Məhkəmə qərarları › İş №2(103)-3349/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3349/2023

31.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3349/2023 31.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: borcun tutulması) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Əliyev Aygül Aydın qızının, Cavabdeh nümayəndəsi Qafarova Xatirə Məsi qızının iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-627/2023 nömrəli, 09 yanvar 2023-cü il tarixli qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları

1. İş materiallarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2019-cu il tarixli 1.1.2 nömrəli versiyasının şərtlərini, xx.xx.2020-ci il tarixdə bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2020-ci il tarixli 1.1.3 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə GTC17938İB/2020 saylı Razılıq ərizəsi imzalanmışdır.

2. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixədək 4410,94 manat kredit borcu, 211,86 manat faiz borcu və 12.993,07 manat cərimə borcu olmaqla, cəmi 17.615,87 manat borc hesablanmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi və tələbin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, ondan 0064077AZN06684 saylı maliyyələşdirmə üçün ərizə üzrə 4410,94 manat kredit borcu, 211,86 manat faiz borcu və 12.993,07 manat cərimə borcu olmaqla, cəmi 17.615,87 manat məbləğində borcun və 143 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh və İddiaçı ASC xx.xx.2020-ci il tarixdə bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2019-cu il tarixli 1.1.2 nömrəli versiyasının şərtlərini, xx.xx.2020-ci il tarixdə bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2020-ci il tarixli 1.1.3 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə GTC-17938İB/2020 saylı Razılıq ərizəsi imzalanmışdır. Həmin Razılıq ərizəsinin imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş Ümumi Şərtlər Toplusunda qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Sonradan tərəflər arasında Ümumi Şərtlər Toplusu çərçivəsində 0064077AZN06684 saylı xx.xx.2020-ci il tarixli maliyyələşdirmə üçün ərizə forması və xx.xx.2020-ci il tarixli 01 saylı Əlavə imzalanmış, Bank tərəfindən Borcalana xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 18%, illik cərimə faizi 180% olmaqla, 18.000 manat məbləğində istehlak xərcləri məqsədilə birdəfəlik kredit verilmişdir. Lakin borcalan həmin kredit üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirmədiyi günlərin sayı 0064077AZN06684 saylı ərizə üzrə 484 gün təşkil edir. Qeyd olunanlara əsasən bank ərəfindən borcalana xəbərdarlıq məktubu göndərilmiş və bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Ümumi Şərtlər Toplusuna əsasən Kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Fərdi müştərilərin Maliyyələşdirməsi üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Fərdi müştərilərin Maliyyələşdirməsi üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Eyni zamanda Ümumi Şərtlər Toplusuna əsasən müştəri tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilmədikdə, Azərbaycan Respublikası Qanunlarına əsasən məhkəmələrə və digər səlahiyyətli orqanlara müraciət etmək bankın hüququdur.

5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-627/2023 nömrəli, 09 yanvar 2023-cü il tarixli qətnaməsi (hakim Həqiqət Mahmudova) ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 4410,94 manat kredit borcu, 211,86 manat faiz borcu və 100 manat cərimə borcu olmaqla, cəmi 4722,8 (dörd min yeddi yüz iyirmi iki manat, səksən qəpik) manat məbləğində borc və 67,22 (altmış yeddi manat, iyirmi iki qəpik) manat məbləğində dövlət rüsumunun tutulması, iddia üzrə ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməsi, iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir.

6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 427.3, 448.1, 448.2, 467, 741 və 742.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

7. Qətnamədən İddiaçı Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək qətnamənin cərimə borcunun tutulması hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin e-2(008)-627/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi cərimə borcunun tutulması hissəsində əsassızdır, buna görə də apellyasiya qaydasında baxılmalı və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə ləğv olunaraq, iddia tələbinin tam təmin olunmasına dair yeni qətnamə çıxarılmalıdır. Ümumi Şərtlər Toplusunda qeyd edilir ki, Kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Fərdi müştərilərin Maliyyələşdirməsi üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Fərdi müştərilərin Maliyyələşdirməsi üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. İş üzrə birinci instansiya məhkəməsi iddia tələbinin əsas borc və faiz borcu hissəsi ilə razılaşsa da, iddiaçı tərəfindən hesablanan cərimə (dəbbə) pulunu yüksək hesab edərək kəskin surətdə azaltmışdır. Qanunda cərimə məbləğinin azaldılması imperativ norma kimi qeyd edilməmişdir və qanunu tətbiq edən orqanın öhdəliyinə buraxılmışdır. Eyni zamanda maddədə “tənasübsüz” (uyğunluğu olmayan; əndazəsiz, uyğunsuz) deyilərkən bu anlayışın hansı meyarlar əsasında müəyyən edilməsi qeyd edilməsə də amma hüquqi düşüncəsinə və mülki qanunvericilkdə ağlabatanlıq anlayışına əsasən bu norma tətbiq edilərkən əsas borcun cəriməyə olan nisbətinin ağlabatanlığının nəzərə alınması maddənin ruhundan duyulur. Məhkəmənin qeyd etdiyi əsaslandırıcı məqam üzrə bildirilir ki, burada məhkəmə hesablanan cərimə pulunun tənasübsüz surətdə yüksək olduğunu qeyd etsə də bunu qanuni əsasla izah etməmiş, heç bir sübuta əsaslanmamış və bununla da qətnamənin məzmununda qeyri-müəyyənlik yaratmışdır. Həmçinin Borc alan müqaviləni imzalayarkən müqavilə azadlığı prinsipinə əməl olunmuş və cərimə faizlərinin hesablanmasına razılığını bildirmişdir. Qanunvericilik öhdəliyin icrasının təmin edilməsi üsullarından biri kimi Dəbbə pulunu (cərimə, penya) müəyyən etməklə kreditorlara dəyə biləcək zərərlərin qarşısını almaq, məqsədi güdmüşdür. Məhkəmə, öz qətnaməsində MM-nin 448.1-ci maddəsinə istinad etməmiş, ümumiyyətlə cavabdehin risk dairəsinə aid olan öhdəlikləri düzgün müəyyən etməmişdir. Məhkəmə cərimə məbləğini azaltdıqda öhdəliyin icrаsının gecikdirilməsi müddətlərini nəzərə almamışdır. Belə ki, cavabdeh tərəfindən 0064077AZN06684 saylı maliyyələşdirmə üçün ərizə üzrə Krеditin müəyyənləşdirilən qаydаdа ödənilməsini həyata keçirmədiyi günlərin sayı 222 gün olduğundan cərimə məbləğinin 100 (yüz) manat məbləğində müəyyən edilməsi həmin günlərə mütənasib deyildir. Bu səbəbdən də qətnamə ilə müəyyən edilən cərimə məbləği əsaslı hesab edilə bilməz.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

10. Məhkəmə iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Əliyev Aygül Aydın qızı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

11. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Qafarova Xatirə Məsi qızı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

12. Maddə 6.2 fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

13. Maddə 385 öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

14. Madə 442 öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

15. Maddə 443.1 öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

16. Maddə 445 icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

17. Maddə 448.1 əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

18. Maddə 462.1, 462.3 və 467. dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər.

19. Maddə 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

20. Maddə 741 əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

24. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

27. Hazırki halda, iddiaçı apellyasiya şikayətində qətnamənin yalnız cərimə pulunun təmin edilməməsi hissəsində ləğv edilməsini və iddia tələbinin həmin hissədə tam təmin edilməsi xahiş etdiyindən qətnamə hazırkı halda qətnamə yalnız iddia tələbinin təmin edilməməsi hissəsində yoxlanılır. Qətmamə iddia tələbi təmin edilən hissədə isə apellyasiya predmetini təşkil etmir və yoxlanılmır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-627/2023 nömrəli, 09 yanvar 2023-cü il tarixli qətnaməsi Cavabdeh cərimə borcunun tutulması hissəsində dəyişdirilərək 400 (dörd yüz) manat müəyyən edilməlidir.

29. Kollegiya qeyd edir ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri də mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Mülki işin hallarından isə görünür ki, cavabdeh alınmış kreditdən müəyyən miqdar ödənişlər etmişdir, eləcə də öhdəliyini gələcəkdə yerinə yetirməklə bağlı hərəkət etmək niyyətini də göstərmişdir. Verilmiş kreditin məbləği, cavabdeh tərəfindən edilmiş ödənişlər və hazırda mövcud borcun məbləği nəzərə alındığından tələb olunan dəbbə pulu borclunun mənafeləri baxımından tənasübsüz surətdə yüksəkdir. Lakin məhkəmə tərəfindən tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də əsas borc məbləği müəyyən edilməmişdir.

30. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə əsas borca tənasüblük nəzərə alınmaqla ağlabatan və ədalətli həddə 400 (dörd yüz) manat dəbbə pulu tutulmaldır.

31. Məhkəmə kollegiyası həmçinin izah edir ki, dəbbə pulunun təmin edilməsi hissəsi 5000 manatdan az olduğundan həmin hissədən cavabdeh tərəfindən Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz. Dəbbə pulunun təmin edilməməsi hissəsində mübahisələndirilən hissə 5000 manatdan çox olduğundan iddiaçı həmin hissəsindən kasasiya şikayəti verilə bilər.

32. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.3, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-627/2023 nömrəli, 09 yanvar 2023-cü il tarixli qətnaməsi Cavabdeh cərimə borcunun tutulması hissəsində dəyişdirilərək 400 (dörd yüz) manat müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində dəbbə pulunun təmin edilməməsi hissəsindən iddiaçı tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar