maddi ziyan vurmuşdur. İddiaçının qızının X5 və Cavabdeh etibarından sui-istifadə edərək 250.000 manat pulunu mənimsəməsinə dair müraciəti əsasında cinayət işi Nəsimi rayon Polis İdarəsində başlanılmışdır. İddiaçı Qiyas oğlunun həmin cinayəti işi ilə bağlı tərəf olmamışdır. Nəsimi rayon Polis İdarəsində olan cinayət işinin tarixi xx.xx.2023-cü ildir. İddiaçılə Cavabdeh arasında olan pul tələbi isə xx.xx.2020-ci il tarixdəndir. İddia məzmunu isə 250.000 manat pulun tələb edilməsi və cavabdeh tərəfnidən öz dəsti xətti ilə yazılmış olan iki daşınmaz əmlakın girov qoyulmasıdır. Belə ki, İddiaçı Cavabdehlə əvvəldən tanışlıqları vardır. Birbirinin arasında olan səmimiyyət mövcuddur. Cavabdeh bu səmimiyyətdən istifadə edərək, İddiaçı etibarını qazamış və bundan özünün çıxarları üçün istifadə etmişdir ki, bu da iddiaçı olan şəxsin hüquqlarının pozulması ilə nəticələnmişdir. Cavabdeh pulu qaytarmamış və hər dəfəsində də müxtəlif bəhanələr gətirərək qaytarmaq istəməmişdir və qaytarmaq niyyətində də deyildir. Cavabdeh də borcun müqabilində Tərtər rayonu, Bəyimsər kəndində yerləşən iki mərtəbəli evini və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 6 sot torpaqda 1 (bir) mərtəbəli yaşayış evini girov qoymuşdur.xx.xx.2021-ci il tarixli Cavabdeh tərəfindən Nümayəndə bacısı Təhminə Əliyeva tərəfindən 180.000 manatlıq qızılın oğurlayaraq qardaşına təhvil verməsi və 250.000 manat borcun olmasını, Cavabdeh öz əl yazması ilə təsdiq etmişdir ki, həmin əl yazma da cinayət işinin əsas sübutlarındandır. İddiaçı mülki işlə bağlı tələbi Nümayəndə cinayət işi ilə heç bir əlaqəsi olmamışdır və tərəf də deyildir. Digər bir hal ondan ibarətdir ki, xx.xx.2024-cü il tarixdə Nərimanov rayon məhkəməsində qəbul edilmiş qətnamədən sonra xx.xx.2024-cü il tarixdə Cavabdeh İddiaçı olan borcundan 30.000 manat ödəniş etmişdir. Bununla yanaşı şəxs məhkəmə qətnaməsi çıxarıldıqdan sonra iddiaçının nümayəndəsinə vatsap yazısı ilə mesaj göndərərək bildirir ki, “sənin adına depozit qoyacağam, evləri, maşını adına keçirəcəyəm. Məhkəmədə olan işi geri götür”. Göründüyü kimi birinci instansiya məhkəməsi tələbdən kənara çıxaraq, heç bir səbəb əsas gətirmədən qətnamə qəbul etmişdir ki, bu da qanunvericiliyin tələblərinə əsasən ziddir. Öhdəliyin yerinə yetirilməsinə dair hərəkətlər cavabdeh tərəfindən birinci instansiyada mülki işə baxıldıqdan sonra həyata keçirmişdir. Belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. xx.xx.2024-cü il tarixdə 30.000 manat və aralarında olmuş vatsap yazışmaları bunu təstiq etməkdədir. Məhkəmə qətnaməsi ləğv edilməli iddianın təmin edilməsi şərtləndirilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

8. İddiaçının nümayəndəsi apellyasiya baxışında iştirak edərək, şikayətin dəlillərini müdafiə etdi və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi.

9. Cavabdeh işə hazırki apellyasiya baxışında və bundan öncəki məhkəmə iclasları barəsində baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmənin iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

10. İşin halları, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi (mübahisənin mövcud olduğu zaman qüvvədə olan redaksiyada)

11. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

12. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

13. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

14. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır:

15. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;

16. Maddə 445.2.2 İcra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.

17. Maddə 448. Bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

18. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri ( borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı ( borc alan ) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

19. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

20. Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.

21. Maddə 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

25. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

26. Hazırda birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi qismən təmin edilməlidir.

29. Birinci instansiya məhkəməsi işin faktiki hallarına maddi hüquq normalarının tətbiq olunmasında yanlışlığa yol vermiş və iş üzrə təqdim olunmuş sübutlara düzgün qiymət verməmişdir ki, bu da mübahisələndirilən qətnamənin ləğvi üçün əsaslar yaratmışdır.

30. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli əlyazmada qeyd olunmuşdur ki, «Mən, Cavabdeh İddiaçı 250000 (iki yüz əlli min) manat pul almışam, əlavə olaraq 27000 manat manat pul almışam və bunun qarşılığında Tər-Tər rayonu Bəyimsər kəndində yerləşən ikimərtəbəli evini və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 6 sot torpaqda yerləşən 1 mərtəbəli yaşayış evini girov olaraq qoymuşam. Mən bu borcu qaytardığım təqdirdə girov qoyduğmu evləri yuxarıda qeyd etdiyi şəxsdən geri alacam».

31. 22 avqust 2023-cü il tarixli Bakı Şəhər Nəsimi Rayon Prokurorluğu tərəfindən Nəsimi RPİ-nin İŞ-nin rəisinə ünvanlanmış məktubdan görünür ki, Nümayəndə müraciəti əsasında toplanmış 978/21 saylı material üzrə Nəsimi RPİ- nin İŞ-nin müstəntiqi Ülvi Hadıyevin cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarı qanunsuz və əsassız olduğundan rayon prokurorluğu tərəfindən xx.xx.2023-cü il tarixdə ləğv edilərək, həmin material əlavə araşdrımanın aparılması üçün qaytarılır və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurou tərəfindən müstəntiqə verilmiş yazılı göstərişlərin icra olunması və material üzrə araşdırmanın tam, obyektiv və hərtərəfli aparılması üçün müvafiq tədbirlərin görülməsini təmin etməkləri xahiş edilir.

32. 22 avqust 2023-cü il tarixli «cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi barədə qərar»dan görünür ki, xx.xx.2021-ci il tarixdə Nümayəndə Nəsimi RPİ-nin İŞ-nə müraciət edərək X5 və Cavabdeh onun etibarından sui-istifadə edərək 250000 manat pulunu bina tikintisi ilə məşğul olub qazanc əldə biləcəkləri adı ilə ələ keçirməklə dələduzluq etdiklərini bildirməsi əsasında İŞ-nin müstəntiqi Ülvü Hadıyev tərəfindən araşdırma aparılmışdır. Araşdırma zamanı izahatı alınmış Nümayəndə göstərmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, “Memar Əcəmi” metrostansiyası yaxınlığında “Lombard” işlədir. X5 ona məxsus lombarda 2018-ci ildə təxminən 4 ay işçi kimi işləmişdir. 2018-ci ilin sonlarında Təhminin ona məxsus lombardan təxminən 180000 manat dəyərində qızıl-zinət əşyalarını oğurladığını öyrənmişdir. Həmin qızıl-zinət əşyaları vətəndaşlar tərəfindən girov kimi qoyulmuş əşyalar olmuşdur. Təhminə tərəfindən qızılların oğurlandığını bildikdən sonra qızılları geri tələb etdikdə qardaşı Cavabdeh bina tikintisi ilə məşğul olduğunu demişdir. Təhminəyə inanıb qardaşı ilə görüşmüşdür. Bu vaxt Cavabdeh özünü bina tikintisi ilə məşğul olan şəxs kimi təqdim etmişdir. Razılaşmaya əsasən tenderə daxil olmaq üçün 70000 manat pul verməli imiş. Lakin Məcid tenderi udmadığı təqdirdə aldığı 70000 manat pulu geri qaytaracağını demişdir. 2019-cu ilin əvvəllərində Məcid ilə ofisində görüşmüşdür. Ofisdə Məcidə 70000 manat pul vermişdir. Bu vaxt işçi Alidə adlı şəxs yanında olmuşdur. Yəni, Məcidə 70000 manat pul verməyini Alidə görmüşdür. Məcid ilə olan razılaşmaya əsasən 250000 manat pul ilə Məcid bina tikəcəkdi. Belə ki, həmin 250000 manat pulun 180000 manatı Təhmindən oğurladığı qızıl-zinət əşyalarının pulu olmuş və əlavə olaraq 70000 manat nəğd pul vermişdir. Tikinti başladıqdan sonra əlavə olaraq Məcidə təkrar pul veriləcəkmiş. Çünki binanın tikintisi daha çox pula başa gəlir. Bina tikintisindən əldə olunan qazancdan istəyinə uyğun Məcidə pul verəcəkmiş. Məcid Rəşad adlı başqa şəxs ilə də bina tikintisi ilə bağlı sövdələşmə etmişlər. Rəşad adlı şəxs ilə tanış olsa da, Məcidin Rəşad adlı şəxs üçün bina tikəcəyini bilmirmiş. Daha sonra söhbət əsasında Rəşad ona bildirmişdir. Rəşad mobil telefon vasitəsilə Məcid ilə danışmasını istədikdə Rəşad Məcid ilə danışmışdır. Bundan sonra Məciddən tikdiyi binanın müvafiq sənədlərini ona verməsini tələb etmişdir. Məcid onu aldadaraq sənədləri verəcəyini dedikdə aldanıldığını başa düşmüşdür. Bundan sonra Məciddən pulunu tələb etməyə başlamışdır. Məcid pulunu geri qaytarmayıb müddəti uzatdıqda onun və bacısı Təhminənin barəsində polisə şikayət edəcəyini demişdir. Məcid və bacısı Təhminə ona hədə qorxu gələrək polisə şikayət etdiyi halda üzü onun və bədəni lüt formada olan başqa qadına dair şəkil düzəltməklə onu rüsvay edəcəklərini demişdir. Uzun müddət qorxduğu üçün 2019-cu ilin əvvəllərindən hal-hazıradək şikayət etməmişdir. Hətta Məcid onu sakitləşdirmək üçün 250000 manat pul borclu olması ilə bağlı öz xətti ilə yazılmış yazılı ərizə vermişdir. Bundan başqa, Məcidin həqiqətən bina tikintisi ilə bağlı pul aldığını etiraf etməsi ilə bağlı video görüntü var.

33. 22 avqust 2023-cü il tarixli «cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi barədə qərar»dan həmçinin görünür ki, Nümayəndə müraciəti əsasında toplanmış 978/21saylı material üzrə Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Ülvi Hadıyevin cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qanunsuz və əsassız olduğundan ləğv edilmiş, material əlavə araşdırmanın aparılması üçün Nəsimi RPİ-nin İŞ-nə qaytarılmışdır.

34. Cavabdeh Nəsimi RPİ-nin İŞ-nə verdiyi xx.xx.2023-cü il tarixli izahatından görünür ki, o “Mənə verilən suallara cavab olaraq bildirirəm ki, yuxarıda göstərilən ünvanda ailəmlə birgə yaşayıram. Hal-hazırda rəsmi olaraq heç yerdə işləmirəm. Mahiyyəti üzrə bildirirəm ki, təxminən 2016-cı ildə Memar Əcəmi metrostansiyasının yaxınlığında ət dükanının sahibəsi kimi tanıdığım Nümayəndə ilə həmin dövrdən etibarən xoş ünsiyyətimiz yaranmışdır. Həmin dövrdə mən onun bir neçə pul problemlərini həll etmişdim və beləcə aramızda etibar yaranmışdır. Beləliklə Nümayəndə bir gün məndən məsləhət lombard açmaq fikrinin olmasını mənə bildirdi. Mən cavabımda qızıldan anlayışımın olmasını bildirib ona bu işdə kömək olacağıma söz verdim. Nümayəndə metronun əcəmi stansiyasının yaxınlığında VTB bankın yanında lombard açdı və həmin yeri özü işlətməyə başladı. Həmin dövrdə Nümayəndə mənə evində problemlərin olmasını və bu səbəbdən də həyat yoldaşından ayrılacaq. Mən onun lombard işlətdiyi dövrlərdə təqdim olunan qızılları yoxlayırdım və beləcə ona dəstək verirdim. Bunun müqabilində heç vaxt ondan pul almamışam. Bunu sadəcə ünsiyyətimizin xətrinə edirdim. 2017-ci ildə mənim müəyyən səbəblərdən BMCMİ-də olan araşdırmamla əlaqədar barəmdə cinayət işi başlandı və mən istintaq dövründə həbs olunaraq Bakı İstintaq Təcridxanasına göndərildim. Mən təcridxanada olarkən Nümayəndə yanıma gəldi və məndən məsələnin həlli üçün hansı köməkliyi edə biləcəyini soruşduqda mən ümumilikdə 50.000 manat məbləğində pulun lazım olmasını bildirdim. Bunun qarşılığında Nümayəndə mənə öz yaşadığı evi girova qoyub pul götürməyi və həmin pulu mənə verməyi təklif etdi. Lakin bundan ötrü heç bir tanışının olmamasını bildirib məndən yardım istədi. Mən qardaşım Elman Əliyev vasitəsi ilə həmin evin girova qoyulmasını təşkil etdim və qardaşım E.Əliyev həmin pulu götürüb mənim işlərimi həll etməyə başladı. İlkin olaraq həmin söhbətdə Nümayəndə məxsus 50000 manat pul mənim ona verəcəyim olaraq hesablandı. Bundan sonra mən ödənişlərimi edib həbsdən azad olundum və bayıra çıxdıqdan sonra həmin 50.000 manat pulun ödənilməsinə başlamaq istədim. Həmin evin girovun faizinin ödənilməsinin çətin olması və ödəyə bilməməyimiz səbəbindən evin satılması məsələsi ortaya çıxdı. Lakin Nümayəndə evi: ailə üzvlərindən xəbərsiz evi girova qoyduğundan biz məcbur qalıb evi girovdan çıxarmalı olduq. Beləcə əlimizdə nağd pul olmadığına görə Nümayəndə məxsus lombarda vətəndaşlar tərəfindən gətirilib qoyulmuş qızılları aparıb H.Əliyev küçəsində yerləşən Brend lombardına təqdim etdik və ümumilikdə və ümumilikdə 52000 manat pul götürdük. Həmin məbləğin üstünə təxminən 7000 manat məbləğində pulu da manat məbləğində pulu da Nümayəndə qoydu və biz evi girovdan çıxara bildik. Bundur, sonra lombarda qoyduğumuz qızılların sahibləri geri istədikdə mən məcbur qalıb faizləri ödəetməklə qızılları götürüb sahiblərinə qaytarırdıq. Bu minvalla mənim faizlərim və borclarım artdı. Qeyd olunanların müqabilində mənim Nümayəndə ümumilikdə 180.000 manat məbləğində verəcəyim yaranmışdır. Ümumilikdə Nümayəndə aldığım pulların məbləği təxminən 180.000 manat məbləğindədir. Həmin pulları qızıl və ya nağd pul formasında almışam, həmin məbləğ- müəyyən faiz məbləğləri də daxildir ki, Nümayəndənm mənə verdiyi və mənim lomba qoyduğum qızılların müqabilndə yaranmış faizlərdə itirmişəm. Mənim heç bir nağd qazancım olmamışdır. Ümumilikdə Nümayəndə pul borclarımı qaytarıb həbsdən azad olunmuşam. Sonradan həmin 50.000 manat məbləğində pu geri qaytarmaqdan ötrü müxtəlif istiqamətlərdə pul əldə etmək məqsədi ilə A.Kazımovun lombardında olan qızılları başqa lombarda qoymuşam və beləcə həmin məbləğ qalxıb 180 manat olmuşdur.

35. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-4/1475 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 07.080220-ci il tarixli iltizamdakı hərf və rəqəmli yazılar Cavabdeh tərəfindən icra olunmuşdur.

36. Beləliklə, hazırki iş üzrə iddiaçının tələbi ondan ibarətdir ki, Cavabdeh xx.xx.2020-ci il tarixli əlyazma ilə iddiaçı ondan 250000 və əlavə olaraq 27000 manat pul almış və bununla bağlı etirafı əks etdirən əlyazma şəklində qəbzi imzalasa da, hazırki vaxta kimi pulu qaytarmamışdır.

37. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

38. Belə ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış münasibətlərin hüquqi xarakterini qiymətləndirərkən səhvə yol vermiş, bu səbəblə qətnaməni düzgün əsaslandırmamış, gəldiyi nəticəni işin halları və tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah etməmişdir.

39. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur.

40. S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarında da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir.

41. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, borcun mövcudluğu və məbləği ilə bağlı sübutlar yetəri qədər deyil və borc münasibətlərinin məhz hazırki iş üzrə iddiaçı və cavabdeh olan şəxslərin arasında baş tutmasına dair əsaslı dəlil yoxdur, buna görə də iddia tələbi təmin edilməməlidir.

42. Lakin iş materiallarında olan xx.xx.2020-ci il tarixli əlyazmada qeyd olunmuşdur ki, «Mən, Cavabdeh İddiaçı 250000 (iki yüz əlli min) manat pul almışam, əlavə olaraq 27000 manat manat pul almışam və bunun qarşılığında Tər-Tər rayonu Bəyimsər kəndində yerləşən ikimərtəbəli evini və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 6 sot torpaqda yerləşən 1 mərtəbəli yaşayış evini girov olaraq qoymuşam. Mən bu borcu qaytardığım təqdirdə girov qoyduğuь evləri yuxarıda qeyd etdiyi şəxsdən geri alacam».

43. Cavabdehin özü tərəfindən yazılan və öz imzası ilə təsdiq etdiyi həmin qəbzin məzmunundan da göründüyü kimi tərəflər arasında borc münasibətləri olmuş, həmin münasibətlər yazılı borc müqaviləsi formasında təsdiqlənməmiş, lakin qeyd edilən qəbz Mülki Məcəllənin 882-ci maddəsi anlamında mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin əsasını təşkil etmişdir.

44. Buna görə də kollegiya qeyd edir ki, tərəflər arasında yazılı formada bağlanmış borc müqaviləsi olmasa da, cavabdeh tərəfindən yazılmış qəbzlə 250.000 və 27.000 manat, ümumilikdı 277.000 manat məbləğində borcun mövcudluğunun etiraf edilməsi həmin münasibətlərin, həqiqətən, var olduğuna və bu münasibətlərin mücərrəd borc müqaviləsi ilə təsdiqləndiyinə dəlalət etmişdir və hazırki mülki işlə bağlı Mülki Məcəllənin qeyd edilən maddəsinə və həmin maddənin kökündə duran borc münasibətləri ilə bağlı normalarına istinad olunmalı, iddianın əsaslılığı həmin normaların tələblərinə uyğun olaraq yoxlanılmalıdır.

45. Daha sonra birinci instansiya məhkəməsi qeyd edilən iddia tələbini rədd edərkən öz əsaslandırmasında ilk növbədə göstərmişdir ki, cavabdeh iddiaçının istinad etdiyi qəbzi yazmasını etiraf etsə də, faktiki olaraq iddiaçını tanımamasını, onunla heç vaxt görüşməməsini, qəbzi iddiaçının qızı ilə aralarında olan digər pul məsələləri ilə bağlı sonuncunun bildirdiyi kimi yazmasını, qəbzdə göstərilən pul məbləği ilə Nəsimi RPİ-nin İŞnin icraatında olan cinayət işi üzrə Nümayəndə ondan tələb etdiyi pulların eyni olmasını, hazırda isə iddiaçının qızanı 180000 manat borcu olmasını göstərməklə iddiaya etiraz etmişdir.

46. Lakin birinci instansiya məhkəməsi cavabdehin bu məzmunlu etirazını hansı mötəbər dəlillərlə sübut etdiyini araşdırmamış, sadəcə mülahizələrlə ifadə olunan və işin həqiqi tərəfi olub-olmaması şübhə doğuran halları iddianın rədd olunması üçün əsaslardan biri hesab etmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə ədasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilməlidir ki, apelyasiya baxışı zamanı da cavabdehin qeyd olunan hallarla bağlı öz mötəbər dəlillərini təqdim edə bilməsi, o cümlədən ona qarşı irəli sürülən tələbin təkzib edilməsinə dair fikirlərini bildirməsi üçün məhkəmə iclasları dəfələrlə təxirə salınsa və bunun üçün ona şərait yaradılsa da, cavabdeh bu hüquqlarından istifadə etməmiş və etirazını təsdiq edən hər hansı adekvat hərəkətlər həyata keçirməmişdir.

47. Bundan əlavə birinci instansiya məhkəməsi öz mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, iddiaçının qızı Nümayəndə X5 və Cavabdeh onun etibarından sui-istifadə edərək 250000 manat pulunu mənimsəməsinə dair müraciəti əsasında cinayət işi başlanılmış və hazırda Nəsimi RPİ-nin İŞ-nin icraatındadır. Həmin iş üzrə izahatları alınmış Nümayəndə və Cavabdeh izahatlarında pul alınıb verilməsi ilə bağlı münasibətlərinin olmasını təsdiq etsələr də, heç biri İddiaçı adını qeyd etməmişdir. Başqa sözlə, Nümayəndə cavabdehi tək onu deyil, hətta atasını da aldatması, cavabdehin atasından külli miqdarda borc alması ilə bağlı heç nə göstərməmişdir. Hazırki iş üzrə cavabdeh tərəf Nümayəndə polisdəki izahatında göstərdiyi ərizənin hazırki iş üzrə istinad edilən qəbzin eyni olmasını, 27000 manatın da əlavə olaraq həmin qəbzə yazdırılmasını göstərsə də, iddiaçının nümayəndəsi bunu inkar etmiş və izahatında cavabdehin ona və atasına ayrılıqda borcunun olmasını təkidlə bildirmişdir.

48. Qeyd edilənlərə münasibətdə kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi hazırki mübahisəyə aidliyi tam sübut olunmayan bir cinayət işini iddiaçı ilə cavabdeh arasındakı mübahisəyə tətbiq etməklə yanlışlığa yol vermişdir. Belə ki, yuxarıda da göstərildiyi kimi iddiaçının qızı Nümayəndə ilə Cavabdeh və X5 arasında mövcud olmuş mübahisə 2023-cü ili əhatə etsə də, hazırki iş üzrə iddiaçının əsasında borcun qaytarılmasını tələb etdiyi qəbz isə xx.xx.2020-ci il tarixdə tərtib edilmişdir və bu münasibətlər arasında 3 ilə yaxın müddət mövcuddur.

49. O cümlədən həmin qəbzdə göstərilən pul məbləği ilə Nəsimi RPİ-nin İŞ-nin icraatında olan cinayət işi üzrə məhz Nümayəndə ondan tələb etdiyi pulların eyni olmasını təsdiq edən heç bir mötəbər sübut mövcud deyildir. Bu halda birinci instansiya məhkəməsi tərəfindən cavabdehdən hazırki işin predmetini təşkil edən borcun tələb edilməsi ilə bağlı subyektiv hüququn heç bir sübut olmadan iddiaçıya deyil, onun qızına aid edilməsi və cavabdehin 2 müxtəlif şəxslərlə tamamilə ayrı səpkilərdə qurduğu borc münasibətlərinin hansısa hüquqi və faktiki əsas olmadan eyniləşdirilməsi qanuni olmamış, bununla da iddiaçının qanunla qorunan mənafelərinin pozuntusu baş vermişdir.

50. Həmçinin birinci instansiya məhkəməsi öz qətnaməsində eyni sübut növünə tərəflərin verdikləri izahatlara bir-birindən fərqli səviyyədə qiymət verərək prosessual qanunvericiliyin tələblərinin ciddi pozuntusuna da yol vermişdir. Belə ki, məhkəmə öz qətnaməsində qeyd etmişdir ki, prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Buna görə də iddia ərizəsinin məzmunun və iddiaçının nümayəndəsinin izahatı özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Halbuki məhkəmə yuxarıda da qeyd edildiyi kimi cavabdeh tərəfindən verilən və hansısa mötəbər dəlilə əsaslanmayan izahatları iddianın əsassız sayılması üçün yetərli sübut qismində dəyərləndirmişdir və bununla da mülki prosessual qanunvericiliyin tələblərini pozmuşdur.

51. Belə ki, MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

52. Bundan başqa iş üzrə yazılı sübut, yəni Cavabdeh tərəfindən öz əlyazması ilə iddiaçının qızından və ya başqasından deyil, məhz iddiaçının özündən 25000 və əlavə olaraq 27000 manat pul alması barədə yazılmış qəbz olmasına və keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizası nəticəsində həmin qəbzdəki yazı və imzanın Cavabdeh özü tərəfindən icra edildiyi öz təsdiqini tapmasına baxmayaraq birinci instansiya məhkəməsi ehtimallara əsaslanmış, 2019-cu ilin əvvəllərindən cavabdehlə münasibətləri korlanan Nümayəndə atası, hazırki iş üzrə İddiaçı tərəfindən Cavabdeh xx.xx.2020-ci il tarixdə 250000 manat və 27000 manat pulu borc verməsini inandırıcı və ağlabatan hesab etməməsi səbəbindən işin həlli üçün önəm daşıyan sübutların düzgün qiymətləndirilməsini həyata keçirməmişdir.

53. Halbuki “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli qərarında da qeyd olunmuşdur ki, Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.

54. Çəkişmə prinsipinin əsasını, həmçinin tərəflərin prosessual hüquq bərabərliyi prinsipi təşkil edir. Bu prinsipə görə, tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün hüquqi cəhətdən tam bərabər imkana malik olmalıdırlar. Bu imkanlar qanunla və məhkəmə tərəfindən təmin edilir. Mülki prosessual qanunvericilik tərəflərə eyni hüquqlar verir. Buna görə də prosesdə tərəflərdən heç biri prosessual hüquqların həcminə görə digəri qarşısında üstünlüyə malik deyildir. Tərəflərin prosessual bərabərliyi prosesin çəkişmə prinsipi əsasında həyata keçirilməsinə şərait yaradır. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.

55. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Yuxarıda göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, mülki məhkəmə icraatında Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır.

56. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.

57. Konstitusiya Məhkəməsinin Plenumu 2009-cu ilədək qəbul etdiyi iki qərarda “obyektiv həqiqət” sözlərindən istifadə etsə də, Konstitusiyanın 125-ci maddəsinə edilmiş əlavədən sonra həqiqət prinsipinə məhz dispozitivlik və tərəflərin çəkişmə prinsipləri ilə əlaqəli şəkildə baxmışdır. Bununla bağlı olaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib bilir ki, Konstitusiyada təsbit olunmuş tərəflərin çəkişməsi prinsipi və əsl (obyektiv) həqiqət bir araya sığmayan məfhumlardır.

58. Beləliklə, qeyd olunanlar kontekstində məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını lazımi qaydada aydınlaşdırmamış, iş üzrə mövcud olan sübutlara düzgün qiymət verməmiş, bununla da iddiaçının qanuni mənafelərinə toxunan qətnamənin qəbul edilməsinə zəmin yaratmışdır.

59. Həmçinin qeyd olunmalıdır ki, istər apelyasiya şikayətində, istər məhkəmə iclası zamanı iddiaçının nümayəndəsi cavabdeh tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsi qəbul olunduqdan sonra iddiaçıya olan borcun 30.000 manat məbləğində ödənildiyini bildirmişdir. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.

60. Buna görə də iddiaçıya ödənilməli olan 250.000 manat və 27.000 manat, ümumilikdə 277.000 manat məbləğində pulun 30.000 manat məbləğində olan hissəsi iddiaçıya geri ödənildiyindən iddia tələbinin həmin hissədə təmin olunmasına hansısa zərurət qalmamış olur.

61. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəyə tətbiq edilməli olan maddi hüququ normasını düzgün tətbiq etməmiş, işin bütün hallarını lazımi qaydada araşdırmamış və bu halların hərtərəfli qiymətləndirilməsini həyata keçirməmişdir. Buna görə də iddiaçının apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia qismən təmin edilməli, 247.000 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

62. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

63. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

64. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

65. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

66. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

67. Kollegiya hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 567 manat məbləğində dövlət rüsumunun iddianın təmin edilən hissəsinə mütənasib olaraq 504,63 (504 manat altmış üç qəpik) manat məbləğində olan hissəsinin əvəzi, o cümlədən apellyasiya şikayəti ilə bağlı ödənilmiş 285 manat məbləğində dövlət rüsumunun 253.65 manat məbləğində olan hissəsinin əvəzi Cavabdeh alınaraq İddiaçı ödənilməlidir.

68. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)- 113/2024 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh 247.000 (iki yüz qırx yeddi min) manat məbləğdə pul vəsaiti və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 567 manat məbləğində dövlət rüsumunun 504,63 (beş yüz dörd manat altmış üç qəpik) manat məbləğində olan hissəsinin əvəzi tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Apellyasiya şikayəti ilə bağlı ödənilmiş 285 manat məbləğində dövlət rüsumunun 253.65 manat məbləğində olan hissəsinin əvəzi Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar