Məhkəmə qərarları › İş №2(103)-3361/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3361/2024

04.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3361/2024 04.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı BOKT QSC-nin Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “əsas və faiz borcunun qaytarılması”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı BOKT QSC-nin nümayəndəsi X3 iştirakı ilə, Suraxanı Rayon Məhkəməsinin 2(010)-677/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı “İddiaçı BOKT QSC Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh əsas kredit borcu üzrə 3424.56 manat, faiz borcu üzrə 1736.63 manat olmaqla, cəmi 5161.19 manat məbləğində kredit borcunun, həmçinin ödənilmiş 71,61 manat məbləğində dövlət rüsumunun İddiaçı BOKT QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Suraxanı Rayon Məhkəməsinin 2(010)-677/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi (hakim Firuzə Mirzəyeva) ilə iddia tələbi təmin edilməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

3. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək bildirmişdir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcələnin tələblərini pozmaqla işə baxmışdır. Buna baxmayaraq məhkəmə cavabdehin iddianı qəbul etməsini nəzərə almadan, onun iddia müddətinin tətbiqi barədə ərizəsi ilə kifayətlənmişdir. İşin hallarından da görünür ki, Cavabdeh qəsdən kredit ödəməkdən yayınmış və cavabdehin banka hazırda əsas kredit borcu üzrə 3424.56 (üç min dörd yüz iyirmi dörd manat, 56 qəpik) manat, faiz borcu üzrə 1736.63 (bir min yeddi yüz otuz altı manat, 63 qəpik) manat olmaqla, cəmi 5161.19 (beş min yüz altımış bir manat, 19 qəpik) manat kredit borcu hesablanmışdır. Bundan başqa borclunun kredit borcu Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, Azərbaycan Respublikasında “fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın təsir dairəsinə düşmüşdür. Qeyd olunan Fərmanın 6-cı bəndində banklara tövsiyyə edilir ki: 6.1 Bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər; 6.2 Fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar 1 ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; 6.3 Borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Fərmanda göstərilən məsələlər öz həllini tapanadək Fərmanın müəyyən etdiyi qaydalara riayət etdikdən sonra borcun ödənilməsi ilə bağlı həll edilməmiş mübahisə qaldıqda, bu yenidən iddia tələbi ilə məhkəməyə müraciət etməyə mane olmur. Belə ki, analoji mübahisələr mübahisənin hazırki məhkəmədən kənar həlli qaydası qeyd olunan Fərmanla müəyyən edildiyindən həmin işlər üzrə zəruri prosedurlara sərf edilmiş ağlabatan müddət iddia müddətinə daxil olmamalıdır. Çünki həmin Fərman məhz fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə üzləşmiş olduğumuz maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi məqsədi ilə verilmişdir. Yəni Fərman vətəndaşların mənafeyi üçün verildiyindən həmin prosedurlara sərf edilmiş müddət bankların ziyanına ola bilməz. Bundan başqa bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin, qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. Odur ki, İddiaçı QSC tərəfindən cavabdehə qarşı iddia verilməsi üçün nəzərdə tutulmuş iddia müddəti ötürülməmişdir. Bundan əlavə məhkəmə iddia müddəti ilə bağlı düzgün nəticəyə gəlməmişdir. Ona görə ki, məhkəmə kredit müqaviləsinin qüvvədə olma müddətini xx.xx.2015-ci il tarix göstərmiş və həmin iddia müddətinin axımını xx.xx.2018-ci ildən hesablamışdır. Həmin müqavilənin 14.2-ci bəndində göstərilir ki, tərəflər bu müqavilə üzrə vəzifələrini tam həcmdə icra etdikləri andan öhdəliklərinə xitam verilir. İşin hallarından da müəyyən olunur ki, cavabdeh tərəfindən kredit tam həcmdə ödənilməmişdir. Belə olan halda məhkəmə tərəfindən iddia müddətini tətbiq etməli deyildir. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən Mülki Məcəllənin 373.2, 375.2-ci və 377.1-ci maddələrini düzgün tətbiq etməmişdir. Göstərilənlərə əsasən qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Tərəflərin izahatı:

4. Məhkəmə kollegiyasının iclasında İddiaçı BOKT QSC-nin etibarnamə üzrə nümayəndəsi N.Əliyev apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında əlavə olaraq bildirdi ki, cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verməklə öhdəliyin icrasından birtərəfli qaydada imtina etmiş, işə baxmış məhkəmə də bunu qəbul etməklə cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinə əsaslanmaqla kifayətlənmiş, işin hallarının obyektiv araşdırılmasına təşəbbüs göstərməmişdir. Belə ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə üzrə öhdəliklərini tam olaraq icra etmədiyindən müqavilə qüvvədə olmuşdur ki, belə olan halda iddia müddəti tətbiq edilə bilməzdi.

5. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir.

6. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:

7. Cavabdeh ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsindən görünür ki, cavabdehə 24 ay müddətinə illik 16% olmaqla 4500 manat məbləğində pul vəsaiti verilmişdir. Müqavilənin 2.3-cü bəndinə əsasən, Borcalan bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Borcverənə qaytarmağı öhdəsinə götürür. Müqavilənin 5.3-cü bəndinə əsasən, Borcalana verilən vəsaitindən istifadə müddəti 24 aydır. Müqavilənin 6.1 ci bəndinə əsasən, kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə kredit verənə illik 16 faiz ödəyir. 12.5-ci bəndinə əsasən, Borc verən bu Müqavilə üzrə ona məxsus olan tələbi başqa şəxslərə verə bilər.

8. İddiaçı BOKT QSC-nin xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2013-cü il tarixli, 6846 nömrəli kredit müqaviləsi üzrə 3424,56 manat məbləğində əsas borcu, 1736,63 manat məbləğində faiz borcu mövcuddur.

9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli 101S nömrəli sərancamından görünür ki, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına tapşırılır ki, "xxxx" ASC-yə məxsus problemli aktivlərin balans dəyəri ilə Bankdan satın alınmasının və bunun müqabilində Banka verilməsi üçün 3 il müddətində 4 faiz dərəcəsi ilə dövlət zəmanəti əsasında sadə veksel buraxılmasını təmin etsin.

10. "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin Respublikasının Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanının 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Mərkəzi Bankı 15 gün müddətinə "xxxx" ASC-yə məxsus problemli aktivləri müəyyən etsinlər və həmin aktivlərin mərhələli şəkildə müvafiq həcmdə likvid vəsait müqabilində bankın balansından çıxarılması və dövlətə məxsus İddiaçı QSC yə idarəetməsinə verilməsi üçün tədbirlər görsünlər.

11. 01.11.2023-cü il tarixli “X4 Edilməsi Agentliyi” MMC tərəfindən Cavabdeh göndərilən bildirişdən görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə əsasən "xxxx" ASC-nın problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Göstərilənlərlə bağlı xəbardar edilir ki, 10 gün müddətinə yuxarıda qeyd olunan borcla bağlı ödənişin icra edilməsi, əks təqdirdə, əsas borc üzrə 3424,56 manat, faiz borc üzrə 1736,63 manat olmaqla cəmi 5161,19 manat olmaqla cəmi 5161,19 manat borcun tutulmasına dair iddia tələbi ilə tərəflərindən məhkəməyə müraciət olunacaqdır.Əlavə olaraq məhkəməyə müraciət edildiyi günə qədər müqavilə üzrə hesablanmış faizlər də tələb ediləcəkdir.

12. İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı müvafiq sənədlərin təhvil-təsliminə dair xx.xx.2017-ci il tarixli S-FK-949 nömrəli aktdan görünür ki, Cavabdeh əsas borc üzrə 3424,56, faiz borcu üzrə 1736,63 manat borcu vardır və həmin problemli aktiv "xxxx" ASC tərəfindən İddiaçı QSC-yə təhvil verilmişdir.

13. "xxxx" ASC-nin sənədinən görünür ki, Cavabdeh 6846 nömrəli, xx.xx.2013-cü il tarixli müqavilə üzrə 4500 manat borc verlmiş, xx.xx.2017-ci il tarixinə kreditin qalığı 3424,56 manat, faiz qalığı 1736,63 manatdır. Borcun verilmə tarixi xx.xx.2013-cü il, bitmə tarixi- xx.xx.2015-ci il.

14. xx.xx.2013-cü il tarixli məxaric orderindən görünür ki, Cavabdeh 4,455 manat məbləğində pul verilmişdir.

15. 06.12.2017-ci il tarixli İddiaçı QSC tərəfindən verilmiş hesabdan çıxarışdan görünür ki, xx.xx.2013-cü il tarixində X1 hesabına 13600 manat köçürülmüş və məxaric edilmişdir.

16. Suraxanı Rayon Məhkəməsinin 2(010)-4005/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə İddiaçı QSC-nin adından çıxış edən törəmə müəssisəsi olan “X4 edilməsi Agentliyi” MMC-nin cavabdeh X2 qarşı “əsas və faiz borcunun qaytarılması dair” iddiası baxılmamış saxlanılmışdır. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi:

17. 193.1. Güzəşt edilməsi və ya girov qoyulması mümkün olan tələbi və ya hüququ onun sahibi başqa şəxsin mülkiyyətinə verə bilər. Tələblər və hüquqlar yeni şəxsə köhnə sahibində olduğu vəziyyətdə keçir.

18. 193.2. Əvvəlki sahib tələblərə və hüquqlara aid öz sərəncamında olan bütün sənədləri və həmin tələblərdən və hüquqlardan istifadə üçün zəruri olan bütün məlumatı yeni sahibə verməlidir.

19. 193.3. Əvvəlki sahib tələb əsasında bu hüququn və tələbin güzəşti barədə lazımınca təsdiqlənmiş sənədi də əldə edənə verməlidir. Bu sənədin təsdiqlənməsi üçün zəruri xərclər yeni sahibin üzərinə qoyulur.

20. 194.1. Tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür.

21. 194.2. Tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur.

22. 194.3. Kreditorun şəxsiyyəti ilə qırılmaz bağlı olan tələblərin, o cümlədən alimentlər haqqında və həyata və ya sağlamlığa vurulan zərərin əvəzinin ödənilməsi haqqında tələblərin güzəşt edilməsinə yol verilmir.

23. 194.4. Sadə yazılı və ya notarial formada bağlanmış əqdə əsaslanan tələbin güzəşti müvafiq yazılı formada həyata keçirilməlidir..

24. 195. Tələbin güzəşti barədə borcluya məlumat verilənə qədər o, tələbin ilk sahibi qarşısında öhdəliklərini icra edə bilər.

25. 196. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ilkin kreditorun tələbi yeni kreditora hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir. Xüsusilə, öhdəliyin icrasını təmin edən hüquqlar, habelə tələblə bağlı olan digər hüquqlar, o cümlədən ödənilməmiş faizlərə hüquq yeni kreditora keçir. Tələb güzəşt edildikdə yeni kreditora girov və ipoteka hüququ, habelə ona verilmiş zaminlik üzrə hüquqlar keçir. Yeni kreditor məcburi icra və müflisolma halı üçün tələblə bağlı üstünlük hüququnu həyata keçirə bilər.

26. 198.1. Borclu yeni kreditora öhdəliyi tələbin həmin şəxsə keçdiyinə dair sübutlar ona təqdim edilənədək icra etməyə bilər.

27. 198.2. Tələbi başqa şəxsə güzəşt etmiş kreditor ona tələb hüququnu təsdiqləyən sənədləri təqdim etməyə və tələbin həyata keçirilməsi üçün əhəmiyyət daşıyan məlumatları bildirməyə borcludur. Maddə 199 . Yeni kreditorun tələblərinə qarşı borclunun etirazları.

28. 199.1. Borclu öhdəlik üzrə tələblərin yeni kreditora güzəşt edildiyi barədə bildirişi aldığı məqamda ilkin kreditora qarşı malik olduğu etirazları yeni kreditorun tələbinə qarşı irəli sürə bilər....

29. 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

30. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

31. 373.1. Ümumi iddia müddəti on il təşkil edir.

32. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

33. 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.

34. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

35. 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

36. 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.

37. 378. Öhdəlikdə şəxslər dəyişilərkən iddia müddəti Öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur.

38. 381.1. Əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir.

39. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....

40. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

41. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

42. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

43. 439.3. Qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır.

44. 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər.

45. 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

46. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur...

47. 443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur.

48. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir..

49. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

50. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

51. 741. Borc üzrə faizlər Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

52. 742.1. Əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

53. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

54. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

55. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

56. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

57. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

58. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.

59. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

60. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

61. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

62. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

63. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

64. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

65. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

66. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

67. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

68. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

69. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

70. Belə ki, işin qeyd olunan halları ilə müəyyən edilmişdir ki, "xxxx" ASC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmaqla həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. "xxxx" ASC kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, cavabdehə pul vermiş, sonra isə müqavilə üzrə öz tələb hüquqlarını iddiaçıya ötürmüşdür. 2015-ci il 15 iyul 570 saylı Azərbaycan Respublikasının Prezidentinin Fərmanına əsasən, "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçirmişdir.

71. Bununla da, İddiaçı QSC cavabdeh Muslimova Fəzilə Ağalar qızından kredit müqaviləsinin ödənişini tələb etməkdə haqlı olmuşdur.

72. Cavabdeh isə müqavilə üzrə öz üzərinə götürülmüş öhdəliyini yerinə yetirməmiş, kredit müqaviləsinin ödənişlərini müəyyən edilmiş müddət ərzində iddiaçıya tam ödəməmişdir.

73. Bununla yanaşı, cavabdehin nümayəndəsi məhkəməyə ərizə göndərərək, 3 illik iddia müddətini tətbiq edilməsini xahiş etmişdir.

74. Hazırkı Cavabdeh ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsindən görünür ki, cavabdehə 24 ay müddətinə illik 16% olmaqla 4500 manat məbləğində pul vəsaiti verilmiş, kredit müqaviləsinin icra müddəti xx.xx.2015-ci il tarixdə bitmiş və borcun tutulmasına dair iddia tələbi ilə iddiaçı 9 ildən artıq müddət keçdikdən sonra müraciət edilmişdir.

75. Göründüyü kimi iddiaçı müqavilə tələbləri üzrə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanunla müqavilə tələbləri üzrə iddialar üçün nəzərdə tutulmuş iddia müddətini, yəni 3 ili keçirmişdir. İddiaçı tərəfindən 2019-cu ildə məhkəməyə müraciət edilmiş və ərizə baxılmamış saxlanılmışdır.

76. Mülki Məcəllənin 381.1-ci maddəsinə görə, əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir.

77. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia müddətini tətbiq etməklə iddia tələbini təmin etməməkdə haqlı olmuşdur.

78. İddiaçının apellyasiya şikayətində qeyd etdiyi, kredit müqaviləsində borc alanın öz üzərinə götürdüyü öhdəlikləri tam həcmdə yerinə yetirdikdən sonra onun xitam olunacağı barədə dəlili üzrə bildirilir ki, həmin bənd müqavilənin qeyri-müəyyən müddətə bağlanmış olması kimi qəbul edilə bilməz, çünkü müddət hüquqi anlayış kimi özündə həmişə konkretliyi ehtiva edir. Mülki Məcəllənin 367-ci maddəsi də bunu təsdiq edir, həmin maddəyə görə “müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər”. Bu baxımdan, əsasını həmin müqavilənin təşkil etdiyi tələblər üzrə hazırda iddia müddəti ötürülmüş hesab edilməlidir.

79. Bundan başqa Mülki Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır; bu isə o deməkdir ki, cavabdeh ilə bank arasında xx.xx.2013-cü il tarixdə bağlanmış müqavilə üzrə öhdəliklərin icrası üçün nəzərdə tutulmuş müddət xx.xx.2015-ci il tarixdə bitmiş və həmin tarixdən üç illik iddia müddətinin axımı başlanmışdır.

80. İddiaçı apellyasiya şikayətində həmçinin bildirmişdir ki, “analoji müqavilələr üzrə mübahisənin hazırki məhkəmədən kənar həlli qaydası məlum fərmanla müəyyən edildiyindən həmin işlər üzrə zəruri prosedurlara sərf edilmiş ağlabatan müddət iddia müddətinə daxil olmalıdır.” Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, iddiaçı tərəf cavabdehlə bağlanmış kredit müqaviləsi üzrə restrukturizasiya olunması məqsədilə cavabdehə təklif göndərildiyini bildirsə də, bu barədə mötəbər sübutlar təqdim edilməmişdir. Nəticə:

81. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

82. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir.

83. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

İddiaçı BOKT QSC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Suraxanı Rayon Məhkəməsinin 2(010)-677/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar