Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3362/2022 12.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı və cavabdeh X4 iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-229/2021 saylı, 28 oktyabr 2021ci il tarixli qətnaməsindən cavabdeh X6 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh X5 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X2 avtomobilin alınmasına ödənilmiş 9000(doqquz min) ABŞ dollarının ödəniş gününə rəsmi məzənnəsinə uyğun manatla hesablanaraq, mənəvi zərərə görə 5000(beş min) manatın və 30(otuz) manat dövlət rüsumunun onun xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçı tələbində göstərir ki, o, dostu X1 tanışlığı ilə avtomobil alveri ilə məşğul olan tanışı X6 ilə tanış olmuşdur. Sonuncu 12000 ABŞ dolları məbləğində “Ford Explorer” markalı avtomobili ona satmış, 1 il müddətinə avtomobilə dair etibarnamə vermiş, bir il ərzində Şərifəliyev Nəcməddinin iştirakı ilə 9000 ABŞ dolları ödəmişdir. 2015-ci ilin fevral və dekabr aylarında manatın devalvasiyası ilə əlaqədar qalıq pulu manatla ödəmək istəmiş, lakin cavabdeh buna razılıq verməmiş və avtomobili başqa bir adama satmışdır. Şərifəliyev Nəcməddin cavabdehə qarşı 9000 ABŞ dollarının qaytarılması barədə iddia qaldırmış, iddia təmin edilmiş, lakin apellyasiya instansiyası məhkəməsi subyektiv hüququn olmaması əsası ilə iddianı rədd etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-229/2021 saylı, 28 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək cavabdeh X2 avtomobilin alınmasına ödənilmiş 7382(yeddi min üç yüz səksən iki) ABŞ dolları ödəniş gününə rəsmi məzənnəsinə uyğun manatla hesablanaraq İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi və ödənilmiş 30(otuz) manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. Cavabdeh X6 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Şikayətdə göstərir ki, qətnamə sübutlara yox, mülahizələrə əsasən çıxarılmışdır. İddiaçının şəriki X3 2019-cu ildə ona qarşı pul tələbi ilə bağlı iddia qaldırmış və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 aprel 2019-cu il tarixli qətnaməsi ilə ondan 9000(doqquz min) ABŞ dolları tutularaq iddiaçının xeyrinə tutulması qət edilmişdir. Bu qətnamədən şikayət vermiş və Bakı Apellyasiya Məhkəməsinin 24 iyul 2019-cu il tarixli qətnaməsi ilə həmin qətnamə ləğv edilmişdir. Həmin məhkəmə prosesində də avtomobili iddiaçıya satmadığını, icarəyə verdiyini bildirmişdir. Etibarnamə bir illik olsa da, iddiaçı avtomobili bir il yarım özündə saxlamış, yəni 2014-cü ilin iyul ayının 10-da verib, avtomobil ona 2015-ci ilin dekabr ayında yararsız vəziyyətdə qaytarılıb. Avtomobili yararlı vəziyyətə gətirmək üçün 4300 manat xərcləmiş, bu dediklərinə dair şahidləri olsa da məhkəmə onları dindirməmişdir. Nəcməddin Şərifəliyevi çoxdan tanısa da, İddiaçı əvvəllər tanımamış, Nəcməddinə görə tanımışdır. 2014-cü ilin iyul ayında hər ikisi yanına gələrək iş birliyi qurduqlarını, yaxışı gəlir əldə edəcəklərini və onlara avtomobil lazım olduğunu bildirmişlər. Onlar avtomobilini hər ay 500 ABŞ dolları ödəməklə icarəyə istəmişlər. Həmin vaxt ABŞ dollarının manata məzənnəsi aşağı olmuş, onların dediyi ilə razılaşmış, avtomobili 11500 ABŞ dollarına alıb, iddiaçıya hər 500 ABŞ dollarına icarəyə vermişdir. Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində müstəntiqə izahat verərkən də bunu demiş, müstəntiq isə qərarında onun izahatı təhrif olunaraq icarə sözü yazılmamışdır. İstintaq zamanı məhz icarəyə vermişdir deməyini təsdiq edən şahidləri də vardır. Əgər avtomobili satmışdırsa onda nəyə görə pulu tələb etmədən avtomobili geri qaytarmışlar. Nəyə görə üç il keçdikdən sonra ondan pul tələb edirlər. O, da özləri də bilirlər ki, iddiaçının Nəcməddin Şərifəliyevə 26000 manat borcu var, ona görə də ondan pul qoparmaq istəyirlər. Digər tərəfdən avtomobili iddiaçıya satsa idi, onda avtomobilin dəyərinin hissə-hissə ödənilməsinə dair aralarında notarial qaydada təsdiq olunmuş müqavilə bağlanmalı idi. Əks halda belə bir alqı-satqı etibarsızdır və alqı-satqıdan söhbət gedə bilməz. Başqa bir tərəfdən əşyanın alqı-satqısına dair razılaşma əldə olunursa, qanunvericiliyin tələbinə əsasən onun qiyməti müəyyənləşdirilməli, sonra onun ödənilmə şərtləri müəyyənləşdirilir. Aralarında avtomobilin alqı-satqısı və qiyməti ilə bağlı razılaşma olmamış və satış qiyməti müəyyənləşdirilməmişdir. Avtomobili iddiaçıya Nəcməddin Şərifəliyev vasitəsilə icarəyə vermiş və icarə haqqını da sonuncu vasitəsilə ona çatdırmışdır. İddiaçı ona pul verməyibsə ondan pul tələb etməyə də subyektiv hüququ yoxdur. Məhkəmə iclasında cavabdeh X6 apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz etsə də bildirdi ki, cavabdehə avtomobilin dəyərini manatla ödəmiş, lakin həmin dövrün məzənnəsinə görə ABŞ dolları ilə hesablanmışdır. Buna baxmayaraq cavabdehin hazırki vəziyyətini də nəzərə alaraq onun ödəməli olduğu məbləğin 6000(altı min) manata qədər azaldılmasına, yəni avtomobilə görə ödədiyi məbləğdən 6000(altı min) manat qaytarmasına da etiraz etmir və buna razıdır. Birinci instansiya məhkəməsində icraat: Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci; Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4, 360, 107, 119.1-ci maddələrinə istinad edərək qənaətini bununla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında avtomobilin alqı-satqısına dair şifahi müqavilə bağlanmış, müqavilənin qiyməti 12000 ABŞ dolları məbləğində müəyyən edilmiş, həmin məbləğin 9000 ABŞ dolları hissəsi ödənilmiş, qalan 3000 ABŞ dolları hissəsi ödənilmədiyindən, müqavilə münasibətlərinə xitam verilmiş, avtomobil cavabdehə geri qaytarılmış, lakin ödənilmiş 9000 ABŞ dolları onun tərəfindən iddiaçıya geri qaytarılmamışdır. Məhkəmə cavabdeh tərəfindən avtomobilin satıldığını deyil, icarəyə verildiyini inandırıcı hesab etmir. Belə ki, qeyd edildiyi kimi, cavabdeh polis orqanlarına verdiyi izahatda faktiki alqı-satqını və 9000 ABŞ dolları məbləğində pulu aldığını təsdiq etmişdir. Lakin 9000 ABŞ dolları məbləğində pul bütövlükdə cavabdehdən tutula bilməz. Qeyd edildiyi kimi, iddiaçıya 1 illik etibarnamə verilmişdir. Cavabdehin etirafına görə həmin bir ilin iki ayı avtomobil onun özündə olmuşdur. Beləliklə, iddiaçı avtomobildən 10 ay ərzində istifadə etdiyindən, ödənilən məbləğdən həmin istifadə haqqı çıxmalıdır. Məhkəmə tərəfindən həmin dövrdə avtomobilin bir aylıq icarə haqqının müəyyən edilməsi üçün müstəqil qiymətləndirici təyin edilmişdir. "xxxx" MMC tərəfindən həmin məbləğ 250-300 manat müəyyən edilmişdir. Bir aylıq icarə haqqı həmin məbəğlərin orta riyazi məbləği kimi müəyyən edilməlidir, yəni 275 manat ((250 + 300) : 2 = 275 manat). Beləliklə, iddiaçı 10 ay ərzində avtomobildən istifadə etdiyinə görə ödədiyi 9000 ABŞ dollarından 2750 manat çıxmalı, qalan məbləğ cavabdeh tərəfindən ona qaytarılmalıdır. 2750 manat 1618 ABŞ dolları təşkil etdiyindən (2750 : 1,7), cavabdehdən iddiaçının xeyrinə 7382 ABŞ dolları (9000 – 1618) tutulmalı, iddia maddi ziyanın qalan hissəsində rədd edilməlidir. Mənəvi ziyana gəldikdə, iddiaçı ona mənəvi ziyanın dəyməsini sübut edə bilməmişdir. Bundan başqa, tərəflər arasında münasibətlərin pozulmasında iddiaçının təqsiri olmuşdur. Belə ki, danışılmış məbləğin hamısını məhz o, ödəməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia 5000 manat mənəvi ziyanın ödənilməsi hissəsində də rədd edilməlidir. Tətbiq edilməsi nəzərdə tutulan hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Apellyasiya instansiya məhkəməsinin mövqeyi: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi üçün deyil dəyişdirilməsi üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi göstərilsə də, şikayətin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni iddianın təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) şikayətin predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı konkret olaraq iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğvi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır. İddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə cavabdehdən alınmalı olan pulun miqdarı istisna olmaqla düzgün olmuşdur. Əvvəla, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 1091-1095-ci maddələri nəzərdən keçirilə bilər. İddia ilə bağlı faktiki hallar həmin normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmadığı üçün də iddia qismən haqlı sayılır. İkincisi, Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Göründüyü kimi, cavabdeh Zabiddin Əliyarovun iddiaçının hesabına sonralar aradan qalxmış əsasa söykənən hüquqi əsas olmadan varlanması iş materialları ilə tam təsdiq olunur. Ona görə də öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi üçün, yəni mübahisə predmeti olmuş avtomobilə dair razılaşmalarına əsasən onun dəyəri tam ödənildikdən sonra iddiaçının adına rəsmiləşdirilməsini təmin edəcəyinə dair hərəkəti yerinə yetirməli idi. Lakin varlanmış şəxs olan cavabdehin əməli gözlənilən məqsədə uyğun olmadığından, yəni iddiaçıdan həmin avtombilə görə razılaşdığı məbləğin ¾ hissəsini əldə etsə də avtomobilin sonuncunun adına rəsmiləşdirilməsini təmin etməmişdir. Əksinə avtomobil də ona qayıtdığından məhrum olan iddiaçı da hazırda razılaşma üzrə ödədiklərini geri tələb edir. Bu tələbin əsası da maddi hüquq normasının dispozisiya şərtləri ilə tam uzlaşdığından, eləcə də cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmadığından iddia haqlı sayılır. Üçüncüsü, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 aprel 2019-cu il tarixli qətnaməsi ilə cavabdehdən 9000(doqquz min) ABŞ dolları tutularaq X3 xeyrinə tutulması qət edilsə də Bakı Apellyasiya Məhkəməsinin 24 iyul 2019-cu il tarixli qətnaməsi ilə həmin qətnamə ləğv edilmişdir. Lakin qeyd olunan qətnamə ilə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, yalnız iddiaçı Nəcməddin Şərifəliyevin bu cür iddia qaldırmağa subyektiv hüququnun yaranmadığına görə baş vermişdir. Başqa sözlə həmin iddianın qeyd olunan əsasla rədd edilməsi, hazırki iddianın əsassız olmasına qətiyyən dəlalət etmir. Çünki, cavabdeh də iddiaçıdan 9000(doqquz min) ABŞ dolları məbləğinə uyğun həmin dövrün məzənnəsinə uyğun manatla aldığını mübahisələndirmir. Mübahisələndirdiyi hal yalnız qeyd olunan vəsaiti icarə müqaviləsinə görə aldığını bəyan etməsidir. Dördüncüsü, cavabdeh iddiaçı ilə mübahisə predmeti olmuş avtomobilə dair aralarında icarə münasibətləri olduğunu və iddiaçıdan aldığı - tələb edilən vəsaitin də icarə müqaviləsi üzrə olduğunu bəyan etsə də buna dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Çünki, iddia tələbinə etirazının əsası kimi istinad etdiyi bu halları sübut etmək yükü artıq onun üzərinə düşür. Lakin o, bəyan etdiyi bu halları sübut edə bilmir. Cinayət təqibi üzrə aparılan araşdırma zamanı müstəntiqin onun izahatını təhrif edərək iddiaçıya avtomobili icarəyə verdiyini qeyd etməməsi dəlili də əsaslı hesab edilə bilməz. Çünki, həmin araşdırma zamanı alınmış izahatını özü imzası ilə təsdiq etmişdir. Həmin izahatında da avtomobili verməməyinin səbəbi kimi, iddiaçının ona 3000 ABŞ dolları borcunun qalmasını göstərmişdir. Bununla yanaşı, müstəntiqin 14 may 2018-ci l tarixli cinayət işinin başlanmasının rədd edilməsi qərarını mübahisələndirmək hazırki icratın predmeti olmasa da, cavabdeh həmin qərarla razılaşmış və izahatının təhrif olunmasını və qərarda göstərilənləri həmin icraat çərçivəsində mübahisələndirməmişdir. Ona görə iddiaçı ilə aralarında icarə münasibətləri olması barədə şikayətin dəlilləri əsaslı ola və mübahisələndirdiyi hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Göstərilənlərlə yanaşı, apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya baxışı zamanı verdiyi izahatını və iş üzrə müəyyən olunanlara əsasən hesab edir ki, iddiaçı cavabdehə mübahisə predmeti olmuş avtomobilə görə ödədiyi vəsait ABŞ dolları ilə deyil, manatla olmuş, sadəcə verilən məbləğ razılaşmalarına görə ABŞ dollarının həmin dövrün məzənnəsi ilə hesablanmışdır. Bununla əlaqədar, iddiaçı cavabdehin ödəməli olduğu məbləğin 6000(altı min) manata qədər azaldılmasına, yəni avtomobilə görə ödədiyi məbləğdən 6000(altı min) manat qaytarmasına da etiraz etmədiyini və buna razı olduğunu bildirmişdir. Ona görə də iddiaçının mövqeyi də nəzərə alınmaqla cavabdehdən alınmalı olan məbləğ azaldılaraq 6000(altı min) manat müəyyən edilməlidir. Apellyasiya instansiyası məhkəməsi xüsuilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, cavabdeh üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın qismən təmin olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan pis niyyətlə sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda alqı-satqı və icarə münasbətləri, hüquqdan sui-istifadə etməyin qadağan olunması institutlarının da yaranmasına zərurət və əsas olmazdı. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-229/2021 saylı, 28 oktyabr 2021-ci il tarixli qətnaməsi qismən, yəni cavabdeh X2 avtomobilin alınmasına ödənilmiş 7382(yeddi min üç yüz səksən iki) ABŞ dolları ödəniş gününə rəsmi məzənnəsinə uyğun manatla hesablanaraq İddiaçı xeyrinə tutulsun hissəsində dəyişdirlməli və həmin məbləğ azaldılaraq 6000 (altı min) manat müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh X4 apellyasiya şikayəti qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-229/2021 saylı, 28 oktyabr 2021-ci il tarixli qətnaməsi qismən, yəni cavabdeh X2 avtomobilin alınmasına ödənilmiş 7382(yeddi min üç yüz səksən iki) ABŞ dolları ödəniş gününə rəsmi məzənnəsinə uyğun manatla hesablanaraq İddiaçı xeyrinə tutulsun hissəsində dəyişdirilsin və həmin məbləğ azaldılaraq 6000 (altı min) manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3362/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3362/2022
12.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver