Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3342/2025 17.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (açar sözlər: maddi ziyan tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Quluzadə Jalə Vadət qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(006)-91/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilən çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəorğlu küçəsi, ev 183, mənzil 4 xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilən xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, B.Səfəroğlu küçəsi, ev 183, 9 saylı mənzil xx.xx.2021-ci il tarixdə Cavabdeh adına ilkin qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. “X5 və Ekspertiza Mərkəzi” MMC tərəfindən İddiaçı verilən 30 avqust 2023-cü il tarixli, № 136 arayışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi, ev 183-də yerləşən 4 saylı mənzilə su sızması nəticəsində dəymiş zərərin müəyyən edilməsinə dair 300 (üç yüz) manat xidmət haqqı “X5 və Ekspertiza Mərkəzi” MMC-nin hesabına köçürülmüşdür. “X5 və Ekspertiza Mərkəzi” MMC tərəfindən verilən 03 iyul 2023-cü il tarixli, № 91 mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi, ev 183-də yerləşən 4 saylı mənzilə yuxarı mərtəbədə yerləşən mənzildən su sızması halları baş vermiş və bu su sızması rəyin tədqiqat hissəsində göstərilən amillərdən baş verə bilər. Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi, ev 183-də yerləşən 4 saylı mənzildə su sızması nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün tələb vəsait hazırki bazar qiymətlərinə uyğun olaraq dəyəri təqribən 1992,20 manat məbləğində müəyyən edilir. Hüquqi yardımın göstərilməsi haqqında 20 iyul 2023-cü il tarixli, 30/23 nömrəli müqavilədən görünür ki, iddiaçı X2 Vəkil tərəfindən hüquqi yardım göstərilməsi məqsədilə tərəflər arasında müqavilə bağlanmış və bununla bağlı iddiaçı tərəfindən 500 (beş yüz) manat məbləğində pul ödənilmişdir. Nəsimi RPİ-nin 22-ci PŞ tərəfindən verilən xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, ünvan 1 ünvanında yaşayan vətəndaş X6 şikayəti ərizəsi ilə şöbəyə müraciət edərək, yaşadığı mənzilə, yəni ünvan 2 ünvanına üst qonşu tərəfindən su axıdılmasını, mənzilin yararsız vəziyyətə düşməsini, qanuni tədbir görülməsini qeyd etmiş, qarşı tərəf isə ona göstərilən xüsusatların mülki xarakterli olduğundan məhkəmə orqanlarına müraciət etməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspetizası Mərkəzinin 28 noyabr 2024-cü il tarixli, 10/5550 nömrəli ekspert rəyindən görünür ki, ünvan 3 ünvanında yerləşən mənzilin tikililərinin konstruktiv elementləri (tavan divar) üzərində qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu, tədqiq olunan tikililərin planlı yerləşmə vəziyyətini, iddiaçının qeyri-yaşayış sahəsinin tikililərinin konstruktiv elementləri (tavan) üzərində qüsurlar olduğunu nəzərə alaraq, qeyri-yaşayış sahəsinə yuxarı mərtəbədə yerləşən 9 saylı mənzildən su axdığı müəyyən edilmişdir. Lakin cavabdehin mənzilinin su və kanalizasiya xətlərinin göz ilə görünə bilən hissələrində heç bir qüsur aşkar olunmadığına görə, su sızmanın dəqiq səbəbini müəyyən etmək mümkün olmadı. Su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, qeyri-yaşayış sahəsinə suyun sızması 9 saylı mənzilin su, kanalizasiya boru xətlərində qəza yaranması və ya 9 saylı mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilər. Təmir-tikinti işlərinin müddətinin müəyyən edilməsinə dair metodika olmadığından qərardadın 3-cü sualı üzrə tədqiqat aparılmamışdır. Bakı şəhəri Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi, 183 saylı evin 4 saylı mənzildə su sızma nəticəsində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 1914,0 manat məbləğində müəyyən edilir. Ekspertiza xərcinə dair xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 (bir yüz) manat təşkil edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi, ev 183 ünvanda yerləşən 4 saylı mənzilin mülkiyyətçisi İddiaçıdır. İddiaçının mənzilindən üst mərtəbəsində yaşayan Cavabdeh məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi, ev 183, 9 saylı mənzilindən dəfələrlə su axması olmuşdur – xx.xx.2021- ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2023-cü il. Su axması nəticəsində iddiaçının mülkiyyətində olan mənzilin təmirinə xeyli məbləğdə ziyan vurulmuşdur. Baş vermiş bu hadisələrlə bağlı iddiaçının atası X6 xx.xx.2023-cü il tarixdə şikayət ərizəsi ilə Nəsimi RPİ-nin 22-ci PB-nə müraciət etmişdir. Ərizə ilə bağlı araşdırma aparılmışdır. Araşdırma zamanı X3 adlı bir şəxs izahat verərək, Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi, ev 183, 9 saylı mənzilin sahibləri onun valideynləri olduğunu bildirmişdir. Həmin şəxsin bildirdiyinə görə su axıntısı onun valideynlərinin səhlənkarlığı nəticəsində baş verməmiş, binanı inşa edən şirkətin binanın üstündə olan tikinti tullantılarının təmizlənməsi, su axımı noçaların, tutulması nəticəsində baş vermişdir. Bu, əslində belə deyil. İddiaçının mənzilinə su başqa səbəbdən, cavabdehin mənzildə quraşdırdığı qurğuya lazımi xidmət göstərməməsi nəticəsində baş vermiş qəza səbəbindən axıdılmışdır. Belə ki, iddiaçı tərəfindən cəlb olunmuş "xxxx" MMC hər iki mənzilə baxış keçirərək, 91 №-li, xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi vermişdir. Rəydə qeyd olunur ki, tədqiq olunan Bakı şəhəri, Nəsimi rayonu, Bakı Səfəroğlu küçəsi, ev 183də yerləşən 4 saylı mənzilə baxış keçirən zaman xx.xx.2019-cu il tarixli texniki pasportunda göstərilən 8 saylı lociyanın 3 və 4 saylı yaşayış otaqlarının tavanlarında boya qatırının şişməsi, sarımtıl su sızma izlərinin olduğu, 4 saylı yaşayış otağının divar kağızının qopması və sarımtıl su sızması izlərinin olduğu müəyyən edildi. Su sızmanın səbəbini müəyyən etmək Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi, ev 183-də yerləşən 4 saylı mənzilin üst mərtəbəsində yerləşən 9 saylı mənzilə baxış keçirilən zamanı ev sahibinin şifahi ifadələrinə və təqdim olunmuş fotoşəkillərə əsasən lociyada quraşdırılmış kombinin üstü metal boru şlanqla birləşmə hissəsində qəza baş verməsi nəticəsində lociyaya su axıdılmışdır. Baxış zamanı həqiqətən də həmin hissədə üstü melal torlu şlanqın yenisi ilə dəyişdirildiyi müəyyən edilmişdir. Həmçinin, mənzilin yaşayış otağının daxilində quraşdırılmış kondisionerin su axımının yaşayış otağının qarşısında olan açıq eyvandan keçən diametri 50.0 mm olan plastik kanalizasiya xəttinə deşilərək qoşulduğu, açıq eyvanda yerə doşənmiş metlaxın döşəmədə quraşdırılmış trapa doğru mailliyinin olmadığı müəyyən edilmişdir. Bütün bu göstərilən halları nəzərə almaqla müəyyən olunur ki, həqiqətən də Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi, ev 183-də yerləşən 9 saylı mənzildən su sızaraq bu mənzilin alt mərtəbəsində yerləşən 4 saylı mənzildə aparılmış təmir işlərinə ziyan dəymişdir. Mənzilin daxilində su sızma izlərinin yaranması aşağıdakı səbəbdən baş verə bilər: Kanalizasiya xəttinin tıxaclanmasından; Sudan nəzarətsiz istifadə edilməsindən; Su xətlərində yaranmış hər hansı bir qəzadan; Kanalizasiya xətlərinin karroziyaya uğramasından və s. Rəylə iddiaçıya məxsus mənzilinə su sızması nəticəsində mənzilin təmirində yaranmış qüsurların aradan qaldırılması üçün 1992,20 (bir min doqquz yüz doxsan iki manat, iyirmi qəpik) xərc tələb olunduğu müəyyən olunmuşdur. İddiaçının mənzilinə su axıdılması nəticəsində iddiaçının sahibi olduğu mənzilin təmirinə 1992,20 (bir min doqquz yüz doxsan iki manat, iyirmi qəpik) tələb olunmaqla, bu ziyanın müəyyən olunması üçün vəkil xidmətinə görə 500 (beş yüz) manat məhkəməyə iddia ərizəsinin verilməsi üçün 40 (qırx) manat dövlət rüsumu ödəmişdir. Qeyd olunan xərclər Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən İddiaçı sahibliyində olan ünvan 4 ünvanında yerləşən 4 saylı mənzilinə suyun axıdılması nəticəsində iddiaçıya vurulmuş 1992,20 (bir min doqquz yüz doxsan iki manat, iyirmi qəpik) məbləğində maddi ziyan, "xxxx" MMC-yə ödənilmiş 300 (üç yüz) manat, hüquqların bərpası üçün vəkil xidmətinə görə ödənilmiş 500 (beş yüz) manat, məhkəməyə iddia ərizəsinin verilməsi üçün ödənilmiş 48 (qırx səkkiz) manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Daha sonra İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə müraciət edərək, onun sahibliyində olan Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi, ev 183 ünvanında yerləşən 4 saylı mənzilinə suyun axıdılması nəticəsində ona vurulmuş 1992,20 (bir min doqquz yüz doxsan iki manat, iyirmi qəpik) manat məbləğində maddi ziyan, "xxxx" MMC-yə ödənilmiş 300 (üç yüz) manat, hüquqlarının bərpası üzrə vəkil xidmətinə görə ödənilmiş 500 (beş yüz) manat, məhkəməyə iddia ərizəsinin verilməsi üçün ödənilmiş 48 (qırx səkkiz) manat dövlət rüsumunun Cavabdeh tutularaq ona verilməsi, cavabdehin üzərinə iddiaçının mənzilinə suyun axıdılmasının qarşısının alınması üçün bütün tədbirlərin, o cümlədən santexniki qurğuların dəyişdirilməsi və yararlı vəziyyətdə saxlanılması öhdəliyin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə hazırki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(006)-91/2025 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh vurulmuş maddi zərərin əvəzi kimi 1914 (min doqquz yüz on dörd) manat, həmçinin vəkil xərci kimi ödənilmiş 300 (üç yüz) manat olmaqla ümumilikdə 2210 (iki min iki yüz on) manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması, iş üzrə ödənilmiş dövlət rüsumunun 44.14 (qırx dörd manat, on dörd qəpik) manat hissəsinin Cavabdeh alınaraq İddiaçı verilməsi, ödənilmiş dövlət rüsumunun qalan hissəsinin iddiaçıya aid edilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 (bir yüz) manat məbləğində pulun Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması nəticəsində ekspert rəyi əsasında iddiaçının mənzilinə cavabdehin mənzilindən su sızması və susızma nəticəsində iddiaçıya 1914 manat məbləğində zərər dəyməsi müəyyən edildiyindən, məhkəmə sözügedən rəyi hazırki iş üzrə sübut növü kimi qəbul edərək hesab etmişdir ki, iddia tələbi “1992.20 manat məbləğində maddi ziyanın ödənilməsi” hissəsində qismən təmin edilməli, Cavabdeh maddi ziyanın əvəzi kimi 1914 manat məbləğində pul alınaraq İddiaçı verilməli, tələb qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd etmişdir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəy hazırki iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Məhkəmə iddia tələbinin “X5 və Ekspertiza Mərkəzi” MMC-nin hesabına ödənilmiş 300 (üç yüz) manat hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı tərəfindən ödənişlə əlaqədar sübut təqdim edilsə də, məhkəmə iddianın bu hissədə təmin edilməməsi qənaətinə gəlir. Belə ki, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə, məhkəmə eksperti (ekspert)-məhkəmə ekspertizasının aparılması həvalə olunmuş, məhkəmə ekspertizasının predmetinə aid olan xüsusi məsələlərə dair zəruri biliyə malik olan və işin nəticəsində marağı olmayan, məhkəmə eksperti şəhadətnaməsi almış şəxsdir. Həmin Qanunun 11-ci maddəsinə görə, bu maddənin birinci və ikinci hissələrində göstərilən tələblərə cavab verən şəxs məhkəmə eksperti qismində fəaliyyət göstərmək üçün məhkəmə eksperti şəhadətnaməsini (bundan sonra - şəhadətnamə) almalıdır. Özəl məhkəmə ekspertlərinə şəhadətnamələr müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. Şəhadətnamənin verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Şəhadətnamə almış şəxs barədə ətraflı məlumat müvafiq icra hakimiyyəti orqanı tərəfindən dərhal Məhkəmə Ekspertləri Reyestrinə daxil edilir. Şəxs yalnız şəhadətnamə aldıqdan və barəsində məlumat Reyestrə daxil edildikdən sonra məhkəmə eksperti qismində fəaliyyət göstərə bilər. İddiaçı tərəfindən məhkəməyə rəyi təqdim edilmiş “X5 və Ekspertiza Mərkəzi” MMC-yə özəl məhkəmə ekspertizası fəaliyyəti ilə məşğul olmaq üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən Şəhadətnamə verilməsi, həmin qurumun Məhkəmə Ekspertləri Reyestrinə daxil edilməsi işdən müəyyən edilmədiyinə görə, həmçinin iddiaçı özü müstəqil qaydada özü tərəfindən könüllü qaydada ekspertə (mütəxəssisə) müraciət etdiyindən həmin ödəniş qarşı tərəfdən tələb edilə bilməz. Məhkəmə iddia tələbinin hüquqi yardım üçün ödənilmiş 500 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, həmin hissədə də tələb əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi iddiaçı tərəfindən vəkilə hüquqi yardım xərci olaraq ümumilikdə 500 manat məbləğində pul ödənilmişdir. Hazırda iddia qismən təmin edildiyi üçün məhkəmə Cavabdeh hüquqi yardım xərcinin əvəzi kimi iddiaçının tələb etdiyi həddə yox, 300 manat məbləğində tutulmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə iddia tələbinin ödənilmiş 48 manat məbləğində dövlət rüsumunun tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, iddia tələbi həmin hissədə qismən əsaslıdır və təmin edilməlidir. Belə ki, iddiaçının iddia tələbinə münasibətdə təmin edilən hissəsi yalnız 2210 manat (maddi ziyana görə 1914 manat + vəkil xərci 500 manat (300 manat azaldılnan hissə)) olmuşdur ki, bu halda da ödənilmiş dövlət rüsumunun 44.14 manatı Cavabdeh iddiaçının xeyrinə tutulmalı, dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir. Məhkəmə iddia tələbinin “cavabdehin üzərinə iddiaçının mənzilinə suyun axıdılmasının qarşısının alınması üçün bütün tədbirlərin, santexniki qurğuların dəyişdirilməsi və yararlı vəziyyətdə saxlanılması öhdəliyinin qoyulması” hissəsinə münasibətdə isə qeyd etmişdir ki, hər bir tərəfin öz tələb və etirazlarının əsasını təşkil edən halları sübut etmək vəzifəsi daşıması barədə mülki prosessual qanunvericiliyin tələbinə müvafiq olaraq, cavabdehin mənzilindəki santexniki qurğularında qüsurlar olduğunu və susızmanın səbəbi olmasını iddia edən iddiaçı həmin dəlilləri sübut etmək vəzifəsini daşımışdır. Lakin iş materiallarından görünür ki, iddiaçı həmin dəlillərə dair heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmiş, sözügedən dəlillər formal mülahizələrdən ibarət olmuşdur. Məhkəmə tərəfindən təyin edilmiş ekspertiza nəticəsində də bu dəlillərin doğruluğu öz təsdiqini tapmamışdır. Belə olan halda, cavabdehin mənzilinin santexniki qurğularında qüsur olması iddiaçı tərəfindən müvafiq qaydada sübuta yetirilmədiyindən məhkəmə hesab etmişdir ki, iddia tələbinin “cavabdehin üzərinə iddiaçının mənzilinə suyun axıdılmasının qarşısının alınması üçün bütün tədbirlərin, santexniki qurğuların dəyişdirilməsi və yararlı vəziyyətdə saxlanılması öhdəliyinin qoyulması” hissəsi təmin edilməməlidir. Məhkəmə həmçinin iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 (bir yüz) manat məbləğində pulun Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməli olması qənaətinə gəlmişdir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096, 1097.1, 1111.2, 1115-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 88, 101.3, 103.1, 107, 115.0.1, 119.1, 121.1, 217.3, 217.4-cü maddələrinə, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1, 11-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Cavabdeh Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(006)- 91/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək onun mülkiyyətində olan ünvan 5, mənzil4 saylı mənzilə Cavabdeh sahibliyində olan ünvan 5 ünvanında yerləşən 9 saylı mənzilindən dəfələrlə su axması ilə əlaqədar olaraq ona vurulmuş, 1992,20 manat məbləğində maddi ziyanın, Hüquq məsələləri və Ekspertiza Mərkəzi MMC-nə ödənilən 300 manat məbləğin, göstərilmiş hüquqi xidmətə görə 500 manat vəkil xərcinin və məhkəməyə ödənilən 48 manat məbləğində rüsumun Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(006)- 91/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək maddi zərərin əvəzi kimi 1914 manat və hüquqi xidmətin göstərilməsi üçün 300 manat vəkil xərci, həmçinin 44.10 manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər bir şəxs ədalətli məhkəmə araşdırması hüququna malikdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e2(006)-91/2025 saylı qətanməsi ilə ədalətli qərar qəbul edilməyərək, obyektiv qiymətləndirmə olmamışdır. Bu da öz növbəsində müvafiq maddədə nəzərdə tutulan hüququn pozulması ilə nəticələnmişdir. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Cavabdeh yalnız öz mülkiyyətində və istifadəsində olan sahəyə görə məsuliyyət daşıyır. Suyun sızdığı boru xətti cavabdehin mülkiyyətində olan mənzilin daxilində yerləşmir və onun sərəncamında deyil. Həmin boru su axıdıcı sistem olmaqla binanın ümumi sahəsinə (su və kanalizasiya sisteminə) aiddir. Su axıntısına səbəb olan boru binanın ümumi kommunikasiya xətlərinə daxil olduğu üçün Cavabdeh kommunikasiya xətlərinə daxil olduğu üçün Cavabdeh şəxsi istifadəsi və nəzarəti altında deyil. Buna görə məsuliyyət Cavabdeh deyil, bina üzrə idarəedici təşkilatın üzərinə düşür. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Ziyanın ödənilməsi üçün mütləq şəkildə zərərvuranın təqsiri sübuta yetirilməlidir. Birinci instansiya məhkəməsi sızmanın yuxarı mənzildən baş verdiyini əsas götürmüş, lakin onun hərəkətlərində (və ya hərəkətsizliyimdə) təqsir elementi olub-olmadığını araşdırmadan qərar qəbul etmişdir. Halbuki təqsirsiz şəxs zərərə görə məsuliyyət daşımamalıdır. Ekspertiza rəyində yuxarı mənzildən su sızmasının qeydə alındığı göstərilsə də, həmin sızmanın konkret olaraq onun səhlənkarlığı, texniki qaydalara zidd hərəkəti və ya təmir işləri nəticəsində baş verdiyi sübuta yetirilməmişdir. Mənzilində heç bir təmir işi aparılmamış, santexnika sistemi isə daimi işlək və nəzarətdə saxlanılmışdır. Sızmanın səbəbi ümumi binadakı kommunikasiya sistemlərindəki problemlə bağlıdır və bu da onun məsuliyyətində deyil. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İddiaçı tərəfindən irəli sürülən 1992 manatlıq maddi ziyan tələbi real xərclərlə əsaslandırılmamışdır. Tələb olunan məbləğ həddindən artıqdır və ziyanın dəqiq dəyəri üzrə heç bir obyektiv qiymətləndirmə təqdim olunmayıb. Zərərin ödənilməsi üçün təqsir, səbəb-nəticə əlaqəsi və sübutların qiymətləndirilməsi mütləqdir. Hazırkı işdə bu meyarların heç biri tam şəkildə təmin edilməmişdir. Bina və ya qurğunun mühəndis-kommunikasiya təminatı sistemi, obyektlərin istismarı üçün zəruri olan qaz, istilik, rabitə, elektrik, su və kanalizasiya təminatı vasitələrindən və qurğularından ibarətdir. Bina və ya qurğunun mühəndis-kommunikasiya təminatı, obyektin təyinatına uyğun olaraq istismar olunması üçün kifayət etməli və onun istismar zamanı təhlükəsizlik qaydalarının tələblərinə cavab verməlidir. Sızma binanın ümumi su və kanalizasiya xətlərindən, borularından baş vermişsə, bu artıq fərdi mülkiyyətə deyil, ümumi bina sahəsinə aiddir. Binada ümumi kommunikasiya xətləri mövcuddur. Sızmanın ümumi bina sahəsinə aid olan borudan qaynaqlanması onun şəxsi məsuliyyəti deyildir. Məhkəmə qətnaməsi qanuni və əsaslı olmalıdır. Qeyd edir ki, Nəsimi Rayon Məhkəməsi tərəfindən işin halları tam hərtərəfli araşdırılmamışdır. Yekun məhkəmə aktı çıxarılan zaman obyektiv yanaşma sərgilənməmişdir. İddiaçı öz ərizəsində qeyd etmişdir ki, onun tərəfindən cəlb edilən "xxxx" MMC hər iki mənzilə baxış keçirmiş və xx.xx.2023-cü il tarixli 91№-li mütəxəssis rəyi vermişdir. Lakin onun ünvan 5 ünvanında yerləşən mənzilinə sözügedən baxış keçirilməmişdir. Mənzilin su və kanalizasiya xətlərinə mərkəz tərəfindən heç bir baxış keçirilməmişdir. Adıçəkilən mərkəzin əməkdaşı sadəcə binanın qarşısında dayanaraq, mənzilin içərisinə daxil olmadan, mənzilə texniki baxış keçirmədən, eləcədə akt və digər sənədləri tərtib etmədən rəy hazırlamışdır. Bu rəy etibarsız və qanunvericiliyin tələblərinə zidd olduğu üçün sübut kimi qəbul edilə bilməz. Ekspertiza aparan şəxs yalnız qapıda dayanaraq, mənzilin içini yoxlamayıbsa, bu həmin mərkəz tərəfindən verilən rəyin qeyriobyektiv olmasının sübutudur. Ancaq buna baxmayaraq iddiaçı tərəfindən məhkəməyə mütəxəssis rəyi təqdim edilmiş və məhkəmə araşdırma aparmadan bu rəyi sübut qismində qəbul etmişdir. xx.xx.2024-cü il tarixli 10/5550 ekspert rəyində də qeyd edilmişdir ki, ünvan 5 ünvanında yerləşən 9 saylı mənzilin su və kanalizasiya xətlərində göz ilə görünə bilən heç bir qüsur aşkar edilməmişdir. Həmçinin sızmanın səbəbinin dəqiq nədən ibarət olduğu müəyyən etmək mümkün olmamışdır. Ekspert rəyi ilə sızmanın qeyd edilən mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verdiyi güman edilmişdir. Sızmanın yuxarı mənzildən olduğu qeyd edilsə də, bu sızmanın ona aid olan hansısa konkret sistemdən baş verdiyi və onun səhlənkarlığı ilə əlaqəli olduğu göstərilməmişdir. Çünki sızmaya səbəb olan borunun onun mənzilinin yerləşdiyi sahə ilə əlaqəsi yoxdur. Lakin məhkəmə, ekspertiza rəyi ilə təqsiri birbaşa əlaqələndirmişdir. Məhkəmə tərəfindən 44.10 manat məbləğində dövlət rüsumunun və 300 manat məbləğində vəkil xərcinin və 1914 manat məbləğində maddi ziyanın cavabdehdən tutulması qət edilmişdir. Bu səbəbdən məhkəmənin yanaşması obyektiv olmamış, qətnaməsi isə əsassızdır. Bu baxımdan qəbul edilmiş məhkəmə qətnaməsi ləğv olunmalıdır. İddiaçı onun təqsiri nəticəsində zərər gördüyünü sübut etməli idi, lakin bu sübut edilmədən qərar çıxarılmışdır. Mütəxxəssis rəyinin etibarsızlığını və birinci instansiyada sübutların natamam araşdırıldığını nəzərə alaraq və Mülki Prosessual Məcəllənin müvafiq maddələrini rəhbər tutaraq bildirir ki, nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar məhkəmə tərəfindən tam aydınlaşdırılmamışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmiş, Cavabdeh nümayəndəsi Nümayəndə elektron məhkəmə informasiya sistemində yaradılmış e-kabineti vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə baxış iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəyinə görə məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmiş, iddiaçı tərəf gəlməməsinin səbəbləri barədə məlmat verməmişdir. Bu səbəbdən də Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi İ. Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. İİİ. Məhkəmə hakimiyyəti Konstitusiya, mülki və cinayət məhkəmə icraatı vasitəsilə və qanunla nəzərdə tutulmuş digər vasitələr ilə həyata keçirilir. Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Maddə 127. Hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri İ.Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. İİ. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Maddə 129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1111.2. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Sübutlar qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı işdə iddia qismən təmin olunduğundan, cavabdeh qətnaməni tam mübahisələndirsə də, iddia tələbləri qismən təmin edildiyi üçün, qətnamənin əsaslığı faktiki olaraq mübahisələndirilən hissədə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, tədqiq olunan sübutlardan müəyyən olunur ki, Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi, ev 183, 4 saylı mənzil İddiaçı, həmin mənzilin üst mərtəbəsində yerləşəm 9 saylı mənzil isə Cavabdeh məxsusdur. Cavabdehin mənzili iddiaçının mənzilinin üstündə yerləşir. İddiaçı cavabdehin mənzilində quraşdırılan qurğuya lazımi xidmət göstərilməməsi nəticəsində onun mənzilinə su axıdılmasını, buna görə ona 1992.20 manat məbləğində maddi ziyan dəydiyini iddia edərək, ziyanın əvəzinin və məhkəmə xərclərinin cavabdehdən tutularaq ona verilməsini, cavabdehin üzərinə iddiaçının mənzilinə suyun axıdılmasının qarşısının alınması üçün bütün tədbirlərin, santexniki qurğuların dəyişdirilməsi və yararlı vəziyyətdə saxlanılması öhdəliyinin qoyulmasını tələb edir. İş üzrə xüsusi bilik tələb edən sualların cavablandırılması zəruri olduğundan, birinci instansiya məhkəməsi tərəfindən müvafiq ekspertiza tədqiqatı aparılmış Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyi ilə müəyyən edilmişdir ki, ünvan 3 ünvanında yerləşən mənzilin tikililərinin konstruktiv elementləri (tavan divar) üzərində qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu, tədqiq olunan tikililərin planlı yerləşmə vəziyyətini, iddiaçının qeyriyaşayış sahəsinin tikililərinin konstruktiv elementləri (tavan) üzərində qüsurlar olduğunu nəzərə alaraq, qeyri-yaşayış sahəsinə yuxarı mərtəbədə yerləşən 9 saylı mənzildən su axdığı, lakin cavabdehin mənzilinin su və kanalizasiya xətlərinin göz ilə görünə bilən hissələrində heç bir qüsur aşkar olunmadığına görə, su sızmanın dəqiq səbəbini müəyyən etmək mümkün olmadığı, su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, qeyri-yaşayış sahəsinə suyun sızması 9 saylı mənzilin su, kanalizasiya boru xətlərində qəza yaranması və ya 9 saylı mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilməsi, Bakı şəhəri Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi, 183 saylı evin 4 saylı mənzildə su sızma nəticəsində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 1914,0 manat məbləğində olması müəyyən edilmişdir. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, bu dəlillər cavabdehin mülki məsuliyyətdən yaınmaq xarakteri daşımaqla mübahisələndirilən məhkəmə aktının ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, cavabdeh etirazında istinad etdiyi halları sübut etmək vəzifəsi daşıyır. Apellyasiya şikayətinin dəlillərində cavabdeh iddiaçının mənzilinə su axıdmadığını bildirsə də, bu halı təsdiq edə biləcək hər hansı bir sübutunu məhkəməyə təqdim etməmişdir. Mülki iş üzrə keçirilən ekspertiza tədqiqatı və tədqiq olunan digər sübutlarla iddiaçının mülkiyyətində olan mənzilə cavabdehin mülkiyyətində olan mənzildən su axıdılması faktı öz təsdiqini tapdığından, birinci instansiya məhkəməsi apardığı tədqiqat zamanı gəldiyi nəticəsini qəbul etdiyi məhkəmə aktında kifayət qədər aydın şəkildə şərh edərək iddia tələblərini qismən təmin edib, iş üzrə məhkəmə xərclərini ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edərkən düzgün qərar qəbul etdiyindən, məhkəmə kollegiyası hər hansı bir sübuta söykənməyən apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Ona görə də cavabdeh tərəfindən mübahisələndirilən məhkəmə aktı şikayət verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 35-ci maddəsinin 3cü bəndinin tələbinə əsasən, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vemə hüququndan sui-istifadə edilmiş hesab edilərsə qəbul olunmayan elan edilə bilər. Kollegiya eyni zamanda qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan hazırkı qətnamədən kassasiya şikayətinə yol verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(006)-91/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-3342/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3342/2025
17.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver