Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3358/2025 24.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması X1 (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlundan və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(010)-1182/2025 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı QSC (bundan sonra “iddiaçı”) ilə Cavabdeh2 (bundan sonra “birinci cavabdeh”) arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə (bundan sonra birinci müqavilə) əsasən iddiaçı bu cavabdehə aylıq 1,8333% dərəcəsi ilə faiz hesablamaq və 48 ay müddətinə qaytarmaq şərti ilə 9.000 manat məbləğində kredit verməyi, cavabdeh isə həmin məbləği qəbul etməyi və kredit müqaviləsi ilə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə krediti qaytarmağı, habelə hesablanmış faizləri və gecikməyə yol verdiyi təqdirdə hesablanmış cərimə məbləğini ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Qeyd edilən məbləğ iddiaçı tərəfindən bu cavabdehə verilmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən həmin kredit müqaviləsi üzrə bu tarixə onun 7.476,30 manat əsas, 600,52 manat faiz, 138,23 manat cərimə, cəmi 8.215,05 manat borcu yaranmışdır. Bundan sonra həmin müqavilə üzrə xx.xx.2024-cü il tarixdə 495 manat, xx.xx.2024-cü il tarixdə 500 manat, cəmi 995 manat məbləğində ödəniş edilmişdir. Bu ödənişin 952 manat hissəsi əsas, 43 manat hissəsi isə faiz borcundan silinmiş və bu silinmələrdən sonra tərtib edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən onun bu müqavilə üzrə həmin tarixə 6.524,30 manat əsas, 951,85 manat faiz, 208,88 manat cərimə, cəmi 7.685,03 manat borcu yaranmışdır.
2. İddiaçı ilə Cavabdeh1 arasında (bundan sonra ikinci cavabdeh) bağlanmış xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh1 borcalan Cavabdeh2 xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə onunla birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür.
3. İddiaçı ilə birinci cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli kart kredit müqaviləsinə (bundan sonra ikinci müqavilə) əsasən iddiaçı tərəfindən bu cavabdehə “Visa OK Credit Cards” növlü kart hesabı və 36 ay müddətinə 300 manat məbləğində kredit limiti açılmış və həmin məbləğ kart vasitəsi ilə ona verilmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən həmin kredit müqaviləsi üzrə bu tarixə onun 298,75 manat əsas və 138 manat faiz, cəmi 436,75 manat borcu yaranmışdır.
4. İddiaçı tərəfindən cavabdehlərə ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubuna əsasən onlara xx.xx.2023-cü il tarixli kredit müqaviləsinin şərtlərinin pozulması, bunun nəticəsində həmin müqavilə üzrə xx.xx.2024-cü il tarixinə 640,61 manat əsas, 529,50 manat faiz, 138,23 manat cərimə, cəmi 1.308,34 manat məbləğində borcun yaranması barədə məlumat verilmiş, həmin məbləğin xx.xx.2024-cü il tarixinədək ödənilməsi və kredit müqaviləsinin ləğv edilməsi təklif edilmiş, əks təqdirdə kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi və banka olan cəmi 8.215,05 manat (7.476,30 manat əsas, 600,52 manat faiz, 138,23 manat cərimə) borcun, həmçinin xx.xx.2024-cü il tarixindən sonra hesablanacaq faiz və cərimə məbləğlərinin məcburi alınması üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Həmin xəbərdarlıq məktubu xx.xx.2024-cü il tarixdə Cavabdeh2 təqdim edilmiş, lakin qapı bağlı olması səbəbindən Cavabdeh1 təqdim edilməmiş və bu barədə müvafiq akt tərtib edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə xx.xx.2023-cü il tarixli, 009A********** saylı müqavilə üzrə 7.476,30 manat məbləğində əsas, 600,52 manat məbləğində faiz, 138,23 manat məbləğində cərimə, cavabdehlər Cavabdeh2 İddiaçı QSCnin xeyrinə xx.xx.2023-ci il tarixli, 009KK**********01 saylı kart krediti müqaviləsi üzrə 298,75 manat məbləğində əsas, 138 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə cəmi 8.651,80 manat məbləğində borcun və ödənilmiş 106,52 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia işin yuxarıda göstərilən faktiki hallarına istinad edilməklə əsaslandırılmışdır.
7. Cavabdeh2 iddiaya qarşı yazılı etiraz təqdim edərək, bildirmişdir ki, iddia ərizəsi ilə qəti razı deyil. Belə ki, iddiaçının qeyd etdiyinə görə aralarında bağlanmış müqavilə üzrə ona verilmiş 9.000 manat kreditdən onun tərəfindən yalnız 1.523,70 manat məbləğində pul ödənilmişdir. Bu həqiqətə uyğun deyil. Belə ki, onun tərəfindən 7 ay 256 manat olmaqla ödəniş edilmiş, sonradan iş yerini dəyişdirdiyi üçün bir müddət əmək haqqı almamışdır. Lakin bir ay gecikməsi olduğu üçün 2 ay, ayda 500 manat olmaqla, ümumilikdə 2.792 manat ödəniş etmişdir. Sonradan ona iddiaçı təşkilatın əməkdaşı zəng edərək, borcun tam məbləğinin təcili olaraq ödənilməsini tələb etmişdir. O, yalnız 500 manat məbləğində ödəniş etmək imkanına malik olduğunu bildirsə də, həmin əməkdaş bu məbləğdə ödənişin edilməsinə razı olmamış və kredit borcunun tutulması tələbi ilə məhkəmədə iddia qaldırılacağını qeyd etmişdir. Bundan sonra da o, ödənişləri dayandırmışdır. İddiaçı tərəfindən hesablanmış faiz və cərimə borcunu əsassız hesab edir. Onun tərəfindən ödənilmiş əsas borcdan 1.268 manat da əsassız yerə azaldılmışdır. Bu səbəbdən hesab edir ki, borcun araşdırılması üçün müstəqil məhkəmə ekspertizası təyin olunmalı və həmin ekspertizanın rəyinə əsaslanaraq, borcun hissə-hissə ödənilməsi təmin edilməlidir. Göstərilənlərin nəzərə alınmasını və iddianın rədd edilməsini xahiş etmişdir.
8. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 14.02..2025-ci il tarixli, 2(010)- 1182/2025 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2023-cü il tarixli, 009A********** saylı müqavilə üzrə 6.524,30 manat məbləğində kredit borcunun, 600,52 manat məbləğində faiz borcunun və 138.23 manat məbləğində cərimənin, cəmi 7.263,05 manat pulun və 106,52 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC-yə ödənilməsi, Cavabdeh2 İddiaçı QSCnin xeyrinə xx.xx.2023-ci il tarixli, 009KK**********01 saylı kart krediti müqaviləsi üzrə 298,75 manat məbləğində kredit borcu, 138 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə cəmi 436,75 manat məbləğində borcun tutularaq İddiaçı QSC-yə ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. (hakim X4)
9. Məhkəmə öz mövqeyi ilə bağlı qeyd etmişdir ki, iddiaçı ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının həmin cavabdehə qarşı irəli sürdüyü müqavilə üzrə borcun tutulması tələbi əsaslıdır. Belə ki, iddiaçı aralarında bağlanmış kredit müqaviləsinə dair üzərinə düşən öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən məbləğdə krediti borcluya vermişdir. Borclu isə bu kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu lazımınca etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən müvafiq kredit müqaviləsi üzrə əsas, faiz və cərimə borcunu tələb etməkdə haqlı olmuşdur.
10. Nəticədə məhkəmə hesab etmişdir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2023-cü il tarixli, 009A********** saylı müqavilə üzrə 6.524,30 manat məbləğində kredit borcu, 600,52 manat məbləğində faiz borcu və 138,23 manat məbləğində cərimə, cəmi 7.263,05 manat və 106,52 manat dövlət rüsumu tutularaq İddiaçı QSC-yə ödənilməlidir. Həmçinin Cavabdeh2 İddiaçı QSC-nin xeyrinə xx.xx.2023-ci il tarixli, 009KK**********01 saylı kart krediti müqaviləsi üzrə 298,75 manat məbləğində kredit borcu, 138 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə cəmi 436,75 manat məbləğində borc tutularaq İddiaçı QSC-yə ödənilməlidir.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci, 386cı, 425-ci, 442-ci, 448-ci, 462-ci, 465-ci, 739-cu, 740-cı, 742-ci, 743-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü, 77-ci, 88-ci, 107-ci, 119-cu, 185-ci, 217-ci, 222-ci maddələrinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
12. Cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Cavabdeh2 apellyasiya şikayətini iddiaya qarşı yazılı etirazın məzmununa uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, təqdim edilmiş sənədlər əsasında əsas məbləğ azaldılmalı, cərimə və dəbbə borcu isə ləğv edilməlidir. Onun ödənişlərini əks etdirən qəbzlər nəzərə alınmamışdır. Cərimə və dəbbə pulları əsassız yerə hesablanmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. İddiaçı QSC apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, həmin etirazı iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat vermiş, eyni zamanda, qeyd edilən kredit müqavilələri üzrə iddiaçıya borcunun olduğunu etiraf etmiş və ödənişlərin aparılması ilə bağlı iddiaçı ilə razılıq əldə edilməsinə hazır olduğunu bildirmişdir.
16. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən İddiaçı QSC məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, Cavabdeh1 isə məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası apellyasiya şikayətinə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.4-cü maddəsinə əsasən icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. İcraya qədər öhdəlik ləğv edildikdə, əgər icra müddəti təyin edilmişsə və onu ləğvetmə anından təqvim üzrə hesablamaq mümkündürsə, eyni qayda qüvvədə olur; 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; Tərəflər arasında münasibətlər yaranan zaman qüvvədə olan redaksiyada 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; Tərəflər arasında münasibətlər yaranan zaman qüvvədə olan redaksiyada 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 226.2-ci maddəsinə əsasən məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarında əks etdirilən hüquqi mövqeyə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Qərarda həmçinin göstərmişdir ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.
Apellyasiya baxışının hədləri
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
21. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
22. Hazırki apellyasiya şikayətində qətnamənin ləğv edilərək, iddianın rədd edilməsi xahiş edildiyindən qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası 1-ci cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlsə də, bu münasibətləri tənzimləyən hüquq normalarını düzgün tətbiq etməmiş (tərəflər arasında münasibətlər yaranan zaman Mülki Məcəllənin 13-cü fəslində olan 739-cu, 740cı, 742-ci maddələri hələ qüvvəyə minməmiş yeni məzmunda tətbiq edilmiş), eyni zamanda tədbiq edilməli olan (tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsini və zaminlik münasibətlərini tənzimləyən) hüquq normalarını tətbiq etməmişdir. Bunun nəticəsi olaraq 1-ci müqavilə üzrə tutulmalı olan faiz borcu da məbləğ etibarı ilə səhv hesablanmışdır. Bu səbəbdən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə çıxarılmalı, iddia qismən təmin edilməlidir.
24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, iddiaçı ilə birinci cavabdeh arasında xx.xx.2023-cü il tarixdə iki kredit müqaviləsi bağlanmışdır. Birinci müqaviləyə əsasən iddiaçı tərəfindən birinci cavabdehə aylıq 1,8333% dərəcəsi ilə faiz hesablamaq və 48 ay müddətinə qaytarmaq şərti ilə 9.000 manat məbləğində kredit verilmişdir. 2-ci müqaviləyə əsasən isə iddiaçı tərəfindən bu cavabdehə “Visa OK Credit Cards” növlü kart hesabı və 36 ay müddətinə 300 manat məbləğində kredit limiti açılmış və həmin məbləğ kart vasitəsi ilə ona verilmişdir. Bu cavabdeh isə hər iki müqavilə üzrə müəyyən edilmiş kredit məbləğlərini qəbul etməyi və kredit müqavilələri ilə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə krediti qaytarmağı, habelə hesablanmış faizləri və gecikməyə yol verdiyi təqdirdə hesablanmış cərimə məbləğini ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh müqavilələrdə göstərilən kredit məbləğlərini iddiaçıdan qəbul etmişdir.
25. İddiaçı birinci cavabdehin hər iki müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyini, nəticədə xx.xx.2024-cü il tarixə onun 1-ci müqavilə üzrə 7.476,30 manat əsas, 600,52 manat faiz, 138,23 manat cərimə, cəmi 8.215,05 manat, 2-ci müqavilə üzrə isə 298,75 manat əsas və 138 manat faiz, cəmi 436,75 manat borcunun yarandığını iddia edərək, bu məbləğlərin ondan tutulmasını tələb etmişdir. Sonradan 1-ci müqavilə üzrə xx.xx.2024-cü il tarixdə 495 manat, xx.xx.2024-cü il tarixdə 500 manat, cəmi 995 manat məbləğində ödəniş edilmişdir. Bu ödənişin 952 manat hissəsi əsas, 43 manat hissəsi isə faiz borcundan silinmiş və bu silinmələrdən sonra iddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışında onun xx.xx.2025-ci il tarixə bu müqavilə üzrə 6.524,30 manat əsas, 951,85 manat faiz, 208,88 manat cərimə, cəmi 7.685,03 manat borcunun olduğu göstərilmişdir. Lakin iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edilməmişdir.
26. Birinci cavabdeh iddianı qəbul etmir, eyni zamanda, kredit müqaviləsi üzrə borcunun olduğunu etiraf edir və yaranmış borcun ödənilməsindən yayınmadığını bildirir və nəticə etibarı ilə hesab edir ki, tərəfindən aparılmış bütün ödənişlər nəzərə alınaraq mövcud borcdan silinmədiyindən, bu səbəbdən cərimə və dəbbə pulları əsassız yerə hesablandığından təqdim edilmiş sənədlər əsasında iddia edilən əsas borc məbləği azaldılmalı, cərimə və dəbbə borcu isə ləğv edilməli, qalan borcun isə hissə-hissə ödənilməsi təmin edilməlidir.
27. Lakin birinci cavabdeh öz mövqeyini sübuta yetirə bilmir, müvafiq olaraq xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixli iki ədəd ödəniş qəbzindən başqa ödənişləri əks etdirən hər hansı sübut təqdim edə bilmir. Onun istinad etdiyi ödənişlərin isə iddiaçı tərəfindən nəzərə alındığı və ümumilikdə ödənilmiş 995 manat məbləğində pulun 952 manat hissəsinin əsas, 43 manat hissəsinin isə faiz borcundan silindiyi iş materiallarında olan muhasibat sənədləri, o cümlədən hesabdan çıxarış məlumatları ilə öz təsdiqini tapır.
28. Bununla belə, məhkəmə kollegiyası vurğulayır ki, mülki qanunvericiliyin yuxarıda göstərilən və bu sahəni tənzimləyən digər normalarının tələbləri, habelə müqavilə şərtləri baxımından iddiaçı ilə birinci cavabdeh arasında məhz kredit müqaviləsindən irəli gələn münasibətlər yaranmış və həmin münasibətlər çərçivəsində iddiaçı tərəfindən bu cavabdehə birinci müqavilə üzrə 9.000 manat, ikinci müqavilə üzrə 300 manat məbləğində pul vəsaiti kredit qismində verilmişdir. Lakin cavabdeh bu müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilələrdə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Bu səbəbdən həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdığı kimi iddiaçıya ödəməlidir.
29. Məhkəmə iddiaçı tərəfindən tələb edilən əsas və faiz borcu məbləğlərini ayrıayrılıqda nəzərdən keçirib, iddiaçı tərəfindən təqdim edilmiş muhasibat sənədlərini, o cümlədən maliyyə arayışını və hesabdan çıxarış məlumatlarını mötəbər sübut kimi qiymətləndirib, habelə bunun əksini təsdiq edəcək hər hansı sübutun birinci cavabdeh tərəfindən təqdim edilməməsini nəzərə alıb hesab edir ki, iddia tələbi 2-ci müqavilə ilə bağlı hissədə əsaslıdır və təmin edilməli, həmin müqavilə üzrə cavabdehdən iddiaçının xeyrinə 298,75 manat məbləğində əsas, 138 manat məbləğində faiz borcu tutulmalıdır.
30. Məhkəmə kollegiyası birinci müqavilə üzrə birinci cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan əsas kredit borcunun məbləği ilə bağlı qeyd edir ki, iddiaçı xx.xx.2024-cü il tarixə həmin müqavilə üzrə 7.476,30 manat məbləğində əsas borcun yarandığını iddia etmişdir. İş materiallarında olan və məhkəmə kollegiyası tərəfindən mötəbər sübut kimi qiymətləndirilmiş muhasibat sənədlərindən, xüsusilə də hesabdan çıxarış məlumatlarından həmin müqavilə üzrə aparılmış ödənişlərin əsas borcdan silinmiş hissəsinin hesablanması nəticəsində (99 + 128,25 + 141,56 + 119,81 + 116,79 + 128,37 + 6,35 + 131,97 + 119,23 + 264,54 + 16,54 + 251,29 = 1.523,70 - əsas borcdan ödənilmiş məbləğ, 9.000 – 1.523,70 = 7.476,30) məhz bu məbləğdə əsas borcun yarandığı öz təsdiqini tapır. Bu tarixdən sonra həmin müqavilə üzrə ümumilikdə ödənilmiş 995 manat məbləğində pulun 952 manat hissəsi də məhz əsas borcdan silinmiş və bununla bağlı tərtib edilmiş yeni maliyyə arayışına əsasən bu cavabdehin xx.xx.2025-ci il tarixə 6.524,30 manat əsas borcunun olduğu göstərilmişdir. Hesablama nəticəsində də (7.476,30 – 952 = 6.524,30) məhz bu məbləğ alınır. Bu səbəbdən məhkəmə kollegiyası iddia tələbini bu hissədə qismən əsaslı hesab edir və belə qənaətə gəlir ki, 1-ci müqavilə üzrə bu cavabdehdən iddiaçının xeyrinə iddia üzrə tələb edilən məbləğdə deyil, xx.xx.2025-ci il tarixli maliyyə arayışında əks olunmuş 6.524,30 manat məbləğində əsas borc tutulmalıdır.
31. Məhkəmə kollegiyası birinci cavabdehdən birinci müqavilə üzrə tələb edilən faiz borcunun məbləği ilə də razılaşmır və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarında nümayiş etdirilmiş hüquqi mövqeyi əsas götürərək, qeyd edir ki, iddiaçı kredit müqaviləsi üzrə faiz borcunu xx.xx.2024-cü il tarixinə hesablamaqda haqlı olmuşdur. Belə ki, iddiaçı cavabdehə xx.xx.2024-cü il tarixdə xəbərdarlıq (pretenziya) məktubu göndərərək, müqavilə üzrə xx.xx.2024-cü il tarixə 640,61 manat məbləğində əsas, 529,50 manat məbləğində faiz və 138,23 manat məbləğində cərimə borcunun yarandığını bildirmiş və gecikdirilmiş ödəniş məbləğinin xx.xx.2024-cü il tarixədək qaytarılmasını və kredit müqaviləsinin ləğv edilməsini təklif etmiş, əks təqdirdə kredit müqaviləsinin vaxtından əvvəl ləğv ediləcəyi və həmin müqavilə üzrə banka olan bütün borc (7.476,30 manat məbləğində əsas, 600,52 manat məbləğində faiz, 138,23 manat məbləğində cərimə) məbləğinin məcburi alınması üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Həmin xəbərdarlıq xx.xx.2024-cü il tarixdə birinci cavabdehin ünvanı üzrə təqdim edilmişdir.
32. Bununla belə, iddiaçı artıq xx.xx.2024-cü il tarixdə birinci cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərini əhəmiyyətli dərəcədə pozması ilə əlaqədar müqavilənin ləğv edilməsi ilə bağlı iradə ifadəsini ona yazılı qaydada bildirmiş və bunun üçün xx.xx.2024-cü il tarixədək müddət müəyyən etməklə, həmin müddət ərzində də bütün borcun ödənilməsini tələb etmişdir. Həmin məsələni özündə əks etdirən bildiriş xx.xx.2024-cü il tarixdə bu cavabdehin ünvanı üzrə təqdim edilmişdir. Bu baxımdan həmin müqavilə xx.xx.2024-cü il tarixdən birtərəfli qaydada ləğv edilmişdir.
33. Belə ki, Mülki Məcəllənin 421.2-ci maddəsinin tələbləri baxımından nəzərə alınmalıdır ki, müqavilənin birtərəfli qaydada aradan qaldırılması (ləğv edilməsi) iki əsasdan biri mövcud olduqda, yəni 1) digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozması halında; 2) Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda mümkündür.
34. Müqavilə öhdəliklərinin əhəmiyyətli dərəcədə pozulması baş vermədiyi bir sıra hallarda, əgər bu hallar Mülki Məcəllə və ya tərəflərin əvvəlcədən qarşılıqlı razılaşması ilə müəyyən edilərsə, müqavilə birtərəfli qaydada ləğv oluna bilər. Belə ki, Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.
35. Beləliklə, Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan birinin mövcud olduğu müqavilənin ləğv edilməsi məhkəmədənkənar qaydada baş verir. İddiaçı da cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərini əhəmiyyətli dərəcədə pozması ilə əlaqədar müqavilənin ləğv edilməsi ilə bağlı iradə ifadəsini cavabdehə yazılı qaydada bildirmiş və bütün, o cümlədən 600,52 manat məbləğində faiz borcunun ödənilməsini tələb etmişdir. Hüquqi nəticə etibarı ilə iddiaçı xx.xx.2024-cü il tarixdə həmin müqaviləni birtərəfli qaydada ləğv etmişdir. Lakin iddiaçı müqavilədə nəzərdə tutulmuş faizləri həmin tarixdən sonra da hesablamaqda davam etdiyindən bu tarixdən sonra ümumilikdə ödənilmiş 995 manat məbləğində pulun 43 manat hissəsini məhz bu ödənişin həyata keçirildiyi xx.xx.2024-cü il tarixə hesablanmış faiz borcundan silmişdir. Halbuki, yuxarıda nümayiş etdirilmiş hüquqi mövqeyə əsasən bu məbləğ məhz xx.xx.2024-cü il tarixə yaranmış (iddiaçı tərəfindən tələb edilən) 600,52 manat faiz borcundan silinməli idi.
36. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, hazırki iş üzrə tərəflər arasında bağlanmış 1-ci kredit müqaviləsinə əsasən faiz borcunun məbləği xx.xx.2024-cü il il tarixə hesablanmalı, həmin tarixdən sonra aparılmış ödənişdən faiz borcunun ödənişi kimi qəbul edilmiş 43 manat məbləğində pul vəsaiti xx.xx.2024-cü il tarixə hesablanmış faiz borcundan silinməlidir. Faiz borcunun bu məbləğdən artıq azaldılması, habelə iş üzrə məhkəmə - muhasibat ekspertizasının təyin edilməsi üçün məhkəmə kollegiyası hər hansı əsas müəyyən etməmişdir.
37. Beləliklə, birinci müqavilə üzrə xx.xx.2024-cü il tarixə 600,52 manat məbləğində faiz borcunun yarandığı göstərildiyindən, bu tarixdən sonra ümumilikdə 43 manat məbləğində faiz borcu ödənildiyindən, birinci müqavilə üzrə birinci cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan faiz borcu (600,52 - 43 = 557,52) 557,52 manat məbləğində müəyyən edilməlidir.
38. Məhkəmə kollegiyası o halı da qeyd edir ki, tərəflər birinci müqaviləyə əsasən ödənişlərin gecikdirilməsinə yol verildiyi halda borcun gecikdirildiyi hər təqvim günü üçün əsas borc məbləğinə illik müvafiq faiz dərəcəsi ilə cərimənin (dəbbə pulunun) tətbiq edilməsi barədə də razılığa gəlmişdilər. Bu razılaşma (vəd) yazılı şəkildə həmin müqavilənin aidiyyəti bəndlərində öz əksini tapmışdır. Hazırda da iddiaçı birinci müqavilə üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən birinci cavabdehdən öhdəliyin icrasını, o cümlədən hesablanmış 138,23 manat məbləğində cərimə borcunun ödənilməsini tələb edir.
39. Məhkəmə kollegiyası aparılmış ödənişlərin və yaranmış borcun məbləğini nəzərə alıb, belə qənaətə gəlir ki, iddia üzrə tələb edilən 138,23 manat məbləğində cərimənin azaldılmasına (ləğv edilməsindən söhbət gedə bilməz) hər hansı əsas yoxdur, iddia tələbi bu hissədə əsaslıdır və təmin edilməlidir. Qeyd edilən məbləğdə cərimə borcu birinci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
40. Məhkəmə kollegiyası iddia tələbinin ikinci cavabdehə aid hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı ilə zamin (ikinci cavabdeh) arasında bağlanmış xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsinə əsasən zamin (ikinci cavabdeh) borcalanın (birinci cavabdehin) xx.xx.2023-cü il tarixli birinci kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə onunla birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Məhkəməyə müraciət etməzdən əvvəl iddiaçı tərəfindən bu cavabdehə də xəbərdarlıq məktubu göndərilmiş, lakin bu da bir nəticə verməmişdir.
41. Məhkəmə kollegiyası hesab edir ki, ikinci cavabdeh zamin kimi birinci cavabdehin iddiaçı qarşısında öhdəliyini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürdüyündən, zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti, habelə zaminlik müqaviləsində başqa hal nəzərdə tutulmadığından, iddiaçı qarşısında birgə və eyni həcmdə məsuliyyət daşımalı, məhkəmə kollegiyası tərəfindən birinci müqavilə üzrə müəyyən edilmiş əsas, faiz və cərimə borcu müştərək qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır.
42. Eyni zamanda, məhkəmə kollegiyası iddianın təmin edilmiş hissəsinin qiymətini (birinci müqavilə üzrə 7.220,05 manat + ikinci müqavilə üzrə 436,75 = 7.656,80 manat) nəzərə alıb, belə qənaətə gəlir ki, tutulmalı olan dövlət rüsumunun ümumi məbləği 96,56 manat məbləğində müəyyən edilməli, həmin məbləğin 92,20 manat hissəsinin əvəzi cavabdehlərdən müştərək qaydada, 4,36 manat hissəsinin əvəzi isə yalnız birinci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
43. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb, belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, birinci müqavilə üzrə 6.524,30 manat məbləğində əsas, 557,52 manat məbləğində faiz, 138,23 manat məbləğində cərimə, cəmi 7.220,05 manat məbləğində kredit borcu müştərək qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulmalı, ikinci müqavilə üzrə 298,75 manat məbləğində əsas, 138 manat məbləğində faiz, cəmi 436,75 manat məbləğində kredit borcu birinci cavabdehdən iddiaçının xeyrinə tutulmalı, eyni zamanda, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 92,20 manat hissəsinin əvəzi cavabdehlərdən müştərək qaydada, 4,36 manat hissəsinin əvəzi isə birinci cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu birinci cavabdehə aid edilməlidir.
44. Hazırkı iş üzrə apellyasiya şikayətinə uyğun olaraq borcun silinən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan iddiaçı qətnamədən kassasiya şikayəti verə bilməz.
45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384- 385-ci, 392-ci, 393-cü, 402-403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(010)-1182/2025 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli, 009A********** saylı kredit müqaviləsi üzrə 6.524,30 (altı min beş yüz iyirmi dörd manat, otuz qəpik) manat məbləğində əsas, 557,52 (beş yüz əlli yeddi manat, əlli iki qəpik) manat məbləğində faiz, 138,23 (bir yüz otuz səkkiz manat, iyirmi üç qəpik) manat məbləğində cərimə, cəmi 7.220,05 (yeddi min iki yüz iyirmi manat, beş qəpik) manat məbləğində kredit borcu müştərək qaydada cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı QSC-nin xeyrinə tutulsun. xx.xx.2023-cü il tarixli, 009KK**********01 saylı kart kredit müqaviləsi üzrə 298,75 (iki yüz doxsan səkkiz manat, yetmiş beş qəpik) manat məbləğində əsas, 138 (bir yüz otuz səkkiz) manat məbləğində faiz, cəmi 436,75 (dörd yüz otuz altı manat, yetmiş beş qəpik) manat məbləğində kredit borcu Cavabdeh2 İddiaçı QSC-nin xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun 92,20 (doxsan iki manat, iyirmi qəpik) manat hissəsinin əvəzi müştərək qaydada cavabdehlər Cavabdeh2 və Cavabdeh1, 4,36 (dörd manat, otuz altı qəpik) manat hissəsinin əvəzi isə Cavabdeh2 İddiaçı QSC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh2 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Cavabdeh2 Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.