Məhkəmə qərarları › İş №2(103)-3359/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3359/2025

10.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3359/2025 10.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş (Açar sözlər: «dəymiş maddi zərərin ödənilməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-55/2025 saylı, 21 fevral 2025-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. xx.xx.2023-cü il tarixli 9532 № li zərər aktında göstərilib ki, xx.xx.2022-ci il tarixdə “BMC Neocity” markalı, **-JB-*** dövlət qeydiyyat nişanlı avtomobil zədələnmişdir və quraşdırılan ehtiyat hissəsi üçün 4424,08 manat, servis xidmət haqqı üçün 1004 manat, cəmi 5,428,08 manat ƏDV (18%) 977,05 manat olmaqla yekun məbləğ 6405,13 manat müəyyən edilir.

2. İnzibati tənbeh vermə haqqında TP ******* saylı qərarda göstərilib ki, xx.xx.2022-ci il tarixdə saat 09:30-da Bakı şəhəri Əlif Hacıyev küçəsi ilə Qara Qarayev prospektinin kəsişməsində, “BMW 520İ MİNİK” markalı, **-LZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə nəticəsində Cavabdeh tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci madəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir.

3. xx.xx.2022-ci il tarixli izahatında Cavabdeh göstərib ki, xx.xx.2022-ci il tarixdə saat 09:30-da etibarnamə ilə idarə etdiyi “BMW” markalı 99- LZ-466 dövlət qeydiyyat nişanlı avtomobillə Ə.Hacıyev küçəsində geriyə hərəkət edib avtomobilin arxa künc ilə arxasında prospektdə düzünə hərəkət edən “BMC” markalı **-JB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan küncünü vurmuşdur.

Birinci instansiya məhkəməsində icraat:

4. İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı əmlakına (avtobusa) dəymiş 1405,13 manat maddi zərər, 34,05 manat dövlət rüsumuna görə və xidmət haqqı kimi xərcin əvəzi 40 qəpik, ümumilikdə 1439,58 manatın Cavabdeh Cəmiyyətin xeyrinə tutulması və ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiada göstərilib ki, xx.xx.2022-ci il tarixində **-LZ-*** DQN-lı “BMW 520İ MİNİK” markalı avtomobilin sürücüsü Cavabdeh Əlif Hacıyev küçəsi-Q.Qarayev prospekti kəsişməsində Əlif Hacıyev küçəsindən arxaya Q.Qarayev prospektinə hərəkət edərkən Q.Qarayev prospekti ilə hərəkətdə olan, İddiaçı MMC-yə məxsus **-JB-*** DQN-lı “BMC Neocity” markalı avtobusun sağ yan hissəsini vuraraq yol-nəqliyyat hadisəsi törətmişdir. Qeyd olunan inzibati xəta ilə yol-nəqliyyat hadisəsi arasında əlaqənin olmasını cavabdeh verdiyi öz yazılı izahatı ilə də təsdiq etmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində avtobusun sağ yanı hissəsi deformasiya uğrayaraq yararsız hala düşmüş və təmir olunması üçün 6 ay müddətində xidmətdən kənar edilmiş xəttə buraxılmamışdır. Servis Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 9532 saylı Zərər Aktına əsasən 77-JB168 DQN-lı avtobusa 6405.13 manat maddi zərər dəymişdir. Yuxarıda qeyd edilən yol nəqliyat hadisəsi nəticəsində **-LZ-*** DQN-lı “BMW 520İ MİNİK” markalı avtomobilin avtonəqliyyat vasitəsi sahiblərinin məsuliyyətinin icbari sığortası üzrə İddiaçı MMC-nin balansında olan avtobusa vurulmuş zərərdən 5000 manat "xxxx" ASC tərəfindən qarşılanaraq ödənilmişdir, lakin qalan 1405,13 manat maddi zərərin qarşılanması və ödənilməsi üçün cavabdehlə aparılmış danışıqlar nəticə verməmiş və cavabdeh tərəfindən bu istiqamətdə müsbət addım atılmamışdır.

6. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-55/2025 saylı, 21 fevral 2025ci il tarixli qətnaməsi ilə (hakim Leyla Talıbova) iddia tələbinin təmin edilərək Cavabdeh İddiaçı MMC-yə məxsus 77-JB168 DQN-lı “BMC Neocity” markalı avtobusa dəymiş 1405,13 (bir min dörd yüz beş manat, on üç qəpik) manat maddi zərərin tutularaq İddiaçınə ödənilməsi; Cavabdeh 34,45 (otuz dörd manat, qırx beş qəpik) manat məbləğində dövlət rüsumu və bank xidmət haqqının tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, işin faktiki hallarından göründüyü kimi İddiaçınə məxsus olan avtomobilə zərər dəyməsi ilə nəticələnən yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli olduğu müəyyən edilmişdir. Belə ki, hadisənin cavabdehin təqsirli olaraq törətdiyi hüquqa zidd əməllər (yol nəqliyyat hərəkəti qaydalarını pozma) nəticəsində baş verməsi, məhz bu hadisə nəticəsində iddiaçıya məxsus avtomobilə zərər dəyməsi iş materialları əsasında müəyyən edilir. Yuxarıda (§ 19) istinad edilmiş Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd edilmişdir ki, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: 21.1. törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; 21.2. əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; 21.3. törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması - qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; 21.4. zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması - zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Yuxarıda qeyd edilənləri hazırkı işin hallarına tətbiq edən məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh mülki hüquq pozuntusu (delikt) törətmişdir və törətdiyi əmələ görə iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Belə ki, cavabdehin mülki məsuliyyəti icbari qaydada sığortalandığından avtomobilə dəymiş zərərin bir hissəsi sığorta təşkilatı tərəfindən ödənilmiş, qalan hissə isə ödənilməmiş qalmışdır. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək avtomobilə dəymiş zərərə görə qalan 1405,13 manat məbləğində təmin edilməsini xahiş etmişdir. İşlə bağlı ekspertiza təyin olunmuş və ekspert qarşısında qoyulmuş sualın həll edilməsi üçün tədqiqat obyekti olan “BMC Noecity” markalı, **-JB-*** dövlət qeydiyyat nişanlı avtobusun ehtiyyat hissələrinin satışı barədə Azərbaycan Respublikasında yerləşən yerli internet saytlarında və Mərkəzdə məlumat olmadığından qiymətləndirilmə aparmaq mümkün olmamışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isə rədd edilməsini xahiş edib şikayətində göstərib ki, qətnamə maddi və prosessual normaların tələbləri pozulmaqla qəbul edildiyindən qanunsuz və əsassızdır. Belə ki, yol-nəqliyyat hadisəsi xx.xx.2022-ci il tarixdə baş vermişdir. Yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olmayıb, həmin hadisədə onun avtomobilini avtobus vurmuşdur. Lakin hadisənin onun təqsirindən baş verməsi göstərilmişdir. Ondan tələb edilən məbləğ dəymiş zərərin real məbləğini əks etdirmir və şişirdilmişdir. Belə ki, yol-nəqliyyat hadisəsi zamanı "xxxx" MMCnin əmlakına ( avtobusuna) dəymiş zərərlə bağlı DYPİ-də tərəflərin izahatı alınmış və araşdırmanın nəticəsi olaraq qərar qəbul edilmişdir. Eyni zamanda, “BakıBus" MMC tərəfindən məhkəməyə 6405.13 saylı zərər aktı təqdim edilmiş, işin nəticsində maraqlı olan elə "xxxx" MMC-nin özü tərəfindən zərər hesablanmışdır. Yekun olaraq "xxxx" MMC öz əmlakına dəymiş zərəri 6405,13 manat miqdarında qiymətləndirmişdir. Qeyd edilən məbləğin 5000 ( beş min ) manatı icbari sığorta ödənişi olaraq "xxxx" ASC tərəfindən iddiaçıya ödənilmişdir. Hal-hazırda iddiaçı geridə qalan 1405,10 manat pulu (eyni zamanda dövlət rüsumu) ondan tələb edir. Qiymətləndirmə işin nəticəsində maraqlı olmayan 3-cü şəxs tərəfindən aparılmadığından və zərər aktında qeyd edilən məbləğ şişirdilmişdir, həmin məbləğ real bazar qiymətini əks etdirmir. Hesab edir ki, "xxxx" ASC tərəfindən iddiaçıya ödənilmiş ödəniş dəymiş zərəri qarşılamışdır və bu səbəbdən iddia təmin edilməməlidir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

9. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv, iddianın isə təmin edilməməsini xahiş etdi.

10. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etmədi və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.

12. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 aprel 2022-ci il tarixli qərarına əsasən əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Zərərin vurulmasında işçinin təqsiri olduğu halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə uyğun olaraq zərərin əvəzini ödəmiş işəgötürən ona qarşı reqress tələb hüququna malikdir. Yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslər daşıyırlar.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri:

14. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas ola bilməz.

15. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

17. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia təmin edildiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

18. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

19. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

20. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia haqlı sayılır.

21. Məhkəmə tərkibi qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə tam, hərtərəfli, ətraflı və qərəzsiz olaraq araşdırma aparılmasına şərait yaradılımış və təqdim edilmiş sübutlar araşdırılmaqla iş üzrə düzgün nəticəyə gəlinmişdir. Belə ki, məhkəmə tərəfindən iddianın mahiyyətinə uyğun aparılmış hüquqi dəyərləndirmə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmaqla dəqiq olmuş və hansısa maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya şikayətinin dəlilləri təsdiq olunmadığından, üstəlik qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün mülki prosessual qanunvericilikdə nəzərdə tutulan əsaslar müəyyən edilmədiyindən qətnamə ləğv edilə bilməz. Buna baxmayaraq, şikayətin dəlilləri üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi dəyərləndirmə aparılmasında əlavə bir fayda vardır.

22. Əvvəla, cavabdeh yol nəqliyyat hadisəsinin törədilməsində onun təqsiri olmadığını, avtobusun onun avtomobilini vurduğunu göstərsə də bu dəlil iş materialları ilə açıq-aşkar təkzib olunur. Çünki cavabdeh bu hadisənin törədilməsində təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməklə inzibati tənbehə məruz qalmışdır. Barəsində qəbul edilmiş həmin qərarla razılaşaraq onu mübahisələndirməmişdir. Demək cavabdehin təqsirli olduğu işin mübahisəsiz halına çevrilmişdir. Cavabdehin hazırkı mülki iş üzrə bu cür dəlillərdən istifadə etməsi isə onun həqiqi olduğuna dəlalət etmir.

23. Cavabdeh tələb edilən zərər əvəzinin real məbləği əks etdirmədiyini və şişirdildiyini göstərsə də bu dəlil də həqiqi hesab edilə bilməz. Belə ki, cavabdeh iddiaçının təqdim etdiyi zərər aktındakı məbləğlə razılaşmırdısa, iddiaçının işin nəticəsində qanunsuz marağı olduğunu düşünürdüsə bununla bağlı, yəni zərərin daha az miqdarda olduğuna dair özü məhkəməyə hansısa sübut təqdim edərdi, ancaq etməyib. Yəni cavabdeh yeni bir hala istinad edirsə, bəyan etdiyi halı özü sübuta yetirməlidir. Çünki bəyan etdiyi halı sübut etmək yükü artıq onun üzərinə düşür. Zərərin daha az olduğunu cavabdehin mülki məsuliyyətini icbari qaydada sığortalamış sığorta şirkəti də müəyyən edə bilərdi, ancaq etməyib, sığorta ödənişini tam məbləğdə(5000 manat)ödəmişdir. Demək ki, zərər aktında qeyd edilən məbləğ şişirdilməsi, həmin məbləğin real bazar qiymətini əks etdirmədiyi təkzib olunur. Ona görə də "xxxx" ASC tərəfindən iddiaçıya ödənilmiş ödəniş dəymiş zərəri tam qarşılamamışdır.

24. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-55/2025 saylı, 21 fevral 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

25. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-55/2025 saylı, 21 fevral 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar