Məhkəmə qərarları › İş №2(103)-3359/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3359/2023

15.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3359/2023 15.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv olunması və borcun qaytarılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: kredit müqaviləsinin ləğv edilməsi, borcun tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv olunması və borcun qaytarılması” tələbinə dair iddiası mülki iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin e- 2(011)-737/2023 saylı, 06 fevral 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Bank Respublika” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 19030***-*******01 saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixədək illik 17% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 11500 manat məbləğində nağd pul şəklində kredit verilmişdir.

2. İddiaçı ASC tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh İddiaçı ASC-yə 7663.72 manat əsas kredit borcu, 589,65 manat faiz borcu olmaqla, 80.48 cərimə borcu olmaqla cəmi 8333,85 manat borcu vardır.

3. İddiaçı ASC-nin cavabdehlərə pretenziya ünvanlanaraq bank tərəfindən cavabdehlər banka olan borcun ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişlər.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı ASC Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv olunması və borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli 19030***-*******01 №-li kredit müqaviləsinin ləğv olunması, cavabdehdən İddiaçı ASC-nin xeyrinə həmin kredit müqaviləsi üzrə 7663.72 manat əsas borc, 589.65 manat faiz borcu, 80.48 manat cərimə və iddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 103.34 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, İddiaçı ASC ilə bağladığı xx.xx.2021 il tarixli kredit müqaviləsinə əsasən cavabdeh bankdan xx.xx.2024 ilədək qaytarmaq və illik 17 % ödəmək şərti ilə aldığı 11500 AZN krediti və ondan istifadəyə görə faizləri müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq hər təqvim ayının müvafiq günündə hissə-hissə Banka ödəməli olduğu halda öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Kredit müqaviləsi üzrə xx.xx.2022 il tarixə olan borcun məbləği əsas borc üzrə 7663.72 manat, faizlər üzrə 589.65 manat, cərimə üzrə 80.48 manat təşkil edir.

6. Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)-737/2023 saylı, 06 fevral 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 19030***-*******01 saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh 7663,72 manat əsas borc, 589,65 manat faiz borcu, 80,48 manat cərimə borcu olmaqla, cəmi 8333,85 manat məbləğində borc və eyni zamanda 103,34 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir.

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan iddiaçı tərəfindən tələb olunan 7663,72 manat əsas borc, 589,65 manat faiz borcu, 80,48 manat cərimə borcu olmaqla, cəmi 8333,85 manat məbləğində borc Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı ASC-si ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 19030***-*******01 saylı kredit müqaviləsi ləğv edilməlidir.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 429.1.3, 442, 445.2.1, 448.1, 449.1, 449.4, 739.1, 739.2-ci maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)-737/2023 saylı, 06 fevral 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayətində göstərilmişdir ki, onunla İddiaçı ASC arasında bağlanmış xx.xx.2021 il tarixli kredit müqaviləsi üzrə xx.xx.2024 ilədək qaytarmaq və illik 17 % ödəmək şərti ilə aldığı 11500 AZN krediti və ondan istifadəyə görə faizləri müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq hər təqvim ayının müvafiq günündə hissə-hissə Banka qaytamağına dair öhdəlik götürüb. Lakin, maddi vəziyyətinin pisləşməsi ilə əlaqədar olaraq ödənişin edilməsi ilə bağlı çətinliklər yaranmışdır. İddiaçı ASC-nin iddiasına görə kredit müqaviləsi üzrə xx.xx.2022 il tarixə olan borcun məbləği əsas borc üzrə 7663.72 manat, faizlər üzrə 589.65 manat, cərimə üzrə 80.48 manat təşkil edir. Səhətti ilə bağlı iclas iştirak edə bilməyib. Buna baxmayaraq məhkəmə iclasları keçirilmiş və yekun məhkəmə aktı çıxarılmışdır. Yekun məhkəmə aktında qeyd edilmiş borc məbləği real borcdan artıqdır. Belə ki, faiz və cərimə məbləği müqavilə üzrə razılaşdırılmışdan artıq hesablanmışdır. İddiaçının məsələyə qərəzli yanaşmasını sübut edən hal ondan ibarətdir ki, ödənişin edilmədiyinə görə müqavilənin ləğv edilməsi ilə bağlı məhkəməyə vaxtında müraciət etmək hüququndan istifadə etməməklə yanaşı qeyd edilən dövr ərzində borca dair əlavə faizlərin hesablanmasına gətirib çıxarmışdır. Belə ki, ödənişin həyata keçirilməməsi mübahisələndiriləcək hal olmasına baxmayaraq mübahisənin həllinə dair məhkəməyə müraciət yalnız 2022-ci ilin noyabr ayında edilmişdir. Hallara nəzər yetirildikdə iddiaçının öz hüquqlarından sui-istifadə etdiyi məlum olur. Məhkəmə tərəfindən işə baxılarkən iddiaçının öz hüquqlarından sui istifadə etməsi halı araşdırılmamışdır. Belə ki, uzun müddət kredit börcunun ödənilməsi ilə bağlı maddi vəziyyətinin yaxşı olmadığı iddiaçıya məlum olmasına baxmayaraq borc üzrə faizlərin hesablanması dayandırılmamış və məhkəməyə vaxtında müraciət edilməmişdir. Bu hal isə artıq faiz və cərimə borcunun hesablanması ilə nəticələnmişdir. İşin əsasının kredit müqaviləsinin ləğv olunması və borcun qaytarılması tələbi olduğunu nəzərə aldıqda məhkəmə tərəfindən hesablanmış faizlərin reallığa uyğun olub olmaması araşdırılmamışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Proses iştirakçılarının izahatı

12. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. Cavabdeh məhkəməyə teleqram ünvanlayaraq ailə vəziyyəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd etmiş, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları:

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

14. Həmin Məcəllənin 386.1-ci maddəsində qeyd edilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

15. Həmin Məcəllənin 424.2-ci maddəsində qeyd edilir ki, müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir.

16. Həmin Məcəllənin 424.3-ci maddəsində qeyd edilir ki, müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır.

17. Həmin Məcəllənin 421.2-ci maddəsində qeyd edilir ki, Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

18. Həmin Məcəllənin 442-ci maddəsində qeyd edilir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

19. Həmin Məcəllənin 448.1-ci maddəsində qeyd edilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

20. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

21. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

Apellyasiya baxışının hədləri

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

24. Hazırki halda cavabdehin apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

26. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçının tələbi 2 hissədən ibarətdir:

1. Tərəflər arasında imzalanmış xx.xx.2021-ci il tarixli, 19030***-*******01 saylı kredit müqaviləsinin ləğv edilməsi;

2. Kredit müqaviləsi üzrə 7663.72 manat əsas borc, 589.65 manat faiz borcu, 80.48 manat cərimə və iddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 103.34 manat pulun tutulması;

27. Birinci instansiya məhkəməsi arayış əsasında müəyyən etmişdir ki, Cavabdeh İddiaçı ASC ilə aralarında bağladığı xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 7663.72 manat əsas, 589.65 manat faiz, 80.48 manat cərimə borcu olmaqla, cəmi 8333,85 manat borcu yaranmışdır.

28. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

29. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində Cavabdeh hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir.

30. Cavabdeh apellyasiya şikayətinin dəlili olaraq tələb edilən faiz və dəbbə pulunun düzgün hesablanmadığı qeyd etsə də, arqumentlərinin yoxlanılmasına əsas verəcək heç bir sübutu məhkəməyə təqdim etməmişdir.

31. Apellyasiya şikayətinin digər dəlili odur ki, iddiaçı vaxtında məhkəməyə iddia ərizəsi ilə müraciət etməmişdir, daha tez müraciət etsə idi faiz və cərimə borcu az hesablanardı.

32. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi son müddəti xx.xx.2024-cü il tarix müəyyən edilmişdir. Kredit üçün illik 17 faiz ödənilməsi, gecikdirilmiş hissə üçün 17 faiz üstəgəl 5 faiz gecikdirmə faizinin hesablanması razılaşdırılmışdır.

33. Məhkəmə kollegiyası tərəflərin arasında imzalanmış xx.xx.2021-ci il tarixli, 19030***- *******01 saylı kredit müqaviləsinin ləğv edilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Mülki Məcəllənin 421.2-ci maddəsində qeyd edilir ki, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.

35. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

36. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

37. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

38. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

39. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.

40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)-737/2023 saylı, 06 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar