Məhkəmə qərarları › İş №2(103)-3359/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3359/2024

03.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3359/2024 03.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh ("xxxx" ASC və Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Bakı Qarnizonu Mənzil-İstismar hissəsinin 8 nömrəli Mənzil İstismar Sahəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı mülki iş üzrə (Açar sözlər: qanunsuz hərəkətlərin qadağan edilməsi və zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, İddiaçı, müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı ("xxxx" ASC və Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Bakı Qarnizonu Mənzil-İstismar hissəsinin 8 nömrəli Mənzil İstismar Sahəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “qanunsuz hərəkətlərin qadağan edilməsi və zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-466/2024 saylı 1 mart 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 3-saylı hərbi şəhərcik, ev 14, mənzil 2-də, Cavabdeh isə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 3-saylı hərbi şəhərcik ev 2, mənzil 7-də yaşayır. Mübahisəli su çəninin yerləşdiyi torpaq sahəsi Müdafiə Nazirliyinin Bakı Qarnizonu Mənzil-İstismar hissəsinin balansında olsa da, faktiki olaraq iddiaçı tərəfindən bağ sahəsi kimi istifadə edilir. Böyük hissəsi həmin torpaq sahəsinə basdırılmış 25-30 tonluq su çənindən cavabdeh və ailəsi istifadə edir. Su çəninin yerə basdırılan hissəsində korroziya nəticəsində su sızıntısının olduğu ehtimal edilir. Belə ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2020-ci il tarixli məktubunda qeyd edilmişdir ki, texniki baxış zamanı Cavabdeh məxsus ehtiyat su çənindən əraziyə suyun sızması aşkar edilir. Eyni məzmunlu cavablar "xxxx" ASC tərəfindən bir neçə dəfə verilmiş və su çəninin təmir edilməsi tövsiyə edilmişdir.

2. İddiaçı həmin məsələ ilə bağlı Bakı İnzibati Məhkəməsində “zərərin vurulmasının qarşısının alınması” tələbinə dair iddia ilə məhkəməyə müraciət etmiş və qeyd edilən Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(112)-9860/2023 saylı qərardadı ilə mümkünsüz sayılmışdır.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istifadəsində olan torpaq sahəsinə cavabdehin qanunsuz istifadə etdiyi çəndən su axıdılmasına son qoyulması, ona qarşı yönəlmiş qanuna zidd əməllərin qadağan edilməsi, delikt nəticəsində vurulmuş maddi zərərə görə 10.000 manat məbləğində təzminatın, 11 saylı Vəkil bürosuna ödədiyi 71 manat və dövlət rüsmuna görə 120 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ailəsi ilə birlikdə 1988-ci ildə məlum hadisələr nəticəsində keçmiş Ermənistan SSR-in Meqri rayonundan qovulmuşdur. xx.xx.1990-cı il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Ərzaq Anbarında (keçmiş 173 saylı Hərbi Anbar) işə qəbul olunmuş və rəhbərlik tərəfindən yuxarıda qeyd edilən ünvanda mənzillə təmin edilmiş, komandanlığın razılığı ilə həmin mənzilin qarşılığında yerləşən torpaq sahəsini abadlaşdırıb orada müxtəlif meyvə ağacları və bostan bitkiləri əkərək ailəsinin zəruri ehtiyaclarını ödəmək üçün istifadə etməyə başlamışdır. Təxminən 1993-cü ildə MƏA-nın rəisi polkovnik S.V.İmanov məzuniyyətdə olarkən, onun vəzifələrini müvəqqəti icra edən, mayor rütbəsində olan Qurji soyadlı zabit özünün də həmin dövrdə mənzillərin birində yaşadığı 2 saylı evin su təchizatını yaxşılaşdırmaq üçün onunla razılığa gələrək həmin sahədə 25000 litr tutumlu dəmir çən yerləşdirdi. Əvvəllər həmin hərbi şəhərcik Müdafiə Nazirliyinin Mərkəzi Ərzaq Anbarının balansında idi, lakin təxminən 2001-ci ildə MN-in Bakı rayon Mənzil İstismar Sahəsinin 2 saylı Evlər İdarəsinin (hazırkı 8 saylı ev) balansına keçdi, mənzillər fərdi qaydada sayğaclaşdırılmağa başladı, bu səbəbdən də bütün sakinlər ana xəttdən öz mənzillərinə yeni su xətti çəkdilər. Lakin hazırda cavabdehin yaşadığı mənzilin xidməti order üzrə əvvəlki istifadəçisi, gizir X3 (cavabdehin mərhum atası) digər sakinlər kimi yeni su xətti çəkmək əvəzinə, fürsətdən istifadə edərək mənzilinə gedən su xəttini özbaşına olaraq artıq heç kimin istifadə etmədiyi həmin çənin çıxış borusuna qoşub istifadə etməyə başladı. Qeyd edir ki, sözügedən çən, əvvəllər torpağa basdırılmış vəziyyətdə içərisində uzun müddət benzin saxlanılmış, istismar müddəti bitdikdən sonra yerindən çıxarılaraq silinmişdir. Onun istifadəsində olan torpaq sahəsində üçdə iki hissəsi yenidən torpağa basdırılmış vəziyyətdə qoyulduğu tarixdən isə artıq 30 ildən artıq bir müddət keçmişdir. Bu səbəbdən də korroziyaya məruz qalıb torpağa basdırılmış alt hissəsi çürüyərək deşildiyindən artıq 10 ildən artıqdır ki, içməli su oradan boş-boşuna axaraq israf olunur, yaranmış bataqlıq nəticəsində onun öz əlləri ilə əkdiyi meyvə ağacları məhv olmuş, torpaq sahəsi əkin üçün yararsız vəziyyətə düşmüş, eləcə də atmosferi ən zəngin oksigenlə təmin etmək xüsusiyyətinə malik olan iri gövdəli bir şam ağacının da kökləri yerdən üzülərək həmin sahəyə aşmışdır. Beləliklə süni bataqlıqlar əmələ gəlməsi səbəbindən hazırda həmin sahədə botanik xüsusiyyətlərinə görə taxıllar fəsiləsindən olub, yayılma arealı əsasən göllər və bataqlıqlar olan, hündürboylu çoxillik hidrofil ot sayılan qamış, eləcə də digər oxşar xassəli otlar bitərək sözün əsl mənasında cəngəllik yaranmışdır. Artıq 32 ildir ki, fasiləsiz olaraq onun faktik istifadəsində olan torpaq sahəsindən istifadə etmək imkanlarından tamamilə məhrum olunmuş və bütün bunların nəticəsində mənə külli miqdarda maddi zərər vurulmuşdur. Qeyd edilən problemlərin aradan qaldırılması məqsədi ilə dəfələrlə cavabdehə müraciət etsə də, o, heç bir tədbir görməmiş, əksinə gah əlinə soyuq silah (bıçaq) götürərək üzərinə hücum çəkmiş, gah da öz yaxın qohumlarını başına toplayaraq ona hədə-qorxu gəlmişdir. Bütün bunlardan sonra eyni məqsədlə bir neçə dəfə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ərizə ilə müraciət etmiş, lakin bu ərizələrin də heç bir real nəticəsi olmadığından "xxxx" ASC-yə qarşı "zərər vurulmasına son qoyulması tələbinə dair" iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9860/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "zərərin vurulmasının qarşısının alınması" tələbinə dair iddiası mümkün sayılmamışdır. Həmin qərardadda Məhkəmə qeyd etmişdir ki, iddiaçının hüquqi marağı digər hüquqi şəxsə məxsus ehtiyat su çənindən suyun iddiaçının torpaq sahəsinə axmasının qarşısının alınmasına nail olmaqdan ibarətdir. Mübahisə predmeti olan ehtiyat su çəni qonşuluqda olan fiziki şəxsə məxsusdur. Onun təmir edilməsi və ya suyun axmasının qarşısının alınması ilə bağlı iddia tələbləri həmin şəxsə qarşı irəli sürülə bilər. Onu da Məhkəmənin diqqətinə çatdırır ki, cavabdeh tərəfindən uzun illər boyu davam etdirilən qanunsuz əməllərə qarşı heç bir tədbir görülmədiyi üçün, o, tamamilə arxayınlaşaraq özünü "toxunulmaz" hiss etdiyindən, xx.xx.2023-cü il tarixdə təxminən saat 18:30 radələrində narkotik maddələrin təsiri altında qeyri adekvat, aqressiv vəziyyətdə, şəhərciyin həyətində olan hər kəsin gözləri qarşısında nümayişkəranə şəkildə üzərinə hücum edərək yumruğunu bir neçə dəfə sifət nahiyyəsinə yaxınlaşdırmaqla hədə-qorxu gəldi, əxlaqsız işarələr işarələr göstərməklə ünvanına nalayiq ifadələr işlətdi və bildirdi ki, “mən burada doğulmuşam, mənim torpağımdır necə istəsəm o cür də hərəkət etəcəyəm, get kimə və hara istəyirsən şikayət elə.” Orada olan şəxslər onu sakitləşdirməyə çalışsalar da, cavabdeh heç kəsə məhəl qoymadı və AR CM-in 221.1-ci maddəsinin dispozisiyasında sadalanan bütün əlamətləri özündə əks etdirən xuliqanlıq hərəkətlərini təxminən 25-30 dəqiqə ərzində davam etdirdi.

5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-466/2024 saylı, 1 mart 2024-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilərək iddiaçının istifadə etdiyi torpaq sahəsində yerləşən və cavabdehin istifadə etdiyi çəndən su axıntısına səbəb olan halın Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Bakı Qarnizonu Mənzil-İstismar hissəsinin 8 nömrəli Mənzil İstismar Sahəsinin razılıq verdiyi qaydada aradan qaldırılması vəzifəsi Cavabdeh həvalə edilməsi qət edilmişdir.

6. Məhkəmə qeyd etmişdir ki, üçüncü şəxsin balansında olan və iddiaçının istifadə etdiyi torpaq sahəsində cavabdehin istifadə etdiyi dəmir materialdan hazırlanmış su çəni yerləşir və həmin çənin torpağın altında olan hissəsi korroziyaya uğradığından su sızma baş vermişdir. İddiaçı su sızmanın nəticəsində əldən çıxmış fayda qismində zərər tələb etsə də bununla bağlı hər hansı sübutu təqdim etməmişdir.

7. Həmçinin məhkəmə qeyd etmişdir ki, hazırki halda su sızmanın nəticəsində zərərin vurulması müəyyən edilməsə də, gələcəkdə su sızma nəticəsində iddiaçıya zərər vurulması təhlükəsi vardır. Çünki dəmir materialdan hazırlanmış, 30 ildən çox istifadə edilmiş, torpaqla fiziki təmasda olan 25-30 tonluq çənin gələcəkdə daha böyük fəsad törətməsi ehtimalı yüksəkdir. Bu səbəbdən də iddia tələbi su axıtmaya son qoyulması, yəni hüquqi nəticə etibarı ilə axıntının aradan qaldırılması üçün müvafiq tədbir görülməsi hissəsində əsaslı hesab edilməlidir. Bununla bağlı qeyd edilməlidir ki, torpaq sahəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Bakı Qarnizonu Mənzil-İstismar hissəsinin 8 nömrəli Mənzil İstismar Sahəsinin balansında olduğundan cavabdehin istifadəsində olan çəndən su axıntısına səbəb olan halın aradan qaldırılması ilə bağlı hərəkətlər də onun razılıq verdiyi qaydada icra edilə bilər. Belə ki, çənin təmir edilməsi, çıxardılması və ya digər tədbir görülməsi üçün cavabdehin, digər şəxslərin əraziyə daxil olması və orada texnikanın işlənməsi gərəklidir və bu da torpaq sahəsinə sərəncam vermək hüququ olan şəxsin razılığı ilə mümkündür.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1, 1096.2, 1097.1, 1098.1, 1098.2 və 1098.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

9. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-466/2024 saylı 1 mart 2024-cü il tarixli qətnaməsinin iddianın təmin olunmayan hissəsində ləğv olunmasını və iddianın tam həcmdə təmin olunmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin nəyə əsasən belə bir mövqe nümayiş etdirməsi məlum deyil, lakin buradan belə bir sual yaranır ki, işdə olan, məhkəmə tərəfindən qiymətləndirilməyən və qətnamədə də göstərilməyən xx.xx.2020-ci il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli məktublar, 5 ədəd fotoşəkil ona zərər vurulması faktını təsdiq edən sübutlardır, halbuki şam ağacı aşarkən onun altında insan da qalıb ölə bilərdi. Orada daha nələr baş verməlidir? Hökmən orada bədbəxt hadisə olmasını, yaxud cinayət hadisəsi törədilməsini gözləməkmi lazımdır? Hal-hazırda hərbi şəhərcikdə içməli su təchizatı daimi xarakterli olduğundan ehtiyat su çəninə ehtiyac yoxdur. Həmçinin cavaddehin istifadə etdiyi çən barəsində sərəncam vermək, özgəninkiləşdirmək, onu çıxararaq qara metal kimi metal qəbulu məntəqəsinə satmaq hüququ yoxdur. Çəndən su axmasının aradan qaldırılması üçün oraya gedən suyu dayandırıb digər sakinlər kimi onun su sayğacını da ana xəttə qoşmaq lazımdır və bunun üçün çənin təmir edilməsi, çıxardılması və ya digər tədbir görülməsi üçün cavabdehin, digər şəxslərin əraziyə daxil olması və orada hər hansı ağır texnikanın işləməsi tələb olunmur. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 2(001)-5586/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə mütəxəssis qarşısında qoyulan 4-cü sual çənin təmir edilmədən su sızmanın qarşısını başqa hansı qaydada almağın mümkün olması barədədir. Bu cür məsələlər isə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Bakı Qarnizonu Mənzil-İstismar hissəsinin 8 nömrəli Mənzil İstismar Sahəsinin deyil, "xxxx" ASC-nin səlahiyyətlərinə aiddir. Birinci instansiya məhkəməsi işə səhlənkar yanaşaraq sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, işdə olan xx.xx.2020-ci il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli məktublara, 5 ədəd foto şəkilə tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş və xx.xx.2024-cü il tarixində işə baxarkən gəlmiş olduğu yekun nəticəni özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmışdır. Qətnamənin əsaslandırıcı hissəsində işdə olan xx.xx.2020-ci il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli məktublar, eləcə də 5 ədəd fotoşəkil göstərilməmiş, onların rədd və ya qəbul etmək üçün istinad edilmiş dəlillər, rərbər tutulmuş qununlar və ya digər hüquqi aktlar göstərilməmiş, həmin hissədə yalnız ümumi ifadələrdən istifadə edilmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək qeyd etmişdir ki, həmin çəndən faktiki olaraq istifadə edilir və həmin çəndən su axıdılmağa davam edir. Bir dəfə çəni öz təşəbbüsü ilə bağlamışdı. Qarşı tərəf bu çəni bağlamağından sonra öz qayını ilə üzəriтə bıçaq çəkdi. İddia tələbində çənin çıxarılması yoxdur. Orada çənə gedən suyun bağlanması və qarşı tərəfin pəncərəsinin altından keçən ana xətdən özünə su birləşdirilməsi zəruridir. Maddi zərər olaraq 10 min manat zərərin ödənilməsini xahiş etmişdir. Orada onun ağacları var idi. Şam ağacı həmin sahədə idi, onun ağacı deyildi. Şam ağacı suyun axıdılmasının sübutudur. Ona qarşı işlətdiyi qeyri-etik olan ifadələr və hərəkətlər edilir. Həmin hərəkətlərin aradan qaldırılmasını xahiş etmişdir.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X4 bidirmişdir ki, həmin su çəninin çıxarılması labüddür, lakin qarşı tərəf nədənsə bundan narazıdır. Onlar çəni çıxartdıra bilər və əvəzində cavabdehin şəxsin xəttini birbaşa xəttə qoşa bilər. Su çəni hər bir halda çıxarılmalıdır, çünki mübahisə predmetidir. Su çəni orada qaldığı müddətdə torpağın altında zaman-zaman korroziyaya məruz qaldıqca bu mübahisələr daim olacaqdır. Çənin təmir olunması birbaşa vətəndaşın məsuliyyətidir. Lakin qarşı tərəf iddia edirsə onlar çəni çıxartdıraraq xətti birbaşa xəttə qoşa bilər. Cavabdeh şəxsin xətti vardır və ödənişlər həyata keçirilir. Çən vaxtilə 4 mənzilin su təchizatının yaxşılaşdırılması məqsədilə ora qoyulmuşdur. Halhazırda tərəflərindən həmin ünvanlara su xətti çəkildiyi üçün həmin su çəninin orada olmasının heç bir əsası yoxdur. Sadəcə bu çən iki qonşu arasında nədənsə mübahisə predmetinə çevrilmişdir. Cavabdehin su çənindən istifadəsi qanunidir. Cavabdeh sudan istifadəyə görə ödənişlərini yerinə yetirir

14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh və digər üçüncü şəxs məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

16. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

18. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin iddianın təmin olunmayan hissəsində ləğv olunmasını və iddianın tam həcmdə təmin olunması xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin iddianın təmin olunmayan hissəsinin yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

19.Azərbaycan Respublikası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur.

20.“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

21.5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrinivicdanla həyata keçirməyə borcludurlar. 22.21.1-ci və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

23. 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 24.157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 25.164.1-ci maddəsinə əsasən, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 26.165.1-ci maddəsinə əsasən, sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. 27.170.1 və 170.2-ci maddələrinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 28.171.1-ci maddəsinə əsasən, torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi,əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. 29.171.2-ci maddəsinə əsasən, təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və yabaşqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. 30.180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində vəya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 31.180.3-cü maddəsinə əsasən, özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 32.1096, 1097.1 və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 33.1098.1-ci maddəsinə əsasən, gələcəkdə zərər vurulması təhlükəsi bu cür təhlükəni yaradan fəaliyyətin qadağan edilməsi barədə iddiaya əsas verə bilər. 34.1098.2-ci maddəsinə əsasən, əgər vurulmuş zərər onu vurmaqda davam edən və ya yeni zərər vurulması təhlükəsi törədən binanın, qurğunun istismarının və ya digər istehsal fəaliyyətinin nəticəsidirsə, məhkəmə cavabdehin üzərinə zərərin əvəzini ödəməkdən əlavə, müvafiq fəaliyyəti dayandırmaq və ona xitam vermək vəzifəsini də qoya bilər. 35.1098.3-cü maddəsinə əsasən, məhkəmə müvafiq fəaliyyətin dayandırılması və ya ona xitam verilməsi barədə iddiadan yalnız o halda imtina edə bilər ki, həmin fəaliyyətin dayandırılması və ya ona xitam verilməsi dövlət mənafelərinə zidd olsun. Bu cür fəaliyyəti dayandırmaqdan və ya ona xitam verməkdən imtina edilməsi zərərçəkənləri həmin fəaliyyətlə vurulmuş zərərin əvəzinin ödənilməsi hüququndan məhrum etmir. 36.1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin

37. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9-cu maddə).

38. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (14.1 və 14.2-ci maddə).

39. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri).

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

40.Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

41. İş materiallarından göründüyü kimi tərəflər, qonşuluq münasibətlərində olmaqla, Müdafiə Nazirliyinin Bakı Qarnizonu Mənzil-İstismar hissəsinin balansında olan torpaq sahəsində tikilmiş evlərin istifadəçiləridir. Həmin torpaq sahəsinin və tikililərin tərəflərin mülkiyyətində olmaması işin mübahisələndirilməyən halıdır. İddiaçının faktiki sahibliyində saxladığı torpaq sahəsinə basdırılmış 25-30 tonluq su çənindən cavabdeh və ailəsi istifadə edir. Həmin su çəninin yerə basdırılan hissəsinin korroziyaya uğradığı nəticəsində su sızıntısının əmələ gədiyi müəyyən edilir. Belə ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin müxtəlif tarixli məktublarında qeyd edilənlərdən görünür ki, texniki baxış zamanı Cavabdeh istifadə etdiyi ehtiyat su çənindən əraziyə suyun sızması aşkar edilmiş, ona su çəninin təmir edilməsi tövsiyə edilmişdir.

42. İddiaçı çənin istifadə etdiyi (üçüncü şəxsin balansında olan) torpaq sahəsinə basdırılmış alt hissəsinin çürüyərək deşildiyindən içməli suyun oradan torpağa axaraq israf olunmasına, yaranmış bataqlıq nəticəsində onun öz əlləri ilə əkdiyi meyvə ağaclarının məhv olduğuna, torpaq sahəsinin əkin üçün yararsız vəziyyətə düşdüyünə, eləcə də atmosferi ən zəngin oksigenlə təmin etmək xüsusiyyətinə malik olan iri gövdəli bir şam ağacının da köklərinin yerdən üzülərək həmin sahəyə aşdığına istinadən faktik istifadəsində olan torpaq sahəsindən istifadə etmək imkanlarından tamamilə məhrum olduğunu və bunun nəticəsində ona külli miqdarda maddi zərər vurulduğunu qeyd etmişdir.

43. İşə baxan birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı su sızıntısının nəticəsində ona dəymiş zərərin ödənilməsini tələb etsə də bununla bağlı hər hansı sübutu təqdim etməmişdir. Həmçinin məhkəmə qeyd etmişdir ki, hazırki halda su sızmanın nəticəsində zərərin vurulması müəyyən edilməsə də, gələcəkdə su sızma nəticəsində iddiaçıya zərər vurulması təhlükəsi vardır. Çünki dəmir materialdan hazırlanmış, 30 ildən çox istifadə edilmiş, torpaqla fiziki təmasda olan 25-30 tonluq çənin gələcəkdə daha böyük fəsad törətməsi ehtimalı yüksəkdir. Bu səbəbdən də məhkəmə Mülki Məcəllənin 1098-ci maddəsinə əsasən iddianı - su axıtmaya son qoyulması, yəni hüquqi nəticə etibarı ilə axıntının aradan qaldırılması üçün müvafiq tədbir görülməsi hissəsində əsaslı saymışdır. Lakin torpaq sahəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Bakı Qarnizonu Mənzil-İstismar hissəsinin 8 nömrəli Mənzil İstismar Sahəsinin balansında olduğundan cavabdehin istifadəsində olan çəndən su axıntısına səbəb olan halın aradan qaldırılması ilə bağlı hərəkətlərin həmin qurumun razılığını verdiyi qaydada icra edilməsinin mümkün olduğunu qeyd etmişdir.

44. Hazırda iddiaçı iddianın təmin edilməyən hissəsindən narazı olduğunu bildirir. O, həmçinin çəndən su sızıntısının aradan qaldırılması üçün həmin çənə gedən suyun dayandırılmalı, cavabdehin digər sakinlər kimi su sayğacının əsas su xəttinə qoşulmasını təmin etməli olduğunu qeyd edir. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşaraq, qətnaməni iddianın təmin olunan hissəsində mübahisələndirməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası sonuncunun üzərinə müvafiq vəzifənin qoyulması barədə məhkəmənin gəldiyi qənaətin hazırkı apelyasiya baxışının predmeti olmadığını qeyd edir.

45. Beləliklə yuxarıda sadalanan normaların məzmununa görə qonşu torpaq sahəsində yaşayanlar bir-birinə qarşılıqlı hörmət bəsləməli, bir-birilərinin sahibliyində olan daşınmaz əmlaka hədsiz təsirlərdən çəkinməlidirlər. Əmlakından istifadə edilməsinə maneçilik yaradan və ya hüququ əhəmiyyətli dərəcədə pozan qonşu təsiri qadağan edilə bilər. Beləliklə, həm qonşu təsirinin qadağan edilməsi, həm də qonşuluqda aparılmış özbaşına tikililərin sökülməsi barədə iddia qaldırmış fiziki və hüquqi şəxslər qonşu təsirinin və ya özbaşına tikinti işlərinin nəticəsinin onların hüquq və mənafelərinə ziyan vurduğunu sübuta yetirdikləri halda əsaslı hesab edilə və təmin oluna bilər.

46. Apelyasiya şikayətində göstərilən dəlillərin yoxlanılması məqsədilə məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırmadan da göründüyü kimi, cavabdehin mübahisəli su çənindən istifadə etməsi qanunazidd deyildir, ona verilən suyun həcmi suölçən cihazın göstəricilərinə əsasən müəyyənləşdirilir. Yəni korroziyaya uğramış çən vasitəsilə əsas su xəttinə qoşulmuş cavabdehin istifadə etdiyi (o cümlədən axıldığı) suyun həcminə uyğun olaraq su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən təqdim edilən hesabın ödənilməsi onun tərəfindən təmin edilir.

47. Bundan başqa mübahisəli su çəninin torpağın altında olan hissəsindən iddiaçının istifadəsində olan torpaq sahəsinə suyun axıdılmasının iddiaçının hüquq və mənafelərinə toxunduğu, ona hədsiz təsir törətdiyi və (ya) onun hər hansı maraqlarına qeyri-mütənasib müdaxilə ilə nəticələndiyi sübuta yetirilməmişdir. Tərəfindən istifadəsində olan torpaq sahəsinin abadlaşdırılıb orada müxtəlif meyvə ağacları və bostan bitkiləri əkərək ailəsinin zəruri ehtiyaclarını ödəmək üçün istifadə edildiyi, həmin ağacların məhv olduğunu, ümumiyyətlə torpaq sahəsinin ona əkin işlərini aparmaq üçün verilidiyini müəyyən etmək də mümkün olmamışdır. Belə olan halda cavabdehə münasibətdə əlavə məhdudiyyət tədbirlərinin (su çənindən istifadəsinin tamamilə qadağan edilməsi) tətbiq edilməsinə ehtiyac yoxdur.

48. Bundan başqa iddianın rədd edilmiş hissələri (iddiaçıya qarşı yönəlmiş qanuna zidd əməllərin qadağan edilməsi, vurulmuş maddi zərər olaraq 10.000 manat məbləğində pulun tutulması) ilə əlaqədar məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, hazırki işdə iddiaçının hüquqlarının pozulmasına, maliyyə itkilərinə məruz qalmasına səbəb olan hüquqazidd hərəkətə (hərəkətsizliyə) cavabdeh tərəfindən yol verilməsi və beləliklə də onun məsuliyyət daşıması hallarının da iddiaçının məhkəməyə təqdim etdiyi sübutlara əsasən müəyyən edilməsi mümkün olmamışdır.

49. Halbuki məhkəmə kollegiyası sübutetmə yükünün bölüşdürülməsi baxımından qeyd etməyi zəruri sayır ki, iddia edən mövcud olan zərərin cavabdehin qeyri-qanuni davranışı nəticəsində baş verdiyini, dəymiş zərərin cavabdehin törətdiyi pozuntularla əlaqədar (zərər verənin qanunsuz davranışı ilə səbəbli əlaqənin mövcudluğunu) olduğunu sübut edə bilsə, cavabdeh zərərin vurulmasında təqsirli olmadığını isə sübut edə bilməsə mülki hüquq pozuntusundan (deliktdən) irəli gələn mülki məsuliyyətə, yəni vurulmuş zərərin ödənilməsinə cəlb olunması üçün müəyyən əsaslar yaranacaqdır.

50. Belə ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.

51. Beləliklə, birinci instansiya məhkəməsi hazırkı işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq və işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir.

52. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

53. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.

54. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-466/2024 saylı, 1 mart 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar