Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3353/2024 30.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (açar sözlər: subroqasiya qaydasında pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X8 (sədrlik edən və məruzəçi), X12 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehqarşı subroqasiya qaydasında pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 01 dekabr 2023-cü il tarixli, e-2(009)-2254/2023 nömrəli qətnaməsindən iddiaçının verdiyi apellyasiya şikayətinə açıq məhkəmə iclasında bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. AR DİN-nin BDYPİ QİŞ tərəfindən verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətinə əsasən «Mercedes Benz 200» minik markalı, **-XU-*** dövlət nömrə nişanlı avtomaşın X1 adına qeydiyyata alınmışdır.
2. 01 iyun 2020-ci il tarixli etibarnamənin surətindən görünür ki, X5 özünə məxsus «Mercedes Benz 200» markalı, **-XU-*** dövlət nömrə minik avtomaşının sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, onun üzərində sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək və digər hərəkətlərə dair X6 bir il müddətinə xx.xx.2021-ci il tarixədək səlahiyyət verilmişdir.
3. Sumqayıt RQİ və TBŞ tərəfindən verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin kserosurətinə əsasən «Kia Picanto» minik markalı **-VH-*** dövlət nömrə nişanlı avtomaşın X2 adına qeydiyyata alınmışdır.
4. "xxxx" ASC tərəfindən verilmiş 15 yanvar 2020-ci il tarixli, PAA********** saylı elektron sənəd formasında rəsmiləşdirilmiş avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsinin xarici təqdim formasına əsasən sığortalı X4 istifadəsində olan «Mercedes Benz 200» markalı 90-XU- 132 dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də 15 yanvar 2020-ci ildən 15 yanvar 2021-ci ilədək icbari sığorta növündə sığortalanmışdır. Sığorta məbləği 5000 manat təşkil etmişdir.
5. Sumqayıt şəhər Polis İdarəsinin DYPŞ tərəfindən verilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə 22 sentyabr 2020-ci il tarixli arayışın surətindən görünür ki, yolnəqliyyat hadisəsində təqsirli olan şəxs sürücü Cavabdeh, zərərçəkmiş şəxs Əlifxanova Fəxrəndə Ağası qızı müəyyən olunmuş, Cavabdeh yol-nəqliyyat hadisəsi baş verdiyi vaxt «Mercedes Benz 200» markalı **-XU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququnun olmadığı qeyd olunmuşdur.
6. "xxxx" ASC tərəfindən verilmiş 29 sentyabr 2020-ci il hesablama aktına əsasən X3 məxsus «Kia Picanto» minik markalı **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri və ehtiyyat hissələrinin dəyişdirilməsi üçün 8298 manat vəsait hesablanmışdır.
7. "xxxx" ASC tərəfindən verilmiş 19 oktyabr 2020-ci il tarixli, 20-05179/10/AA- 4134/20 saylı sığorta aktından görünür ki, PAA ********** saylı sığorta müqaviləsi üzrə sığortaçı qismində "xxxx" ASC sığortalı X4 istifadəsində olan «Mercedes Benz 200» markalı ** XU *** dövlət qeydiyyat nişanlı avtomobil 15 yanvar 2020-ci il tarixdən 15 yanvar 2021-ci il tarixədək – 1 il müddətinə sığorta olunmuş, sığorta məbləği 5000 manat müəyyən olunmuş, 22 sentyabr 2020-ci il tarixdə sığortalanmış avtomobil X3 məxsus “Kia Picanto” markalı ** VH *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, həmin avtomobilə 8298 manat ziyan dəymiş, bununla bağlı 5000 manat sığorta ödənişi həyata keçirilmişdir.
8. "xxxx" ASC tərəfindən verilmiş 19 oktyabr 2020-ci il tarixli, 20- 05174/10/AA4134/20/1 saylı sığorta aktından görünür ki, PAA ********** saylı sığorta müqaviləsi üzrə sığortaçı qismində "xxxx" ASC sığortalı X4 istifadəsində olan «Mercedes Benz 200» markalı ** XU *** dövlət qeydiyyat nişanlı avtomobil 15 yanvar 2020-ci il tarixdən 15 yanvar 2021-ci il tarixədək – 1 il müddətinə sığorta olunmuş, sığorta məbləği 5000 manat müəyyən olunmuş, 22 sentyabr 2020-ci il tarixdə sığortalanmış avtomobil X3 məxsus “Kia Picanto” markalı ** VH *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, F.Əlifxanovanın sağlamlığına yüngül xəsarət yetirilmiş və bununla bağlı 750 manat sığorta ödənişi həyata keçirilmişdir.
9. Sumqayıt şəhər Polis İdarəsinin TŞ-nin təhqiqatçısı tərəfindən qəbul edilmiş cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 06 oktyabr 2020-ci il tarixli qərarından görünür ki, sürücü Cavabdeh sürücülük vəsiqəsi və etibarnaməsi olmadan idarə etdiyi “Mercedes-Benz” minik markalı **-XU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə 22 sentyabr 2020-ci il tarixdə saat təxminən 16.30 radələrində Sumqayıt şəhəri “Çerkassi” küçəsi ilə üzü “Niyazi” küçəsi istiqamətində hərəkətdə olub həmin küçələrinin kəsişməsindən hərəkətini “Koroğlu” prospekti istiqamətində davam etdirərkən qəfildən idarəetməni itirərək qarşı hərəkət zolağına çıxıb əks istiqaməti yolu ilə üzü “Çerkassi” küçəsi istiqamətində hərəkətdə olan X2 idarə etdiyi “Kia Picanto” minik markalı **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq sonuncunun “yüngül” dərəcəli bədən xəsarəti alması ilə nəticələnən YNH törətmişdir. YNH nəticəsində X7 “yüngül” dərəcəli bədən xəsarəti aldığından toplanmış materialda cinayət tərkibinin olmadığı müəyyən edilmişdir. Cavabdeh sürücülük vəsiqəsi olmadan və etibarnamə olmadan avtomobili idarə edərək qarşı hərəkət zolağına çıxıb YNH törətdiyi üçün və bunun nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına “yüngül” dərəcəli bədən xəsarəti yetirildiyi üçün onun əməlində inzibati qayda pozuntusu olduğundan aparılmış araşdırmanın nəticəsi üzrə cinayət işinin başlanılması rədd edilmiş, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.2-ci və 332.4cü maddələrinə əsasən inzibati qaydada məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti icra edilməsi məqsədi ilə Sumqayıt şəhər Pİ-nin DYPŞ-nə göndərilmişdir.
10. 20 oktyabr 2020-ci il tarixli ödəniş tapşırıqlardan görünür ki, "xxxx" ASC tərəfindən X3 PAA********** saylı sığorta aktına əsasən cəmi 5750 manat sığorta ödənişi ödənilmişdir.
11. "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış 19 aprel 2023-cü il tarixli, AS- 23/172 saylı geriyə tələb (subroqasiya) məktubun surətindən görünür ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununu 25.1.3-cü maddəsinə əsasən zərərin aradan qaldırılması üçün ödədiyi 5750 manat sığorta ödənişi ondan tələb olunmuşdur.
Birinci instansiya məhkəməsində icraat
12. "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5750 manat sığorta ödənişi məbləğinin və 77,50 manat dövlət rüsumunun, cəmi 5827,50 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X9 arasında 15 yanvar 2020-ci il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “Mercedes Benz 200” markalı, **-XU-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh 22 sentyabr 2020-ci il tarixdə “Mercedes Benz 200” markalı, **-XU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Sumqayıt şəhəri ərazisində yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə Əlifxanova Fəxrəndə Ağası qızına yüngül xəsarət yetirmiş və “Kia Picanto” markalı, 90- VH-281 dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan sığorta hadisəsi ilə bağlı "xxxx" ASC tərəfindən Əlifxanova Fəxrəndə Ağası qızına yüngül xəsarət almasına görə 750 manat, “Kia Picanto” markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 5000 manat, cəmi 5750 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Sumqayıt ŞPİ DYPŞ-nin qərarında Cavabdeh AR İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.4-cü maddələri ilə təqsirli bilinərək barəsində inzibati tənbeh görülməsi qərara alınmışdır. Sumqayıt ŞPİ DYPŞ-nin "xxxx" ASC-yə təqdim etdiyi arayışa əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Həmçinin qeyd olunan arayışda Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt “Mercedes Benz 200” markalı, **-XU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququ olmadığı qeyd olunmuşdur. Qeyd olunana əsasən iddiaçı sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi 5750 manat sığorta ödənişi məbləğini cavabdehdən tələb etmək hüququna malikdir. Cəmiyyət tərəfindən Cavabdeh ünvanına 19 aprel 2023-cü il tarixli AS23/172 saylı geriyə tələb (subroqasiya) məktubu göndərilsə də, müvafiq sığorta ödənişi məbləği bu günədək cəmiyyətə ödənilməmişdir.
14. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 01 dekabr 2023-cü il tarixli, e-2(009)- 2254/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.
15. Qətnamənin əsaslarına görə, iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, vurulmuş ziyan iddiaçı təşkilat tərəfindən ödənildiyindən, belə olan halda isə iddiaçının vurulmuş ziyanı subroqasiya qaydasında tələb etmək hüququ olduğundan və həmin ziyanın ödənilməsinin cavabdehin üzərinə qoyulması qanunvericiliyin yuxarıda göstərilən tələbləri baxımından yol verildiyindən, iddia tələbi əsaslı hesab edilməklə təmin edilməlidir.
16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 916.1, 1108.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazin dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
17. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv, əsl cavabdehi cəlb etməklə iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Apellyasiya şikayətinin dəlillərinə görə, sığorta hadisəsi ilə bağlı "xxxx" ASC tərəfindən Əlifxanova Fəxrəndə Ağası qızına yüngül xəsarət almasına görə 750 manat, “Kia Picanto” markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 5000 manat, cəmi 5750 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Eyni zamanda iddiaçı tərəfindən Əlifxanova Fəxrəndə Ağası qızına yeni avtomobil alındığı üçün xx.xx.2020-ci il tarixində notarial qaydada Cavabdeh qarşı hər hansı tələbinin olmaması bildirilmişdir. Məhkəmə zamanı iddiaçı tərəfindən zərərin aradan qaldırılması üçün ödədiyi 5750 manat sığorta ödənişi məbləğini tələb etmək hüquqna dair dəlillər məhkəməyə təqdim edilsə də, faktiki olaraq cavabdeh tərəfindən vurulmuş ziyanın tam ödənilməsi və Əlifxanova Fəxrəndə Ağası qızının sığorta məbləğını əsassız alması nəzərə alınmamışdır. Nəticə də məhkəmə bu normanı düzgün tətbiq etməməklə əsl olmayan cavabdehdən zərərin tutulmasını qət etmişdir. Mülki Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Belə olan halda da hesab edirik ki, tələb hüququ əsl cavabdehə yönəldilməmişdir. Məhkəmə bu halda əsl cavabdehi cəlb etməklə ödənilmiş sığorta məbləğinin qaytarılmasını həmin cavabdehin üzərinə qoymalı idi. “İcbari sığortalar haqqında” Qanun 19.4-cü maddəsinə əsasən mülki məsuliyyətin sığortası üzrə üçüncü şəxsin sağlamlığına zərər vurulması ilə əlaqədar sığortalı və ya sığorta olunan tərəfindən zərərçəkənin xeyrinə hər hansı ödəmə həyata keçirildikdə sığortaçı bu Qanuna uyğun olaraq hesablanan sığorta ödənişini bu Qanunun 19.5-ci maddəsinin tələbi nəzərə alınmaqla, sığorta məbləği həddində sığortalıya və ya sığorta olunana verir. Maddənin də tələbindən göründüyü kimi məhkəmə zərər vurulması ilə əlaqədar zərərçəkənin xeyrinə hər hansı ödəmə həyata keçirildikdə nəzərə almalıdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır; Maddə 926.2. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir; Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
21. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.3. İcbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Maddə 63.1. Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, 25-ci maddəsinə əlavə olaraq avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır; Maddə 63.2. Subroqasiya hüququnun bu Qanunun 25.1.5-ci, 25.1.6-cı və 25.1.7-ci maddələrində nəzərdə tutulmuş əsasları bu Fəslin məqsədləri üçün tətbiq edilmir.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2022-ci il tarixli Qərarında şərh etdiyi hüquqi mövqeyinə əsasən, əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Zərərin vurulmasında işçinin təqsiri olduğu halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə uyğun olaraq zərərin əvəzini ödəmiş işəgötürən ona qarşı reqres tələb hüququna malikdir. Yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslər daşıyırlar
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir; Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxişinin hədləri
24. Apellyasiya şikayəti ilə qətnamənin ləğvi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
25. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
26. İşin mübahisəsiz hallarına görə, Cavabdeh etibarnamə olmadan idarə etdiyi «Mercedes Benz 200» minik markalı, **-XU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə 22 sentyabr 2020-ci il tarixdə F.X.Xoyski prospektində X3 məxsus “Kia Picanto” markalı ** VH *** dövlət qeydiyyat nişanlı avtomobilə toqquşmuş, sonuncu avtomobilə 8298 manat ziyan dəymiş, bununla bağlı 5000 5000 manat sığorta ödənişi həyata keçirilmişdir. Qeyd olunan sığorta hadisəsi ilə bağlı "xxxx" ASC tərəfindən Əlifxanova Fəxrəndə Ağası qızına yüngül xəsarət almasına görə 750 manat, ümumilikdə isə 5750 manat sığorta ödənişi həyata keçirilmişdir.
27. Apellyasiya şikayətində tələb kimi göstərilən əsl cavabdehlə əvəz olunma barədə arqumentə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, mülki prosessual qanunvericiliyin əsas prinsiplərindən biri kimi çıxış edən dispozitivlik prinsipinin mahiyyətindən çıxış edərək MPM-nin 54.1-ci maddəsində qeyd olunur ki, iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz olunması yalnız iddiaçının yazılı razılığı ilə mümkündür. Birinci instansiya məhkəməsində işə baxılarkən və hal – hazırda iddiaçı tərəfindən bu məzmunda ərizə ilə müraciət olunmamışdır.
28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, mülki qanunvericiliyin birbaşa tələbinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə mənbəyi hesab edilən nəqliyyat vasitəsi ilə mülki hüquq pozuntusu törədilən zaman zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Məcəllənin Maddə 936.1-ci maddəsinə əsasən isə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
29. Qanunvericiliyin tələbinə əsasən subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
30. Əgər cavabdeh tərəfindən yol – nəqliyyat hadisəsi törədilərkən yalnız etibarnamə olmasa idi, bu zaman Konstitusiya Məhkəməsinin qərarında formalaşdırılmış mövqeyə əsasən iddiaçının tələbinin əsassızlığı müzakirə obyekti ola bilərdi, lakin hazırkı situasiyada cavabdeh yol nəqliyyat hadisəsi baş verən zaman etibarnamə olmamaqla yanaşı sürücülük vəsiqəsi də olmamışdır, yəni, avtomobili sürücülük hüququ olmadan idarə etmişdir. Belə olduğu halda məhkəmə kollegiyası hesab edir ki, icbari sığorta qanunvericiliyinə əsasən hazırkı məbləği tələb etmək iddiaçının hüququdur.
31. Apellyasiya şikayətinin dəlillərindən birini o təşkil edir ki, cavabdeh tərəfindən Əlifxanova Fəxrəndə Ağası qızına yeni avtomobil alındığı üçün sonuncu 07 dekabr 2020ci il tarixində notarial qaydada Cavabdeh qarşı hər hansı tələbinin olmaması bildirilmişdir. Əlifxanova Fəxrəndə Ağası qızı sığorta məbləğını əsassız alaraq varlanmışdır və buna görə də iddiaçının tələbi ona qarşı yönəlməlidir.
32. İlkin olaraq onu qeyd etmək lazımdır ki, Əlifxanova Fəxrəndə Ağası qızı tərəfindən verilmiş ərizənin məzmununda ona yeni avtomobil alınması və ya zərərin hansı məbləğdə, tam və ya qismən ödənilməsi ilə bağlı hər hansı müddəa əksini tapmamışdır, yalnız Cavabdeh qarşı hər hansı tələbinin olmaması bildirilmişdir. Bir nüansa da diqqət yetirmək lazımdır ki, avtomobilə dəymiş maddi zərər 5000 manatdan çox olmuşdur və sığorta şirkətinin ödədiyi məbləğdən başqa qalan zərərin ödənilməsi halında da bu ərizə verilə bilərdi. Digər tərəfdən yuxarıda qeyd olunduğu kimi, mübahisənin predmeti olan məbləği tələb etmək iddiaçının hüququdur. Əgər cavabdeh Əlifxanova Fəxrəndə Ağası qızının onun hesabına əsassız varlandığını hesab edirsə, bu məzmunda ərizə ilə məhkəməyə müraciət etmək hüququ vardır.
33. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi barədə gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
34. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 01 dekabr 2023-cü il tarixli, e--2(009)- 2254/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 01 dekabr 2023-cü il tarixli, e--2(009)- 2254/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Fərrux Qasimov
Fuad Abdıyev
Xəyal Sarıyev