Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-335/2021 08.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi X8, Cavabdeh1 nümayəndəsi X9 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 yanvar 2019-cu il tarixli 2(005)-317/2019 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Mərkəzi Bankın xeyrinə ipoteka ilə yüklü edilmiş Bakı şəhəri Nərimanov rayonu M.K.Atatürk prospektində istifadədə olan 0,03456 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 10 otaqlı, 224,7 kv.m yaşayış, 303,2 kv.m köməkçi sahəsi olan 32 nömrəli fərdi yaşayış sahəsinin cavabdehlər tərəfindən sökülməsi nəticəsində Mərkəzi Bank tərəfindən "X14” ASC-yə verilmiş kreditin təminatsız qalması ilə əlaqədar dəymiş zərərin əvəzi olaraq borc tələbi həddində, yəni 1470065,10 manat əsas, 365214,21 manat faiz borcu, cəmi 1835279,31 manat məbləğində pulun cavabdehlərdən tutularaq Mərkəzi Banka ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə borclu “X14” ASC arasında illik 13% dərəcəsi ilə ******* manat məbləğində əsas borcun 21 iyun 2008-ci il tarixinədək ödənilməsi şərtilə kredit verilməsi barədə 24 dekabr 2007-ci il tarixli 1054-180-07 nömrəli kredit müqaviləsi bağlanmışdır. 19 iyun 2008-ci il tarixdə kredit müqaviləsinə əlavə tərtib edilərək, kredit üzrə əsas borcun illik 15% dərəcəsi ilə 18 dekabr 2008-ci il tarixinədək ödənilməsi nəzərdə tutulmuşdur. Bu kredit müqaviləsi üzrə öhdəliyin təminatı olaraq 24 dekabr 2007-ci il tarixli ipoteka müqaviləsi əsasında X3 xüsusi mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri Nərimanov rayonu M.K.Atatürk prospektində istifadədə olan 0,03456 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 10 otaqlı, 224.7 kv.m yaşayış, 303.2 kv.m köməkçi sahəsi olan 32 nömrəli fərdi yaşayış sahəsi Mərkəzi Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Mərkəzi Bank tərəfindən ƏMDK yanında DƏDRX-in Bakı Ərazi idarəsinə və müvafiq notariat kontoruna ünvanlanmış 12 may 2014-cü il tarixli 05-00283-2014 saylı məktub əsasında qeyd olunan əmlakın Mərkəzi Bankda ipotekada qalmaq şərtilə Cavabdeh2 satılmasına etiraz edilməməsi bildirilmişdir. Məktubda həmçinin o da qeyd olunmuşdur ki, “Debüt” SKB-nin Mərkəzi Bank qarşısında olan öhdəliyinin 2 milyon manatlıq hissəsi ödənildikdən sonra yuxarıda qeyd olunan ipoteka ilə yüklü edilmiş əmlak yüklülükdən azad ediləcəkdir. Mərkəzi Bank tərəfindən özgəninkiləşdirilməyə etiraz edilməməsi barədə 12 may 2014-cü il tarixli məktub verildikdən sonra əmlakın özgəninkiləşdirilməsi barədə Mərkəzi Banka nə yeni mülkiyyətçi, nə də digər aidiyyatı dövlət orqanları tərəfindən hər hansı məlumat verilməmişdir. Aktivlərinin qeyri-qənaətbəxş olması, likvidliyini itirməsi, vaxtı çatmış maliyyə öhdəliklərini icra etmək iqtidarında olmaması səbəbindən Azərbaycan Respublikasının 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 15 dekabr 2010-cu il tarixli qərarı ilə “X14” ASC müflis elan olunmuş və hazırda barəsində iflas proseduru həyata keçirilir. Göstərilən kredit müqaviləsi üzrə qalıq borc məbləğləri həcmində Mərkəzi Bankın kreditor tələbləri “X14” ASC-nin ləğvedicisinə 04 may 2011-ci il tarixli məktubla təqdim edilsə də, bankın vəsaitinin olmaması səbəbindən borcun ödənilməsi indiyədək mümkün olmamışdır. Qeyd olunan kredit müqaviləsi üzrə faiz borcları “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72-ci maddəsinin tələblərinə uyğun olaraq 15 yanvar 2011-ci il tarixinədək, yəni bankın iflası barədə məhkəmə qərarı qüvvəyə mindiyi günədək hesablanmışdır. Mərkəzi Bank ipoteka saxlayan kimi yuxarıda qeyd olunan ipoteka predmetinə tutma yönəldilməsi tələbinə dair iddia qaldırmış, lakin məhkəmə araşdırmaları zamanı məlum olmuşdur ki, ipoteka predmeti olan əmlak Cavabdeh2 satıldıqdan sonra ipoteka predmeti qanunsuz olaraq sökülmüşdür. Belə ki, söküntü prosesi ilə əlaqədar ipoteka saxlayan kimi Mərkəzi Banka heç bir məlumat verilməmiş və beləliklə də, verilmiş kreditin təminatı olan ipoteka predmetinin qanunsuz olaraq söküntüsü nəticəsində Mərkəzi Bankın qanuni mənafeləri tam olaraq pozulmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 iyul 2017-ci il tarixli 2(008)-653/2017 saylı qətnaməsindən Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin məzmunundan belə bəlli olmuşdur ki, adı çəkilən şəxslər qanunun tələblərinə zidd olaraq nəinki əmlakın salamatlığını təmin etmiş, əksinə yüklü əmlakı qanunsuz olaraq tamamilə məhv edərək Mərkəzi Bankın xeyrinə yüklü olan əmlakı sökmüş və yerinə yeni binanın inşasını həyata keçirmişlər. Bununla da ipoteka ilə yüklü edilən əmlakın söküntüsü kobud qanun pozuntusudur və delikt törətmiş şəxslər mülki hüquq məsuliyyəti daşıyır. Hazırda “X14” ASC-nin 24 dekabr 2007-ci il tarixli 1054- 180-07 nömrəli kredit müqaviləsi üzrə Mərkəzi Bank qarşısında ödənilməmiş 1470065,10 manat əsas borc, 365 214,21 manat faiz borcu, cəmi 1835279,31 manat kredit borcu vardır. Özünü yeni mülkiyyətçi kimi təqdim edən Cavabdeh1 qeyri-prudensial idarəetmə nəticəsində müflis vəziyyətə düşmüş “X14” ASC-nin səhmdarlarından biridir. Bu baxımdan da, bankın müflis vəziyyətə düşməsinə məsuliyyət daşıyan şəxslərdən biri də odur. Beləliklə, Cavabdeh1 və Cavabdeh2 tərəfindən Mərkəzi Bankın xeyrinə ipoteka ilə yüklü əmlakın sökülməsi ilə təqsirli və hüquqazidd əməllərə yol verilməklə nəticədə dövlətin maraqlarına külli miqdarda zərər vurulmuş və bu da hazırkı iddianın irəli sürülməsi zərurətini yaratmışdır. Odur ki, iddiaçı məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 yanvar 2019-cu il tarixli 2(005)- 317/2019 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədən iddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinə uyğun əsaslandırmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 iyun 2019-cu il tarixli 2(103)- 6289/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 iyun 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 13 yanvar 2020-ci il tarixli 2(102)- 42/2020 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 04 iyun 2019-cu il tarixli 2(103)-6289/2019 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X12 apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını, Cavabdeh1 nümayəndəsi X13 isə apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilmədən qətnamənin qüvvədə saxlanılmasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 yanvar 2019-cu il tarixli 2(005)- 317/2019 saylı qətnaməsi ləğv edilməli və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, mülki iş materiallarından görünür ki, kreditor Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə borclu “X14” ASC arasında 24.12.2007-ci il tarixli 1054-180-07 nömrəli kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən kreditor tərəfindən borcluya 21 iyun 2008-ci il tarixədək illik 13 faiz ödəmək şərti ilə ******* manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə borclu “X14” ASC və X4 arasında 24 dekabr 2007-ci il tarixli sonrakı ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən X2 mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu M.K.Atatürk prospektində istifadədə olan 0,03453 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 10 otaqlı, 224,7 kv.m yaşayış, 303,2 kv.m köməkçi sahəsi olan 32 nömrəli fərdi yaşayış sahəsi Mərkəzi Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Həmin tərəflər arasında 19 iyun 2008-ci il tarixdə kredit müqaviləsinə əlavə tərtib edilərək, kredit üzrə əsas borcun illik 15%-lə 18 dekabr 2008-ci il tarixinədək ödənilməsi nəzərdə tutulmuşdur. 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 15 dekabr 2010-cu il tarixli 2(81)-3323/2010 saylı qərarına əsasən "xxxx" ASC müflis elan edilərək, müəssisənin iflas prosesinin başlanması, "xxxx" ASC-nin ləğvedicisi qismində "xxxx" MMC-nin təyin edilməsi qərara alınmışdır. İş materiallarından görünür ki, Mərkəzi Bank tərəfindən ƏMDK yanında DƏDRX Bakı Ərazi idarəsinə və müvafiq notariat kontoruna ünvanlanmış 12 may 2014-cü il tarixli 05- 00283-2014 saylı məktub əsasında qeyd olunan əmlakın Mərkəzi Bankda ipotekada qalmaq şərti ilə Cavabdeh2 satılmasına etiraz edilməməsi bildirilmişdir. Məktubda həmçinin o da qeyd olunmuşdur ki, “Debüt” SKB-nin Mərkəzi Bank qarşısında olan öhdəliyinin 2 milyon manatlıq hissəsi ödənildikdən sonra yuxarıda qeyd olunan ipoteka ilə yüklü edilmiş əmlak yüklülükdən azad ediləcəkdir. İşin materiallarından həmçinin görünür ki, 11 iyun 2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən həmin fərdi yaşayış evi X4 tərəfindən Cavabdeh1 və Cavabdeh2 satılmış və sonuncuların ümumi birgə mülkiyyətinə çevrilmişdir. Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 01 avqust 2016-cı il tarixli 242 saylı sərəncamına əsasən Bakı şəhəri Nərimanov rayonu M.K.Atatürk prospekti 30, 32 və 42 ünvanlarında özlərinə məxsus 0,24 ha ərazidə yerləşən və qeyri-yaşayış binasının təqdim olunmuş layihəyə uyğun tikintisinin aparılmasına icazə verilmiş və həmin ünvanda tikintinin başlanması məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin rəyi, X15 Xidmətinin müvafiq rəyləri alınmışdır. Həmin sənədlərə əsasən mübahisəli fərdi yaşayış sahəsi sökülmüşdür. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 iyul 2017-ci il tarixli 2(008)-653/2017 saylı qətnaməsi ilə iddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankının cavabdeh X3 qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası təmin edilərək, “X14” ASC-nin 24 dekabr 2007-ci il tarixli 1054-180-07 nömrəli kredit müqaviləsi üzrə 1470065,10 manat əsas borc, 365214,21 manat faiz borcunun ödənilməsi üçün tutmanın ipoteka predmeti olan cavabdeh X1 xüsusi mülkiyyət hüququ ilə məxsus olmuş Bakı şəhəri Nərimanov rayonu M.K.Atatürk prospektində istifadədə olan 0.03456 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 10 otaqlı 224,7 kv.m yaşayış, 303,2 kv.m köməkçi sahəsi olan 32 nömrəli fərdi yaşayış evinə yönəldilməsi və həmin evin açıq hərracda satılması, satışdan əldə edilən pul vəsaiti hesabına borc və tutmanın yönəldilməsi ilə bağlı xərcin əvəzinin Azərbaycan Respublikası Mərkəzi Bankının xeyrinə ödənilməsi, ipoteka predmeti olan Bakı şəhəri Nərimanov rayonu M.K.Atatürk prospektində istifadədə olan 0,03456 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 10 otaqlı 224,7 kv.m yaşayış, 303,2 kv.m köməkçi sahəsi olan 32 nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin ******* manat müəyyən edilməsi qət edilmişdir. Cavabdeh X5 və iş üzrə maraqlarına toxunulan Cavabdeh1 və Cavabdeh2 həmin qətnamədən ayrı-ayrılıqda apellyasiya şikayətləri vermiş və Bakı Apellyasiya Məhkəməsinin 30 oktyabr 2017-ci il tarixli 2(103)-10758/2017 saylı qətnaməsi ilə apellyasiya şikayətlərinin qismən təmin edilməsi, iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 iyul 2017-ci il tarixli 2(008)-653/2017 saylı qətnamənin ləğv olunması və iddianın rədd olunması qət edilmişdir. Hazırkı iş üzrə iddiaçının tələbinə əsasən Mərkəzi Bank tərəfindən özgəninkiləşdirilməyə etiraz edilməməsi barədə 12 may 2014-cü il tarixli məktub verildikdən sonra əmlakın özgəninkiləşdirilməsi barədə Mərkəzi Banka nə yeni mülkiyyətçi, nə də digər aidiyyəti dövlət orqanları tərəfindən hər hansı məlumat verilməmişdir. Göstərilən kredit müqaviləsi üzrə qalıq borc məbləğləri həcmində Mərkəzi Bankın kreditor tələbləri “X14” ASC-nin ləğvedicisinə 04 may 2011-ci il tarixli məktubla təqdim edilsə də, bankın vəsaitinin olmaması səbəbindən borcun ödənilməsi indiyədək mümkün olmamışdır. Qeyd olunan kredit müqaviləsi üzrə faiz borcları “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72-ci maddəsinin tələblərinə uyğun olaraq 15 yanvar 2011-ci il tarixinədək, yəni bankın iflası barədə məhkəmə qərarı qüvvəyə mindiyi günədək hesablanmışdır. Mərkəzi Bank ipoteka saxlayan kimi yuxarıda qeyd olunan ipoteka predmetinə tutma yönəldilməsi tələbinə dair iddia qaldırmış, lakin məhkəmə araşdırmaları zamanı məlum olmuşdur ki, ipoteka predmeti olan əmlak Cavabdeh2 satıldıqdan sonra ipoteka predmeti qanunsuz olaraq sökülmüşdür. Söküntü prosesi barədə ipoteka saxlayan kimi Mərkəzi Banka heç bir məlumat verilməmiş və beləliklə də verilmiş kreditin təminatı olan ipoteka predmetinin qanunsuz olaraq söküntüsü nəticəsində Mərkəzi Bankın qanuni mənafeləri pozulmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18.07.2017-ci il tarixli 2(008)-653/2017 saylı qətnaməsindən Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin məzmunundan belə bəlli olmuşdur ki, adı çəkilən şəxslər qanunun tələblərinə zidd olaraq nəinki əmlakın salamatlığını təmin etmiş, əksinə yüklü əmlakı qanunsuz olaraq tamamilə məhv edərək, Mərkəzi Bankın xeyrinə yüklü olan əmlakı sökmüş və yerinə yeni binanın inşasını həyata keçirmişlər. Bununla da, iddiaçı ipoteka ilə yüklü edilən əmlakın söküntüsü kobud qanun pozuntusudur və delikt törətmiş şəxslər mülki hüquq məsuliyyəti daşıyır. Beləliklə, Cavabdeh1 və Cavabdeh2 tərəfindən Mərkəzi Bankın xeyrinə ipoteka ilə yüklü əmlakın sökülməsi ilə təqsirli və hüquqazidd əməllərə yol verilməklə nəticədə dövlətin maraqlarına külli miqdarda zərər vurulmuş və bu da hazırkı iddianın irəli sürülməsi zərurətini yaratmışdır. İşin faktiki hallarından görünür ki, 11 iyun 2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən həmin fərdi yaşayış evi X6 tərəfindən Cavabdeh1 və Cavabdeh2 satılarkən sonuncular həmin evi yüklü vəziyyətdə almışlar. Belə ki, əmlakın satılmasına dair məktubda evin Mərkəzi Bankda ipotekada qalmaq şərti ilə Cavabdeh2 satılmasına etiraz edilməməsi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 274-cü maddəsinə əsasən girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın mülkiyyətçisinin dəyişməsi girov və ya ipoteka hüququnu dəyişdirmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096, 1097.1-ci maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına səbəb olan təqsirli, hüquqazidd əməldir. Bunun nəticəsində yaranmış öhdəlikdə delikt törətmiş zərərvuran və zərərçəkmiş şəxs iştirak edir. Mülki hüquq pozuntusunun yaranmasında nəzərdə tutulan hüquqazidd əməl dedikdə, mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizlik anlaşılır. Eləcə də delikt törətmiş şəxsin əməli təqsirli olmalıdır. Təqsirli əməl şəxsin qəsdi və ya ehtiyatsızlığı nəticəsində yaranır. Mülki Məcəllənin 1113.1-ci maddəsinə əsasən, birlikdə mülki hüquq pozuntusu törətmiş şəxslər vurulmuş zərər üçün zərərçəkən qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsində ipoteka qoyanın vəzifələri kimi ipoteka predmetinin saxlanılmasını və salamatlığını təmin etmək, ipoteka predmetinin üçüncü şəxslərin qəsdlərindən və tələblərindən müdafiəsi və onu lazımi vəziyyətdə saxlamaq üçün zəruri tədbirlər görmək təsbit edilmişdir. İşin materiallarından görünür ki, ipoteka qoyanın qanunla müəyyən edilmiş bu vəzifələri cavabdehlər tərəfindən sökülən əmlakın yüklülüyünə dair Mərkəzi Bankla ipoteka qoyan arasında bağlanmış 24 dekabr 2007-ci il tarixli ipoteka müqaviləsinin 2.4-cü bəndində də ipoteka qoyanın öhdəliyi kimi göstərilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 30.2-ci maddəsinə əsasən, bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin özgəninkiləşdirilməsi, yaxud hüquqi şəxsin yenidən təşkili nəticəsində və ya vərəsəlik qaydasında həmin əşya başqa şəxsə keçdikdə ipoteka qüvvədə qalır və həmin şəxs ipoteka müqaviləsi üzrə ilkin ipoteka qoyanın bütün vəzifələrini, o cümlədən ilkin ipoteka qoyan tərəfindən lazımınca icra edilməmiş vəzifələri daşıyır. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 312.1-ci maddəsinə əsasən, ipoteka verən əşyanın real dəyərini qorumağa borcludur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, 1054-180-07 saylı kredit müqaviləsi üzrə adı çəkilən əmlakın Mərkəzi Bankın xeyrinə ipotekada olmasını ipoteka qoyan mübahisələndirməmişdir. Əksinə, ilkin ipoteka qoyan X2 iştirakı ilə notarial qaydada təsdiq edilmiş 19 aprel 2011-ci il tarixli “İpoteka predmetinə tutma yönəldilməsi haqqında razılaşma”nın predmetini Bakı şəhəri Nərimanov rayonu Atatürk prospektində yerləşən 32 saylı fərdi yaşayış evinə məhkəmədənkənar qaydada tutmanın yönəldilməsi, ipoteka predmetinin satılması və əldə edilmiş gəlirlərin bölüşdürülməsi təşkil etmişdir. Həmin razılaşmada 1054-180-07 saylı kredit müqaviləsi üzrə ipoteka saxlayana ödənilməli olan 3 milyon manat da öz əksini tapmışdır. Həmin əmlakın 2014-cü ildə digər şəxsə satılmasına dair ipoteka saxlayan kimi Mərkəzi Bankdan razılığın alınması üçün müraciət olunması da əmlakın Mərkəzi Bankın xeyrinə yüklü olması faktını bir daha təsdiq edir. İşin materiallarından həmçinin görünür ki, qeyd edilən müqavilə bağlandığı vaxtda 957- 180-06 nömrəli kredit müqaviləsi üzrə X3 mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri Nərimanov rayonu Atatürk prospektində yerləşən 32 nömrəli fərdi yaşayış evinin Mərkəzi Bankın xeyrinə yüklülüyü dövlət reyestrində qeydə alınmışdır. İşdən görünür ki, Mərkəzi Bank kreditor tələblərini “Banklar haqqında” Qanunun 76-cı maddəsinə uyğun olaraq, 04 may 2011-ci il tarixli 05/07-226 nömrəli məktubla "xxxx" ASCnin ləğvedicisinin qarşısında irəli sürmüş və qeydə alınmışdır. Ləğvedici tərəfindən Mərkəzi Banka ünvanlanmış 13 oktyabr 2016-cı il tarixli 132/16 nömrəli məktuba əlavə olunmuş kreditor tələblərinə dair qəbzdə Mərkəzi Bankın “X14” ASC-yə qarşı qeydə alınmış kreditor tələbi 4921922,12 manat və 51779,28 ABŞ dolları məbləğində təşkil etdiyi göstərilmişdir. Apellyasiya icraatı zamanı keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının 01 sentyabr 2021-ci il tarixli 9/5220 saylı rəyindən də görünür ki, 24 dekabr 2007-ci il tarixli 1054-180-07 nömrəli kredit müqaviləsi və həmin müqaviləyə 19 iyun 2008-ci il tarixli əlavənin şərtləri nəzərə alınaraq “X14” ASC-nin Azərbaycan Respublikası Mərkəzi Bankına istər iddia qaldırıldığı 06 sentyabr 2018-ci il tarixinə, istərsə də qərardad çıxarılan 14 iyul 2021-ci il tarixinə borcu olduğu kimi qalır. (əsas borc 1470065,10 manat, faiz borcu 365214,21 manat) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.4-cü maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. Həmin Məcəllənin 390-cı maddəsinə görə məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə kollegiyası şərh olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlməmişdir. Cavabdeh2 və Cavabdeh1 Azərbaycan Respublikası Mərkəzi Bankının xeyrinə ipoteka ilə yüklü edilmiş Bakı şəhəri Nərimanov rayonu M.K.Atatürk prospektində istifadədə olan 0,03456 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 10 otaqlı, 224,7 kv.m yaşayış, 303,2 kv.m köməkçi sahəsi olan 32 nömrəli fərdi yaşayış sahəsini özbaşına söküb ipoteka kreditinin təminatsız qalmasına səbəb olduqlarından, vurulmuş zərərin əvəzi kimi 1835279,31 manat məbləğində pul onlardan birgə qaydada tutularaq Azərbaycan Respublikası Mərkəzi Banka ödənilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-403-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankının apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 yanvar 2019-cu il tarixli 2(005)- 317/2019 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 1835279,31 manat məbləğində pul birgə qaydada tutularaq Azərbaycan Respublikası Mərkəzi Bankına ödənilsin. Məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsinə sərf olunmuş 145 manat pul Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-335/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-335/2021
08.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver