Məhkəmə qərarları › İş №2(103)-3349/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3349/2025

03.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3349/2025 03.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: birgə nikah dövründə alınmış borcun və birgə nikah dövründə verilmiş və qaytarılmış borcun yarı hissəsinin tutulması, sübutetmə yükü) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X11 (sədrlik edən və məruzəçi), X7 və X1 ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5855/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra “iddiaçı”) ilə Əhmədova (Zeynalova) Nərminə Yaşar qızı (bundan sonra “cavabdeh”) xx.xx.2008-ci il tarixində rəsmi nikaha daxil olmuşlar.

2. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-5973/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə hazırki iş üzrə iddiaçı və cavabdehin xx.xx.2008-ci il tarixli nikahı pozulmuş, birgə nikahdan olan uşaqlar analarının himayəsində saxlanmış, uşaqların saxlanması üçün iddiaçıdan aliment tutulmuşdur.

3. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(010)-991/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1501 saylı bağ sahəsində yerləşən 0,0500 ha torpaq sahəsi və Bakı şəhəri, Hövsan qəsəbəsi, “Kondisioner” b/y, 1502 saylı bağ evinin Cavabdeh ½ hissədə, İddiaçı ½ hissədə mülkiyyət hüququ əsasında paylara bölünməsi, Cavabdeh X8 ilə arasında bağlanmış xx.xx.2021-ci il tarixdə alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi, “HYUNDAİ ACCENT” markalı, **-FK-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqı müqaviləsinə əsasən ödənilmiş 10.000 manat Cavabdeh tutularaq X3 ödənilməsi, “HYUNDAİ ACCENT” markalı, **-FK-*** dövlət qeydiyyat nişanlı avtomobili birgə nikah dövründə əldə edilmiş maşın hesab edilməklə, Cavabdeh ½ hissədə İddiaçı ½ hissədə mülkiyyət hüququ əsasında paylara bölünməsi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı adına rəsmiləşdirilən “Lexus ES-350” markalı, 99- HH-660 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və “KİA Picanto” markalı, **-FF-*** qeydiyyat nömrəli nəqliyyat vasitəsi üzərində 1/2 hissəsinin ilkin iddia üzrə iddiaçı, qarşılıqlı idda üzrə cavabdeh İddiaçı, 1/2 hissəsinin isə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilməsi qət olunmuşdur. 4.Borc verən Cavabdeh ilə borc alan X9 arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən borc verən borc alana 20000 manat məbləğində borc verir, borc alan krediti xx.xx.2025-ci il tarixədək qaytarmağı öhdəsinə götürür. 5.İddiaçı birgə nikah dövründə cavabdeh tərəfindən 20000 borc verildiyini, nikah dövründə verilmiş borcdan cəmi 2000 manat qaytarıldığını, borcun qalıq hissəsinin nikah dövründə qaytarılmadığını və bu səbəbdən 18000 manat pulun yarısının cavabdeh tərəfindən ona ödənilməsini tələb edir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət edərək, Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-227/0024 saylı qətnaməsinə əsasən borclu olduğu 137.000 manat pul məbləğinin onun ailəlik dövrünü əhatə etdiyi üçün keçmiş arvadı olan cavabdehlə müştərək borc kimi hesab edilərək, borclu olduğu 137.000 manat pul məbləğinin ½ hissəsinin, yəni 68.500 manat pul məbləğinin cavabdehdən tutulub ona qaytarılması, Bakı şəhəri 14 saylı notarius ofisində cavabdehin qardaşı X4 verdiyi 20.000 manat borc pul məbləğindən, qalıq məbləğ olan 18.000 manat onun ailəlik dövrünü əhatə etdiyi üçün bərabər payla yəni, 9000 manat pul məbləğinin cavabdehdən tutulub ona qaytarılması, ödənilmiş (68 500 manata görə) 295.50 manat dövlət rüsumunun və (9000 manata görə) 110 manat dövlət rüsumunun, cəmi 405.50 pulun cavabdehdən tutulub ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Xətai Rayon Məhkəməsinin 19 aprel 2024-cü il tarixli, 2(011)-227/2024 saylı qətnaməsinə əsasən X5 137.000 manat pul borcludur. Bu yaranmış borc sentyabr 2018-ci il tarixdən başlayaraq, 2021-ci ilin Noyabr ayına kimi iddiaçının atasından hissə-hissə alınaraq, yığılıb qalmış pullardır. Yazılı borc müqavilələri və müqavilələrə aid olan AKT-lar vardır. Cəmi borc 137.000 manat. Yaranmış borc, iddiaçının cavabdehlə ailəlik dövründə əmələ gəlmişdir. İddiaçı ilə bağlanan yazılı borc müqavilələri üzrə pul vəsaiti iddiaçının keçmiş arvadı olan cavabdehin iştirakı pul alınmışdır və alınmış pullar iddiaçının ailəsinin yaxşı yaşaması, ailəsinə daşınmaz əmlaklar alınmasına və əsaslı təmirə sərf edilmişdir. Bundan əlavə, 17 sentyabr 2018-ci il tarixdə iddiaçının ailəlik dövründə cavabdeh ailə büdcəsindən qardaşı X4, Bakı şəhəri 14saylı Notariusda, notarial qaydada 20.000 manat borc pul vermişdir. Həmin puldan cavabdehin plastik kartına xx.xx.2021-ci il tarixdə 2000 (iki min) manat pul ödənilmişdir. Bu da ailəlik dövrünü əhatə edir. Qalıq məbləğ də 18000 manat təşkil edir ki, bu pul məbləğ də, iddiaçının ailəlik dövrünü əhatə etdiyinə görə, cavabdeh ilə arasında bərabər pay ilə bölünməlidir.

8. Cavabdeh iddiaya yazılı və şifahi qaydada etiraz edərək, bildirmişdir ki, iddiaçı guya birgə nikah dövründə atasından borc götürdüyü 68.500 manatın, onun nikah dövründə qardaşına borc verdiyi 9000 manatın və dövlət rüsumunun ondan alınması barədə qətnamə qət edilməsini xahiş edib. İddia əsassızdır və rədd edilməlidir. Belə ki, bu iddia iddiaçı ilə onun atasının qarşılıqlı razılığı ilə birgə təşkil edilmiş prosesdir. İddiaçı ilə atası daha əvvəl razılaşıblar ki, atası iddia qaldıraraq guya iddiaçının birgə nikah dövründə olan zaman evinin təmiri üçün atasından 137.000 manat borc alması təsdiq edilsin ki, hazırda ona qarşı bu iddianı irəli sürə bilsin. İddiaçı cavabdeh olaraq həmin iddianı etiraf etsə belə, məhkəmə həmin qətnaməni qəbul etməməlidir. Belə ki, bu etiraf üçüncü şəxs kimi onun maraqlarına ziddir. Mülki Prosessual Məcəllənin 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Hazırkı iş üzrə iddia tələbi onunla əsaslandırılıb ki, iddiaçı cavabdehlə birgə nikah dövründə olarkən əldə etdikləri daşınmaz əmlakların alınması və təmiri üçün atasından müəyyən qədər vəsaiti borc alıb. Qeyd edilməlidir ki, iddiaçı ilə cavabdeh arasında birgə nikah dövründə əldə edilmiş əmlakların bölgüsü ilə bağlı məhkəmə çəkişməsi olub və Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022- ci il tarixli, 2(010)-991/2022 nömrəli qətnaməsi ilə Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, 1501 saylı bağ sahəsində yerləşən 0,0500 ha torpaq sahəsinin və Bakı şəhəri, Hovsan qəsəbəsi, “Kondisioner” b/y, 1502 saylı bağ evinin hər birinə ½ hissədə mülkiyyət hüququ əsasında paylara bölünməsi, cavabdehin X8 ilə arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, “Hyundai Accent” markalı **-FK-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqısatqı müqaviləsinə əsasən, ödənilmiş 10.000 manatın cavabdehdən qızından tutularaq X3 ödənilməsi, “Hyundai Accent” markalı **-FK- *** dövlət qeydiyyat nişanlı avtomobilin birgə nikah dövründə əldə edilmiş maşın hesab edilməklə, cavabdehə və iddiaçıya ½ hissədə mülkiyyət hüququ əsasında paylara bölünməsi, qarşılıqlı iddianın isə qismən təmin edilərək ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin adına rəsmiləşdirilən “Lexus ES-350” markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və “KİA Picanto” markalı, **-FF-*** qeydiyyat nömrəli nəqliyyat vasitəsi üzərində ½ hissəsinin iddiaçıya, ½ hissəsinin isə cavabdehə verilməsi, qarşılıqlı iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Həmin işdə də, hazırkı iş üzrə iddiaçı və onun nümayəndəsi kimi çıxış edən Vaqif Əhmədov məhkəməyə ərizə təqdim edərək, birgə nikah dövründə əldə edilmiş əmlakların alınmasında onun vəsaitindən istifadə edildiyi üçün, əmlakın bölünməsi zamanı bunun nəzərə alınmasını xahiş edib. Lakin Suraxanı rayon Məhkəməsindən xx.xx.2022-ci il tarixli, 2(010)-991/2022 nömrəli işi üzrə bu hal təsdiqini tapmadığından, məhkəmə həmin arqumenti rədd etmişdi və bütün əmlakı bərabər pay qaydasında 1/2 olaraq bölmüşdü. Bu o deməkdir ki, eyni məsələ ilə bağlı artıq qüvvədə olan məhkəmə qərarı var və işin bu hallarına qiymət verilib. Bununla yanaşı, təmir pandemiya vaxtına təsadüf edib, həmin vəsaiti guya cavabdehin qayınatası İçərişəhərdə olan qeyri-yaşayış sahəsini 200.000 manata satıb, pulunu oğluna verib. Halbuki, pandemiya vaxtı onun özü gəlirli fəaliyyətlə məşğul idi və təmir üçün kifayət qədər vəsaiti var idi. İddiaçı cavabdehin qardaşı Nərimanın cavabdehin kart hesabına etdiyi 2000 manatlıq ödəniş çeklərinə istinad edərək hesab edir ki, guya həmin ödənişlər Nərimanın cavabdehə olan borcunun qaytarılması üçün edilib. Halbuki, həmin ödəniş qəbzlərini cavabdeh başqa işdə elektron məhkəmə sisteminə yükləyərək bildimişdir ki, onlar qardaşı ilə birgə mülkiyyət əsasında aldıqları mənzilin ilkin ipoteka ödənişini etmək üçün edilib. Bununla yanaşı, cavabdehin qardaşına birgə nikah dövründə verdiyi borcu həmin dövrdə qardaşı qaytarmışdır. Həmin vəsait onların birgə nikah dövründə ailə təsərrüfatına xərclənib. Bunu şahid ifadəsi də təsdiq edir. Həmçinin bağ evinin alınması üçün cavabdehin adına olan kredit borcu həm cavabdeh tərəfindən, həm də iddiaçı tərəfindən ödənilmişdir, iddiaçını atası Vaqif Əhmədov kreditin borcuna görə pul ödəməmişdir. Bağ evi Hövsanda yerləşdiyindən, Vaqif Əhmədov da Hövsanda yaşadığından təmir işlərinə görə adıçəkilən ünvana tez-tez gəlmiş və ustalarla da o, danışmışdır. Vaqif Əhmədov bundan əvvəl də tikini işlərini həyata keçirmişdir. Belə ki, hazırda V.Əhmədovun ayrıca şirkəti vardır. Bağ evinin təmirinə çəkilmiş xərc ilə bağlı məhkəməyə təqdim edilən mütəxəssis rəyindən də görünür ki, rəyi Vaqif Əhmədov tərtib etmişdir.

9. Birinci instansiya məhkəməsində şahid X10 bildirmişdir ki, iddia tələbində qeyd edilib ki, guya onun borcu var. Halbuki, 20000 manat məbləğində borc məbləği onun tərəfindən ödənilmişdir. Hazırda onun borcu yoxdur.

10. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5855/2024 saylı, 17 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə iddianın rədd edilməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh xx.xx.2008-ci ildə nikaha girmiş, Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə onların nikahı pozulmuşdur. Həmçinin Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə xx.xx.2018-ci il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli borc müqavilələri əsasında iddiaçıya borc kimi verilmiş ümumilikdə 137 000 manat məbləğində pul vəsaiti iddiaçıdan tutulmuşdur. Adıçəkilən qətnamədən işdə iştirak edən şəxslər tərəfindən apellyasiya şikayəti verilməmiş və qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir.

12. Birinci instansiya məhkəməsi “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun” xx.xx.2024-cü il tarixli Qərarının 3.14-cü bəndinə istinadən göstərmişdir ki, hazırkı mübahisədə sübutetmə yükü birbaşa borc müqaviləsinin iştirakçısı olmuş iddiaçının üzərinə düşür. Lakin iddiaçı həqiqətən də borc müqavilələri üzrə aldığı pul vəsaitinin nə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Kondisoner b/y bağ massivində 10 sot torpaq sahəsində yerləşən ikimərtəbəli bağ evinin alınması, nə bağ evinin alınması üçün götürülmüş kredit borcunun bağlanması, nə də ki, bağ evinin əsaslı təmirinə çəkilməsini təsdiq edə bilməmişdir.

13. Birinci instansiya məhkəməsinin mövqeyinə görə iddia ona görə təmin edilə bilməz ki, yuxarıda sadalanan xüsusatlara əsasən borc müqaviləsi üzrə alınmış məbləğ ailə ehtiyacları üçün istifadə edilərsə, o zaman ər-arvad hər ikisi kreditor qarşısında birgə məsuliyyət daşıyır. Başqa sözlə, iddiaçı özünün borclu qarşısında olan, icra edilməmiş öhdəliyi üzrə cavabdehdən məhz özünün xeyrinə hansısa məbləği tələb etməkdə də haqlı olmamışdır. Bu da onun əsassız varlanmasına və öz borcunun real olaraq ödənilməməsinə şərait yarada bilər. Borc müqavilələri ilə bağlı tərtib edilmiş aktlar ilə iddiaçıya verilən borc məbləğinin məhz ailə xərclərinə sərf edilməsi iş materialları, habelə daha əvvəl də aralarında olmuş məhkəmə mübahisələri ilə öz təsdiqini tapmamışdır.

14. Bundan əlavə, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Kondisioner b/y bağ massivində 10 sot torpaq sahəsində yerləşən ikimərtəbəli bağ evinin təmirinə çəkilmiş xərcin yarısı həmçinin ona görə cavabdehdən tutula bilməz ki, iddiaçı edilmiş yaxşılaşdırmadan məhrum qalmamışdır. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(010)-991/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri, Hövsan qəsəbəsi, “Kondisioner" b/y, 1502 saylı bağ evi ½ hissədə mülkiyyət hüququ əsasında tərəflərin paylarına bölünmüşdür. Yəni, birgə nikah dövründə əldə edilmiş əmlak edilmiş yaxşılaşdırmalarla birlikdə paylara bölünmüşdür.

15. Habelə növbəlilik qaydasında payçılardan birinin iddiası əsasında bağ evinin paylara uyğun olaraq naturada ayrılması mümkün olmadığı təqdirdə, əmlak hərraca çıxarılan zaman evin bazar dəyəri həmin yaxşılaşdırma (əsaslı təmir) ilə birlikdə müəyyən ediləcəkdir. Yəni ki, iddiaçı nə həmin yaxşılaşdırmadan istifadə hüququndan, nə də ki, yaxşılaşdırılmış əmlakın dəyərindən pay almaq hüququnu itirməmişdir.

16. Birinci instansiya məhkəməsi iddia tələbinin “Bakı şəhəri 14 saylı notarius ofisində cavabdeh Əhmədova (Zeynalova) Nərminə Yaşar qızı qardaşı X4 verdiyi 20 000 manat borc pul məbləğindən, qalıq məbləğ olan 18 000 manat onun ailəlik dövrünü əhatə etdiyi üçün bərabər payla yəni, 9000 manat pul məbləğinin cavabdehdən tutulması” hissəsini əsassız sayaraq göstərmişdir ki, kredit müqaviləsi onun iştirakçıları üçün öhdəlik yaradır. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında sözügedən kredit müqaviləsi üzrə qalıq borcun Nəriman Zeynalov tərəfindən ona ödənildiyini bildirmiş, bu halı məhkəmə iclasında şahid kimi dindirilmiş Nəriman Zeynalov da təsdiq etmişdir. Odur ki, kredit müqaviləsi üzrə borc nikah dövründə qaytarıldığından, hazırda belə bir borc mövcud olmadığından iddia o hissədə təmin edilə bilməz.

17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 223.3, 225.1-ci, Ailə Məcəlləsinin 32.1, 32.2, 33.1, 37.1-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77, 217.4- cü maddələri və “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun” xx.xx.2024-cü il tarixli Qərarının 6.39, 6.40, 6.41-ci bəndlərinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

18. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmış, şikayətdə maddi və prosessual hüquq normalarını pozulmasına istinad edilmişdir.

20. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 dekabr 2024-cü il tarixli, 2(103)-6630/2024 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılması qət etmişdir. 21.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli Qərarının 3.14-cü bəndinə istinadən göstərmişdir ki, ümumi əmlak aktivindən fərqli olaraq birgə nikah dövründə ərin və ya arvadın götürdüyü öhdəliyin ümumi öhdəlik olması barədə qanuni prezumpsiya tətbiq edilmir. Əgər öhdəliyin tərəfi yalnız ər-arvaddan biridirsə, ağlabatan mühakimə baxımından, yaranmış borc o zaman ümumi hesab olunur ki, öhdəliyin tərəfi olan ər (arvad) öhdəlik üzrə əldə edilənlərin ailənin ehtiyacları üçün sərf olunduğunu sübut etsin, yaxud bu fakt işin mübahisə olunmayan halı olsun. Bu baxımdan, hazırkı mübahisədə sübutetmə yükü birbaşa borc müqaviləsinin iştirakçısı olmuş iddiaçının üzərinə düşür. Lakin iddiaçı həqiqətən də borc müqavilələri üzrə aldığı pul vəsaitinin nə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Kondisoner b/y bağ massivində 10 sot torpaq sahəsində yerləşən ikimərtəbəli bağ evinin alınması, nə bağ evinin alınması üçün götürülmüş kredit borcunun bağlanması, nə də ki, bağ evinin əsaslı təmirinə çəkilməsini təsdiq edə biləcək sübutları təqdim edə bilməmişdir.

22. Eləcə də Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Kondisioner b/y bağ massivində 10 sot torpaq sahəsində yerləşən ikimərtəbəli bağ evinin təmirinə çəkilmiş xərcin yarısı, həmçinin ona görə cavabdehdən tutula bilməz ki, iddiaçı edilmiş yaxşılaşdırmadan məhrum qalmamışdır. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(010)-991/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri, Hövsan qəsəbəsi, “Kondisioner" b/y, 1502 saylı bağ evi ½ hissəsinə tərəflərin ½ hissədə payları tanınmışdır. Başqa sözlə, birgə nikah dövründə əldə edilmiş əmlak edilmiş yaxşılaşdırmalarla birlikdə paylara bölünmüşdür.

23. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin “Bakı şəhəri 14 saylı notarius ofisində cavabdehin qardaşı X4 verdiyi 20.000 manat borc pul məbləğindən, qalıq məbləğ olan 18.000 manatın ailəlik dövrünü əhatə etdiyi üçün bərabər payla yəni, 9000 manat pul məbləğinin cavabdehdən tutulması” hissəsi üzrə rayon məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, kredit müqaviləsi onun iştirakçıları üçün öhdəlik yaradır. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında sözügedən kredit müqaviləsi üzrə qalıq borcun Nəriman Zeynalov tərəfindən ona ödənildiyini, həmin vəsaitin isə birgə mənzilin təmirinə xəcləndiyini bildirmişdir. Bu halı məhkəmə iclasında şahid kimi dindirilmiş X10 da təsdiq etmişdir. Odur ki, həmin kredit müqaviləsi üzrə borc nikah dövründə qaytarıldığı və ailənin məsrəflərinə xəcləndiyi müəyyən olunduğundan, iddia tələbi bu hissədə də təmin edilə bilməz.

24. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Ailə Məcəlləsinin 32.1, 32.2, 33.1ci, Mülki Məcəlləsinin 223.3, 225.1-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci “Ərarvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır.

c) Kassasiya instansiyası məhkəməsindəki icraat

25. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi, X4 verdiyi 20.000 manat borc pul məbləğindən qalıq məbləq olan, 18.000 manat pul məbləğinin ½ hissəsinin, yəni 9000 manat pul məbləğinin cavabdehdən tutulub ona qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. 26.Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-986/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6630/2024 nömrəli, 10 dekabr 2024-cü il tarixli qətnaməsinin mübahisələndirilən hissədə – 9000 manat pulun cavabdehdən tutulması barədə iddianın təmin edilməyən hissəsində ləğv edilməsi, işin həmin hissədə yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır.

27. Kassasiya instansiyası məhkəməsi öz qərarında qeyd etmişdir ki, iddiaçı 9000 manat pul məbləğinin cavabdehdən tutulub ona qaytarılması barədə iddia tələbini onunla əsaslandırıb ki, cavabdehlə ailəlik dövründə – 17 sentyabr 2018-ci il tarixdə cavabdeh ailə büdcəsindən öz qardaşı X4 notarial qaydada 20000 manat borc pul vermişdir. Həmin puldan 2000 (iki min) manat xx.xx.2021- ci il tarixdə, yəni tərəflərin ailə olduqları vaxt ödənilmişdir. Qalıq məbləğ olan 18000 manat sonradan ödənildiyi üçün həmin məbləğ cavabdeh ilə arasında bərabər pay ilə bölünməlidir.

28. İddiaçı 9000 manat pul məbləğinin cavabdehdən tutulub ona qaytarılması barədə iddia tələbini onunla əsaslandırıb ki, cavabdehlə ailəlik dövründə – 17 sentyabr 2018-ci il tarixdə cavabdeh ailə büdcəsindən öz qardaşı X4 notarial qaydada 20000 manat borc pul vermişdir. Həmin puldan 2000 (iki min) manat xx.xx.2021- ci il tarixdə, yəni tərəflərin ailə olduqları vaxt ödənilmişdir. Qalıq məbləğ olan 18000 manat sonradan ödənildiyi üçün həmin məbləğ cavabdeh ilə arasında bərabər pay ilə bölünməlidir

29. İddiaçı ailə büdcəsindən cavabdehin qardaşına (borcluya) verilən 20000 manat borcdan borclunun 2000 manat pulu onların ailə münasibətlərində olduğu vaxt (xx.xx.2021-ci ildə) qaytarmasını, qalan məbləğin qaytarılmasının münasibətlər pozulduqdan sonrakı vaxta təsadüf etməsini bildirmiş, bununla bağlı üç qəbzi sübut kimi təqdim etmişdir.

30. Cavabdeh isə həmin iddiaya etirazında qardaşına verilən borc pulun iddiaçı ilə birgə yaşadıqları vaxt tam olaraq qaytarılmasına və həmin pulun ailə ehtiyaclarına sərf edilməsini bildirmişdir.

31. Birinci instansiya məhkəməsinin iddianı qeyd edilən hissədə rədd edilməsi mövqeyilə razılaşan apellyasiya instansiyası məhkəməsi cavabdehin məhkəmə iclasında verdiyi izahatında sözügedən kredit müqaviləsi üzrə qalıq borcun Nəriman Zeynalov tərəfindən ona ödənildiyini, həmin vəsaitin isə birgə mənzilin təmirinə xəcləndiyini bildirməsinə, bu halın məhkəmə iclasında şahid kimi dindirilmiş X10 da təsdiq edilməsinə istinad etmişdir.

32. Əvvəla, cavabdehin kredit müqaviləsi üzrə verilmiş pulun tam olaraq borclu olan qardaşı tərəfindən iddiaçı ilə ailə münasibətlərində olduğu vaxt qaytarılmasının və həmin pulun ailə ehtiyaclarına sərf edilməsinin hansı sübutla müəyyən edilməsi işdən görünmür. Belə ki, iddiaçı qeyd edildiyi kimi, borclu tərəfindən pulun qaytarılmasına dair 3 ədəd qəbzə istinadən 6000 manat pul ödənilməsini, bundan 2000 manatın onların ailə münasibətlərində olduğu vaxt qaytarılmasını, qalan 4000 manatın ailə münasibətlərinə xitam verildiyi vaxtdan sonra qaytarılmasını bildirmişdir.

33. Apellyasiya instansiyası məhkəməsi iddiaçının təqdim etdiyi həmin qəbzlərə sübut kimi qiymət verməmiş, iddiaçının həmin qəbzlərə istinadən irəli sürdüyü dəlilləri cavabdehin etirazında bildirdikləri dəlillərlə müqayisəli şəkildə təhlil etməmişdir.

34. İddiaçının cavabdehlə ailə olaraq birgə yaşadıqları dövrdə ümumi ailə büdcəsindən verilmiş borc pulun birgə yaşadıqları dövrdə də ailə büdcəsinə qaytarılması və həmin pulun ailə ehtiyaclarına sərf edilməsi halının sübut edilməsi vəzifəsi cavabdehin üzərinə düşsə də, onun buna dair hər hansı sübut verməsi işdən görünmür.

35. Buna baxmayaraq, apellyasiya instansiya məhkəməsi cavabdehin iddiaya etirazında göstərdiyi, heç bir sübutla təsdiqini tapmayan halları işin müəyyən edilmiş halı kimi müəyyən etmişdir.

36. Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Mülki prosessual Məcllənin 220.4-cü maddəsinə görə isə qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutla ... göstərilməlidir.

37. İşin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh öz qardaşına xx.xx.2018- ci il tarixdə 7 il müddətinə 20000 manat pulu notarial qaydada təsdiq edilmiş borc müqaviləsinə əsasən vermişdir. Cavabdehin qardaşı şahid qismində verdiyi ifadəsində həmin pulu tam qaytardığın bildirmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi borcun müqavilə əsasında 7 il müddətində verilməsinə baxmayaraq, həmin pulun tərəflərin nikahının pozulduğu 2021-ci ilin sonundək qaytarılması ilə bağlı hər hansı yazılı sübutun olubolmaması ilə bağlı məsələyə aydınlıq gətirməmişdir. Halbuki iddiaçı borcun bir hissəsinin qaytarılması ilə bağlı yazılı sübuta istinad etmişdir.

38. Şahid ifadəsinin qiymətləndirilməsi ilə bağlı məsələdə işə mahiyyəti üzrə baxan məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi səlahiyyətli olsa da, məhkəmə cavabdehin iddiaya etirazının dəlilləri və bu dəlillərin təsdiqi ilə bağlı şahid ifadəsini işin digər halları və sübutları ilə qarşılıqlı şəkildə qiymətləndirməklə müvafiq nəticəyə gələ bilərdi. Bu məsələ sübutetmə yükünün düzgün müəyyən edilməsində mühüm əhəmiyyət kəsb etmişdir.

39. Məhkəmə kollegiyası onu da qeyd edir ki, barəsində kassasiya şikayəti verilmədiyi üçün kassasiya baxşının predmeti olmasa da, iddianın rədd edilən digər hissəsi üzrə apellyasiya instansiyası məhkəməsi “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli Qərarına söykənərək, iddiaçının atasından aldığı borc pulların ailə ehtiyacları üçün sərf edilməsi halını sübut edilməsi yükünü iddiaçını üzərinə düşməsini göstərmişdir. Lakin iddianın digər hissəsi olan 9000 manat pulun cavabdehdən tutulması barədə tələb üzrə isə apellyasiya instansiyası məhkəməsi həmin mövqedən kənara çıxaraq qeyd edilən hissə üzrə sübutetmə yükünün cavabdehin üzərinə düşməsinə və sonuncunun öz etirazının əsası kimi istinad etdiyi hala dair əsaslı və şübhədənkənar sübut təqdim etməməsinə əhəmiyyət verməmiş, nəticədə ziddiyyətli hal yaranmışdır.

40. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən xx.xx.2024-cü il tarixli Qərarının 3.14 və 3.15-ci bəndlərinə görə əmlak aktivindən fərqli olaraq birgə nikah dövründə ərin və ya arvadın götürdüyü öhdəliyin ümumi öhdəlik olması barədə qanuni prezumpsiya tətbiq edilmir. Əgər öhdəliyin tərəfi yalnız ər-arvaddan biridirsə, ağlabatan mühakimə baxımından, yaranmış borc o zaman ümumi hesab olunur ki, öhdəliyin tərəfi olan ər (arvad) öhdəlik üzrə əldə edilənlərin ailənin ehtiyacları üçün sərf olunduğunu sübut etsin, yaxud bu fakt işin mübahisə olunmayan halı olsun. Qeyd edilən faktiki prezumpsiya ilk növbədə ondan irəli gəlir ki, borclu ər (arvad) və öhdəliyin iştirakçısı olmayan arvad (ər) əldə olunmuş vəsaitin nəyə xərcləndiyini sübut etmək üçün tamamilə fərqli imkanlara malik olurlar. Bir qayda olaraq, belə vəsaitin xərclənməsində borclu ər (arvad) bilavasitə iştirak etdiyindən həmin əmlakın ailə ehtiyaclarına sərf olunmasını sübut etmək üçün dəlillər əldə etmək imkanı da ona məxsus olur. Arvad (ər) isə borcun olmasından xəbərdar olmaya bilər, bu səbəbdən onun ərinin (arvadının) həmin vəsaiti şəxsi ehtiyacları üçün sərf etdiyini sübut etmək imkanları məhduddur, bir çox hallarda isə qeyri-mümkündür.

41. Plenum qərarında qanuni prezumpsiyanın birgə nikah dövründə ərin və ya arvadın götürdüyü öhdəliyin ümumi öhdəlik olmasına tətbiq edilməməsi göstərilmişdir. Hazırki işin halları fərqli olsa da, mahiyyət dəyişmir. Belə ki, nikah vaxtı borc verilmiş pulun nikah vaxtında da qaytarılmasını və ailə ehtiyaclarına sərf edilməsini bildirən tərəf bunu sübut etməlidir. Çünki borc müqaviləsini cavabdeh bağlamış, cavabdehin deməsinə görə müqavilə öhdəliklərinə görə borclu aldığı pulu borc verənə (cavabdehə) qaytarmalıdır. Başqa sözlə, borcun verilməsində və qaytarılmasında bilavasitə cavabdeh iştirak etdiyindən, qaytarılmış borcun ailə münasibətlərinin olduğu dövrə təsadüf etməsini və həmin pulun ailə ehtiyaclarına sərf olunmasını sübut etmək üçün dəlillər əldə etmək imkanı da cavabdehə məxsusdur.

42. Yuxarıda şərh edilənlər baxımından apellyasiya instansiyası məhkəməsinin qətnaməsi əsaslı hesab edilə bilməz. Baxmayaraq ki, Mülki Prosessual Məcəllənin 217.1- ci maddəsinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

43. İşin yuxarıda sadalanan hallarına aydınlıq gətirilmədiyi üçün məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticənin əsaslılığına qiymət verə bilmir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

44. Təkrar apellyasiya baxışı zamanı Cavabdeh apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, Ali Məhkəmə qərarında göstərib ki, 9000 manatın ailə təsərrüfatına xərcləndiyini sübut etmək vəzifəsi onun (cavabdehin) üzərinə düşür. Nəzərə çatdırır ki, 2019-cu ilin avqust ayından başlayaraq qardaşından ona olan borcununun qalan hissəsini (təxminən 17000 manat) bütöv şəkildə qaytarmasını xahiş etmişdir. Belə ki, həmin dövrdə ipotekaya ev almaq istəyirdi, ona ilkin ödəniş etməli idi. Nəhayət, həmin ilin oktyabr ayında qardaşından aldığı 17000 manat məbləğində vəsaitə özündə olan pulu da əlavə edib ipotekaya 7 oktyabrda mənzilin ilkin ödənişini etdi. Bunu İddiaçı da yaxşı bilir. İpoteka-kredit müqaviləsinin surətini təqdim edərək məhkəmədən bu faktı nəzərə alınmasını, apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir. 45.Daha bir etirazında cavabdeh qeyd etmişdir ki, AR Ali Məhkəməsi qərara alıb ki: apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə – 9000 manat pulun cavabdehdən tutulması barədə iddianın təmin edilməyən hissəsində ləğv edilməli, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə cavabdehin kredit müqaviləsi üzrə verilmiş pulun tam olaraq borclu olan qardaşı tərəfindən iddiaçı ilə ailə münasibətlərində olduğu vaxt qaytarılması və həmin pulun ailə ehtiyaclarına sərf edilməsi ilə bağlı sübutları araşdırmalıdır. Bəli, istinad olunan borc müqaviləsi üzrə ilkin razılıq borcun hissə-hissə qaytarılması olmuş və 2019-cu ilin oktyabr ayınadək həmin borcdan 2200 manat qaytarılmışdır. Lakin, həmin ayda iddiaçı ilə Suraxanı rayonu, Hövsan qəsəbəsi, Kondisioner B/Y bağlar massivində yerləşən 1502 saylı bağ evini ipoteka ilə almaq üçün ilkin ödəniş olaraq 50000 manata və bağ evinin təmir etmək üçün pul vəsaitinə ehtiyacı yarandı. İddiaçının təkidi ilə qardaşından ona olan borcun hamısı birdəfəyə ödəməyi xahiş etdi, o da razılaşaraq borcunu elə həmin ay bağladı. Bu hissədə qardaşı da şahid kimi dindirilməlidir. Apellyasiya instansiyası məhkəməsinə yeni sübut o halda təqdim edilə bilər ki, bunun üçün zərurət və imkan yalnız bu instansiyada yaranmış olsun. Ali Məhkəmə işi yenidən araşdırmağı və bu halları sübut etməyi ona həvalə etdiyi üçün, şahid kimi qardaşı Nəriman Zeynalovun dindirilməsi vacibdir. O ki, qaldı nikah dövrünun sonunda və ondan sonra qardaşı tərəfindən ona əlavə 6000 manatın qaytarılmasına, həmin vəsait qardaşı ilə ünvan 1 ünvanındakı mənzilin ipoteka yolu ilə alınması üçün onun (cavabdehin) adına açılan kreditin ödənilməsi üçün onun tərəfindən edilən ödənişdir

Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında verilən izahatlar

46.Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən İddiaçı izahatında qeyd etdi ki, 4 ildir ki, mübahisələri davam edir. 18.000 manat qaytarılmayıb. 2000 manat evlilik vaxtında qaytarılıb. Qəbzlər çox müddət qalanda silinir. İddiaçıda necə silinməyib bilmir. 47.Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında və ona verilən suallara cavab olaraq bildirdi ki, iddiaçı tərəfindən sənədlər birinci instansiyada yüklənməli idi. Hazırda sənədlərin sübut kimi qəbul edilməsinə etiraz edir. Həm qardaşına, həm də iddiaçıya borc vermişdir. Qardaşı şahid kimi dinlənilə bilər. Qardaşı pulu ödəyib, bağ evi almışdır. Qarşı tərəfin yüklədiyi sənədlər rayon məhkəməsində də yüklənə bilərdi. Notariat ofisində bir gündə sənədləşdirmə olub. Bağın çıxarışını da təqdim etmişdir. Qəbzlər həddən artıq çoxdur. 4200 manat borc qaytarılmışdır. Qardaşı ona maddi dəstək olur. Nikah dövründə borc qaytarılıb. Şifahi qardaşından pul istədi o da verdi. Cavabdeh pulunu almasa idi qardaşına qarşı iddia qaldıra bilərdi.

Tətbiq edilən hüquq normaları:

48. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

49.Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Maddə 33.1. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir.

50. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddələr 385.1.1, 385.1.4.Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır.

Apellyasiya baxışının hədləri 51.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). 52.Həmçinin qeyd olunmalıdır ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməni ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

İşə təkrar apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

53.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmetində qalan –9000 manat pulun tutulması tələbinin rədd edilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia qismən təmin edilməlidir. 54.Belə ki, işin fakitki halları ondan ibarətdir ki, iş üzrə tərəflər, İddiaçı ilə X6 xx.xx.2008-cı il tarixdə nikaha daxil olmuş, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-5973/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə onlar arasındakı nikah pozulmuşdur. Birgə nikah dövründə - 17 sentyabr 2018-ci il tarixdə cavabdeh ailə büdcəsindən öz qardaşı X4 notarial qaydada 20000 manat borc pul vermişdir. İddiaçı qeyd etmişdir ki, həmin puldan yalnız 2000 (iki min) manatın xx.xx.2021- ci il tarixdə, yəni tərəflərin nikah dövründə qaytarılmasına dair yazılı sübut iş materialında vardır.

55. Apellyasiya baxışının predmetində qalan hissədə mübahisənin mahiyyəti ondan ibarətdir ki, iddiaçının möqeyinə görə həmin borc məbləğinin qalan, yəni 18000 manatı nikah pozulduqdan sonra ödənildildiyi üçün qeyd olunan vəsaitin yarısı – 9000 manat iddiaçının xeyrinə tutulmalıdır.

56. Birinci instansiya məhkəməsində cavabdeh məhkəmə iclasında verdiyi izahatında sözügedən kredit müqaviləsi üzrə qalıq borcun Nəriman Zeynalov tərəfindən ona ödənildiyini bildirmiş, bu halı məhkəmə iclasında şahid kimi dindirilmiş Nəriman Zeynalov da təsdiq etmişdir.

57. İşə baxan məhkəmələrin mövqeyi belə olmuşdur ki, borc tərəflərin nikahda olduğu dövrdə qaytarıldığından və ailə ehtiyaclarına sərf edildiyindən iddia rədd edilməlidir.

58. Lakin kassasiya instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, iddiaçının cavabdehlə ailə olaraq birgə yaşadıqları dövrdə ümumi ailə büdcəsindən verilmiş borc pulun birgə yaşadıqları dövrdə də ailə büdcəsinə qaytarılması və həmin pulun ailə ehtiyaclarına sərf edilməsi halının sübut edilməsi vəzifəsi cavabdehin üzərinə düşsə də, onun buna dair hər hansı sübut verməsi işdən görünmür. Cavabdeh öz qardaşına xx.xx.2018-ci il tarixdə 7 il müddətinə 20000 manat pulu notarial qaydada təsdiq edilmiş borc müqaviləsinə əsasən vermişdir. Cavabdehin qardaşı şahid qismində verdiyi ifadəsində həmin pulu tam qaytardığın bildirmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi borcun müqavilə əsasında 7 il müddətində verilməsinə baxmayaraq, həmin pulun tərəflərin nikahının pozulduğu 2021-ci ilin sonundək qaytarılması ilə bağlı hər hansı yazılı sübutun olub-olmaması ilə bağlı məsələyə aydınlıq gətirməmişdir. Halbuki iddiaçı borcun bir hissəsinin qaytarılması ilə bağlı yazılı sübuta istinad etmişdir. 59.İddiaçı tələbində qeyd etmişdir ki, 2000 manatın ödənilməsinə dair xx.xx.2021- ci il tarixli qəbz var, bu səbəbdən 18000 manatın yarısı cavabdehdən tutulmalıdır. 60.Apellyasiya baxışında cavabdeh tərəfindən təqdim edilmiş mədaxil orderlərindən görünür ki, cavabdehin qardaşı X10 tərəfindən Cavabdeh 08 noyabr 2018-ci il tarixdən 04 oktyabr 2019-cu il tarixədək ayrı-ayrı vaxtlarda 150, 150, 250, 200, 250, 200, 200, 200, 250, 250 və 100 manat olmaqla ümumilikdə 2200 manat ödəniş edilmişdir. 61.Deməli, X10 tərəfindən X2 20000 manat məbləğində olan borcundan 4200 manat məbləğində borcun qaytarılması yazılı sübutla öz təsdiqini tapır. 62.Lakin cavabdeh borcun qalan hissəsinin tərəflərin nikahda olduğu müddət ərzində qaytarılmasını təsdiq edən yazılı sübut təqdim edə bilmir. 63.Cavabdeh yazılı etirazında qeyd edir ki, 2019-cu ilin avqust ayından başlayaraq qardaşından ona olan borcununun qalan hissəsini (təxminən 17000 manat) bütöv şəkildə qaytarmasını xahiş etmişdir. Belə ki, həmin dövrdə ipotekaya ev almaq istəyirdi, ona ilkin ödəniş etməli idi. Nəhayət, həmin ilin oktyabr ayında qardaşından aldığı 17000 manat məbləğində vəsaitə özündə olan pulu da əlavə edib ipotekaya 7 oktyabrda mənzilin ilkin ödənişini etdi. 64.Lakin cavabdeh əvvəlki apellyasiya baxışında məhkəmə iclasında verdiyi izahatında sözügedən kredit müqaviləsi üzrə qalıq borcun Nəriman Zeynalov tərəfindən ona ödənildiyini, həmin vəsaitin isə birgə mənzilin təmirinə xəcləndiyini bildirmişdir (2-cil cild, s. 139).

65. Bundan əlavə, kollegiya qeyd edir ki, cavabdeh öz qardaşına borcu yazılı qaydada vermişdir. Borc müqaviləsi 2018-ci ildə bağlanmış və borcun 2025-ci il tarixdədək qaytarılacağı razılaşdırılmışdır. Cavabdehin təqdim etdiyi qəbzlərlə sübut olunur ki, cavabdehin qardaşı 100, 150 manat pulu qaytaranda belə onu yazılı qəbzlə qaytarmışdır. Borcun qalıq hissəsinin şifahi qaydada birdəfəyə qaytarılması işin halları baxımından ziddiyyətli görünür. Bundan əlavə, nə qədər ki, borc məbləği yazılı qaydada verilmişdir, hətta borcun müəyyən hissəsinin yazılı qaydada qaytarılması sübut olunur, borcun qalıq hissəsinin də nikah dövründə yazılı qaydada qaytarıldığını sübut etmək yükü cavabdehin üzərinə düşür. Əlbəttə ki, borc alan cavabdehin doğma qardaşıdır, onun borcu nikah dövründə qaytarmasını bildirməsi hazırki iddia tələbinin rədd edilməsi üçün yetərli sübut deyildir. 66.Beləliklə, kollegiyanın qənaətinə görə cavabdeh ailə büdcəsindən öz qardaşı X4 notarial qaydada verdiyi 20000 manat pulun xx.xx.2021-ci il tarixdə 2000 manat, 08 noyabr 2018-ci il tarixdən 04 oktyabr 2019-cu il tarixədək olan dövrdə isə 2200 manat olmaqla ümumilikdə 4200 manat məbləğində pulun birgə nikah dövründə qaytarılmasının yazılı qəbzlərlə öz təsdiqini tapmasını nəzərə alınaraq, iddia tələbi qismən – 7900 manat həcmində təmin edilməlidir. 67.Beləliklə, məhkəmə kollegiya qeyd olunanları ümumiləşdirərək hesab edir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 5855/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi qismən –9000 manat pulun tutulması tələbinin rədd edilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 7900 (yeddi min doqquz yüz) manat pul tutulmalıdır. 68.Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 69.Kollegiya qeyd edir ki, mübahisələndirilən hissədə iddianın qiyməti beş min manatdan az olduğu üçün iddiaçı qətnamədən apellyasiya şikayəti verə bilməz.

70. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 71.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:

İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5855/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi qismən – 9000 manat pulun tutulması tələbinin rədd edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 7900 (yeddi min doqquz yüz) manat məbləğində pul tutulsun. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş rüsum apellyatora aid edilsin. Qətnamədən cavabdeh tərəfindən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar