Məhkəmə qərarları › İş №2(103)-3358/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3358/2021

06.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3358/2021 06.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Rəşad Məhəmməd oğlu Həsənov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi: Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı, onun və iddiaçı X6 etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 etibarnamə əsasında nümayəndəsi və vəkili X4 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3487/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 etibarnamə əsasında nümayəndəsi və vəkili X10 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı və X14 Cavabdeh1nə və Cavabdeh2nə qarşı “maddi və mənəvi zəzərin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı yararsız vəziyyətə düşmüş əmlakının dəyəri olan cəmi 33.012 (otuz üç min on iki) manatın cavabdehlərdən alınaraq İddiaçı ödənilməsi, X1 bərpası və müalicə xərclərinin ödənilməsi üçün 10.000 (on min) manatın cavabdehlərdən alınıb L.A.Sadıqovaya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx xxxx 2017-ci il tarixdə saat 18:40-da Kürdəmir rayonu Çölqubalı kəndində yerləşən fərdi yaşayış evində yanğınla müşayiət olunan partlayış hadisəsi baş vermiş, nəticədə ev içərisindəki əşyalarla birlikdə yanaraq məhv olmuşdur. Həmin tarixdə fərdi yaşayış evində yatan bir yaşlı nəvəsini götürüb həyətdəki digər tikiliyə, öz otağına getmiş, otaqda dincələn zaman kəndə elektrik enerjisi verilmiş və bir neçə saniyə sonra güclü partlayış baş vermiş, o dərhal otaqdan bayıra çıxarkən evin girişindən 3-cü otaqda yanğın baş verdiyini, evin bütün pəncərələrinin çərçivədən çıxaraq yerə töküldüyünü, eləcə də həmin otağın tavanının da çökdüyünü görmüş, bu zaman qonşular köməyə gəlsələr də alov güclü olduğundan yanğını söndürə bilməmişlər, təxminən yarım saat sonra gələn yanğınsöndürənlər yanğının qarşısını almışlar. Kəndə elektrik enerjisinin verilişi xx xxxx 2017-ci ildən dayandırılmış, hadisə baş verən zaman kənddə elektrik enerjisi olmamışdır. Partlayışın gücündən hadisənin evin otağına qaz sızmasından baş verməsi hiss olunmuşdur. Partlayış baş vermiş fərdi yaşayış evində girişdən 3-cü otaqda qaz xətti quraşdırılsada həmin qaz xəttindən istifadə edilməmiş, həmin qaz xətti heç bir qaz avadanlığına birləşdirilməmiş, ağzı tıxacla bağlanmışdır, evin qızdırılması üçün elektrik qurğularından istifadə olunmuşdur. Çölqubalı kəndinə qaz xətti 2016/17-ci ildə Cavabdeh2 MMC adlı podratçı şirkət tərəfindən çəkilmişdir. Fərdi yaşayış evinə də qaz xətti həmin vaxt çəkilmiş, kəndə qaz xətti çəkən podratçı şirkətin işçiləri tərəfindən ona məxsus fərdi yaşayış evinə qaz xətti bir nöqtəyə partlayış baş verən otağa çəkilmiş, yaşadığı fərdi yaşayış evinə qaz xətti çəkildikdən hadisə baş verən vaxtadək evdə heç bir qaz avadanlığından, həmçinin fərdi yaşayış evində qazla işləyən cihazdan və maye qaz balonlarından istifadə olunmamış, evin qızdırılması üçün elektrik qurğularından istifadə olunmuşdur. Podratçı şirkət tərəfindən kəndə qaz xətti çəkildikdən sonra fərdi yaşayış evində qaz xətti nə Cavabdeh1 İB, nə də onun tərəfindən sınaqdan keçirilməmiş, qaz sızmasının olub olmaması yoxlanılmamışdır. Hadisə ilə bağlı Kürdəmir Rayon Prokurorluğunda Azərbaycan Respublikası CM-nin 314.1-ci maddəsi ilə cinayət işi açılmış, cinayət işi üzrə o zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş, şahid ifadələri alınmış, əlavə məhkəmə yanğın-texniki ekspertizası keçirilməklə rəy alınmış və digər zəruri istintaq hərəkətləri keçirilmiş və xx.xx.2020-ci il tarixdə cinayət işi üzrə icraata Cavabdeh2 MMC-nin, “Azəriqa” İB və həmin birliyin X19 İstismar İdarəsinin əməkdaşlarının əməllərində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən xitam verilmiş, cinayət işi Baş Prokurorluqda öyrənilərkən xx.xx.2020-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar ləğv edilərək iş üzrə icraat təzələnmiş, cinayət işi üzrə istintaq müddəti uzadılmış və əlavə istintaq aparılması üçün Kürdəmir Rayon Prokurorluğuna göndərilmişdir. Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsi ona məxsus yaşayış evində yanğınla müşayiət olunan partlayış hadisəsinin qaz sızması nəticəsində baş verməsini xx xxxx 2019-cu il tarixli qərarında göstərmişdir. “PRİME Legal Ekspertiza və Hüquq şirkətinin xx xxx 2019-cu il Azərbaycan Respublikası FHN-nin əməliyyat-istintaq idarəsinin təhqiqatçısı cənab Zaur İsmayılova 0635 saylı təhqiqat materialı üzrə rəyində fərdi yaşayış evinə yanğın nəticəsində dəymiş ziyanın aradan qaldırılmasına sərf olunan məbləğin 22.230 AZN olduğu müəyyən edilmiş, ona məxsus məişət əşyalarının istifadəsinə görə müvafiq amortizasiya aşınması tətbiq edilməklə, yanğın zamanı yanaraq məhv olmuş 24 adda əmlakın ümumi dəyəri, yəni əmtəə üzrə dəymiş ziyanın məbləği təxminən 10.782,50 AZN təşkil edir. Partlayış baş verən zaman evdə ailə üzvlərindən heç kim olmamışdır, yalnız partlayış baş verən vaxt gəlini X9 həmin evdə olduğunu zənn edərək stress və həyəcandan xəstəliyə tutulmuş, psixi pozuntuları əmələ gəlmişdir, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X5 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2019cu il tarixli 978a saylı rəyində X7 ona məxsus fərdi yaşayış evində yanğınla müşayiət olunan partlayışla əlaqədar keçirdiyi streslə düçar olduğu xəstəliyin səbəbli əlaqəsi olduğu göstərilmişdir. İşə Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılarkən iddiaçıların etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı yararsız vəziyyətə düşmüş əmlakının dəyəri olan cəmi 33.012 (otuz üç min on iki) manatın və mənəvi zərərə görə isə 10.000 (on min) manatın cavabdehlərdən müştərək qaydada alınaraq İddiaçı ödənilməsi, X1 bərpası və müalicə xərclərinin ödənilməsi üçün 10.000 (on min) manatın, mənəvi zərərə görə isə 10.000 (on min) manatın cavabdehlərdən müştərək qaydada L.A.Sadıqovanın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3487/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh1ndən maddi zərərə görə 33.012 (otuz üç min on iki) manat və mənəvi zərərə görə 500 (beş yüz) manat alınaraq İddiaçı ödənilməsi, Cavabdeh1ndən mənəvi zərərə görə 3.000 (üç min) manat alınaraq X11 ödənilməsi, Cavabdeh1ndən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, Cavabdeh1ndən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul tutularaq X11 ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh1” İstehsalat Birliyinin etibarnamə əsasında nümayəndəsi və vəkili X10 apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3487/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi əsassızdır və bu səbəbdən də ləğv edilməlidir. Bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsində qeyd edilmişdir ki, delikt bir şəxsin digər şəxsə qarşı törətdiyi təqsirli və hüquqa-zidd əməldir. (MM-nin1096-cı maddəsi). İddiaçının evində baş vermiş hadisənin kimin günahı ucbatından baş verməsi hələ də istintaq orqanları tərəfindən müəyyən edilməmişdir. Belə ki, hal-hazırda baş vermiş hadisə ilə bağlı cinayət işi Kürdəmir Rayon Prokurorluğunda aparılır və təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən edilmədiyi səbəbindən iş üzrə icraat dayandırılmışdır. Belə olan halda evdə qaz partlayışının baş verməsinin səbəbkarı, yəni delikti törətmiş zərərvuran kimi məhkəmənin Cavabdeh1 İB olması tamamilə əsasızdır və təqsirsizlik prezumsiyasına ziddir. Bundan başqa, məhkəmə iş üzrə heç bir araşdırma aparmadan, yerli baxış keçirmədən, partlayışın səbəblərinin müəyyən edilməsi ilə bağlı ekspertiza təyin etmədən baş vermiş partlayışın səbəbkarı kimi Cavabdeh1 İB tanımışdır. Partlayış iddiaçının səhlənkarlığı ucbatından “qaz istismar” qaydalarının pozulması nəticəsində baş vermiş, ya da ki, iddiaçı tərəfindən bilərəkdən şirkətdən pul almaq məqsədi ilə törədilmişdir. Məhkəmə qətnamə qəbul edərəkən özünün müəyyən elədiyi “delikt” nəticəsində cavabdehin evinə və əşyalarına dəymiş zərəri 33.102 manat müəyyən etmiş, bu rəqəmi iddiaçı tərəfindən təqdim edilən “Prime Legal” Ekspertiza və Hüquq şirkəti tərəfindən verlmiş rəydə qeyd olunan qiyməti əsas götürmüşür. Bildirmək istəyirik ki, “Prime Legal” Ekspertiza və Hüquq şirkəti qeyd olunan rəyi İddiaçı ilə aralarında bağlanmış müqaviləyə əsasən vermiş (yəni iddiaçıya xidmət çərçivəsində) ona görə də sözügedən rəy ədalətli ola bilməz. Bu halda qeyd olunan işlə bağlı ədalətli çəkişmə prinsipinə əsasən məhkəmə tərəfindən müstəqil ekspetiza təyin edilməli olduğu halda məhkəmə bunu etməmişdir. Beləliklə, yuxarıda sadalanan dəlillərdən göründüyü kimi məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar birinci instansiya məhkəməsi tərəfindən sübut olunmamaşdır. Apelyasiya şikayətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3487/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə məhkəmə iclasında baxılmasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq Cavabdeh2 nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən Cavabdeh2 MMC-nin nümayəndəsinin iştirаkı оlmаdаn mülki işə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında, Cavabdeh1” İB-nin etibarnamə əsasında nümayəndəsi və vəkili X10 verdiyi apelyasiya şikayətini müdafiə etdiyini bildirərək, apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verdi və tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3487/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsinin iclasında İddiaçı, onun və iddiaçı X6 etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil Cavabdeh1” İB-nin etibarnamə əsasında nümayəndəsi və vəkili Qulam İsmayılzadə tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiklərini bildirərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdilər, apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3487/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda Cavabdeh1” İB-nin etibarnamə əsasında nümayəndəsi və vəkili X10 apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, partlayış hadisəsinin baş verməsi ilə qaz xətlərinin çəkilməsi, kipliyinin yoxlanılması və sınaqlardan keçirilməsinin müvafiq tələblərə uyğun aparılmaması arasında səbəb-nəticə əlaqəsi vardır, hadisənin baş verdiyi dövrdə təbii qazdan istifadəyə nəzarət Cavabdeh1 İB-də olmuşdur, odur ki, hadisəsinin baş verməsində Cavabdeh1 İBnin təqsirli, hüquqazidd əməlini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı və gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096 və 1099-cu maddələri ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh1” İB-nin etibarnamə əsasında nümayəndəsi və vəkili X10 qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası Cavabdeh1” İB-nin etibarnamə əsasında nümayəndəsi və vəkili Qulam İsmayılzadənin apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş matеriallarında olan, Kürdəmir rayonu, Çölbulaqlı kəndində sifariş 3-116- 13(1) saylı obyektində qaz kəmərinin (fərdi evlərin qazlaşdırılması) pnevmatik üsulla (hava ilə) təmizlənməsi və möhkəmliyə və kipliyə sınıqdan keçirilməsi haqqında xx.xx.2015-ci il tarixli aktın surətindən görünür ki, 2 mərhələdə qaz kəmərinin pnevmatik üsulla möhkəmliyə və kipliyə sınaqdan keçirilmişdir. (İş vər. 141) İş materiallarında olan, xx.xx.2016-cı il tarixli tikintisi başa çatmış obyektin istismara hazırılığının yoxlanılması və podratçı təşkilatından təhvil götürülməsi üçün qəbul komissiyasının aktının surətindən görünür ki, Cavabdeh2 MMC tərəfindən obyektin tikintisində ümumi tikinti-quraşdırma işləri yerinə yetirilmiş, obyektin tikintisində partlayış və yanğın təhlükəsizliyi, əməyin mühafizəsi, ətraf mühitin qorunması, təbii təsirlərdən mühafizə üzrə tədbirlər normativ sənədlərdə nəzərdə tutulmuş həcmdə yerinə yetirildiyi üçün, qəbul komissiyası tərəfindən Kürdəmir rayonu, Çölbulaqlı kəndində fərdi evlərin qazlaşdırılması obyekti istismara qəbul edilməsi qərara alınmışdır. (İş vər.138-140). İş materiallarında olan Azərbaycan Respubikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 5942 nömrəli, xx.xx.2019-cu il tarixli yanğın texniki ekspertizası üzrə ekspert rəyinin surətindən görünür ki, hadisə baş vermiş fərdi yaşayış evinə qaz xətlərinin çəkilməsi, kipliyinin yoxlanılması və sınaqlardan keçirilməsinin müvafiq tələblərə uyğun aparılması təşkil edilmədiyinə görə, Cavabdeh2 MMC-nin əməkdaşları tərəfindən Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları və “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları” pozulmuşdur. (İş vər.114-117). İş materiallarında olan, “Prime Legal” Ekpertiza və Hüquq şirkətinin 4 nömrəli, xx.xx.2019-cu il tarixli ekspert rəyinin surətindən görünür ki, tədqiq olunan Kürdəmir rayonu, Çölbulaqlı kəndində İddiaçı məxsus fərdi yaşayış evinə yanğın nəticəsində tikiliyə dəymiş ziyanın aradan qaldırılmasına sərf olunan (xidmət haqqı və istifadə ediləcək materiallar nəzərə alınmaqla) vəsaitin məbləği 22.230 manat olduğu müəyyən edilmişdir. (İş vər.19-22). İş materiallarında olan “Prime Legal” Ekpertiza və Hüquq şirkətinin 5 nömrəli, xx.xx.2019-cu il tarixli ekspert rəyinin surətindən görünür ki, Kürdəmir rayonu, Çölbulaqlı kənd sakini İddiaçı məxsus məişət əşyalarının istifadəsinə görə müvafiq amortizasiya aşınması tətbiq edilməklə, xx.xx.2017-ci il tarixdə baş vermiş yanğın zamanı yanaraq məhv olmuş 24 adda əmlakın ümumi dəyəri, yəni əmtəə üzrə dəymiş ziyanın məbləği təxminən 10.782.50 manat müəyyən edilmişdir. (İş vər.23-30). İş materiallarında olan, Kürdəmir Rayon Məhkəməsinin 6(041)-03/2020 saylı, xx.xx.2020-ci il tarixli Qərarın surətindən görünür ki, Kürdəmir rayonu, Çölqubalı kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evində baş vermiş yanğın hadisəsi ilə bağlı Azərbaycan Respublikası CM-nin 314.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2ci maddəsinə əsasən xitam verilməsinə dair Kürdəmir rayon Prokurorluğunun xx.xx.2020ci il tarixli qərarı ləğv edilmiş, yenidən araşdırılması üçün materiallar Kürdəmir rayon prokurorluğuna qaytarılmışdır. Həmin Qərarda müəyyən olunmuş hallardan görünür ki, Azərbaycan Respubikası ƏN-yi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli, 21575 saylı əlavə məhkəmə yanğın texniki ekspertizası rəyində Cavabdeh2 MMC-nin, Cavabdeh1 İB-in və həmin birliyin X19 İstismar İdarəsinin əməkdaşlarının hadisə baş vermiş fərdi yaşayış evinə qaz xətlərinin çəkilməsi, kipliyin yoxlanılması və sınaqlardan keçirilməsinin müvafiq tələblərə uyğun aparılması təşkil edilmədiyi qeyd olunmuşdur. (İş vər.42-48). İş materiallarında olan, Kürdəmir rayon prokurorluğunun xx.xx.2020-ci il tarixli, ********** saylı məktubundan görünür ki, təqsirləndirən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən edilmədiyindən cinayət işi üzrə icraat xx.xx.2020-ci il tarixdə dayandırılmışdır. Həmin məktubdan geyd edilmişdir ki, Azərbaycan Respubikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli, 5942 nömrəli yanğın texniki ekspertizası üzrə ekspert rəyi, “Prime Legal” Ekpertiza və Hüquq şirkətinin xx.xx.2019-cu il tarixli, 4 nömrəli və 5 nömrəli ekspertiza rəyləri, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X5 Məhkəmə Psixiatrik Ekspertizasının 1998-ci il təvəllüdlü X2 dair xx.xx.2019-cu il tarixli 978a saylı rəyi cinayət işi materiallarında mövcuddur. (İş vər.125-127). İş materiallarında olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X5 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2019-cu il tarixli, 978a saylı ekspert rəyinin surətindən görünür ki, X8 xəstəliyin başlanma tarixi Qərarda qeyd olunmuş xx.xx.2017-ci il tarixə uyğun gəlir, onun tibbi sənədlərdə təsvir olunan psixi vəziyyəti bu günüdək ciddi dinamika olmadan davam edir. Yuxarıda göstərilənlər belə nəticəyə gəlməyə əsas verir ki, xx.xx.2017-ci il tarixdə Kürdəmir rayonu, Çölbulaqlı kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evində yanğınla müşayiət olunan partlayışla əlaqədar keçirdiyi streslə düçar olduğu xəstəliyin səbəbli əlaqəsi var. (İş vər.15-18). İş materiallarında olan, Kürdəmir Mərkəzi Rayon Xəstəxanası tərəfindən verilmiş 2333 saylı, xx.xx.2019-cu il tarixli arayışın surətindən görünür ki, Kürdəmir rayonu, Ərəbqubalı kəndində yaşayan 1998-ci il təvəllüdlü X3 rayon Poliklinika şöbəsində nevroloji kabinetdə xx.xx.2017-ci ildən dispanser qeyddiyyatındadır. (İş vər.31). Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan nəticəyə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllnin 21.1-ci maddəsinin tələbinə görə zərərin əvəzinin öədənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllnin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakndan məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllnin 1096-cı maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllnin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə kollegiyası İddiaçı aid hissədə maddi zərərlə bağlı birinci inistansiya məhkəməsinin gəlmiş olduğu nəticəni qanuni və əsaslı hesab edir. Belə ki, İddiaçı məxsus fərdi yaşayış evinin yanması nəticəsində ona dəymiş ziyanın, yəni tikiliyə dəymiş ziyanın aradan qaldırılmasına sərf olunan (xidmət haqqı və istifadə ediləcək materiallar nəzərə alınmaqla) vəsaitin məbləğinin 22.230 manat, yanğın zamanı yanaraq məhv olmuş əmlakın dəyərini təşkil edən 10.782 manat, cəmi 33.012 manat məbləğində maddi ziyanın iddiaçıya dəyməsi “Prime Legal” Ekpertiza və Hüquq şirkətinin 4 və 5 nömrəli, xx.xx.2019cu il tarixli ekspert rəyləri ilə öz təsdiqini tapmışdır. Odur ki, birinci instansiya məhkəməsi dəymiş maddi ziyanın əvəzi kimi 33.012 manat məbləğində pulun cavabdehdən tutularaq İddiaçı ödənilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. İddiaçı Lala Sadıqovanın sağlamlığına vurulmuş maddi zərərlə bağlı hissədə birinci inistansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçı öz tələblərinin əsası kimi istnad etdiyi hallarla bağlı sübut etmə vəzifəsi daşıdığı halda, onun tərəfindən sağlamlığına dəymiş ziyana görə çəkdiyi maddi xərclərə dair mötəbər sübutlar məhkəməyə təqdim edilməmiş və məhkəmə tərəfindən də belə hallar müəyyən olunmamışdır. Odur ki, iddia tələbi həmin hissədə əsaslı hesab edilə bilməz. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci inistansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin təhlükəlilik dərəcəsini (yəni hüquqa zidd əməlin inzibati xəta sayılmasını), bunun nəticəsində iddiaçıların keçirdiyi mənəvi sarsıntının xarakterini, cavabdehin təqsirini, yəni səhlənkarlıqdan zərər vurmasını, cavabdehin əmlak vəziyyətini və iddiaçıların fərdi xüsusiyyətlərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mənəvi zərərin əvəzi olaraq cavabdehdən İddiaçı xeyrinə 500 (beş yüz) manat, iddiaçı Lala Sadıqovanın xeyrinə isə 3.000 (üç min) manat məbləğində pul tutulması ağlabatan və ədalətlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 (zərərin əvəzinin ödənilməsi) və 23 maddələrinin (şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi) şərh edilməsinə dair xx xxx 2002-ci il tarixli qərarında göstərilir ki, Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Həmçinin göstərilir ki, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumununun 3 noyabr 2008-ci il tarixli 7 N-li qərarına əsasən mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlər) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə kollegiyası qeyd edilən maddi hüquq normalarını və Plenumun tövsiyəedici qərarını müqayisəli təhlil edərək hesab edir ki, iddia, iddia tələbində qeyd edilən maddi hüquq normaları baxımından sübut ediləcəyi təqdirdə əsaslıdır. Ona görə ki, bu xüsusda olan iddiaların təmin edilməsi üçün ilk növbədə o sübut etməlidir ki, həqiqətən də cavabdehin hərəkətləri nəticəsində o, mənəvi sarsıntı və iztirab keçirmiş, müalicə almış, bunlar cavabdehin qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş vermiş, qanunsuz hərəkət və hərəkətsizliklə iddiaçının istinad etdiyi maddi və mənəvi zərər arasında səbəbli əlaqə olmuşur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh1 İB-nin hüquqa zidd əməli, iddiaçı Lala Sadıqovanın baş vermiş partlayış nəticəsində sağlamlığına vurulmuş ziyanın aradan qaldırılması və iddiaçıların öz hüquqlarının bərpası məqsədilə çəkmiş olduğu xərclərin yaranmasına, o cümlədən, mənəvi satsıntıya və şüura təsir göstərən mənfi reaksiyaya səbəb olan hallara gətirib çıxarmışdır. Məhkəmə kollegiyası Cavabdeh1 İB-nin etibarnamə əsasında nümayəndəsi və vəkili Qulam İsmayılzadənin apelyasiya şikayətində göstərdiyi hadisə ilə bağlı Prokurorluqda istintaqı aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən edilmədiyindən iş üzrə icraat dayandırıldığını və belə olan halda partlayışının baş verməsinin səbəbkarının, yəni delikti törətmiş zərərvuranın Cavabdeh1 İB olması barədə birinci inistansiya məhkəməsinin gəldiyi nəticənin qanunsuz olması barədə dəlilləri ilə bağlı qeyd edir ki, hadisə baş vermiş fərdi yaşayış evinə qaz xətlərinin çəkilməsi, kipliyinin yoxlanılması və sınaqlardan keçirilməsinin müvafiq tələblərə uyğun aparılması təşkil edilmədiyinə görə, cavabeh Cavabdeh2 MMC-nin əməkdaşları tərəfindən “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları” və “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları” pozulsa da, həmin sifariş Cavabdeh1 İB tərəfindən istismara qəbul edildiyindən mülki hüquqi məsuliyyət sonuncunun üzərinə düşür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bundan başqa, Cavabdeh1 İB-nin etibarnamə əsasında nümayəndəsi və vəkili Qulam İsmayılzadə apelyasiya şikayətində qeyd etmişdir ki, “Prime Legal” Ekspertiza və Hüquq şirkəti qeyd olunan rəyi İddiaçı ilə aralarında bağlanmış müqaviləyə əsasən vermiş (yəni iddiaçıya xidmət çərçivəsində) ona görə də sözügedən rəy ədalətli ola bilməz. Bu halda qeyd olunan işlə bağlı ədalətli çəkişmə prinsipinə əsasən məhkəmə tərəfindən müstəqil ekspetiza təyin edilməli olduğu halda məhkəmə bunu etməmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin hazırki dəlillərinə münasibət bildirərək qeyd edir ki, hər iki ekspert rəyi Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsində təhqiqatçısının müvafiq rərarı ilə təyin edilmiş və alınmışdır. Odur ki, apelyasiya şikayətinin həmin dəlilləri əsassızdır. Halbu ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Məhkəmə kоllegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi düzgün olaraq iddiaçılar tərəfindən təqdim edilmiş sübutlara istinad etmiş və mübahisənin həll edilməsi üçün həmin sübutlardan istifadə etmiş, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun оlaraq iş üzrə tədqiq оlunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Odur ki, məhkəmə kоllegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas оla bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kоllegiyası, Cavabdeh1 İB-nin etibarnamə əsasında nümayəndəsi və vəkili Qulam İsmayılzadənin apelyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun оlaraq araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prоsessual hüquq nоrmalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Оna görə də məhkəmə kоllegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni, əsaslı və ədalətli оlduğundan, işdə, həmçinin apelyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar оlmadığından, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3487/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən, apelyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh1 etibarnamə əsasında nümayəndəsi və vəkili X10 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3487/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Rəşad Həsənov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar