Məhkəmə qərarları › İş №2(103)-3343/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3343/2020

18.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3343/2020 18.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Sarıyevin sədrliyi ilə, X4 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Axundovanın katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh, X1 iştirakları ilə, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 15 noyabr 2019-cu il tarixli, 2(009)-2879/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsas borc kimi 75.000 ABŞ dolları və 5000 ABŞ dolları Mərkəzi Bankın müəyyən etdiyi uçot dərəcəsinə əsasən hesablanmış faiz borcunun tutularaq, ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçı ilə 22 iyun 2017-ci il tarixdə kredit müqaviləsi bağlamışdır. Cavabdeh 75000 ABŞ dolları məbləğdə pulu iddiaçıdan borc alır və 22 iyun 2018-ci il tarixədək tam həcmdə qaytarmağı öhdəsinə götürür. Lakin cavabdeh aldığı 75000 ABŞ dolları məbləğində pulu müqavilədə nəzərdə tutulmuş müddətin başa çatmasına baxmayaraq hazırkı vaxtadək qaytarmamış, bununla da müqavilə ilə üzərinə götürdüyü öhdəliklərin icrasından yayınmışdır. 22.06.2018-ci il tarixində ödənilməli olan 75000 ABŞ dolları məbləğində pulun qətnamə çıxarılan günədək gecikdirilməsi müqabilində cavabdehdən ililk 5% məbləğində pul tutulmalıdır. Göstərilənlərə əsasən iddianın təmin olunması xahiş olunur. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 15 noyabr 2019-cu il tarixli, 2(009)-2879/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 22.06.2017-ci il tarixli “Kredit Müqaviləsi”nə əsasən 17500 ABŞ dolları və həmin məbləğə illik 5% (beş faiz) dərəcəsi ilə hesablanmış 1239,60 ABŞ dolları məbləğində pul vəsaiti olmaqla, ümumilikdə 18739,60 ABŞ dolları məbləğində pul vəsaitinin, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun 15 manat hissəsinin Cavabdeh tutulub İddiaçı ödənilməsi qət olunmuşdur. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 15 noyabr 2019-cu il tarixli, 2(009)-2879/2019 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində qeyd olunur ki, iddiaçının əsaslandığı müqavilə tam formal xarakterli olmaqla əslində görünüş üçün bağlanmışdır. Bildirir ki, qeyd olunan pul məbləği heç vaxt ona verilməmiş, onun tərəfindən heç bir məbləğ qəbul edilməmişdir. O, dəfələrlə İddiaçı məhkəmə prosesində iştirak etməsini tələb etsə də o, məhkəmə proseslərində iştirakdan yayınmışdır. Çünki özü də yaxşı bilirdi ki, onlar arasında borc alınması, hər hansı pul məbləğinin verilməsi mövcud olmamışdır. Halbuki, Azərbaycan Respublikasının MM-in 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiqolaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Notariat haqqında qanuna görə Daşınmaz əmlaka və daşınar əmlakın rəsmi reyestrlərində qeydə alman əmlaka sərəncam verilməsi, habelə pul bağışlanılması, beh və borc verilməsi, eləcə də ilkin müqavilə üzrə ödənilən məbləğlə bağlı müqavilələr notariat qaydasında təsdiq edilərkən, pul vəsaitinin tərəflərdən birinin digərinə verilməsi və qaytarılması notariusun bankda açdığı depozit hesabı vasitəsilə həyata keçirilir. Lakin işə baxan məhkəmə həqiqətən İddiaçı tərəfindən ona qeyd olunan məbləğin verilib-verilməməsi, müqavilənin həqiqtən də borc vermək məqsədi ilə bağlandığını tam araşdırmamaqla MPM-in 14, 88-ci maddəslərinin tələblərini pozmuşdur. İş materiallarından göründüyü kimi İddiaçı tərəfindən hər hansı bir hesaba pul qoyulmamışdır. Çünki əslində məsələnin mahiyyəti İddiaçı həyat yoldaşı Yakub Atılgan ilə Şahun Beydilli arasında alğı-satqı münasibətlərinə aid idi. Onunla bağlanan müqavilə isə tam formal xarakter daşıyırdı. İddia tələbinin təmin olunmuş 1 239,99 ABŞ dolları faiz borcunun tutulması hissəsinə münasibətdə isə bildirir ki, iddiaçı ilə aralarında borc münasubəti yaranmadığından və iddia əsassız olduğundan qətnamə bu hissədə də ləğv olunmalı, iddia tələbi bütünlüklə rədd edilməlidir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etdi, izahatında qeyd etdi ki, birinci instansiya məhkəməsində ona tərcüməçi təqdim olunmamışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi, izahatında əlavə olaraq qeyd etdi ki, tərəflər arasında notariat qaydasında təsdiq olunmuş kredit müqaviləsi vardır. Həmin kredit müqaviləsi qüvvəsindədir. Bundan əlavə cavabdeh bildirir ki, iddiaçı ilə onun arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibəti olmayıb. Bununla bağlı qeyd olunmalıdır ki, cavabdehin özünün təqdim etdiyi notariat qaydada təsdiq olunmuş ərizədə iddiaçı cavabdehdən hazırki kredit müqaviləsi üzrə 57500 ABŞ dollarını almasını qeyd edib. Bu hal bir daha tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətlərinin olmasını təsdiq edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 387.2.3-cü maddəsinə əsasən işə baxılan zaman icraatın aparıldığı dil haqqında qaydalar pozulmuşdursa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyası bu kontekstdə iş materiallarını araşdıraraq hesab edir ki, yuxarıda şərh olunanlar birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehin tərcüməçi ilə təmin edilməməsinə görə prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli, şikayətin digər dəlillərindən asılı olmadan qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: İş materiallarından görünür ki, İddiaçı Eyvaz qızı ilə Cavabdeh arasında bağlanmış və Bakı şəhər 14 saylı notariat kontorunun xüsusi notariusu X5 tərəfindən rəsmiləşdirilmiş 22 iyun 2017-ci il tarixli “Kredit müqaviləsi”nə əsasən borclu Cavabdeh borc verən İddiaçı 75000 ABŞ dolları borc almış, həmin məbləği 22.06.2018-ci il tarixə borc verənə tam həcmdə qaytaracağını öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 2-ci bəndinə əsasən borclu bu müqavilə ilə almış olduğu borcu 22.06.2018-ci il tarixədək tam həcmdə olmaqla borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan cavabdeh tərəfindən təqdim olunmuş 19.03.2018-ci il tarixli İddiaçı Eyvaz qızı tərəfindən yazılmış ərizədə İddiaçı 22.06.2017-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh ona ödəyəcəyi 75000 ABŞ dolları məbləğində borc puldan 57500 ABŞ dolları məbləğini qəbul etdiyini göstərmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- MM) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsindəəmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 739.1 maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2 maddəsinə əsasən Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-nin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-nin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. MM-nin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. MM-nin 406.1 maddəsinin tələbinə görə müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulmuş hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. MM-nin 329.2 maddəsinin tələbinə görə əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Qanunvericilikdə (MM-nin 740-cı maddəsi) borc müqaviləsinin hazırkı hal üçün (borc məbləği üç min manatdan çox olduğu üçün) yazılı bağlanması nəzərdə tutulduğundan, tərəflər borc müqaviləsinin notariat yazılı formasına əməl etmişlər. Beləliklə, işin araşdırılmış faktiki halları ilə müəyyən olunur ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, iddiaçı müqavilədən irəli gələn öz öhdəliyini yerinə yetirsə də, cavabdeh müqavilə şərtlərini pozaraq, 22.06.2018-ci il tarixədək tam qaytarmalı olduğu öhdəliyini yerinə yetirməmiş, 75000 ABŞ dolları borcdan 57500 ABŞ dollarını qaytarmışdır. Buna görə də, iddia tələbi 75000 ABŞ dollarının tutulması hissəsində qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 17500 ABŞ dolları (75000-57500=17500) alınacaq gündə ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nəzərə alınmaqla, manatla tutulmalıdır. Kollegiya apellyatorun aralarında kredit müqaviləsinin formal olaraq bağlanması, onun heç bir borc götürməməsi ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, cavabdehin özünün təqdim etdiyi notariat qaydada təsdiq olunmuş ərizədə iddiaçı cavabdehdən hazırki kredit müqaviləsi üzrə 75000 ABŞ dolları borcdan 57500 ABŞ dollarını almasını qeyd edib. Bu hal bir daha tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətlərinin olmasını təsdiq edir. Kollegiya borcun qaytarılmasının gecikdirilməsinə görə illik 5% hesabı ilə faizin tutulması hissəsi ilə bağlı aşağıdakıları qeyd edir: Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24.12.2014-cü il tarixli Qərarında göstərilmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin, icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikcə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. İşin hallarından göründüyü kimi, kredit müqaviləsi üzrə öhdəlik 22.06.2018-ci il tarixədək icra edilməli idi. Həmin tarixdən birinci instansiya məhkəməsinin qətnaməsinin çıxarıldığı vaxta kimi olan müddət 17 ay təşkil edir. Belə olan halda 17 ay üçün faiz şəklində əldən çıxmış fayda 1239,60 ABŞ dolları (17500 ABŞ dolları borc x 5% : 12 ay x 17 ay=1239,6 ABŞ dolları) təşkil edir. Buna görə də, iddia tələbi faiz formasında əldən çıxmış faydanın tutulması hissəsində qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 1239,6 ABŞ dolları alınacaq gündə ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nəzərə alınmaqla, manatla tutulmalıdır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edən zaman 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən dövlət rüsumu iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən alınır. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən kollegiya hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia tələbinin təmin olunmuş (23%) hissəsinə münasib olaraq cavabdehə aid edilməli, ondan 6,9 manat alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 15 noyabr 2019-cu il tarixli, 2(009)-2879/2019 saylı qətnaməsi ləğv olunsun, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 22.06.2017-ci il tarixli “Kredit Müqaviləsi”nə əsasən 17500 (on yeddi min beş yüz) ABŞ dolları və həmin məbləğə illik 5% dərəcəsi ilə hesablanmış 1239,60 (min iki yüz otuz doqquz ABŞ dolları altmış sent) ABŞ dolları məbləğində pul vəsaiti olmaqla, cəmi 18739,60 (ona səkkiz min yeddi yüz otuz doqquz ABŞ dolları altmış sent) ABŞ dolları məbləğində pul vəsaiti alınacaq gündə ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nəzərə alınmaqla, manatla, həmçinin ödənilmiş 6,9 (altı manat doxsan qəpik) manat dövlət rüsumu Cavabdeh tutulub, İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən hakim imza: Xəyal Sarıyev Hakimlər imzalar: Vüqar Həsənov Şərafət Məmmədova Əsli ilə düzdür: Hakim Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar